"Azərbaycanın tərəfsiz mövqe ortaya qoyması imkan verir
ki, Rusiya bu gün Azərbaycana qarşı hələlik geniş miqyaslı
informasiya müharibəsinə keçsin".
Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu
deyib.
O, Rusiyanın son günlərdə aktivliyinin əsas səbəbinin
Azərbaycana öz şərtlərini diktə etmək olduğunu deyib:
"Ukrayna hadisələri baş verəndə biz demişdik ki, növbəti hədəf
Azərbaycandır. Rəsmilər səs salmışdılar ki, bunların hamısı yalnız
təxribatdır, boş söhbətdir. Ümid edirəm ki, onların "yalnız"
dedikləri bu idi. Nə baş verdiyinə özləri diqqət yetirirdilər və
təhlükəni nəzərə alırdılar. Azərbaycanın tərəfsiz mövqe ortaya
qoyması imkan verir ki, Rusiya bu gün Azərbaycana qarşı hələlik
geniş miqyaslı informasiya müharibəsinə keçsin. Bununla da rəsmi
Bakını razı eləməyə çalışırlar ki, Rusiyanın diktə elədiyi şərtləri
qəbul etsin. Səbəb isə aydındır. Bununla Azərbaycanı Gömrük
İttifaqı, Avrasiya Birliyinə qoşmağa çalışırlar".
Vəfa Quluzadə haqlı çıxdı
Politoloq Azərbaycanın daxilində getdikcə Rusiyaya qarşı
meylliliyin gücləndiyini qeyd edib:
"Əgər hiss eləyirsinizsə, paralel olaraq Azərbaycanın daxilində
də Rusiya meyllilik güclənir. Bu, həmin Rusiyanın beşinci kalonunun
fəaliyyətidir. Zamanında hörmətli politoloqumuz Vəfa Quluzadə bu
təhlükəni dilə gətirəndə bir çoxları buna istehza edərək
gülürdülər. Amma o istehzaları eləyənlər yəqin indi anlayırlar ki,
təhlükə nə dərəcədə realdır və artıq astanadadır. Yəni Rusiya bunun
hamısını məqsədlərinə nail olmaq üçün edir. Azərbaycandan mövqe
tələb edir. Mən istisna eləmirəm ki, bunun miqyası da getdikcə
böyüyəcək".
Azərbaycana üç istiqamətdə hücum olacaq
Ə.Oruclu Rusiyanın bundan sonra Azərbaycana qarşı üç istiqamətdə
hücuma keçə biləcəyini söyləyib:
"Ukraynada açıq Rusiya işğalı oldu. Buna səbəb yaradan isə Krım
yarımadasındakı rus donanması idi. Azərbaycanda Rusiyanın hərbi
bazası yoxdur. Ona görə də ölkənin daxilinə təsir etmək üçün bir
neçə digər vasitələr var. Bunlardan biri Rusiya kəşfiyyatının
nəzarətdə saxladığı separatçılardır. Digəri isə Rusiya
kəşfiyyatının və dövlət orqanlarının nəzarətdə saxladığı hakimiyyət
daxili beşinci kolondur. Üçüncü isə Qarabağ münaqişəsidir".
Gürcüstanla münasibətlər gərginləşəcək?
O, hakimiyyət daxilindəki beşinci kolonun ölkənin Qərb
istiqamətində addımlamasına maneçilik törətdiyini deyib:
"Təbii ki, burada başqa amillər də rol oynaya bilər.
Gürcüstandakı azərbaycanlılarla problemlərin yaradılması,
Azərbaycan-Gürcüstan münasibətlərinin qarşıdurma həddinə
çatdırılması, yaxud da Dağıstandakı azərbaycanlılara qarşı
təxribatlar törədilməsi də bunların içinə daxil ola bilər.
Rusiyanın təcavüzkar siyasət aparan dövlət kimi bu istiqamətdə
potensialı tükənməzdir. Bu potensialın qarşısını almağın yeganə
yolu Azərbaycanın alternativ tərəf olan NATO və Qərblə
münasibətlərinin yaxınlaşdırılmasıdır. Amma çox təəssüf ki,
hakimiyyət daxilindəki beşinci kolon Azərbaycanın bu istiqamətdə
getməyə imkan vermir. Yəni burada sistemli fəaliyyət göstərir.
Dəqiq proqnoz vermək çox çətindir. Amma bu gün hesab edirəm ki, hər
şey siyasi iradədən asılıdır".
BMT-dəki nümayəndəmiz niyə dəyişdirildi?
Politoloq NATO-nun Azərbaycana yalnız xarici siyasətini tam
müəyyənləşdirdiyi zaman təminat verə biləcəyini vurğulayıb:
"Təminat vermək o halda olur ki, ölkə xarici siyasətini
müəyyənləşdirib ortaya qoysun. Olmayan mövqeyə necə təminat
verəsən? Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verir.
Aradan beş gün keçmiş Azərbaycanın BMT-dəki nümayəndəsi
dəyişdirilir. Bu isə heç nə ilə izah olunmur. Bax, mən beşinci
kolonun fəaliyyəti deyəndə bunu nəzərdə tuturdum. Dünən Azərbaycan
BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verir, sabahısı gün Avropa
Şurasında tərəfsizlik nümayiş etdirir. Təminatı mövqeyə verirlər.
Burada mövqe yoxdur".
Qeyd edək ki, son üç gün ərzində Azərbaycana qarşı Rusiya
tərəfindən informasiya müharibəsi genişlənib.