"Axar.az" saytında yayımlanan "Nurçuların Azərbaycandakı
müdhiş biznes şəbəkəsi" adlı materiala cavab olaraq
Azərbaycan-Türkiyə İş Adamları Birliyi redaksiyamıza bəyanat
göndərib. ATİB ölkəmizdə gördüyü işlər və fəaliyyəti barədə məlumat
verdikdən sonra adının "marginal qruplarla" birgə hallanmasıyla
razılaşmır və bəyanatın dərcini xahiş edir.
ATİB-in mövqeyini olduğu kimi təqdim
edirik:
"Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) 2014-cü ilin
aprelində yaranmasının 10 ili tamam olan Azərbaycanın ən böyük
biznes assosiasiyalarından biridir. ATİB-in əsas məqsədi Türkiyə
ilə Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin
gücləndirilməsi, ölkələrimizin zəngin iqtisadi potensialının
qarşılıqlı olaraq tanıdılması və hər iki ölkənin sosial-iqtisadi
əməkdaşlığını genişləndirəcək ortaq layihələrin həyata
keçirilməsidir. Bu çərçivədə ATİB iqtisadi mövzuda konfranslar və
seminarlar təşkil etmiş, iqtisadi tədqiqatları, təhsil sahəsində
birgə təşəbbüsləri və qarşılıqlı işgüzar səfərləri dəstəkləmiş,
ictimaiyyətdə maraqla qarşılanan iqtisadi mövzulu EcoVision
jurnalının və kitabların çapını gerçəkləşdirmişdir.
Bütün bu fəaliyyətlərində ATİB Türkiyə və Azərbaycanın dövlət və
hökumətləri ilə qarşılıqlı əməkdaşlığa və koordinasiyaya xüsusi
önəm vermişdir. Hər iki ölkənin nazirlikləri, parlament
nümayəndələri və səfirləri ilə keçirilən müntəzəm görüşlərdə birgə
layihələr və hər iki ölkənin ortaq fəaliyyət imkanları müzakirə
olunmuşdur. ATİB həmçinin Azərbaycanda fəaliyyət göstərən Türk iş
adamları ilə Azərbaycanın hökumət nümayəndələrinin vaxtaşırı
görüşlərini təşkil etməklə və hökumətə yazılı təkliflər göndərməklə
ölkədəki biznes mühitinin daha da təkmilləşməsinə davamlı töhfələr
vermişdir.
ATİB olaraq Türkiyə və Azərbaycan dövlətlərinin
ortaq məsələ olan erməni yalanlarının ifşasına yönəlik
fəaliyyətlərinə dəstək məqsədiylə Azərbaycan Türkiyə Tarixi
Araşdırmalar Fondu (ATAF) təşəbbüsünü
gerçəkləşdirmişik. Bu çərçivədə hər iki ölkənin tarixçilərinin
ciddi arxiv araşdırmaları ilə tarixi həqiqətləri ortaya çıxarmasına
və hər iki ölkəyə qarşı təbliğat aparan erməni lobbistlərinə elimi
əsaslandırılmış tutarlı cavablar verilməsinə nail olmuşuq.
ATİB regionda yaradılan ilk beynəlxalq qeyri hökumət təşkilatı
olan Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar
Konfederasiyaları Birliyinin (UBCCE) təsisçisi olmaqla
yanaşı, BMT-nin İqtisadi və Sosial Şurası
(ECOSOC), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası
(UNECE) və BMT-nin Qlobal Saziş təşəbbüsündə də
(UN Global Compact) ölkələrimizi və bölgəmizi
uğurla təmsil etmişdir. Müxtəlif beynəlxalq layihələrdə və
tədbirlərdə aktiv iştirak edən ATİB ekspetləri regional iqtisadi
inteqrasiya, qarşılıqlı ticarət və investisiya münasibətləri, yaşıl
iqtisadiyyat və yaşıl biznes kimi mövzularda Türkiyə və
Azərbaycanın həm təcrübələrini, həm də perspektivlərini beynəlxalq
auditoriyalara çatdırmışlar.
Türkiyə və Azərbaycanın sosial-iqtisadi baxımdan
güclənməsi və ortaq layihələrin gerçəkləşməsi üçün 100-ə yaxın üzv
şirkətimizin təmsilçisi kimi ATİB İdarə heyəti və Katibliyi olaraq
hər iki ölkənin dövlət və hökumətləri ilə dövlətçilik prinsipləri
və strateji dövlət maraqları çərçivəsində bütün səylərimizi birgə
göstərmişik.
Bu zaman bütün siyasi, dini və etnik qruplardan və maraq
dairələrindən eyni məsafədə olmağa və fəaliyyətimizdə yalnız
Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsi və dövlətçilik
prinsiplərini əsas götürməyə xüsusi önəm vermişik.
Bütün bunları nəzərə aralaq Azərbaycanın bəzi media
orqanlarında son günlər ATİB-in adının bəzi "marginal qruplar"la
bərabər hallandırılmasını həqiqətdən və obyektivlikdən uzaq olan
jurnalist təxəyyülünün məhsulu kimi qəbul edir və
pisləyirik".
Xatırladaq ki, "Nurçuların Azərbaycanda müdhiş biznes
şəbəkəsi" adlı araşdırmada daxil olan mənbəyə əsasən ATİB-in də bu
şəbəkəyə aid olduğu vurğulanırdı.