Ramazan ayında oruc tutan insanların gün ərzində 10-15
saat ac qalması və daha sonra müxtəlif növ yağlı, duzlu yeməklər,
şirniyyatlar yeməsi heç şübhəsiz çəki artımına da şərait yaradır.
Odur ki, aşağıda qeyd olunanlara diqqət etməklə bu ayı daha sağlam,
əvvəlki enerjinizi və çəkinizi saxlamaqla başa vura
bilərsiniz.
Axar.az bu kiçik məsləhətləri nəzərinizə çatdırır.
1.Mütləq sahura qalxın və sahurda ağır qidalardansa, həzmi asan
olan, qüvvətli və tox hiss etdirəcək şeylər yeyin. Məsələn çörək,
az yağlı pendir və 1 stəkan süd ola bilər. Həmçinin meyvə, tərəvəz
də bacardığınız qədər çox yeməyə çalışın. Bu orqanizmi lazımi
vitaminlərlə təmin etməyə kömək edəcək.
2.İftar vaxtı boş mədəni birdən-birə yükləməyin. Yüngülvarı
şorba və bir dilim çörəklə iftarınızı açdıqdan sonra bir müddət (ən
azı yarım saat) gözləyin. Daha sonra qızartma və müxtəlif ət,
toyuq, balıq yeməklərinə, salatlara və onunla bərabər qatıq, ayran
və s-ə keçin.
3. İftarla sahur arasında da yüngülvari nəsə yemək maddələr
mübadiləsini sürətləndirməyə kömək edəcəkdir. Müxtəlif növ
şirniyyat və dondurma yemək istəsəniz isə heç olmasa yeməkdən 2
saat keçməsini gözləyin.
4. Gün ərzində susuz qalacağınızı nəzərə alaraq, iftarla sahur
arasındakı müddətdə maye qəbul etməyə çalışın. Bu sudan başqa
ayran, təzə sıxılmış meyvə şirəsi və s ola bilər.
5. Orqanizmin vitamin və mineral ehtiyacını təmin edən meyvə və
tərəvəzlərə üstünlük verin. Hər gün bir neçə dəfə meyvə və tərəvəz
yemək həm daha sağlam qalmanızı təmin edəcək, həm də bu müddət
ərzində orqanizmə kömək edəcək.
6. Maddələr mübadiləsini sürətləndirmək və çəki artımının
qarşısını almaq üçün bacardığınız qədər idmanla məşğul olun.
7. Qan şəkərinizi artıracaq qidalardan uzaq durun. Bunun əvəzinə
qoz, fındıq, badam, düyü, makaron, paxlalı bitkilərə üstünlük
verməyə çalışın.