Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı,
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bu
günlərdə İtaliyada veteranlar arasında keçirilən kikboksinq üzrə
dünya çempionatında qalib gəlib.
Axar.az deputatın "Yeni Müsavat"a yarışla bağlı açıqlamasını
təqdim edir:
- Açığı, mən bu yarışı daha səviyyəli yarış hesab edirdim. Ancaq
güclü bir yarış olmadı. Həm təşkilatçılıq, həm iştirakçıların sayı,
həm də yarışın səviyyəsi çox aşağı idi. Düzdür, biz veteranların bu
kimi yarışlarda iştirakı normaldır. Amma ölkənin yığma komandasında
təmsil olunan idmançılar üçün elə bilirəm ki, belə yarışların
səviyyəsi çox aşağıdır.
- Bu cür aşağı səviyyədə təşkilatçılıq nə ilə əlaqədar
idi?
- Dünyada bir-biri ilə rəqabət aparan 4 kikboksinq təşkilatı
var. VAKO adlanan Dünya Kikboksinq Təşkilatı öz səviyyəsi,
təşkilatçılığı, iştirakçı ölkələrin sayı ilə zəif təşkilatları
sıradan çıxarıb. Bu yarışı təşkil edən qurum da yavaş-yavaş sıradan
çıxır. VAKO isə doğrudan da çox mötəbər təşkilatdır. Eyni vaxtda
orada Avropa Çempionat keçirilirdi. Bizim də yığma komandamız
yarışa qatılmışdı.
- Avropa Çempionatında nəticə necə oldu?
- Bizim 3 idmançımız finala çıxmışdı. Yığma komandamız oradan 1
qızıl, 2 gümüş, 3 bürünc medalla geri döndü.
- Siz təmsil olunduğunuz yarışın zəif təşkilat
tərəfindən keçiriləcəyini qabaqdacan bilmirdiniz?
- Bilirdim ki, zəif təşkilatdır. Sadəcə olaraq onlar məni dəvət
etmişdilər. Özüm də istədim ki, gedim yarışın səviyyəsini öz
gözümlə vəziyyəti görüm, gəlim.
-Siz kiminlə döyüşdünüz?
-Bir Rumınıya idmançısı ilə üz-üzə gəldim. Mən yaşda, mən
çəkidə, yəni 45-50 yaş arasında, 84 kq çəkidə yalnız iki nəfər
idik. Dünya çempionatında eyni çəkidə 20-30 ölkənin idmançısı olur.
Burada isə yalnız iki ölkə idi. Çünki ancaq veteran idmançılar
idi.
- Döyüş nə qədər çəkdi?
- Digər idmançılar arasında yarışın vaxtı 3 dəqiqədir. Ancaq
bizdə 3 raund, 2 dəqiqə oldu. Nokaut olmadı. Xal üstünlüyü,
hakimlərin yekdil qərarı ilə mən qalib oldum.
- Sözünüzdən belə anlaşıldı ki, buna bənzər yarışlara
bir daha getməyəcəksiniz, eləmi?
- Təbii ki. Bu mənim sonuncu gedişim idi. Bir daha deyirəm ki,
bu, çox səviyyəsiz təşkilat idi. Orada iştirak etməyin özü də
onlara iştirak etmək kimi bir şeydir. Düzdür, federasiyamız məni
dəvət etmişdi, ona görə qatılmışdım. Yoxsa heç idmançılarımızı belə
tədbirlərə qatılmağa qoymuruq.
- Mükafatlandırma mərasimi necə keçdi? Yoxsa burada da
problem yaşandı?
- Yox, problem olmadı. Düzdür, biz qalib olduq, ancaq
mükafatlandırma mərasimində iştirak etmədik. Çünki yarış 7 gün
çəkir. Gəliş, açılış günü, sonra açılış olur. Döyüşlər davam edir,
sonuncu gün də mükafatlandırma baş tutur. Biz mükafatlandırmaya
qalmadığımız üçün mükafatımızı sonradan özləri göndərdi. Çünki
artıq gözləməyin mənası da yox idi.
- Sirr deyilsə, mükafat nədən ibarət idi?
- Heç nə. Bu, peşəkar deyil, həvəskar idman növüdür. Ona görə də
burada hər hansı bir qiymətli mükafatdan söhbət gedə bilməz.
Yarışın xatirə medalı və diplomla ilə mükafatlandırırlar.
- Təşkilatçılığın zəif olmasına görə etiraz
bildirdinizmi?
- Yox, mən kimə etiraz edəcəyəm? Orda hamının başı qarışıq idi.
Dünyanın bir çox ölkələrindən yarışlara qatılmışdılar. 25 döşək, 3
kinqboksinq rinqi, 1 səkkizguşə rinq var idi. Hamının başı qarışıq
idi, kimə şikayət edəcəkdim? Mənim şikayət etməyimin də mənası yox
idi. Artıq bundan sonra belə yarışlarda iştirak etməməyim özü
şikayət deməkdir.
- Bəs, idman yarışında kimsə zədə alsa, onun taleyi necə
olur?
- Elə buna görə də yarışlara gedəndə sığortalanırsan ki, səhər
hansısa bir hadisə baş verdikdə müalicə olunasan. Məsələn, keçən il
bir idmançımızın çənəsi sınmışdı, o bir ay İtaliyada qaldı və
sığorta təşkilatı onun müalicəsini davam etdirdi.
- Deməli, gedəndən sonra peşman olubsunuz ki, ilin-günün
bu vaxtında xərc çəkib niyə gəldim...
- O dərəcədə də yox. İndi sən ölkədən çıxırsan, başın dincəlir,
beynin sakitləşir. Yarışın öz ab-havası var. Həm də tanınmış
idmançıları görürsən. Mənim məqsədim dünya çempionu olmaq deyildi.
Veteranların iştirakı başqa nəticələr əldə etmək üçündür. Uşaqlara
və gənclərə sonrakı karyerası üçün dünya çempionu olmaq lazımdır.
Amma bu, mənimçün elə də əhəmiyyət kəsb etmir.
- Bundan sonra karyeranızı davam
etdirəcəksiniz?
- Mən heç vaxt idman karyerama son qoymaram. Çünki idman mənim
həyat tərzimdir. Bu gün ruhdan düşən, əzgin, üzgün olan,
əhval-ruhiyyəsi aşağı olan insanların hamısını mən idmana dəvət
edirəm. İdman insanın yaşaması üçün çox böyük stimul verir.
- (Yarızarafat) Adil bəy, yəni bahalaşma, devalvasiya və
digər qayğıları da unutdurur?
- Hamısını unutduracaq. O yarışlarda iştirak etmək, tərləmək çox
şeyi unutdurur. Qoy 50, 60, 70 yaşlı insanlar gəlsinlər bizim
zalımıza, boks əlcəklərini geyinsinlər... Onlar burada elə
həvəslənəcəklər ki, növbəti günlərdə də gələcəklər. İdman çox böyük
avantajdır. İdmanla məşğul olan adam dediklərinizi də unudacaq.
- Amma elə məşqlərə qatılmaq üçün də müəyyən qədər
vəsait tələb olunur...
- Vallah idmana heç bir vəsait lazım deyil. İdman edən adam üçün
bu qədər gözəl parklarımız, bulvarımız var. Şərt deyil ki, adamlar
gedib bahalı zallarda məşq etsin. Hər yerdə idman etmək mümkündür.
Elə gəlsinlər bizim zallarımıza. Çox da bahalı zallar deyil. Zal
ab-havası tamam başqadır. Adamlar boş-boş çayxanalarda
oturmaqdansa, restoranlarda, kabinetlərdə yeyib-içməkdənsə, idman
zallarına gəlsinlər. Çünki bu, daha effektli, xeyirli, mənalıdır.
İnsanlar arağı içib, siqareti çəkib boş-boş qeybətlə məşğuldurlar.
İdman zallarına girib stresslərini atsınlar, sağlam olsunlar.
Siqaretdir, içkidir, bunlar hamısı stressin üstünə stress gətirir.
Ölkədə bu qədər idman qurğuları tikilib istifadəyə verilib. Bunlar
insanların istifadəsi üçündür. Özümüz özümüzün düşməniyik.
Yeyib-yatmaq insanı məhv edir. Ona görə də idmanla məşğul olsunlar,
çəkini tənzimləsinlər. İdman gözəllikdir, paklıqdır. İdman insan
həyatı üçün hər şeydir. Ən ağır xəstəni də idmanla müalicə etmək
olar. Həm psixi xəstəni, həm qan-damar sistemində problemi
olanları, həmçinin şəkəri, təzyiqi olanları idmanla müalicə etmək
olar.