Son günlər həm Yaxın Şərq, həm Rusiya, həm də Ukraynada
vəziyyət gərginləşib. Bəzi mətbuat orqanları və analitiklər bu
bölgələrin müxtəlif hissələrə parçalanacağı, yeni dövlətlərin
yaranacağı ilə bağlı iddialar səsləndirir. Məsələ ilə əlaqədar
siyasi analitik İlqar Vəlizadə ilə danışdıq.
- İlqar müəllim, son
günlər dünyada müxtəlif dövlətlərdə parçalanmaların olacağı ilə
bağlı iddialar meydana çıxır. Maraqlıdır, dünya xəritəsinin
dəyişəcəyi ilə bağlı iddialara münasibətiniz
necədir?
- Ümumiyyətlə, dünya siyasi xəritəsi donmuş bir şey deyil. O,
tarix baxımından həmişə dəyişilib və dəyişiləcək. Amma bu
parçalanmalar və bir sıra yeni dövlətlərin yaranması bir sıra
faktorlardan irəli gəlir. Dünyada yeni parçalanmaların olacağı ilə
bağlı fərziyyələr isə hansısa siyasi mərkəzlərin sifarişidir;
onların ortalığa atdığı proyektlərdir ki, indi də müəyyən
söz-söhbətlər yaranır. Nəinki belə fərziyyələr səsləndirilir, hətta
bununla bağlı siyasi xəritələr də ortalığa çıxır. Son günlərə nəzər
yetirsək görərik ki, siyasi analitiklər daha çox Rusiya və Yaxın
Şərq ətrafında fərziyyələr irəli sürürlər. Siz heç vaxt şahidi
olmazsınız ki, belə siyasi xəritələr Avropa və ya ABŞ-a aiddir.
Bunun da nəticəsində belə bir fikir yaranır ki, Avropa və ABŞ
stabil, digər ərazilər isə qeyri-stabil zonada yerləşir. Əslində,
bu cür yanaşma düzgün deyil. Yaxın tarixə baxın: Kanadada Kvebbek
faktoru var. Amma heç vaxt görməzsiniz ki, Kanada Kvebbeksiz olsun;
Böyük Britaniyada dərin proseslər gedir, amma onu Şotlandiyasız
görməzsiniz. Belə mülahizələr çox vaxt reallaşmır. Bu onu deməyə
əsas verir ki, belə şeylər sifariş əsasında hazırlanır.
Rusiyada ciddi proseslər gedir, amma bu o demək deyil ki, Rusiya
sabah parçalanacaq və Sibir və ya hansısa dövlət yaranacaq. Buna
bir əsas yoxdur. 15 il bundan öncə Rusiyanın parçalanması daha real
idi.
Rusiya ərazisində hansısa dövlət suverenləşmə yolunu tuta bilər.
Amma bunun necə olacağını söyləmək çətindir. Bu, spekulyativ bir
şeydir və ortaya atılan yalan xəbərlərdir. Bundan da hansısa
separat qüvvələrin aktivləşməsi üçün istifadə edirlər. Onu da demək
lazımdır ki, belə bir proses Azərbaycanın da xeyrinə deyil. Rusiya
Azərbaycanın qonşusudur. Belə bir destruktiv proseslərin
sərhədlərimiz yaxınlığında baş verməsi Azərbaycanın ziyanınadır.
Çünki Azərbaycanın ətrafında qeyri-stabil zona yaranır və bu,
müxtəlif şəkildə bizə mənfi təsir göstərir.
- Biz belə parçalanmaları daha çox Vaşinqtonun
siyasi təsir imkanları olan regionlarda müşahidə
edirik...
- Vaşinqtonun nəzarəti altında olan regionlarda parçalanma onun
istəyinə uyğun olaraq həyata keçirilə bilər. Buna ən yaxşı nümunə
Sudandır. Sudan öz ətrafındakı regionda güclü idi. Ölkə rəhbərliyi
ilə Qərbin arasında olan problemlər ona gətirib çıxartdı ki, orada
referendum keçirildi. Nəticədə Cənubi Sudan Şimali Sudandan
ayrıldı. Burada neft faktoru əsaslı rol oynadı. Yenə də İraqın
parçalanmasına məhz bu amil digərlərindən daha çox təsir edir.
Məsələn, bu ssenari Çində niyə baş vermir? Səbəb ondan ibarətdir
ki, Çin güclü dövlətdir və proseslərə nəzarət edir. Qərbin
mövqelərinin güclü olmadığı yerlərdə onun belə addımlar atması
müşkül məsələyə çevrilir. Amma istəklər də var. Bu fikirləri,
planları mövcud siyasi labarotoliyalar hazırlayırlar. Məsələn,
SSRİ-nin çökdürülməsi üçün Mərkəzi Kəşfiyyat İdarəsi və digər
qurumların tərkibində siyasi laboratoriyalar yaradılmışdı. Amma
Sovetlərin dağıdılması heç də tam onların planlarına uyğun cərəyan
etmədi. Onlar bu işdə başqa ssenarilərə təkan verirdilər. Burada da
hadisələr onların istəklərinə uyğun həyata keçirilməyə bilər; onlar
sadəcə katalizator rolunu oynayırlar.
- Liviya, Suriya, İraq və digər dövlətləri nə
birləşdirir? Bu xaos dindən, yoxsa neftdən
qaynaqlanır?
