Yuxarı

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalından azad edilməsinin 6 ili tamam olur. Artıq Füzulinin də işğal tarixini deyil, işğaldan azad edilməsi tarixini qürurla qeyd edirik. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 17 oktyabr Füzuli Şəhəri Günü kimi müəyyən olunub. Bütün xalqımız, o cümlədən Füzuli sakinləri bu günü böyük qürurla qeyd edir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Füzuli rayonun işğal olunması 1993-cü ildə ölkəmizdə daxili qeyri-sabitliyin hökm sürdüyü şəraitdə baş vermişdi:

“İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. 1993-cü ildə işğalçı Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.

Amma həmin il Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun digər yaşayış məntəqələri işğaldan azad edildi. Erməni vandallığının bariz nümunələrindən biri Füzuli şəhərinin tamamilə dağıdılmasıdır. Bu şəhər işğaldan azad olunan gün üçrəngli bayrağımızın ucaldılması üçün salamat bina yox idi. Bu böyük yaşayış məntəqəsi yer üzündən silinmişdi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verirdi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin güclü ordumuz bu missiyanı qısa müddətdə yerinə yetirdi. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib”.

Millət vəkilinin sözlərinə görə, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur:

“İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni vandalizmi, işğal dövründə xalqımızın çəkdiyi ağrı-acılar heç vaxt unudula bilməz. Bütün bunlar qan yaddaşı olaraq daim xatırlanacaq. Bu hadisələrin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün davamlı işlər görülür”.

Samir Vəliyev qeyd edib ki, hazırda Füzuli rayonunda böyük quruculuq işləri həyata keçirilir:

“Bu işlər cənab Prezidentin şəxsi nəzarətindədir. Artıq xeyli insan Füzuli şəhərində yaşayır. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb.

Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin və Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilib istifadəyə verilməsi isə əsl qardaşlıq nümunəsidir. Türkmənistan isə Füzuli şəhərində məscid inşa edir”.

“Hazırda Füzuli rayonun bir sıra kəndlərinin bərpası işləri sürətlə həyata keçirilir. Beləliklə, işğaldan azad olunmuş ərazilərimizi və onların əhalisini qarşıda gözəl və firəvan günlər gözləyir” – deputat vurğulayıb.

Tarix
2026.10.16 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla