ATƏT Parlament
Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyasının ikinci
günü daha ciddi hadisələrlə müşahidə olunub. Sessiya çərçivəsində
keçirilən Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında
fransalı deputat Alan Neri iclasda iştirak etməyən həmkarının da
yerinə səs verməyə cəhd edib, lakin saxtakarlığın üstü
açılıb.
O bunu belə izah edib ki, Azərbaycan Fransa nümayəndə heyətinin
üzvlərindən Guy Teissierə ATƏT PA-nın sessiyasında iştirak üçün
viza verməkdən imtina edib, buna etiraz olaraq həmin həmkarının
yerinə səs vermək istəyir.
A.Neri deyib ki, həmkarı G.Teissier əvvəllər informasiya
missiyası çərçivəsində Dağlıq Qarabağa səfər etdiyinə görə, onun
Bakıya gəlməsi üçün viza verilməyib. O bunu hüquq pozuntusu kimi
qiymətləndirib.
Buna cavab olaraq isə Azərbaycanın ATƏT PA-dakı nümayəndə
heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Dağlıq Qarabağ
Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycan Ermənistan
tərəfindən işğal olunan bu ərazilərə səfər etməyi dövlət sərhədləri
haqqında qanunun pozulması kimi dəyərləndirir.
B.Muradova deyib ki, Dağlıq Qarabağa səfər etmək üçün Azərbaycan
dövlətindən icazə alınmalıdır. Əks halda həmin şəxslər Azərbaycan
üçün arzuolunmaz şəxslər hesab olunacaq.
Fransız deputatın həmkarının yerinə verdiyi səs saxta sayılaraq
qeydə alınmayıb.
Növbəti qalmaqalı isə yenə də Ermənistan nümayəndə heyəti
yaradıb. Erməni deputatlar iclasın gedişini pozaraq Krımın ilhaqını
dəstəkləyib, separatçı Dağlıq Qarabağ rejiminin bu kimi tədbirlərə
dəvət olunmasını tələb ediblər. Bu isə ukraynalı və azərbaycanlı
deputatlarla erməni deputatlar arasında qalmaqala səbəb olub.
İclasda söz alan Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin
rəhbəri Artaşes Geqamyan iclasın gündəliyindən kənara çıxaraq,
Ermənistanın Azərbaycan torpaqlarında yaradılması faktına etiraz
etməyə çalışıb. Xatırladaq ki, Ermənistanın Azərbaycan
torpaqlarında yaradılmasını Azərbaycan prezidenti sessiyanın
açılışı zamanı-iyunun 28-də çıxışında bəyan etmişdi. Belə görünür
ki, prezidentin bu həqiqəti yüksək tribunadan səsləndirməsi erməni
tərəfində ciddi narahatlıq yaradıb.
A.Geqamyan iclasdakıların diqqətini çəkmək məqsədilə çıxışı
zamanı qışqıra-qışqıra danışmağa başlayıb: "Bizim böyük tarixçilər,
o cümlədən fransız tarixçiləri burada erməni çarlığının olması
faktını təsdiqləyiblər".
Erməni deputatın tarixçilər adından danışması iclasdakı əksər
nümayəndələr tərəfindən gülüşlə qarşılanıb. Ona əhəmiyyət
verilmədiyini görən A. Geqamyan yenidən separatçı Dağlıq Qarabağ
rejimindən söz salıb, Dağlıq Qarabağı Krımla müqayisə edərək,
Azərbaycanla yanaşı, Ukraynanı da ittiham edib. O, Dağlıq Qarabağda
ermənilərin öz müqəddəratını müəyyən etdiklərini bildirərək, Krımda
da "Krım milləti"nin öz müqəddəratını referendum yolu ilə həll
etdiklərini iddia edib.
İclasın aparıcısı, Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev
tərəfindən A. Geqamyana mövzudan kənara çıxmamaq, separatçı
təbliğat aparmamaq barədə xəbərdarlıq edilib, ona çıxış üçün
ayrılmış vaxtından gündəliyə uyğun istifadə etməsi tövsiyə
olunub.
Bundan əsəbiləşən erməni deputat səsini daha da qaldıraraq
istədiyi mövzuda danışa biləcəyini bildirib. O, Dağlıq Qarabağda
azərbaycanlıların ermənilər tərəfindən kütləvi qırğına məruz
qalmasına görə Azərbaycan Xalq Cəbhəsini günahlandırıb. A.Geqamyan
deyib ki, guya ermənilər azərbaycanlıların çıxması üçün "sülh
koridoru" yaratsa da, AXC əhalinin bu koridordan istifadə etməsinə
imkan verməyib.
