Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza
qarşı növbəti silahlı təxribat törədib. Qəhrəman Azərbaycan Ordusu
- xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab verib.
Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr
vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir
hissəsi azad edilib.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 12-də Füzuli
rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində
əməliyyat şəraiti ilə tanış olandan sonra hərbçilərlə görüşdə
deyib.
"Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan
əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli,
Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan
2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində
işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün
Azərbaycan Ordusu tam nəzarət edir", - prezident bildirib.
Prezident qeyd edib ki, əks-hücum əməliyyatı əlverişsiz
mövqelərdən başlasa da, yüksəkliklər, təpələr işğalçılardan azad
edilib və böyük qəhrəmanlıq göstərilib:
"Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan
Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir.
Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda
yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi
gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş
bölgələrinə qayıtmaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan
xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər
vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda,
torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim
şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi.
Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər
uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri
göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz
ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir.
İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf
yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan
Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan
xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində
Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş
qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda
nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən
yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar
dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O
texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir
daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki
təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən
müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar,
texnika alınır və artıq bizim sərəncamımızdadır".
Ali Baş Komandanın sözlərinə görə, ordumuzun döyüş qabiliyyəti
ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir:
"Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də
Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır.
Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur.
Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç
vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut
etdi.
1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat
keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük
tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya
bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə
heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik
və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və
biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza
qayıdacağıq.
Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə
tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən
düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir
çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi,
nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma
aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü
potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və
zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan
oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf
edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Sağ olun".