Bu gün Prezident İlham Əliyevin "Jurnalistlərin dostu"
seçilməsi münasibəti ilə Zuğulbadakı iqamətgahında tədbir
keçirilib.
"Axar.az" Prezidentin rəsmi saytına istinadən bildirir ki, Mətbuat
Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından
Prezident İlham Əliyevi ikinci dəfə "Jurnalistlərin dostu"
mükafatına layiq görülməsi münasibətilə təbrik edib. Bildirib ki,
"RUH" Jurnalistləri Müdafiə Komitəsinin bu ilin sentyabrında
keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik,
15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12
xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının
rəyləri öyrənilib, sorğunun nəticələrinə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə
"Jurnalistlərin dostu" seçilib.
Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov "Jurnalistlərin
dostu" mükafatını Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan Prezidenti İlham Əliyev yenidən "Jurnalistlərin dostu"
mükafatına layiq görülməsi münasibətilə təşəkkürlərini çatdırıb və
çıxışında deyib ki, ölkəmizdə azad jurnalistikanın yaradılması və
inkişafı istiqamətində 1980-ci və 1990-cı illərdə xeyli iş görülüb,
1998-ci ildə ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində ölkədə
senzura ləğv edilib və bu da azad mətbuatın inkişafı istiqamətində
mühüm addım olub.
O vaxtdan bu günə qədər mətbuatın inkişafı ilə bağlı ölkədə önəmli
qərarların qəbul olunduğunu deyən Prezident İlham Əliyev indi
demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük
rol oynadığını bildirib: "Bu prosesə təkan verən mühüm amil dövlət
siyasətidir və bu da Azərbaycanda vardır. Bu gün Azərbaycan
demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmır, ölkədə
söz və mətbuat azadlığı təmin olunur. Hazırda Azərbaycanda internet
istifadəçilərinin sayı 70 faizi keçir, yaxın vaxtlarda bölgələrdə
genişzolaqlı internet şəbəkəsi genişləndiriləcək.
Azərbaycanda dinamik inkişafı təmin etmək üçün ictimai sabitlik
vacibdir. Bunu son prezident seçkilərinin nəticələri də
göstərdi.
Bir daha məlum oldu ki, Azərbaycan cəmiyyəti sabitdir, müstəqillik,
dövlətçilik və müasirlik prinsipləri bizim üçün üstünlük təşkil
edir".
Prezident İlham Əliyev bu gün ölkəmizin siyasi və iqtisadi
müstəqilliyinin təmin olunduğunu, xarici siyasət sahəsində
Azərbaycanın mövqelərinin möhkəmləndiyini bildirib.
"Biz xoşbəxt xalqıq ki, bu gün ölkəmiz müstəqil siyasət aparır", -
deyən dövlətimizin başçısı vurğulayıb ki, güclü dövlət quruculuğu
prosesində demokratik prinsiplərin təmin olunması xüsusi yer tutur
və Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı güclü
iradə vardır.
Hazırda erməni lobbisinin ölkəmizə qarşı qarayaxma kampaniyasının
davam etdiyini deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin
dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa
çağırıb. Bildirib ki, Azərbaycan informasiya blokadasından çıxıb və
bu sahədə mübarizə davam etdirilməlidir.
Bəzi xarici dairələrin ölkəmizin uğurlu inkişafını qəbul etmək
istəmədiyini, Azərbaycanın müstəqil xəttinin və bir çox məsələlərlə
bağlı barışmaz mövqeyinin bəzi dairələri hərəkətə gətirdiyini və
onlarda narahatlıq yaratdığını deyən dövlətimizin başçısı qeyd edib
ki, Azərbaycan hər zaman bu kimi hallara tutarlı cavab verir. Çünki
Azərbaycan cəmiyyəti reallıqları bilir. "Biz bütün bunlardan
qorunmaq üçün daha da güclü olmalıyıq və bütün bu proseslərdə
medianın rolu böyükdür", - deyən Prezident İlham Əliyev ölkəmizlə
bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət
etməsində medianı həmrəy olmağa səsləyib. Bununla yanaşı,
cəmiyyətdəki problemlərin işıqlandırılmasında mətbuatın rolunu
yüksək qiymətləndirən dövlətimizin başçısı media işçilərinə yenidən
onu "Jurnalistlərin dostu" seçdiklərinə görə təşəkkür edib.
Sonra Əməkdar Jurnalist, Milli Məclisin deputatı Aqil Abbas,
Əməkdar Jurnalist, professor Şirməmməd Hüseynov, Mətbuat Şurasının
nəzdində fəaliyyət göstərən "Ahıl" Jurnalistlər Məclisinin sədri
Yusif Kərimov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu
və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək azad
mətbuatın inkişafı ilə bağlı son illərdə Prezident İlham Əliyevin
rəhbərliyi altında görülən işlərdən danışıb, mətbuatın inkişafı ilə
bağlı təkliflərini səsləndiriblər.