"Dinc şəraitdə əsgər nə qədər ölməməlidirsə, hərbi
şəraitdə "niyə əsgər ölüb" sualı da o qədər absurddur. Nə qədər
ürəkağrıdıcı olsa da, müharibə şəraitində əsgər ölümü qaçılmazdır.
Bunu xüsusi olaraq qabardıb, ittiham vasitəsinə çevirmək ordumuza
xeyir gətirmir".
Axar.az Laçın alayının sabiq komandiri Arif Paşayevlə müsahibəni
təqdim edir.
- Siz bu yaxınlarda Rusiyaya getməliydiz, amma
fikrinizdən daşındınız.
- Dostumla Rusiyaya getməyi planlaşdırmışdıq, amma bu səfəri
təxirə salmalı olduq. Qarabağda və Ermənistanla sərhəddə baş verən
son proseslərlə əlaqədar hesab etdim ki, burada lazım ola
bilərəm.
- Əgər lazım olacaqsızsa, hansı addımı atmağı
planlaşdırırsız?
- Müharibənin aparılması funksiyası dövlətin üzərinə düşür.
Bizim təşəbbüsümüz təklif ola bilər. Keçmiş döyüşçülərin
potensialından istifadə etmək məqsədəuyğun olar. Bizlər həm
əsgərlərin mənəvi-psixoloji hazırlığı, həm də bir çox hərbi
prosesləri yerinə yetirmək baxımından gərəkli ola bilərik.
- Siz ehtiyatda olan zabitsiz, yoxsa
istefada?
- Həm ehtiyatda, həm də istefada olan zabit. O vaxt məni naməlum
səbəblərdən dolayı işdən azad etdilər, sonra bərpa etmədilər.
- Geriyə dönsək, bir çoxları əlaqələndirir ki, Laçının
işğalında sizin istefaya göndərilməniz böyük rol oynadı. Bu fikir
nə dərəcədə doğrudur?
- Laçının işğalının istefaya göndərilməyimə qətiyyən aidiyyəti
yoxdur. Laçın işğal olunan ərəfədə bizim məlumatlarımız vardı ki,
ermənilər tərəfindən intensiv hücumlar gözlənilir, hətta söhbət
işğaldan gedir. Belə anda mənəvi-psixoloji cəhətdən hazırlıqlı,
döyüş qabiliyyəti olan hərbi hissənin ləğv edilib, onun bir bölüyü
qədər əsgərlə əvəz edilməsi məqsədəuyğun deyildi. Yaxud da həmin
hərbi hissəni geriyə çəkib, ön mövqeyə hazırlanmış qüvvələri
yeritmək olardı. Tək Laçında yox, bütün sərhədyanı bölgələrdə olan
hərbi hissələr ləğv olunmuşdu. Diqqəti çəkən məqamlardan biri həmin
hərbi hissələrin ermənilərin hücumu ərəfəsində ləğv
edilməsiydi.
- Sizcə, bunun səbəbi nə idi?
- Həmin dövrlərdə Rusiya iradəsini Azərbaycanda bərpa etmək
istəyən insanlar vardı. Əməliyyata rəhbərlik edənlər Rusiyanın
iradəsini yerinə yetirdilər və bunun nəticəsi də məğlubiyyət
olmalıydı. Biz uzun müddət məhkəmə prosesində olduq. Mən orada
birmənalı olaraq Şuşa və Laçının işğalının məqsədyönlü olduğunu
dedim. Oturuşmuş hazırlıqlı hərbi qüvvələrimiz, Ermənistanla
sərhəddə mükəmməl qurulmuş müdafiə sistemlərimiz vardı. Laçının
girişində 5 kilometr məsafədə, 50 metrdən bir 17 metr dərinliyində
tratillər qurulmuşdu ki, geri çəkilmə baş verərsə, erməni
qüvvələrini ora salıb məhv edək. Tank əleyhinə 16 istiqamət və
bütün piyada-texnikanın keçəcəyi yerlər minalanmışdı. Və belə bir
şəraitdə 2 min nəfərlik heyəti olan Laçın alayı ləğv edilir və
Bakıdan gəlmiş 146 nəfərlik dəstənin tərkibinə verilir. Əgər hərbi
hissə ləğv edilməsəydi, ermənilərin Laçına girməsi qeyri-mümkün
idi. Həmin dövrlərdə səfərbərlik haqqında qanun yox idi və
insanların yığılması mənim şəxsi nüfuzum və əlaqələrimə
əsaslanırdı. Alayın ləğv edilib, mənim vəzifəmdən çıxarılmağım
taleyini mənə bağlamış şəxslərin ordudan getməsinə şərait yaratdı.
Bəzən bizi tabe olmamaqda günahlandırırlar. Bu, doğru deyil. Biz
hər gün Müdafiə Nazirliyinə hesabat verərək tabe olduğumuzu
göstərirdik.
