Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının
müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər
Təşkilatının sədri Naqif Həmzəyev adının nurçuluqda hallanması
barədə yayılan məlumatlara münasibət bildirib.
"Axar.az" "Publika.az" a istinadən xəbər verir ki, N.Həmzəyev nurçu
olması barədə yazılanları cəfəngiyat adlandırıb: "Nurçuluqla bağlı
mənim də adımı yazırlar. Yazıblar ki, mən Türkiyədə təhsil almışam
və sairə. Mən təkcə Türkiyədə deyil, həm də Bakı Dövlət
Universitetində, Almaniya, Rusiya və Portuqaliyada da təhsil
almışam. Heç bunları yazan yoxdur, ancaq Türkiyəni yazırlar.
Türkiyədə doktorantura təhsili alıram. Başa düşmürəm ki, məgər
Türkiyədə oxumaq cinayətdir?
Sonra yazıblar ki, guya məni də araşdırırlar və sairə. Nə etmişəm
ki, məni araşdırsınlar? İndi mən əvvəlki kimi öz işimlə məşğulam,
işimin başındayam, dövlətimizə, xalqımıza xidmət edirəm".
N.Həmzəyev mətbuatda onun Prezident Administrasiyasının Siyasi
Təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur
Aslanovla münasibətləri olması məsələsinə də toxunub: "Mən Elnur
Aslanovu tanımıram, onunla heç bir əlaqəm olmayıb, onunla
görüşməmişəm. Cənab Prezident mənə YAP-da bu boyda vəzifəni etibar
edib. Mən heç zaman onun etimadına görə hər hansı hərəkətə yol
vermərəm. Bu cür məlumatları yayan adamlara da demək istəyirəm ki,
YAP-a qara yaxmaq mümkün deyil.
Dövlətini, Vətənini sevən adam bu cür hərəkətlər etməz. Bu məlumatı
yayanlar da dövləti sevməyən şəxslərdir. Boş-boş yazırlar, adam
oxuyanda da gülməyi gəlir. Kimdirsə, sifarişli yazır. Bunlar
dövlətimizi nə hesab edir? Bu dövlət elə-belə dövlətdirmi? Mən hər
zaman da xaricdə dövlətimizi təmsil etmişəm. Mən bu cür yazılara da
əhəmiyyət vermirəm".