Yuxarı

Deputatdan Azərbaycan-İsrail dialoqu ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil.

Bunu APA-ya açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə münasibət bildirən Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, ortaq mədəniyyəti, dili bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub, bu ölkə əhalisinin böyük əksəriyyətini keçmiş fələstinlilərin təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. Digər tərəfdən, İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya edib, orduda, parlamentdə təmsil olunurlar.

Türkiyə, Misir kimi İslam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin də uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də bu əlaqələr kifayət qədər sıxdır. İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də Azərbaycan deyil, İsrail baş naziri Azərbaycandan sonra Qazaxıstana da səfər edəcək: “Azərbaycan dövləti Fələstin administrasiyası ilə 1992-ci ilin 15 aprelində diplomatik əlaqələr qurub, bu əlaqələrdə dostluq, qardaşlıq, xalqların BMT çərçivəsində hüquqlarını müdafiə prinsiplərinə həmişə sadiq olub. 1995-ci il 22 oktyabrda böyük dövlət xadimi Heydər Əliyev Nyu Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfatla görüşüb. Azərbaycan Prezidenti İlham Əliyev də bu əlaqələrin inkişafına xüsusi həssaslıq göstərib. Bu gün Bakıdakı Fələstin səfirliyi məhz Azərbaycanın vəsaiti ilə fəaliyyət göstərir. Azərbaycanın dəvəti ilə 2011-ci ilin iyununda Fələstin dövlətinin prezidenti Mahmud Abbas Bakıya səfər edib. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatlarda aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstini dəstəkləyib.

Azərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən 20-dən artıq qətnamənin lehinə səs verib. Azərbaycan Fələstin məsələsini BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil edib. Azərbaycan rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasında tam dəstəyini bəyan edib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə 2012-ci il ərzində humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min dollar məbləğində maliyyə yardımı göstərilib. 2013-cü il iyunun 11-də Bakıda İƏT Xarici İşlər Nazirlərinin Qüds şəhərinə dəstək məqsədilə donor konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilib. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə Azərbaycan tərəfindən maliyyə yardımı ayrılıb. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma memorandumu imzalanıb”.

Deputat Azərbaycan-İsrail əlaqələrinin ikitərəfli xarakter daşıdığını və heç bir dövlətlə münasibətlərə xələl gətirmədiyini vurğulayıb: “Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Azərbaycan müsəlman həmrəyliyinin gücləndirilməsinə, eyni zamanda Qərblə müsəlman dünyası arşında gərginliyin aradan qaldırılmasına böyük töhfə verib. Azərbaycan prezidenti bütün ali tribunalardan islamofobiyaya qarşı barışmaz mövqeyini ifadə edib. Azərbaycan prezidenti dəfələrlə dəvət edilməsinə baxmayaraq, İsrailə səfər etməyib, bu günə qədər İsraildə Azərbaycan səfirliyi açılmayıb. Azərbaycan dövlətinin belə ardıcıl mövqeyi müsəlman dünyasında təqdirlə qarşılanıb. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. İslam Əməkdaşlığı Təşkilatı İstanbulda keçirilən 13-cü zirvə görüşündə Azərbaycanı müdafiə edən qətnaməsində də ölkəmizin islamofobiyaya qarşı mübarizəyə, müsəlman həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə xüsusi olaraq vurğulanıb. Bütün bunlardan sonra hər hansı bir dövlətin və ya həmin dövlətdəki müəyyən çevrələrin, o cümlədən İranın Azərbaycanın İsraillə əlaqələrini təftiş etməsi mənasızdır".

B. Əliyev qeyd edib ki, Azərbaycanın belə prinsipiallığı fonunda onu ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar: “İranın bütün sabiq prezident və vitse-prezidentləri Ermənistana səfər edib və Ermənistanın prezident, baş nazir və digər ali rəsmi şəxslərini öz ölkələrində yüksək səviyyədə qarşılayıblar. Onlar bunu İranın milli maraqları çərçivəsində olduqları ilə əsaslandırmağa çalışıblar. İranla Ermənistan arasında viza rejimi də qaldırılıb, hazırda İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır. Bu zaman nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində 1 milyondan çox müsəlman - şiənin doğma yurd yuvasından didərgin salınması, azərbaycanlılara qarşı Xocalı soyqırımının törədilməsi və onun iştirakçısı olan Serj Sərkisyanın İranın dostu elan edilməsi nəzərə alınmır, İran ali dinli liderinin Ermənistana hər cür əlaqələri yasaq edən fitvası da unudulur. Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan İran nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalır. Görəsən İranda qardaşlarımız düşünürlərmi ki, Ermənistana ötürülən hər bir litr benzin bir müsəlman azərbaycanlının qətlinə səbəb ola bilər. Yəqin ki, onlar bunu bilmirlər, bilsələr, etməzlər”.

Tarix
2016.12.13 / 18:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla