Bir neçə gün əvvəl Azərbaycan KİV-lərində Bakıda
masonların toplantısının keçirildiyi barədə məlumat getmişdi. Həmin
məlumatda iddia olunurdu ki, Azərbaycan masonlarının Bakı
toplantısında masonluğun vacib ritualı olan installiatsiya həyata
keçirilib.
İnstalliatsiya Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad
rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimidir. Bu dəfə
Azərbaycan masson lojasından yeni Ali Ustadı Araz Kanzas and
içib.
Masonların iyunun 24-də Bakıya gəldiyi bildirilir. Qonaqlar
sırasında Azərbaycanda mason lojasının yaradılmasında böyük rolu
olan Andrey Boqdanov, Azərbaycanda mason lojasının rəhbəri və
bünövrəsini qoyan Bağır Heyyətin də olduğu bildirilir.
Yeni ustadın andiçmə mərasimindən sonra qonaqlar "Şirvanşah"
restoranına toplaşaraq, Azərbaycanın milli musiqisini
dinləyiblər.
Modern.az saytı Azərbaycan mason qurumu ilə bağlı araşdırma
aparıb və bəzi maraqlı məlumatlar əldə edib.
"Azərbaycan Milli Böyük Lojası" necə
qurulub?
Araşdırma nəticəsində bəlli olub ki, Bakıda mason hərəkatının
"Azərbaycan Milli Böyük Lojası" fəaliyyət göstərir. Tam qapalı
fəaliyyət göstərən bu lojanın fəaliyyəti haqqında çox məhdud
məlumatlar var. Bu loja barədə mason qurumunun yaydığı məlumatda
qeyd olunur ki, 2000-ci ildə Vaşinqtonda türkdillilərin "Nur-2000"
lojası qurulanda, Azərbaycanda da Azad Masonluğu qurub inkişaf
etdirmək qərarı qəbul olunub.
"Azərbaycan keçmiş Sovet İttifaqının bir hissəsi idi və Sovet
İttifaqının dağılması ilə müstəqillik əldə etmişdi. Azərbaycan
Qafqaz dağlarında yerləşən türkdilli Avropa ölkəsidir. Azərbaycanda
Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş
"Azerbaijan Lodge No.2001"in yaradılması ilə başladı.
Bir il sonra Vashinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün
Moskva Böyük Lojasını dəvət etdi. 2002-ci ildə onlar Moskvada
"Drujba No.24" lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq
əlaqələrinin nəticəsi olaraq, Vashington D.C. Böyük Lojası
Türkiyənin "Nur Lodge 2000" Böyük Lojası ilə birlikdə Ankarada
Demir Savaşçı tərəfindən icarəyə alınan "Xəzər Lojası No.1000"
layihəsini yaratdılar"-deyə "Azərbaycan Milli Böyük Lojası" nın
rəsmi açıqlamasında vurğulanıb.
Qurumun yaradılmasında Rusiya Böyük Lojasının köməyi
olub
2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının
yaradılmasına hazırlıq məqsədilər bir çox qonaqlar Bakıya səfər
edib. Bu müzakirələrdən sonra 2008-ci ildə lojanın yaradılmasına
qərar verilib.
Bunun ardından Vashinqton D.C. Böyük Lojası region olaraq Bakıda
fəaliyyət göstərəcək "Baku Lodge No.2008"i yaradaraq Böyük Lojanın
yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Xüsusi qeyd
etmək lazımdır ki, bu qurumun yaradılması prosesində Rusiya Böyük
Lojasının köməyi olub və çətin layihənin bütün səylərini
dəstəkləyib.
5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin
görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası,
Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət
arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük
Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının
xüsusi məqsədləri qəbul edilib.
Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9
dekabrda Bakıda təsis üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci
ildə Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı
çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası
tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan
olunub.
Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan
edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında
ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və
işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan
edilib.
Hazırda Azərbaycanda üç aktiv loja fəaliyyət göstərir:
Azerbaijan Lodge No.1,
Drujba Lodge No.3, Baku Lodge No.4 (Xəzər Lojası No.2 Ankaradakı
Türkiyə Böyük Lojasının nəzarəti altında fəaliyyət göstərir).
Azərbaycan Milli Böyük Lojasının 102 üzvü var.
Robert Bağır Heyyət kimdir?
Bəs Robert Bağır Heyyət kimdir? 1938-ci ildə Təbrizdə anadan
olmuş Bağır Heyyət gənc yaşlarında İrandan ABŞ-a mühacirət edib.
ABŞ-da ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə
başlayan Bağır Heyyət Amerika vətəndaşlığı aldıqdan sonra adını
dəyişərək Robert qoyub. Masonluq fəaliyyətinin ən aktiv dövrünü
Rumıniyada keçirən Bağır Heyyət Çauşesku rejiminin yıxılmasında,
Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı Türkdilli Nur
Lojası (Nur Lodge) və Azəri Lojasının (Azeri Lodge) qurulmasında
fəal iştirak edib. O, Avropada bir çox lojalarda müxtəlif
vəzifələrdə çalışıb. Bağır Heyyət həm də Rumıniya Milli Böyük
Lojasının qurucularından biri, eyni zamanda Rumıniya və digər
Slavyan ölkələrində masonluğun təməlini gücləndirmiş şəxsdir. 19
dekabr 2006-cı ildən etibarən Bağır Heyyət Vaşinqtondakı lojaların
mərkəzi olan Kolumbiya Dairəsi Böyük Lojasına (Grand Lodge of the
District of Columbia) başçılıq edən Hörmətli Böyük Ustaddır. 8
dekabr 2008-ci ildə isə Robert Bağır Heyyət Azərbaycan Milli Böyük
Lojası (National Grande Lodge of Azerbaijan) təsis edib, və Lojaya
başçılıq edən Hörmətli Böyük Ustaddır.
O, türk dünyasında, eləcə də bütün dünyada ən böyük türk masonu
olaraq tanınır. Ailəlidir. 2 qızı və 1 oğlu var.
Bu məlumatlar özünü Azərbaycan Milli Böyük Lojası adı ilə çıxış
edən qrup tərəfindən təqdim edilib və göründüyü kimi çox çox
maraqlı informasiyalar yer alıb. Azərbaycanda mason təşkilatlarının
fəaliyyəti haqqında müxtəlif vaxtlarda məlumatlar yayılsa da, ciddi
qəbul olunmayıb. 2006-cı ildə özünü Azərbaycan masonlarının lideri
elan etmiş Paşa adlı şəxs bir neçə dəfə müsahibə verərək, Bakıdakı
fəaliyyəti barədə danışıb. Amma sonralar onun fəaliyyəti barədə heç
nə eşidilməyib. İndiki məlumatı Azərbyacan masonlarının fəaliyyəti
barədə ilk açıq informasiyalar saymaq olar.