- Qeyri-stabilliyin getdiyi bölgələr daha çox neft faktorunun
olduğu yerlərdir. Liviya, Suriya, İraq və digər bölgələrin hamısı
buna aiddir. Amma bir şeyə nəzər yetirin. Burada başqa bir məsələ
də var. Məsələn, Nigeriya. Nigeriya hazırda Qərbin farvaterində
gedən bir ölkədir. Bura da kifayət qədər neftlə zəngin bir yerdir.
Amma Qərb burada həmin planları həyata keçirmək niyyətində deyil.
Niyə? Çünki marağında deyil. Onsuz da Nigeriyanın nefti Qərbə
gedir. Heç marağında deyil ki, bu ölkə parçalansın. Amma istəsəydi,
onu edə bilərdi.
- Bir müddət öncə Qərb mətbuatında Ərəbistanın dörd
yerə parçalanacağı ilə bağlı iddialar səsləndirildi. Bunlar
reallığa çevrilə bilərmi?
- Hazırda Səudiyyə Ərəbistanında külli miqdarda pul var. Kimdə
çox pul varsa, o, bəzi məsələlərdə müstəqil siyasət yürütməyə
çalışır. Üzdə bunlar müttəfiq kimi görsənirlər, amma Amerika ilə
Səudiyyə Ərəbistanı arasında bəzi taktiki məsələlərdə fikir
ayrılıqları var. Bu planların yerinə yetirilməməsi o demək deyil
ki, sabah Səudiyyə Ərəbistanı üç və ya beş yerə parçalanacaq.
Bunları ortaya atmaqla Amerika demək istəyir ki, mən varam və lazım
olsa, bu destruktiv planları işə salaram. İraqa gəldikdə isə burada
Nuri Əl-Malikinin son illər İranla çox bağlı telləri vardı.
Məsələn, Bağdad 2010-cu ildə Tehranla müqavilə imzalayıb ki, onun
qazı İraq ərazisində keçib Suriyaya getsin. Bu, Amerikanın heç də
xoşuna gəlməyib. Malikini də devirən məhz Vaşinqton idi. Onlar
istəmirdilər ki, Maliki müstəqil siyasət yeritsin. Kürd faktorunu
onlar Malikinin üzərində hər zaman Domokl qılıncı kimi
saxlayırdılar ki, nəsə olsa, belə bir destruktiv proseslərə start
versinlər. Ona görə də o yenidən Baş nazir seçiləndə Bərzani dərhal
müstəqil olacaqlarını dedi. Bu, məhz Malikiyə qarşı yönəlmiş
məsələdir. Sadəcə, burada bir məsələ var. Bu proses, yəni kürd
liderinin belə çıxışından sonra həmin prosesi geri döndərmək mümkün
deyil. İraqın parçalanıb-parçalanmayacağı Amerikanı heç
maraqlandırmır. Burada əsas faktor İranın burada möhkəmlənməsinə
icazə verməməkdir.
- Türkiyə də kifayət qədər gücü olan ölkədir. Amma
onun haqqında da müxtəlif iddialar səslənir...
- Parçalanmaqla bağlı fərziyyələri çox şişirtmək lazım deyil.
Türkiyədə Gülən faktoru var. Amerika Ərdoğanın güclü olduğunu
bildiyinə görə onu yanında saxlayır ki, hadisələrə müdaxilə edə
bilsin. Bu, həmişə olub. Əlbəttə ki, Amerika hər zaman Türkiyəyə
regionda arxalanır. Eyni zamanda isə Səudiyyə Ərəbistanına da
arxalanır. Bu iki dövlət arasında münasibətlər isə heç də normal
deyil. Çünki ikisi də regional dövlətdir. Amerikanın əsas istəyi
regionda güclü olan hər iki dövləti idarə etməkdir. Bunun üçün
vasitələr heç də ideal deyil. Məsələn, Kürdüstanın yaranması heç də
ideal vasitə sayılmır. Amma onun ideal olub-olmaması Amerikanı
maraqlandırmır. Bərzani nefti Qərbə satır. Türkiyə və digərləri ona
nə qədər pul və dəstək versələr də, əsas dəstək həmişəki kimi
Amerikadan gəlir.
- Bəs Kürdüstanın yaranması yeni müharibənin
başlanması sayıla bilərmi?
- Müharibə olmaması üçün hələlik Kürdüstan dövləti yaranmır.
Çünki rıçaqlar Amerikanın əlindədir. Söz hələ o demək deyil ki,
sabah dərhal reallığa çevriləcək. Referendum keçirilsə belə, onun
hələlik dövlətə çevrilməsi sual altındadır. Referendum sadəcə
olaraq siyasi təzyiq mexanizmidir. Məsələn, Kosovaya nəzər yetirək.
Kosova yaranıb, amma onu hələ heç kim tanımayıb. Dünyanın yarısı
tanıyıbsa da, bu o demək deyil ki, ölkə kimi tanınıb. Kürdüstan
özünü dövlət elan eləsə də, onları heç kim tanımayacaq. Hətta
Amerikanın özü belə onu tanımayacaq. Siyasi vasitə kimi isə bu
"dövlət" qalmaqda davam edir. Bu, Türkiyə, İran, İraqa təsir
vasitəsidir.
Bu proses onların maraqlarına cavab verənə qədər davam
edəcək.