Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)
İrəvan sammitinə Ermənistan rəsmi dairələri böyük ümidlər bəsləyir,
bir sıra geosiyasi və təhlükəsizlik məsələlərində təşkilatın ciddi
dəstəyini qazana biləcəklərini gözləyirdilər. Həm də bu görüş
Ermənistanın təşkilatda sədrliyinin yekunu idi. Lakin reallıqda
proses başqa istiqamətdə getdi.
Belarus Prezidentinin çıxışı göstərdi ki, Ermənistanın sədrliyi
dövründə nəinki hansısa irəliləyiş olmayıb, hətta qeyri-müəyyənlik
daha da artıb. KTMT-ni BMT və NATO tanımayıb. Təşkilatın
möhkəmlənməsi üçün ciddi iş görülməyib. Bunun əsas səbəblərindən
biri isə rəsmi İrəvanın sədrliyi dövründə seçdiyi yanlış
prioritetlərdir. Onlar müasir dövrün tələblərinə uyğun deyildi və
həyata keçirilməsi mexanizmləri yoxdur. Bu səbəbdən ümumi
ifadələrlə kifayətlənən tədbir iştirakçıları nə S.Sərkisyana dəstək
ifadə etdi, nə də strateji xarakterli sənəddə rəsmi İrəvanın əsas
istəklərini nəzərə aldı. Bütün bunlardan məyus olan S.Sərkisyanın
yanında yekun brifinqdə N.Bordyujadan başqa kimsə olmayıb.
Sərkisyanın dolaşıq fikirləri fonunda: Lukaşenkonun
həqiqətləri etirafı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin
başçılarının İrəvan sammiti haqqında KİV ziddiyyətli informasiyalar
yayır. Rusiyanın "Kommersant" qəzeti isə maraqlı məqamlardan bəhs
edir. Nəşrin yazdığına görə, tədbir yaxşı alınmayıb. Xüsusilə
Ermənistan prezidenti ev sahibinə uyğun qonaqpərvərlik və fəallıq
göstərməyib. O əvvəlcə, "yorğun halda bir neçə müəmmalı söz ifadə
edib". Tədbirin sonunda isə erməni lider daha pis vəziyyətdə olub.
Rusiyalı jurnalist yazır ki, "...sonra cənab Sərkisyan yenə
müəmmalı şəkildə, açıq deyək, burnunun altında nəsə mızıldandı və
razılaşdırılmış sənədləri imzalamaq istəyirdi ki, hamını...,
Belarus prezidenti Aleksandr Lukaşenko xilas etdi".
Və əslində, həmişə orijinal, ədalətli və açıq fikirləri ilə
seçilən Belarus lider S.Sərkisyanın "siyasi halsızlığı"nın,
passivliyinin və sözləri məntiqsiz ifadə etməsinin səbəbini
dediklərində ifadə edib. A.Lukaşenko etiraf edib ki, "müzakirə
edilən məsələlər... prezidentlər səviyyəsinə layiq olmayıb".
Əlbəttə, bağlı qapılar arxasında tədbir iştirakçılarının
söylədikləri konkret fikirlər haqqında söz demək istəmirik. Ancaq
həm erməni liderin qeyri-müəyyən və ürəksiz davranışı, həm də
Belarus Prezidentinin, ümumiyyətlə KTMT haqqında dediyi bədbin
fikirlər belə nəticə çıxarmağa əsas verir ki, İrəvan sammiti
S.Sərkisyanın istədiyi kimi keçməyib.
Məsələ burasındadır ki, A.Lukaşenko heç bir ciddi beynəlxalq
təşkilatın KTMT-ni tanımaq istəmədiyini açıq söyləyib, o cümlədən
BMT bu təşkilata sülh missiyasını yerinə yetirmək səlahiyyəti
verməyib və NATO da onu tanımır. Bu biabırçı vəziyyətdən çıxmaq
üçün xahiş etmək lazım deyil. Konkret səmərəli fəaliyyət göstərmək
gərəkdir ki, bu da hələlik yoxdur.
