Millət vəkili Q.Paşayeva AŞPA-da "Azad müzakirələr"
zamanı Azərbaycan əlehinə yalanlarla dolu çıxışlar edən Ermənistan
heyətinə sərt cavab verib və bütün yalanları ifşa edib Millət
vəkili Q.Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinə sərt cavab
verib və erməni yalanlarını ifşa edib.
Axar.az xəbər
verir ki, Q.Paşayeva əvvəlcədən başqa çıxış hazırlayıb, amma
müzakirələrin gedişində ermənilərin yalanına görə çıxışın mətnini
dəyişməyə məcbur olub. "Mən əslində başqa bir çıxış edəcəkdim, amma
Ermənistan nümayəndə heyəti üzvlərinin bu gün və bir neçə gündür
Azərbaycan əlehinə əsilsiz, tamamilə yalanlardan ibarət çıxışlarına
cavab verməliyəm və doğruların nə olduğunu sizə açıqlamalıyam"
sözləri ilə sözə başlayan millət vəkili erməni deputatların
ifadələrinə etirazını bildirib:
"Ermənistan millət vəkilləri bir neçə dəfə burada "Dağlıq
Qarabağ Respublikası" dedilər. Bu ifadə AŞPA qətnamələrinə tamamilə
ziddir. Dünyada "Dağlıq Qarabağ Respublikası" deyilən bir yer
yoxdur. Ora Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıdır,
Azərbaycanın Dağlıq Qarabağ bölgəsidir. Bu AŞPA qətnamələrində də
məhz bu cür öz əksini tapır. Ermənistan millət vəkilləri oxumağı
bilirsə, gedib oxusunlar o sənədləri və burada yalan danışmasınlar.
Dünyanın heç bir ölkəsi Ermənistanın işğal etdiyi Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı, saxta erməni rejimini
tanımır və bütün ölkələr, bütün beynəlxalq təşkilatlar Azərbaycanın
torpaq bütünlüyünü tanıyır. Eyni zamanda Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi və işğalda saxlaması BMT, AŞPA
qətnamələrində də öz əksini tapır.
AŞPA sadəcə ciddi problemlərlə bağlı qərarlar qəbul etməməlidir.
Eyni zamanda, qəbul etdiyi qərarların həyata keçməsi üçün ciddi
nəzarət etməlidir. Alınan qərarları yerinə yetirməyənlərə qarşı
ciddi addımlar atılmalıdır. Avropa Şurasına üzv olan bir ölkə digər
bir üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz. Ukrayna ilə
bağlı müzakirələr zamanı da AŞPA bu barədə birmənalı mövqeyini
ortaya qoydu. O zaman mən Assambleyadan, sizdən soruşmaq istəyirəm.
Nə üçün Azərbaycanın 20 faiz torpaqlarını 25 ilə yaxındır ki, işğal
altında saxlayan işğalçı Ermənistana qarşı ciddi addımlar atılmır?
Nə üçün təşkilatımız AŞPA qətnamələrini yerinə yetirməkdən imtina
edərək işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyən işğalçı
Ermənistana qarşı sərt addımlara əl atmır? Ermənistan 1 milyon
azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan
vermir, 1 milyon insanın 25 ilə yaxındır ki, haqlarını tapdalamaqda
davam edir. O insanlar sizdən soruşurlar ki, nə üçün onların
haqlarını pozan Ermənistana qarşı AŞPA heç bir ciddi addımlar
atmır? AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin qəbulundan 10
ildən çox vaxt keçir, amma Ermənistan onu yerinə yetirmir. Sərsəng
su anbarı ilə bağlı qətnamənin qəbulundan aylarla zaman keçir, amma
Ermənistan onu da yerinə yetirmir. Avropa məhkəməsi azərbaycanlı
köçkünlərlə bağlı "Çıraqov və başqaları Ermənistana qarşı" adlı
qərar qəbul edir. Ermənistan onu da yerinə yetirməkdən imtina edir
və AŞPA işğalçı ölkənin törətdiyi bu dəhşətli əməlləri durdurmaq
üçün ciddi addımlar atmır.
Biz Assambleyamızı işğalçı Ermənistanın əməllərinə artıq ciddi
cavab verməyə, sərt addımlar atmağa çağırırıq. Ermənistan
təkilatımız və baş katib Yaqlandın bütün çağırışlarına baxmayaraq,
hələ də azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz
Quliyevi girovluqda saxlamaqda davam edir, onlara qarşı saxta
məhkəmələr, işgəncələr davam edir. Assambleyamız Ermənistanın insan
haqlarına bu qədər zidd əməllərinə artıq susmamalıdır və ciddi
addımlar atmalıdır. Biz AŞPA-nı işğalçı Ermənistana ciddi təzyirlər
göstərməyə çağırırıq".