Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının
(Niftəliyeva) "Medi Sina" klinikasında həkim terroru nəticəsində
öldürülməsindən sonra Prezident İlham Əliyevə, həmçinin Səhiyyə
naziri Oqtay Şirəliyevə və Baş prokuror Zakir Qaralova məktub
ünvanlamış, Prezidentdən bu istintaq işini şəxsi nəzarətinə
götürməsini xahiş etmişdi.
Üstündən bir aydan çox vaxt keçəndən sonra jurnalist yenidən Baş
prokurora müraciət etmək məcburiyyətində qalıb və bunun səbəbini
açıqlayıb. Müraciəti təqdim edirik.
"Hörmətli Zakir müəllim!
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham
Əliyevə ünvanladığım müraciətin bir surəti də Sizə göndərilib.
Həmin müraciətdə həyat yoldaşım Elnarə Tofiqqızı Niftəliyevanın
"Medi Sina" klinikasında həkim terroru nəticəsində öldürülməsindən
yazmış və sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda bu ölüm
faktı ilə bağlı açılmış cinayət işini nəzarətinizə götürməyi həm də
Sizdən xahiş etmişdim.
Təəssüf ki, aradan ay yarımdan da artıq vaxt keçməsinə
baxmayaraq, mənə müraciətimlə bağlı Baş Prokurorluqdan heç bir
cavab gəlməyib.
Amma mən surəti Sizə ünvanlanmaqla Cənab Prezidentə heç də
təsadüfən müraciət etməmişdim və bu cinayət işini nəzarətinizdə
saxlamağınızı əbəs yerə xahiş etmirdim.
Məlumat üçün bildirim ki, M.A.Topçubaşov adına Klinik Cərrahiyyə
Elmi-Tədqiqat İnstitutunun həkim-cərrahı Fərəcullah İdrisov mənim
ona inamımdan sui-istifadə edərək, tamah məqsədi ilə heç bir zəruri
ehtiyac olmadan həyat yoldaşım Elnarə Niftəliyevanın cərrahiyyə
əməliyyatı olunmasına məni inandırmış və Mərkəzi Hərbi Klinik
Hospitalın onkologiya şöbəsinin müdiri Mahir Məmmədov və
anestezioloq Firuz İbrahimovla birlikdə "Medi Sina" klinikasında
cərrahiyyə əməliyyatı aparmışlar.
Sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı həyat
yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, ədəbi-tənqidçi
Elnarə Tofiqqızı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən –
daha doğrusu, həkim terrorundan dünyasını dəyişmişdir. Xatırladıram
ki, mənim 8 və 2 yaşında olmaqla, iki qızım var.
Həmin gün Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyində
ekspertiza aparıldı və ekspertizanın ilkin rəyində "nəfəs
çatışmazlığı" göstərildi. Hazırda ekspertizanın yekun rəyi də artıq
ictimaiyyətə təqdim olunub və ilkin rəy təsdiqlənib. Əməliyyat
zamanı nəfəs çatışmazlığının birbaşa həkim səhlənkarlığından və
məsuliyyətsizliyindən olduğunu isə izah etməyə heç bir ehtiyac
yoxdur.
İndi Tibbi Ekspert Komissiyası təşkil olunub və həkimlərin hansı
səviyyədə günahkar olduğu müəyənləşdirilir.
Ancaq yuxarıda dediyim fikrə bir daha qayıdaraq bildirirəm ki,
ekspertiza keçirildiyi və istintaq getdiyi zaman mənim Azərbaycan
Prezidentinə və Sizə müraciət etməyim təsadüfi deyildi. Çünki
Nəsimi Prokurorluğunda istintaqın gedişi heç bir halda məni qane
edə bilməzdi.
İki aya yaxındır davam edən istintaq zamanı yalnız bircə dəfə
mənim ifadəm alınmaq üçün prokurorluğa dəvət edilmişəm. Daha sonra
mənimlə heç bir əlaqə saxlanılmayıb. Hər dəfə öz təşəbbüsümlə
edilən müraciətlər isə qulaqardına vurulub.
