Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində
Ermənistan parlamenti gözlənilməz qərar qəbul edib. Ölkə parlamenti
noyabrın 12-də "Ermənistan Respublikasının Dağlıq Qarabağ
Respublikasını tanıması" haqqında qanun layihəsini müzakirə edəcək.
Bu təşəbbüs "Miras" fraksiyasının başçısı Zarui Postadjan
tərəfindən edilib. Postadjan jurnalistlərə açıqlamasında qanun
layihəsinin tezliklə müzakirə edilməsinin tərəfdarı olduğunu
bildirib.
Məsələ ilə bağlı politoloqlar "Axar.az"a danışdı.
Azərbaycan
ciddi addımlar atmağa məcbur olacaq
"Şərq-Qərb
Araşdırmalar Mərkəzi"nin rəhbəri politoloq Ərəstun Oruclunun
fikrincə, bu məsələnin müzakirəyə çıxarılması Azərbaycana qarşı
növbəti uzunmüddətli təzyiqin tərkib hissəsidir:
"Bu məsələ bir neçə dəfə müzakirəyə çıxarılsa da, hələ indiyə
qədər tanınma qərarı olmayıb. İstisna eləmirəm ki, Ermənistan
parlamenti ya tanınma kimi, ya da tanınmaya yaxın qərar qəbul edə
və bu məsələ Azərbaycanı çox ciddi addımlar atmağa məcbur edə
bilər. İstənilən halda Ermənistan parlamenti bu qərarı qəbul etdiyi
halda çox ciddi beynəlxalq təzyiqə tuş gələcək. Hesab edirəm ki, bu
qərarın qəbul olub-olunmaması Ermənistandan asılı deyil. Yəni
birbaşa xarici faktorlardan asılıdır. Xarici faktor da Rusiyanın
təzyiqi ola bilər. Güman ki, bu, uzunmüddətli müzakirə olacaq. Yəni
diskussiya predmetinə çevriləcək, təzyiq faktoru öz aktuallığını
itirməsin".
Bu, Ermənistana yaxşı heç nə vəd etmir
AXCP sədrinin müavini, "Region" Beynəlxalq Analitik Mərkəzin
(RBAM) rəhbəri politoloq Razi Nurullayev qanun layihəsinin
Ermənistan parlamentində müzakirəyə çıxarılmasını Rusiyanın
Azərbaycana növbəti təzyiqi kimi qiymətləndirir:
"Ermənistan parlamentinin qondarma Dağlıq Qarabağın tanınma
məsələsini müzakirə etməsinin özü Azərbaycan, elə Ermənistanın özü
üçün də yaxşı heç nə vəd etmir. Burada bir neçə səbəb görürəm.
Birinci səbəb ondan ibarətdir ki, Azərbaycan və Ermənistan
prezidentləri arasında birbaşa görüşün keçirilməsi nəzərdə tutulur.
Həmsədr ölkələrin və həmsədr qrupunun rəhbərləri bununla bağlı
razılıq əldə ediblər. Və belə bir mərhələdə hesab edilir ki, İlham
Əliyevin görüşə razılıq verməsinin əsas səbəbi həmsədr ölkələrin
onu Ermənistan tərəfinin güzəştə gedəcəyinə inandırmasıdır. Amma
indi əksini müşahidə etdik. Bu məsələ danışıqlar vaxtı bizə
psixoloji təzyiq göstərməkçün atılan addımdır. Digər tərəfdən, mən
bunu Rusiyanın təzyiqinin tərkib hissəsi sayıram. Rusiya bu yolla
Azərbaycana Avrasiya və Gömrük İttifaqına daxil olmaq üçün təzyiq
edir".