Erməni deputatın mövzudan tamam kənarlaşaraq tarixi öz istədiyi
kimi saxtalaşdırması iclas iştirakçılarının, təşkilatçıların
narazılığına səbəb olub. Bunu görən erməni deputat çıxışını
yekunlaşdırıb.
Onun ardınca söz alan Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin
rəhbəri Oleq Zarubunski sessiya rəhbərliyinə erməni nümayəndə
heyətindən şikayət edib, onları siyasi etikaya riayət etməyə
çağırıb: "İki gündür, burada erməni nümayəndə heyəti iki beynəlxalq
prinsipi: xalqların öz müqəddəratını müəyyən etməsi və ərazi
bütövlüyü məsələsini qəsdən qarışdıraraq bir-birinə qarşı qoyur,
bununla da beynəlxalq missiyanı çaşbaş salmağa çalışır. Cənab
Geqamyan, siz doğurdanmı anlamırsınız ki, "Krım milləti" deyilən
millət yoxdur. Orada Krım tatarları və digər etnik xalqlar var ki,
Ukraynanın daxilində muxtar respublika kimi yaşayırlar. İndi
Ukraynanın bu ərazisi işğal olunub, necə ki, siz Dağlıq Qarabağı
işğal etmisiniz. Utanmırsınız, öz işğalınıza bəraət qazandırmağınız
bəs deyil, Ukraynanın ərazi bütövlüyünün pozulmasına da beynəlxalq
tədbirdə haqq qazandırırsınız?! Mən xahiş edirəm, burada beynəlxalq
prinsiplərə bu qədər təcavüz olunmasın, məsələləri bir birinə
qarışdırmayın".
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar
Muradova isə diqqəti A. Geqamyanı öz çıxışında səsləndirdiyi fakta
yönəldib: "Siz deyirsiniz ki, o vaxt ermənilər azərbaycanlıların
çıxması üçün "sülh koridoru" yaratmışdı. Erməni separatçılarına kim
ixtiyar vermişdi ki, azərbaycanlılara öz torpaqlarından çıxması
üçün koridor yaratsın? Siz utanmadınız, işğalınızı bu şəkildə
etiraf edərək əməllərinizə haqq qazandırırsınız?"
B.Muradova sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, 22
ildən artıqdır mövcud olan Dağlıq Qarabağ məsələsi məhz
qeyri-qanuni keçirilən referendumun və bir neçə dəfə qeyri-qanuni
keçirilən parlament və prezident seçkiləri nəticəsində mövcuddur:
"Erməni deputat Dağlıq Qarabağı özünü ifadə etmiş bir dövlət kimi
qələmə verməyə çalışır, hətta onun haqqında gülməli bir ifadə
işlədərək onun demokratikliyi barədə danışır. Dağlıq Qarabağa səfər
edən xarici həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu,
oradakı bir qrup kasıb, aşağı səviyyədə yaşayan, bütün imkanlardan
məhrum əhalinin hansı vəziyyətə olduğunu görür. Dağlıq Qarabağ
xalqı deyilən bir şey yoxdur, orada yalnız etnik ermənilər yaşayır,
onlar Azərbaycan vətəndaşlarıdır və biz onların bugünkü durumu üçün
çox narahatlıq keçiririk. Çünki bu insanlar "Böyük Ermənistan"
ideyasının girovuna çevriliblər".
B.Muradova qeyd edib ki, ermənilər Dağlıq Qarabağ haqqında
həqiqətləri eşitmək istəmirlər. O vurğulayıb ki, İrəvan tarixi
Azərbaycan torpağıdır: "Biz Azərbaycan ərazisində ikinci erməni
dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik".
Daha sonra təşkilatçılar A.Geqamyan və digər erməni deputatı
sessiyanın nizamnaməsi barədə təlimatlandırıblar. Nizam-intizam
qaydalarını pozduqları onların diqqətinə çatdırılıb, bir daha belə
hallara yol verməmələri barədə xəbərdarlıq olunub.
