"Əvvəla, o xəbəri redaktor yazmayıb, xəbərin müəllifi
var. Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 44-cü
maddəsinə görə, redaktoru məhkəməyə verə bilməzlər. Hər şeydən öncə
iddia ərizəsində bu məsələdə qanun pozulub və müdafiə tərəfi bundan
istifadə edə bilər".
Bu sözləri hüquqşünas Müzəffər Baxışov müğənni Mətanət
İsgəndərlinin böhtana görə "Aznews.az" xəbər portalının Baş
redaktoru Elçin Zahiroğlunun və portalın əməkdaşı İntiqam Alıyevin
həbs olunması iddiası ilə bağlı məhkəmə davasına münasibət
bildirərkən söyləyib. M.Baxışlı 147.1-ci maddə ilə həbs
praktikasının artıq uzun illərdir ki, aradan qaldırıldığını da qeyd
edib:
"Digər məsələ diffomasiya ilə bağlı qanunun illərdir müzakirə
olunduğu bir məqamda belə bir iddianın ortaya atılmasıdır. Bilirsiz
ki, Avropa Şurası dəfələrlə yanlış məlumat yaydığına görə jurnalist
həbsinin aparılmaması ilə bağlı tövsiyyələrini verib və bu məsələ
Bakıda bir neçə dəfə müzakirə olunub. Azərbaycanın qoşulduğu
konvensiyalar da bu maddə ilə həbsi mümkünsüz edir. Yəqin
xatirinizdədir ki, müzakirələr zamanı artıq bu maddə ilə illərdir
həbs aparılmadığı barədə hökumət nümayəndələri də rəsmi fikir
bildirdilər və maddənin aradan qaldırılmamasının səbəbi kimi milli
mentaliteti göstərdilər. Bu baxımdan, böhtana görə məhkəmə iddiası
qaldıran Mətanət xanımın şikayəti əsasında saytın baş redaktorunun
və ya jurnalistin həbsi mümkün deyil. Amma hansısa formada cəzanı
istisna etmirəm. Məsələn, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf
və ləyaqətini ləkələyən məlumatı yayan şəxsə 147.1-ci maddə (bu,
maddənin ən yüngül bəndidir) ilə dava açılıbsa və xəbəri yazan
jurnalist yazdığını sübut edə bilməsə, onda ən sərt cəza kimi
məhkəmənin 500 AZN-ə qədər cərimə tətbiqi və təkzib qərarı
çıxarılacağı mümkündür".
Hüquqşünas həm də onu bildirdi ki, üzdə olan bir sənət adamının
iki jurnalisti həbs etdirmə istəyi də normal deyil: "Əlbəttə, sənət
adamları adətən belə məsələləri Mətbuat Şurası vasitəsilə həll
edirlər. Elə müdafiə tərəfi də birinci növbədə Mətbuat Şurasına
müraciət edilməməsindən istifadə edəcək. Yəni məhkəmə nəzərə alacaq
ki, təkzib və geniş açıqlama üçün sayta müraciət olunmayıb, məsələ
birbaşa məhkəməyə çıxarılıb. Doğrudur, bu, hər bir Azərbaycan
vətəndaşının haqqıdır. Amma medi ilə münasibətlərinin
tənzimlənməsində maraqlı olan sənət adamı daha başqa yollardan
istifadə edir".
Xatırladaq ki, "Aznews.az" saytı Mətanət İsgəndərlinin narkoman
olduğuna dair xəbər vermişdi. Bunun qarşılığında müğənni Nərimanov
Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək, xəbərin
yazan jurnalistin və Baş redaktorun böhtana görə (Cinayət
Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb
edib.