Maraqlıdır ki, A.Lukaşenko yekun brifinqə də qatılmayıb.
S.Sərkisyanın yanında isə N.Bordyujadan başqa kimsə oturmayıb. KİV
təşkilatda sədrliyin Belarusa keçməsi fonunda bunu anormal hal kimi
qiymətləndirir və qəribədir ki, A.Lukaşenkoya haqq qazandırır.
Çünki İrəvana da iştirakçıların hamısı faktiki olaraq könülsüz
gəliblər. Hətta Qazaxıstan Prezidenti N.Nazarbayev tədbirə
qatılmayıb (rəsmi məlumatlara görə ona soyuq dəyib). Bundan başqa,
yekun qətnamə qəbul edilməyib və təşkilatın baş katibi seçilməyib.
A.Lukaşenko isə Belarusun təşkilatda hansı məsələləri prioritet
hesab etdiyi barədə yeni sədr kimi yazılı təqdimat verməyib – o,
məsələni sonraya saxlamağı xahiş edib.
Bu qeyri-müəyyənliklər fonunda erməni ekspertlər başqa bir
məqamı da vurğulayırlar. Onlar yazırlar ki, İrəvan sammitində
Azərbaycanın "nəfəsi" hiss edilirdi. İştirakçılar, obrazlı deyilsə,
Azərbaycana "boylanıb" fikir bildirirdilər. Onlar sanki Bakının
mövqeyinə uyğun gəlməyən hansısa incəliyin olmasını
istəmirdilər.
Strateji fəaliyyət prioritetləri: ümumi mövqenin sönük
ifadəsi
Bütün bunların fonunda S.Sərkisyanın öz evində belə siyasi
uğursuzluğa düçar olduğu aydın görünür. Əslində, burada qeyri-adi
bir şey yoxdur. Çünki rəsmi İrəvanın xarici siyasəti çox
səmərəsizdir və ona qiymət verilə bilməz. Ermənistan elə bir
əhəmiyyətli siyasi addım atmayıb ki, məsələn, A.Lukaşenko, yaxud
A.Atambayev onu dəstəkləsin. Qırğızıstan Prezidenti hətta
Gürcüstanın təcrübəsindən öyrəndiklərini Tiflisdə bəyan edib.
Bəs Ermənistandan kim hansı təcrübəni götürsün? Qonşunun
torpaqlarını havadarlarının yardımı ilə işğal edib, sonra özünü
həyasız aparmağımı? Yoxsa gah Qərbə, gah da Şərqə şikayət dolu
nəzərlərlə baxıb, onlardan yardım tələb etməyimi? Bəlkə, rəsmi
İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirdiyi
namərdlik və riyakarlıq nümunə kimi mənimsənilməlidir?
Təbii ki, bütün bu məqamları siyasətçilər çox gözəl bilirlər. Bu
səbəbdəndir ki, hətta erməni ekspertlər belə "İrəvan sammitinin
əhəmiyyətini azaltdılar", – deyə qeyd edirlər. Burada qəbul edilən
qərarlar elə bir rezonans doğurmayıb. Lakin KTMT-nin 2025-ci ilə
qədər strateji fəaliyyət prioritetlərini ifadə edən sənəddə
"maraqlı" məqamlar yox deyildi.
Hər şeydən əvvəl, onu vurğulayaq ki, həmin sənəddə konkret bir
müddəa yoxdur. Orada ümumi mənzərə təsvir edilir və ona təşkilatın
son dərəcə ehtiyatlı yanaşması ifadə olunur. Yazılır ki, müasir
çağırışlar və təhdidlərə təşkilat üzvləri hazır olmalıdırlar. Bu
mənada KTMT üzv dövlətlərin sabitliyi, təhlükəsizliyi və
müstəqilliyinin mühüm təminatçılarından biridir. Ancaq bunun
konkret hansı mexanizmlərlə həyata keçiriləcəyi aydın deyil. Çünki
KTMT beynəlxalq səviyyədə tanınmayıb. Bundan başqa, təşkilata daxil
olan dövlətlər arasında təhlükəsizlik məsələsində yekdil mövqe
formalaşmayıb. Məsələn, Rusiya da daxil olmaqla KTMT üzvləri
Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin Ermənistan işğalçılıq
siyasətindən imtina etmir. Belə bir dövlətin aqressivliyini çətin
ki, təşkilata üzv olan ölkələrin əksəriyyəti dəstəkləsin.
