"Bağlı qapılar arxasında Prezident İlham Əliyevlə Baş
nazir Ərdoğan arasında Gülən hərəkatı ilə bağlı fikir mübadiləsi
olacaq".
Bu sözləri "Axar.az"a açıqlamasında politoloq
Elxan Şahinoğlu qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın
Türkiyədə keçirilən bələdiyyə seçkilərindən dərhal sonra
Azərbaycana rəsmi səfər etməsini şərh edərkən deyib.
Ərdoğan Bakıya sənədlərlə gəlir
O, bağlı qapılar arxasında Fətullah Gülən məsələsinin müzakirə
ediləcəyini bildirib:
"Düşünürəm ki, əsas iki məsələ müzakirə obyekti olacaq.
Bunlardan birincisi Dağlıq Qarabağ məsələsidir ki, birgə hərəkət
planı müzakirə olacaq. İkincisi isə Gülən hərəkatı ilə bağlı
olacaq. Ərdoğan seçkilərdən sonra Gülən hərəkatına qarşı daha sərt
olacağını açıqlamışdı. Ola bilsin, bu yaxınlarda müəyyən iş
adamlarının həbsinə başlanıldı. Yadınızdadırsa, o, çıxışlarında bir
neçə dəfə Azərbaycanın adını xatırlatmışdı. Bu baxımdan
fikirləşirəm ki, bağlı qapılar arxasında Prezident İlham Əliyevlə
Baş nazir Ərdoğan arasında fikir mübadiləsi olacaq. O da mümkündür
ki, Ərdoğan əlində olan hansısa faktları, sənədləri Azərbaycan
tərəfinə təqdim etsin".
Politoloq Ərdoğanın Azərbaycan tərəfinə Gülən hərəkatı ilə bağlı
hansı sənədlərin təqdim edilə biləcəyi barədə də ehtimallarını
səsləndirib:
"Dəqiq hansı siyahı və bu siyahıda kimlərin olmasını demək
mümkün deyil. Amma onları təxmin etmək mümkündür və son prosesləri
izləyən hər kəs bir təxmini siyahı düşünə bilər. Nurçular
Azərbaycanda şəbəkə formalaşdırıblar, dövlət pulunu mənimsəyiblər,
məktəblərindən gələn gəlirlərin hansı istiqamətə getdiyi hələ də
bəlli deyil. Türkiyə kəşfiyyatının əlində bununla bağlı kifayət
qədər material var və bunlar da Azərbaycan tərəfinə təqdim
olunacaq".
Nurçuların məktəblərinin taleyi müzakirə
olunacaq
Elxan Şahinoğlu Ərdoğanın Gülən şəbəkəsinə aid məktəblərin də
müzakirə obyektinə çevirəcəyini qeyd edib:
"Bilirsiniz, bu məsələnin özü hələ Türkiyədə sual altında qalır.
Ərdoğan Azərbaycandan xahiş edə bilməz ki, Araz kurslarını və digər
yerləri bağlasın. Etiraf etmək lazımdır ki, bu kurslar, məktəblər
yüksək təhsil verir. Amma onu da etiraf etmək lazımdır ki, bu
təhsil də pulsuz deyil. Söz yox ki, əgər Türkiyə tərəfinin
Azərbaycanda olan şəbəkəyə aid universitet və digər yerlərin
pulları naməlum istiqamətə ötürmələri, bunlarla müxtəlif yerlərdə
zərərli fəaliyyət göstərmələri haqqında məlumat varsa, o zaman
mütləq tədbirlər görüləcək. Türkiyədə bu qalmaqallar başlayanda
gördük ki, Qafqaz Universiteti dərhal Dövlət Neft Şirkətinin
nəzarətinə keçdi. Bu sual hələ də açıq qalır ki, Qafqaz
Universitetinin SOCAR-a nə aidiyyəti var?
Düşünürəm ki, Ərdoğan bu sualı da ortaya ata bilər. SOCAR-la
bağlı digər müəyyən şeylər var ki, onlara da bu görüşdə aydınlıq
gətiriləcəyini düşünürəm".