Çin Xalq
Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov ÇXR-in xarici işlər naziri Van İ ilə
görüşüb.
XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə,
görüşdə V.İ bu ilin may ayında Şanxayda keçirilmiş Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə
Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və ÇXR-in Sədri Si Cinpin arasında olan uğurlu görüşü qeyd
edərək, dövlət başçılarının ikitərəfli münasibətlərə yüksək qiymət
verdiyini və ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişaf
istiqamətlərini müəyyən etdiklərini bildirib.
V.İ əlavə edib ki, Azərbaycanın xarici işlər naziri
E.Məmmədyarovun Çinə rəsmi səfəri dövlət başçıları səviyyəsində
əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində önəmli
addımdır.
Nazir E.Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin bu ilin mayında ÇXR-ə uğurlu səfərinin ölkələrimiz
arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Azərbaycan Respublikasının bütün dövlətlərlə ikitərəfli
əlaqələrinin təməlini qarşılıqlı hörmət və bərabərlik
prinsiplərinin təşkil etdiyini deyən nazir ölkələrimiz arasında
qurulmuş dostluq münasibətləri əsasında Azərbaycanın Çin ilə
siyasi, iqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlığın və
parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə
çatdırıb. O, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz
arasında olan əməkdaşlığın və qarşılıqlı dəstəyin məmnunluq
doğurduğunu söyləyib.
Azərbaycan ilə əməkdaşlığın inkişafında ölkəsinin də maraqlı
olduğunu deyən nazir V.İ ölkələrimiz arasında bütün səviyyələrdə
məsləhətləşmələrin və mübadilələrin aparılmasının və
iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın
fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.
E.Məmmədyarov tikintisi başa çatmaq üzrə olan Bakı-Tbilisi-Qars
dəmiryol xəttinin tarixi İpək Yolu üzrə yüklərin daşınması üçün
əlverişli çatdırma imkanı yaradacağını qeyd edib və Transmilli
Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında
danışaraq, bu layihənin Avropa və Asiyanı birləşdirəcək
genişmiqyaslı informasiya texnologiyası şəbəkəsi olacağını
bildirib.
Nazir V.İ hələ 1998-ci ildə Böyük İpək Yolunun bərpası ilə bağlı
Bakıda konfrans keçirildiyini xatırlayaraq, Azərbaycan və Çinin
Avrasiya məkanının çiçəklənməsi üçün səylər göstərəcəyinə ümidvar
olduğunu ifadə edib.
Görüş əsnasında E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan
danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verərək,
münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal
olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu və
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının
zəruriliyini vurğulayıb.
V.İ ölkəsinin Azərbaycan Respublikasının Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini anladığını, Çinin
Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və
münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT qətnamələrinə
uyğun olaraq, sülh yolu ilə həllinin tərəfdarı olduğunu və Çinin bu
mövqeyinin prinsipial olduğunu bildirib.
Görüşdə diplomatik tədris müəssisələri arasında əməkdaşlıq,
mədəniyyət günlərinin keçirilməsi, müqavilə-hüquq bazasının
genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Nazir E.Məmmədyarov həmkarı V.İni Azərbaycana rəsmi səfərə dəvət
edib və nazir V.İ tərəfindən bu dəvət məmnuniyyətlə qəbul
edilib.