- Maraqlıdır, siz AXC-nin qurucularından olmusunuz. Nə
üçün cəbhəçilər hakimiyyətə gəldikdən sonra sizi vəzifənizdə bərpa
etmədilər?
- Mən hərbiyə gəldikdən sonra cəbhədən çıxdım, çünki siyasət ilə
hərbi bir arada olmurdu. Təəssüflər olsun ki, cəbhəçilər
hakimiyyətə gələndə artıq Laçın işğal olunmuşdu və mən dəfələrlə
vəzifəmə bərpa olunmam üçün müraciət etdim, amma Rusiyanın siyası
iradəsini yerinə yetirən insanlar güclü olduğu üçün bu baş
tutmadı.
- Belə bir düşüncə var ki, Laçın bir güllə atılmadan
ermənilərə verildi. Bu, nə dərəcədə doğru fikirdir?
- Bir dəfə mənə dedilər ki, Laçında döyüş olmayıb. Ona cavab
verdim ki, doğru deyirsən. Kimlər orda olubsa, onlar üçün döyüş
olub, kimlər orda olmayıblarsa, onlar üçün döyüşlər olmayıb.
Laçında nələr baş verdiyini görmək üçün gərək orda olaydınız.
- Siz bir neçə dəfə ANS-in Laçınla bağlı kadrlarına
etirazınızı bildirmisiniz.
- ANS-in Laçınla bağlı kadrlarının hamısı imitasiyadır.
"Zapravka" deyilən yerdə çəkilirdi. Mən o vaxt yalançı qəhrəmanlıq
səhnələri düzəltməyin lazım olmadığını dedim. Sərhədyanı döyüşlər
gedirdi və əgər Laçınlılar rayonu tərk edirdilərsə, niyə 225 km
ərazidə bir erməni belə yox idi? Çünki sərhədyanı ərazilər
qorunurdu. Laçında həmin qüvvələr rayonu tərk edərkən mən əmr
vermişdim ki, hərbi hissənin sənədləri çıxarılsın. Mənim qərargah
rəisim maşınla sənədləri çıxartmaq üçün gedir. Ona sual verilir ki,
hara gedirsiniz? O, cavab verir ki, sənədləri çıxartmağa. Bəs əmri
kim verib, deyir komandir. Komandir isə Arif Paşayevdi. Camaat
kadrlarda bu nüansa fikir vermir, çünki insanlar qaçır və onlar
fərqində deyillər ki, Arif Paşayev orda yalnız qərargahın
sənədlərini çıxartmaq əmri verib. ANS həmin kadrların səsini
almışdı və yalnız mən tələb etdikdən sonra verdilər. Oranı tərk
edib gedən qüvvələrin heç birinin Laçın alayına aidiyyatı yoxdur.
Laçın alayı sona qədər rayonda qaldı və yalnız MN-nin əmri əsasında
ordan çıxarıldı.
- Zakir Həsənovun kadr islahatlarını necə
qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bu gün Azərbaycanda kimsə vəzifəyə
gətirilirsə, ölçülüb-biçilərək bu addım atılmalıdır. Təbii ki, qane
edilməyən baxışlar ola bilər. Kadr islahatlarının ordumuzun
inkişafı üçün uğurlu olmasını arzulayıram.
- Atəşkəsdən sonra ilk dəfə bu qədər şəhid
verdik.
- Qurbanların verilməsi çox təəssüfedici haldır. Onlar bizim
övladlarımızdır. Amma eyni zamanda itkilər haqqında ajiotaj
yaratmaq da doğru deyil. Müharibə, döyüş varsa, itki də olmalıdır
və bu, təbiidir. Amma burda əsgərlərin hansı şəraitdə ölməsinə də
diqqət yetirməliyik. Dinc şəraitdə əsgərin ölməsini qəbul etmirəm.
Niyə dinc şəraitdə əsgər ölməlidir? Buna məsul olanlar cavab
verməlidirlər. Dinc şəraitdə əsgər nə qədər ölməməlidirsə, hərbi
şəraitdə "niyə əsgər ölüb" sualı da o qədər absurddur. Nə qədər
ürəkağrıdıcı olsa da, müharibə şəraitində əsgər ölümü qaçılmazdır.
Bunu xüsusi olaraq qabardıb, ittiham vasitəsinə çevirmək ordumuza
xeyir gətirmir.
- Ordumuzun cavabı size qane etdi?
- Mən ölkə rəhbərliyinin döyüş bölgəsində olmasını müsbət hal
kimi qiymətləndirirəm. Hərbi əməliyyatların təzələnməsi təkcə
Azərbaycanın iradəsindən asılı deyil. Mənim mövqeyim odur ki,
Azərbaycan öz torpaqlarını işğaldan azad etməlidir. Azərbaycanın
Ermənistan üzərində qələbəsi birmənalıdır. Biz müharibəni və döyüşü
uduzmamışıq.