Baş verənləri "Yeni Müsavat"a şərh edən Ana Vətən Partiyasının
sədri, deputat Fəzail Ağamalı bildirib ki, ermənilərin bu cür
təxribatı Ermənistanın işğalçı dövlət olmasını ört-basdır eləmək,
işğalçı siyasətlərinə haqq qazandırmaq cəhdləri gözlənilən idi:
"Ermənilərin NATO-nun Azərbaycan bu yaxınlarda keçirilən
seminarında təxribatdan sonra bizdə əminlik yaranmışdı ki, buna
bənzər həyasızlığı ermənilər ATƏT Parlament Assambleyasının Bakıda
keçiriləcək sessiyasında da müşahidə olunacaq.
Çünki erməni deputatlar xüsusi təlimatla Azərbaycana gəlmiş
insanlardır. Onlara Azərbaycanın öz daxilində şərait yaradıb
özlərinin özlərini ifşa etməsinə imkan yaratmaq lazımdır. Artıq
məlumdur ki, iyunun 28-də və 29-da sessiyada erməni deputatlar öz
təxribatçı çıxışları ilə Ermənistanı faktiki olaraq ifşa ediblər,
Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini faktiki olaraq
etiraf ediblər. Geqamyanın "ermənilər azərbaycanlıların çıxması
üçün "sülh koridoru" yaratmışdı" fikri Ermənistanın
azərbaycanlıları öz yurd-yuvalarından didərgin saldığının
etirafıdır. Erməni nümayəndə heyəti ATƏT PA-nın bütün deputatları
qarşısında ermənilərin təcavüzkarlıqlarını, Ermənistan dövlətinin
işğalçı, millitarist dövlət olduğunu ortaya qoyublar. Onlar nümayiş
etdiriblər ki, əslində Ermənistan dövləti xəstələnmiş, terrorçu,
işğalçı, millitarist bir dövlətdir, belə bir dövlətin sivil dünya
ilə heç bir əlaqəsi yoxdur".
F.Ağamalı ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin yetərincə
hazırlıqlı olduğunu və ermənilərin sessiyada cavablarını lazımi
səviyyədə verdiyini də söylədi: "Azərbaycan nümayəndə heyəti
beynəlxalq hüquqa, həqiqətə söykənərək Ermənistanın işğalçı
siyasətini məhz ermənilərin gözü qarşısında mötəbər tədbirdə ifşa
edə bilirlər. Ölkə prezidentinin sessiyanın açılışı zamanı etdiyi
çıxış da erməni təcavüzünün bütün anatomiyasını ortalığa qoydu.
Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yaradıldığını bir
daha mötəbər kürsüdən bəyan etdi. Erməniləri sonadək ifşa etmək,
bütün beynəlxalq aləmə onların işğalçı olduğunu sübuta yetirmək
səylərini davam etdirmək lazımdır".
F.Ağamalı Azərbaycanın işğalçı Ermənistana qarşı Ukraynada
dəstək almasının yaxşı hal olduğunu vurğuladı: "ATƏT PA-nın Bakıda
keçirilən sessiyasında bir daha bəlli oldu ki, Azərbaycan
həqiqətləri, Azərbaycanın işğala məruz qalması dünya dövlətləri
tərəfindən etiraf olunur, işğalçı Ermənistan pislənilir. Ukrayna
nümayəndə heyətinin Ermənistanı Dağlıq Qarabağı işğal etməkdə
suçlaması çox yaxşı haldır. Yaxın bir neçə gündə digər ölkələrin
nümayəndələrinində buna bənzər mövqe oraya qoyacağını düşünürəm.
Ukraynanın ərazi bütövlüyü BMT-də müzakirə olunanda Azərbaycan
beynəlxalq hüquq normalarına söykənərək, dünya tərəfindən, hətta
Rusiyanın özü tərəfindən də vaxtıilə tanınan Ukraynanın ərazi
bütövlüyünün qorunub saxlanmasına səs verdi. Bu gün Ukrayna da
beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazilərinin Ermənistan
tərəfindən işğal olunduğunu açıq şəkildə bəyan edirsə, ölkəmizin
yanında olduğunu ortaya qoyursa, bu yaxşı haldır. Düşünürəm ki,
indiyə qədər tərəddüd edənlər də, ikili standartlardan çıxış
edənlər də, mövqelərini tam mənada ortalığa qoymayanlar da yaxın
zaman kəsiyində nəhayət barmaqlarını Ermənistana tərəf tuşlayıb
"Sən təcavüzkarsan, terrorçu dövlətsən, sən Azərbaycanın ərazisini
işğal edən militarist dövlətsən" deyəcək. O zaman Ermənistanın
çıxış yolu qalmayacaq, gec-tez Ermənistana sanksiyaların tətbiq
olunması prosesi başlayacaq".
Musavat.com