Azərbaycan müharibəyə başlasa və ya müharibəyə cəlb
edilsə, ölkədəki siyasi partiyaların fəaliyyəti dondurula bilər. Bu
Azərbaycan konstitusiyasında əks edilib. Düzdür, hazırda faktiki
müharibə vəziyyəti mövcud deyil, ancaq cəbhədə bir həftədir baş
verən gərginlik göstərir ki, toqquşmaların müharibəyə çevrilmək
ehtimalı hər an baş verə bilər.
Axar.az-ın "musavat.com"a istinadən xəbərinə görə, konstitusiya
qanunu üzrə mütəxəssis, Aydınlar Partiyasının sədri Qulamhüseyn
Əlibəyli də hesab edir ki, bu mümkün məsələdir.
Onun sözlərinə görə, siyasi partiyaların fəaliyyətinin
dayandırılması üçün yalnız müharibənin başlaması kifayət etmir:
"Ancaq müharibənin olması siyasi partiyaların fəaliyyətini
dayandırması üçün əsas yarada bilər. Əgər söhbət partiyaların
fəaliyyətinin dayandırılmasından gedirsə, bunun üçün Azərbaycanda
ya fövqəladə, ya da hərbi vəziyyət elan olunmalıdır.
Qeyd edim ki, fövqəladə və ya hərbi vəziyyət yalnız prezidentin
fərmanı ilə elan oluna bilər və Milli Məclis tərəfindən təsdiq
edilir. Bu fərman təsdiq ediləndən sonra sənəddə hansı tədbirlərin
görüləcəyi nəzərdə tutulur. Bu tədbirlərdən biri də partiyaların
fəaliyyətinin dayandırılması ola bilər. Ancaq bu da avtomatik baş
vermir. Söhbət ondan gedir ki, əgər hər hansı bir siyasi partiya,
doğrudan da, hərbi və ya fövqəladə vəziyyət rejiminin təmin
edilməsinə maneçilik törədirsə, bu halda onların fəaliyyəti
fövqəladə rejimin sonuna qədər dayandırıla bilər.
Qanun buna imkan verir". Qulamhüseyn Əlibəyli vurğulayıb ki,
adətən müharibə ilə əlaqədar hərbi vəziyyət elan edilir:
"Azərbaycan ərazilərinin müəyyən hissəsi işğal edildikdə, dövlətin
ərazisi hücuma məruz qaldıqda hərbi vəziyyət elan oluna bilər.
Ancaq indi cəbhədə atəşkəs rejiminin pozulması, müəyyən hərbi
qarşıdurmaların baş verməsi hərbi vəziyyətin tətbiqi üçün əsas
yaradacağını düşünmürəm. Əslində, cəbhədə atəşkəs rejimi vaxtaşırı
pozulur. Azərbaycan ordusu da cavab atəşləri açaraq qarşı tərəfi
susdurur.
Bu son 20 ildə belə olub. İndi ola bilsin ki, avqustun
əvvəllərində baş verən hərbi qarşıdurma zamanı vəfat edənlərin sayı
bir qədər çox olduğundan xüsusi əhəmiyyətli məsələ kimi qeyd
edilir. Əslində, atəşkəs rejiminin pozulması faktiki olaraq
Ermənistan tərəfindən güc siyasətinin davam etdirilməsi və təzyiq
metodudur. Azərbaycan tərəfi də, artıq qarşı tərəfə yalnız cavab
vermək istəmir, həm də bu təxribata görə, onları cəzalandırmaq
istəyir. Buna da normal yanaşmaq lazımdır.
Çünki Azərbaycan əraziləri işğal altındadır və bu əraziləri
işğaldan azad etmək üçün ordumuz qanuni hüquqlarından istifadə edə
bilər. Hesab edirəm ki, ordunun son addımları düzgündür. Ordunun
vəzifəsi odur ki, dövlətə və xalqa qarşı olan basqıları aradan
qaldırsın. Ordunun vəziyyətinə gəldikdə isə müəyyən problemlər olsa
da, Silahlı Qüvvələrin gücü çatar ki, işğal edilən ərazilərdə geniş
miqyaslı hərbi əməliyyatlar apararaq bu əraziləri düşməndən
təmizləsin".