İstintaq indiyə qədər cərrahiyyə əməliyyatına heç bir ehtiyac
olmadan əməliyyata qərar verilməsinin, əməliyyat zamanı narkoza heç
bir ehtiyac olmadan, narkozdan istifadə edilməsinin səbəbini
aydınlaşdırmağa cəhd etməyib. Həmçinin, istintaq hələ də
müəyyənləşdirməyib ki, "Medi Sina" klinikasına onkoloji əməliyyat
aparılmasına Səhiyyə Nazirliyi tərəfindən icazə verilmədiyi halda,
niyə bu əməliyyat orda aparılıb və bunun məsuliyyətini kim daşıyır?
Həkimlər belə bir əməliyyata özəl klinikalarda icazə verilmədiyi
barədə məni niyə məlumatlandırmayıblar və niyə bizi aldatmaqla, bu
qətli törədiblər?
Bu cinayətdə təkcə "həkim səhlənkarlığı və məsuliyyətsizliyi"
deyil, həm də tamah məqsədi ilə insanın aldadılması, cərrahiyyə
əməliyyatına cəlb edilməsi və onun öldürülməsindən söhbət gedir.
Ancaq Nəsimi Rayon Prokurorluğunda qaldırılan cinayət işində
istintaq hərəkətləri aparılmadığından, yalnız "həkim
məsuliyyətsizliyi" əsas götürüldüyündən, Tibbi Ekspert
Komissiyasının rəyini gözləməklə, əslində, hərəkətsizliklə
məşğuldurlar.
Hörmətli Zakir müəllim!
Məlumat üçün bildirirəm ki, məndə olan səhih məlumata görə,
Nəsimi Rayon Prokurorluğunda bu cinayət işinin artıq hansı axarla
yekunlaşdırılacağı barədə qərar verilib. Belə ki, Nəsimi
Prokurorluğu Fərəcullah İdrisov (cərrah-həkim), Mahir Məmmədov
(onkoloq-cərrah) və Abbas Bağırovla ("Medi Sina" klinikasının baş
həkimi) razılaşmaya gediblər və ölümün bütün məsuliyyətini
anestezioloqun üstündə cəmləşdirmək niyyətindədir. Bu faktın
təsdiqi kimi həkimlərdən yalnız birinin – anestezioloq Firuz
İbrahimovun vəkil tutduğunu, digərlərinin isə heç bir müdafiəyə
ehtiyac görmədən, əksinə, "biz artıq istintaqla razılaşmışıq"
deyərək, həkim fəaliyyətlərinə davam etdiklərini göstərmək
olar.
Bu faktı Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, istintaq
qrupunun rəhbəri Ələkbər Rzayev də gizlətmir və söhbətlərimizdə
istintaqın bu sonluqla bitəcəyinə indidən zəmin hazırlamaqla
məşğuldur.
Hörmətli Zakir müəllim!
Deyilənləri nəzərə alaraq, Nəsimi Rayon Prokurorluğunda başlayan
bu cinayət işi ilə bağlı məndə olan məlumatların yoxlanılması,
Elnarə Niftəliyevanın ölümünə görə başlanan cinayət işini araşdıran
istintaq qrupunun indiyə qədər gördüyü işlərin qiymətləndirilməsi
və istintaqın hərəkətsizliyinin səbəblərinin aydınlaşdırılması,
tamah məqsədi ilə öldürülən bir ANAnın qanının məhz tamah məqsədi
ilə batırılması istəklərinin mövcud olub-olmamasını müəyyənlədirmək
üçün xüsusi göstəriş verməyinizi və ümumiyyətlə, cinayət işini
birbaşa öz nəzarətinizə götürməyinizi Sizdən növbəti dəfə, israrla
xahiş edirəm.
Hazırda həkim qətliamlarının Azərbaycanda hansı fəsadlar
yaratdığı və nə qədər ölümlərə səbəb olduğu barədə yəqin ki,
müfəssəl bilgiləriniz vardır və son aylar həkim qətliamlarının
cəmiyyəti ciddi surətdə narahat etməsinin də Sizin diqqətinizdən
yayınmadığına əminəm.
Ona görə ümid edirəm ki, Siz mənim bu ikinci məktubumdan sonra
ən nəhayət, bu qətlin istintaqının nəzarətiniz altına alınması üçün
göstərdiyim cəhdləri və narahatlığımı dəyərləndirməyə fürsət
tapacaq və götürdüyünüz ölçülər barədə ictimaiyyət
məlumatlandırılacaq.
Əvvəlcədən təşəkkür edirəm".