Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT
Təhlükəsizlik Şurasının "Münaqişələrin qarşısının alınması"
mövzusunda açıq iclasında çıxış edib.
Azərtac xəbər verir ki, münaqişələrin qarşısının alınması
konsepsiyası ilə beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsi
prinsipi arasında sıx qarşılıqlı əlaqə olduğunu vurğulayan
Azərbaycan səfiri qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə
görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi
və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən
istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya
kollektiv şəkildə müdafiə etmək hüququ verilir.
Y. Əliyev onu da xatırladıb ki, beynəlxalq hüquq nəinki
münaqişənin qarşısının alınması və ya tənzimlənməsi üçün müəyyən
nəticəyə nail olmağı, həm də və ilk növbədə, son nəticəyə nail
olmazdan əvvəl konkret normalarla tam uzlaşan proses getməsini
tələb edir. Bu baxımdan vurğulanıb ki, münaqişələrin nizamlanması
üzrə müvafiq mexanizmlərdən hüquqa açıq-aydın zidd olan və baş
vermiş fakta əsaslanan qərarların təsbit olunması vasitəsi kimi
istifadə edilə bilməz. Bu cür qərarları zorla qəbul etdirmək və ya
təşviq etmək cəhdləri isə uğursuzluğa məhkumdur və bu cəhdlər
möhkəm sülh, uzunmüddətli sabitlik üçün zəruri əsas yaratmağa əsla
kömək etməyəcək.
Y.Əliyev təcavüzkar separatizm probleminə hərtərəfli beynəlxalq
yanaşmanın zəruriliyini də qeyd edib. Təhlükəsizlik Şurasının
diqqəti onun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini,
münaqişələrin gedişində törədilmiş cinayətlərə görə məsuliyyət və
cəzasızlığa qarşı mübarizə kimi mühüm məsələlərə baxılarkən
prinsipial mövqe tutmağın vacibliyinə yönəldilib.
Bundan sonra Ermənistanın daimi nümayəndəsi Zöhrab Mnatsakanyan
çıxış edərək Azərbaycan tərəfin arqumentlərinə qarşı heç bir dəlil
ilə təsdiqlənməyən standart ittihamlar irəli sürməyə cəhd göstərib.
Ermənistan səfirinin çıxışı zamanı Təhlükəsizlik Şurasının
üzvlərinin və iclasın digər iştirakçılarının heyrətləndiklərini
görmək çətin deyildi.
Yaşar Əliyev cavab bəyanatı ilə çıxış edərək Ermənistan
səfirinin beynəlxalq birliyi çaşdırmaq və öz dövlətinin ilhaqçı
siyasətindən, Azərbaycan ərazisinin xeyli hissəsinin Ermənistan
tərəfindən işğal edilməsi və etnik təmizləməyə məruz qalması
faktından yayındırmaq üçün daha bir uğursuz cəhd göstərməsinə
diqqəti cəlb edib.
Yaşar Əliyev çıxışının sonunda deyib: "Danışıqların gedişində
Ermənistanın mövqeyinin qeyri-konstruktivliyi, onun mövcud
status-kvo vəziyyətini saxlamaqda maraqlı olması, Madrid sülh
planına riayət etməkdən boyun qaçırması, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən imtina etməsi,
sərt etnik təmizləmə siyasəti, habelə bu yaxınlarda törətdiyi, sülh
prosesinin pozulmasına yönəlmiş təhrikçi hərəkətləri – bütün bunlar
beynəlxalq birlik tərəfindən Ermənistan barəsində ciddi sanksiyalar
tətbiq edilməsi üçün ən mühüm əsasdır. Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmaqda davam
etməsi sülh prosesi üçün yenə də çox ciddi təhlükədir.
Bununla əlaqədar, ilk növbədə Ermənistan silahlı qüvvələri
Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Ermənistan
bunu nə qədər tez etsə, regionda sülhü, sabitliyi və vəziyyətin
proqnozlaşdırılan olmasını bir o qədər tez bərpa etmək mümkün
olacaqdır".