Pakistanın nüfuzlu ingilis dilli "Pakistan Observer"
qəzetində, "DNA News" informasiya agentliyində və "Centreline"
jurnalında tanınmış jurnalist Həmid Şahinin "Mehriban Əliyeva:
Kədəri sevincə çevirən insan" adlı məqaləsi dərc
edilib.
Bu barədə Axar.az-a Azərbaycanın Pakistandakı səfirliyindən
məlumat verilib.
Həmid Şahin məqaləsində Azərbaycanın birinci xanımı, millət
vəkili, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ziyalı ailəsində
böyüməsini, insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya,
mədəniyyət və musiqini sevməyi məhz valideynlərindən öyrəndiyini
qeyd edib.
Tolerantlığın
nümunəsi
Yazıda
Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti, mədəniyyət, təhsil,
səhiyyə, idman və digər sahələrdəki həyata keçirdiyi irimiqyaslı
layihələrdən geniş bəhs edilib:
"Mehriban Əliyeva "Azərbaycan Tolerantlığın Evidir" proqramı
çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks
dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı,
həmçinin, icraçısı olub".
Həmid Şahin yazısının böyük bir hissəsini Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda icra
edilən layihələrə ayırıb. Bildirib ki, 2007-ci ildə zəlzələdən
zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən
qızlar məktəbi inşa edilib. 2012-ci ildə orada əsaslı yenidənqurma
və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban Əliyevanın adı
verilib:
"Heydər Əliyev Fondu Edhi Home kimsəsizlər evləri, Akbar Care
institutu, Serebral iflic klinikası və Lakki Marvat uşaq və qadın
xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə və
müayinələr aparılmış, Saif Fonduna maddi yardımlar edilib".
Birinci xanımım insanpərvərliyi
Məqalədə
xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2014-cü
illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz
uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edildiyi, həmçinin
Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda,
Lahor, İslamabad və Fayzalabad şəhərlərində Qurban bayramı
münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıq heyvanların kəsilərək
əhalinin kasıb təbəqələrinə paylanıldığı deyilib.
2014-cü ildə isə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə
Dera İsmail Xan bölgəsində "Heydər Əliyev Su Təchizatı" layihəsi
inşa edilib ki, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan
içməli su əldə edib:
"Heç şübhəsiz ki, Mehriban Əliyevanın Pakistandakı fəaliyyəti
iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət
edir".