Rusiyanın nüfuzlu "Moskovski komsomolets" qəzetində
Janna Qolubitskayanın Azərbaycanın birinci xanımının yubileyinə
həsr olunmuş "Mehriban Əliyeva həm öz ölkəsi, həm də başqa ölkələr
üçün çox iş görür" sərlövhəli məqaləsi dərc edilib.
Axar.az AzərTAc-a istinadən məqaləni təqdim edir:
Avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin xanımı 50
illik yubileyini qeyd edir. Bu zərif, gənc qadını görəndə inanmaq
çətindir ki, o, həqiqətən yarım əsrlik yubileyini qeyd edir, özü
isə üç nəvənin nənəsidir! Heydər Əliyev Fondu yaradılandan bəri ona
Azərbaycanın birinci xanımı rəhbərlik edir. Bu il may ayında Fondun
da 10 illiyi qeyd olundu. Bu illər ərzində Fondun köməyindən təkcə
doğma Azərbaycan deyil, Rusiya və digər dövlətlər də
bəhrələniblər.
Mehriban Əliyeva Azərbaycanın birinci xanımı olmaqla bərabər,
həm də dünyada ali dövlət təltiflərinə layiq görülmüş ilk qadındır.
Axı Azərbaycan Prezidentinin xanımı Fondun rəhbəri olmaqla həm öz
ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür. Məsələn, avqustun
21-də Mehriban Əliyeva Küveyt Dövlətinin Qadın Məsələləri üzrə
Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın
imzaladığı Fəxri diplom ilə təltif edilib. Bu, Küveyt qadınlarının
adından xarici ölkənin ictimai-siyasi xadiminə, üstəlik əcnəbi
qadına verilən ilk mükafatdır. Diplomda deyilir ki, Küveyt
qadınları UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya "İslam mədəni irsinin dünyada geniş təbliği,
Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti,
təhsilə, tibbə verdiyi böyük töhfələrə görə" təşəkkür edirlər.
Küveyt qadınlarından bir qədər əvvəl, avqustun 11-də isə
rusiyalı qubernator Aleksandr Jilkin də Mehriban xanıma öz
təşəkkürünü bildirərək onu "Həştərxan vilayəti qarşısında
xidmətlərinə görə" ordeni ilə təltif edib. Bu barədə fərmanda
deyilir ki, bu mükafat "Həştərxan vilayətinin iqtisadi, sosial,
mədəni inkişafına xüsusi töhfəyə və xeyriyyəçilik fəaliyyətinə görə
vətəndaşları həvəsləndirməyin ali formasıdır".
Doğrudan da, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev
Fondu Həştərxanda və vilayətdə bir sıra iri sosial layihələr həyata
keçirir. Təkcə son dövrdə orada bağça və məktəb yenidən qurulub,
Azərbaycan-Rusiya dostluq körpüsü, Müqəddəs Mələksima Knyaz
Vladimirə abidə və uşaqlar üçün "Meçta" əyləncə şəhərciyi açılıb.
Hazırda Fondun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçası inşa
edilir.
Həştərxan vilayəti qubernatorunun administrasiyasında "Moskovski
komsomolets"ə bildiriblər ki, övladları Heydər Əliyev adına 11
nömrəli məktəbdə oxuyan valideynlər çox razıdırlar – bu uşaqları
vaxtaşırı Azərbaycana qonaq çağırır və oraya istirahətə
göndərirlər. Gənclər Rusiya-Azərbaycan Dostluq Parkını sevirlər,
indi sevgililər bir-birinə "sədaqət açarları"nı Dostluq Körpüsünə
asırlar. Uşaq bağçasının tikintisi hələ davam edir, tezliklə
açılışı olacaq. Hamımız bilirik ki, uşaq bağçalarının çatışmazlığı
Rusiyanın problemidir və Həştərxan vilayəti Heydər Əliyev Fondundan
belə bir hədiyyə almağa çox sevinir".
Azərbaycanın birinci xanımı həm də Fəxri Legion ordeni
kavaleridir. Fransa Respublikasının ən mötəbər dövlət təltifi olan,
təsis edilməsindən iki əsrdən çox keçmiş bu ordeni Mehriban xanıma
Nikola Sarkozi Azərbaycana səfəri zamanı şəxsən təqdim edib. Hələ
Napoleon tərəfindən təsis edilmiş bu ordenin kavalerləri sırasına
Azərbaycan nümayəndəsinin, özü də qadının qəbul edilməsi ilk
dəfədir. Fəxri Legion Ordeninin iki yüz illik tarixində qadın
adları ümumiyyətlə azdır. Ənənəyə görə, al qırmızı lentə
bərkidilmiş bu ulduza öz vətəninin fəxri olan insanlar
qəhrəmancasına hərəkətlərə və ya görkəmli xidmətlərə, istedad və
rəşadətə görə layiq görülür. Buna görə həmin ordeni çox vaxt
fransız kişilər – hərbçilər, alimlər, həkimlər, incəsənət xadimləri
alır.
Biz rusiyalılar üçün xüsusilə fərəhlidir ki, birinci xanımın
özünün sözlərinə görə, Azərbaycanda böyük rus ədəbiyyatına,
mədəniyyətinə və tarixinə çox hörmət edirlər. Yubilyarın qızı və
Fondun vitse-prezidenti Leyla Əliyeva Rusiyada olarkən həmişə
vurğulayır ki, Azərbaycanda məktəblərdə rus dilinin tədrisi tam
həcmdə saxlanıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı
Slavyan Universiteti və Lomonosov adına Moskva Dövlət
Universitetinin filialı işləyir.
Heydər Əliyev Fondu öz məlahətli prezidentinin həssas rəhbərliyi
ilə sosial layihələrə maddi dəstək baxımından bizim paytaxta da,
məsələn, anadangəlmə və ya qazanılmış ağır xəstəlikləri olan
uşaqların kompleks reabilitasiya müalicəsi keçdiyi Moskva Uşaqlara
Tibbi Yardım Elmi-Praktiki Mərkəzinə, paytaxtdakı bir sıra uşaq
evlərinə də kömək edir. 43 nömrəli Moskva ixtisaslaşdırılmış uşaq
evinin rəhbəri Qalina Birk bütün kollektiv adından və orada tərbiyə
alan uşaqlar adından Heydər Əliyev Fonduna təşəkkürünü bildirir və
Fondun rəhbərinə bundan sonra da xeyirxah işlər görməyi arzu
edir.
Biz Mehriban xanımı yubiley münasibətilə ürəkdən təbrik edir və
onun xeyirxah işlərində yeni uğurlar arzulayırıq!