Məşhur yazar Qabria Qarsel
Markesin ölümündən sonra dünyada və ölkəmizdə demək olar ki, bütün
saytlar Markesə aid olduğu deyilən "Vida məktubu"nu oxucuları ilə
paylaşdı. İddialara görə isə əslində Markes heç vaxt belə məktub
yazmayıb.
"Axar.az" xəbər verir ki, bu gün "museumofhoaxes.com" saytı
sözügedən məktubun Markesə aid olmadığını açıqlayıb. Məktub 2000-ci
ildə may ayının 29-da Markes xəstə yatarkən "La Republica"
qəzetində çap olunmuş, daha sonra bütün dünyaya yayılmışdı.
Türkiyə saytlarında geniş analiz edilərək bu vida məktubunun
tarixçəsi belə izah olunur:
"2000-ci ilin may ayı idi və Nobel mükafatlı kolumbiyalı yazar
Qabriel Qarsia Markes bir müddətdir ki, ortalarda görünmürdü.
Nənəsinin vaxtından qalma hekayələri yazmaqda ustalığı qədər Kastro
və Klintonla olan dostluğu ilə də məşhur olan və bu dostluqları ilə
yada salınmaqdan, məşhur olmaqdan zövq alan yazar qəflətən ictimai
həyatından uzaqlaşmışdı. Markes hekayələrinin həmişə qəribə
tarixçələri olur axı, elə o özü də meydanı boş qoyduğu günlərdə
qəribə bir hekayənin qəhrəmanı oldu. Linfa bezi xərçəngi diaqnozu
qoyulan yazarın ədəbiyyat dünyasında dostlarına yazdığı lirik vida
məktubu ortaya çıxdı. Təbii ki, internetdə. İspanca yazılıb, Rafael
İsa (İsus) Qonsales adlı adam tərəfindən dərhal ingiliscəyə
çevrilmişdi. Son dərəcə kədərli və həyəcanlandırıcı tərzdə ölüm
yatağında qələmə alınmış məktuba, aciz bir qocanın sözləri hakim
idi. Halbuki, "Yüz ilin tənhalığı"ndakı əsrlik Ursulanı belə
danışdırmamışdı. (həmin vida
məktubu burada)
Utanc içində ölmək
Roman və hekayələrindəki əyləncəli və maraqlı üslubun yerini
hıçqırıq dolu, qaramat bir dil almışdı. Marqaret Ətvud, Suzan Hil
və Norman Mailirin həyat yoldaşı Noris Mailirə qədər gedib çatan
vida məktubundakı sətirlər Markesin üslubunu qətiyyən
xatırlatmırdı. Onsuz da məktubun saxta olduğunu açıqlayarkən özü də
belə deyəcəkdi: "Məni ölümdən çox bu qədər zövqsüz bir şeyi yaza
biləcəyimə inandıqlarına görə keçirdiyim utanc içində ölmək
qorxudur".
Amma "Kukla" (La Marioneta) başlıqlı məktubu alanlar buna
inandı. Ssenarist Arnold Vesker ədəbi olması üçün səy göstərildiyi
açıq-aydın görünən mətndə bir zəiflik hiss eləmişdi, ancaq bunu
"ölüm ayağında olan bir adamın sözləridir. Bəzən həddindən artıq
həssas, bəzən müdrik, bəzən də çox təvazökar olması qaçılmazdır", -
deyərək yazını qəbul etmişdi. Halbuki Markes heç vaxt bu cümləni
quracaq qədər təvazökar olmamışdı: "Əgər Tanrı bir anlıq bir kukla
olduğumu unudub mənə bir qurtum həyat versə, düşündüklərimi izah
etmək yerinə, izah etdiklərimi düşünərdim..."
Məktub az qala bir göz qırpımında bütün dünyaya yayıldı. Bunu
yayımlayan Perunun "La Republica" qəzeti olub. Səhərisi gün dərhal
Meksika qəzet və radioları böyük yazarın bir məktubla vidalaşdığını
yayımladı.
Və bu bazar ertəsi günü başlayan zarafatın ömrü iki gün çəkdi.
Çərşənbə günü Markesin belə bir məktub yazmadığı məlum oldu.
Hərçənd yazarın xərçəng xəstəsi olduğu məlum idi. 1967-ci ildə
özünü evə qapadıb "Yüz ilin tənhalığı" romanını yazan və günə altı
paket siqaret çəkdiyini etiraf edən Markesə illər sonra 1999-cu
ilin iyul ayında xərçəng diaqnozu qoyulmuş və müalicə almışdı.
İtkin düşməsinin səbəbi isə ölüm döşəyində olması deyil, kitab
yazmaqla məşğul olmağı imiş. Kolumbiyada çap olunan "El Tiempo"
qəzetinə etdiyi açıqlamada iki romanı və üç cildlik xatirələrilə
bağlı yazdığı kitablarla məşğul olduğu üçün dostlarıyla əlaqəsini
minimuma endirdiyini, telefonlarını söndürüb bütün səyahətlərini
ləğv etdiyini bildirmişdi.
Aradan illər keçdi, dünən Markes öldü və onun "vida məktubu"
yenidən gündəmə gəldi.
Bəs, Markesin romanları qədər yaddaqalan bu əsərin həqiqi
müəllifi kimdir?
Yazarın adı Coni Velçdir. Çox məşhur olan bir vantriloqdur. 15
il boyunca Meksika və digər Latın Amerikası ölkələrində, kuklaları
qarnından danışdırdıqdan sonra bu dəfə yenə qarnından Markesi
danışdırmağa cəhd eləmişdi. Məktubun mediaya çıxdığı birinci il
(2000-ci il) Meksikada yayımlanan "İnfiRed" radiosunda vida
sətrlərini özünün yazdığını etiraf edərək belə deyib: "Tamam, mən
yazar deyiləm. Amma yenə də yazısı bəyənilməyən bir adamın xəyal
qırıqlığını yaşayıram".