Başqa bir məqam kimi sənəddə təşkilatın beynəlxalq
münasibətlərdə güc tətbiqindən imtinaya üstünlük verdiyi
vurğulanır. Meydana çıxan problemləri siyasi-diplomatik yolla həll
etmək tövsiyə olunur. Burada ciddi ziddiyyət mövcuddur. Çünki
KTMT-nin üzvü olan Ermənistan artıq uzun illərdir ki, güc tətbiq
edərək qonşu dövlətin ərazisini işğal altında saxlayır. Belə olan
halda ya sənəd formal xarakter daşıyır, ya da Ermənistana ciddi
xəbərdarlıq olunmalıdır ki, ilk olaraq özü güc tətbiqindən imtina
etsin. Əks halda, bundan Azərbaycanın öz torpaqlarını azad etməklə
bağlı fəaliyyətinə qiymət vermək kimi yararlanmaq cəhdi xam
xəyaldır – hər kəs reallığı çox gözəl bilir.
Nəhayət, KTMT üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı tutduqları mövqe ilə də rəsmi İrəvanı
məyus ediblər. Bununla bağlı sənəddə göstərilir ki, məsələ
danışıqlar yolu ilə, Helsinki Yekun Aktının, Vyana və
Sankt-Peterburq görüşlərinin tələblərinə uyğun, ərazi bütövlüyü
nəzərə alınmaqla həll edilə bilər. Şübhə yoxdur ki, rəsmi İrəvan
burada xalqların öz müqəddəratını təyin etməsi prinsipini saxlayıb,
ərazi bütövlüyünün təmini məsələsini çıxarmaq istərdi. Lakin bu,
baş tutmayıb, ərazi bütövlüyü müddəası öz əksini tapıb. Deməli,
S.Sərkisyanı məyus edən faktlardan biri də bundan ibarət olub.
Əslində, başqa cür ola da bilməzdi. Çünki KTMT beynəlxalq
təşkilatların qəbul etdiyi prinsiplərə qarşı çıxa bilməz. Elə olsa,
onun heç bir əhəmiyyəti qalmaz, şəxsi maraqlar meydanına çevrilmiş
olar. Sadəcə, İrəvan o dərəcədə riyakar və obyektivlik hissini
itirmiş haldadır ki, çox sadə həqiqətləri belə görə bilmir.
Ermənilər hələ də himayədarlarının iradəsini beynəlxalq hüquqdan
üstün tutur, onlara güvənir. Bu isə siyasət deyil, erməni xalqını
uçuruma aparmaqdır.
Belə çıxır ki, KTMT-nin İrəvan sammitində Ermənistanın
gözlədikləri alınmayıb. Təşkilata üzv olan digər dövlətlər daha
ehtiyatlı mövqe tutublar. Onlar bütövlükdə qlobal siyasətdə özünü
göstərən əsas trendlərin məzmununu nəzərə alıblar və buna uyğun
olaraq ümumi tezislərdən o yana getməyiblər. Açıq şəkildə
göstəriblər ki, Ermənistanın eqoist, təcavüzkar, qeyri-sivil və
antidemokratik istəklərini müdafiə etmək fikrində deyillər.
Konstruktiv mövqeli, müasir və müstəqil siyasət yeridən dövlətlərlə
əməkdaşlıq daha faydalıdır. Bəlkə də KTMT-nin son sammitinin ən
maraqlı cəhəti elə məhz bundan ibarətdir.
Newtimes.az