"Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə,
yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən
inkişaf etmiş ölkəyə çevrilərdi"
"Xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı
isə Azərbaycansız təsəvvür etmək mümkün deyil". APA-nın məlumatına
görə, bunu bu gün Xalça Muzeyinin yeni binasının açılış mərasimində
Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib
ki, ona görə layihələndirmə işlərinə böyük diqqət göstərilib və
nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim
edilib: "Bu layihə öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina
xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi
ilə bağlı məndə heç bir tərəddüd olmayıb. Çünki Xalça Muzeyi
Bakının ən gözəl yerində, bulvarda olmalı idi. Bu, nadir memarlıq
əsəridir".
Prezident qeyd edib ki, Bakıda qədim memarlıq abidələri və
müasir abidələr bir vəhdət, vahid ansambl təşkil edir və son
illərdə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bayraq meydanı kimi
müasir Azərbaycan simvolları yaradılıb: "Bu memarlıq əsərləri
müasir Azərbaycanın gücünü, inkişafını göstərir. Əlbəttə ki, bu
memarlıq əsərləri təkrarolunmaz əsərlərdir. Deyə bilərəm ki, Xalça
Muzeyinin binası da bu sıradadır. Bu da öz nadirliyi ilə seçilir və
ümid edirəm ki, gələcəkdə heç kim bu memarlıq nümunəsini təkrar
etmək istəməyəcək. Çünki Azərbaycanda yaradılan müasir memarlıq
əsərlərini bəzi hallarda başqa yerlərdə də görmək olur. Ancaq bu,
artıq Azərbaycan məhsuludur və çox şadam ki, bu gözəl, möhtəşəm
muzey bu gün açılır".
Dövlət başçısı Bakı sakinləri, qonaqlar üçün burada nümayiş
etdirilən ekspozisiyanın çox böyük maraq doğuracağına əmin olduğunu
bildirib: "Çünki muzeydə 15 minə yaxın eksponat var. Burada həm
ekspozisiya çox orijinal tərzdə nümayiş etdirilir, - mən burada
tikinti zamanı dəfələrlə olmuşam, - eyni zamanda, saxlanma yerləri
də müasir standartlara cavab verir. Burada əlbəttə ki, xüsusi
temperatur rejimi də var. Yəni, bütün işlər ən müasir səviyyədə
qurulub və burada həm daxili tərtibat, bizim milli sərvətimiz olan
xalça nümunələri, eyni zamanda, nadir memarlıq birləşir və bu, məni
çox sevindirir. Çünki bu, bizim xalqımızın nə qədər istedadlı xalq
olduğunu bir daha göstərir. Çünki xalça bizim milli sənətimizdir.
Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça
muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir,
sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan
sonra bizim təşəbbüsümüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun
qeyri-maddi irsi üzrə reprezentativ siyahısına daxil edilib".
Azərbaycanda xalçanın, xalçaçılıq sənətinin qoruduğunu bildirən
prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalçasının
qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul
edilib: "Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki,
gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq
etməliyik".
"Hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeyləri
fəaliyyət göstərir. Bakıda artıq bu gündən fəaliyyət göstərəcək.
Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə
Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri
fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf
etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim
görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə
ötürməlidirlər. Eyni zamanda, bu gündən burada nümayiş etdirilən
bizim gözəl xalçalarımız əminəm ki, gəncləri də bu sənətə gətirəcək
və beləliklə, Azərbaycan xalçaçılıq sənəti bundan sonra da inkişaf
etdiriləcək", deyə dövlət başçısı qeyd edib.
Azərbaycanın mədəni irsinin, tarixinin, mədəniyyətinin çox
zəngin olduğunu deyən ölkə başçısı son illər ərzində dünyanın
müxtəlif yerlərində Azərbaycanla bağlı təqdimatların, sərgilərin,
konsertlərin keçirildiyini qeyd edib: "Əlbəttə ki, xalça o
təqdimatların mərkəzində yerləşir. Çünki bu, doğrudan da dünya
miqyasında böyük bir dəyərdir. Mən hesab edirəm ki, Azərbaycan
xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki,
bizim xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş
etdirilir".
Prezident İlham Əliyev çoxsaylı xarici səfərlər zamanı müxtəlif
yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan
xalçasını gördüyünü qeyd edib: "Qeyd etmişəm, öz həmkarlarıma
bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu
bilirlər. Yəni, bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan
xalçası kimi tanınır".
Dövlət başçısı qeyd edib ki, uzun illər, əsrlər boyu Azərbaycan
xalçaları dünyada nümayiş etdirilib, lakin Azərbaycan müstəqil ölkə
olmadığı üçün bu xalçalar Azərbaycan xalçaları kimi təqdim
edilmirdi: "Ona görə biz - həm dövlət, hökumət, müvafiq qurumlar,
həm də ictimai təşkilatlar çox böyük iş apardıq ki, xalçamızı,
Azərbaycan xalqına məxsus olan bu böyük sənəti məhz Azərbaycan
xalçası kimi təqdim edək. Hesab edirəm ki, bu muzeyin fəaliyyətə
başlaması bu işdə əlavə imkanlar yaradacaq. Çünki əminəm ki, Bakıya
gələn qonaqların əksəriyyəti buraya gələcəklər. Eyni zamanda, hesab
edirəm ki, biz bu muzeyin ekspozisiyasını və ümumiyyətlə, muzeylə
bağlı məlumatları xarici ölkələrə də çatdırmalıyıq. Biz Azərbaycan
xalçasının sərgilərini mütəmadi qaydada dünyanın aparıcı
ölkələrində nümayiş etdirməliyik. Bunu biz indi edirik. Bu,
sistemli xarakter almalıdır. Bir sözlə, haqlı olaraq fəxr edirik
ki, bizim nadir sənətimiz - xalçaçılıq sənəti bu gün var, yaşayır,
yaşayacaq. Hesab edirəm ki, Azərbaycan xalqının istedadını dünyaya
təqdim etmək üçün xalça xüsusi yerə malikdir".
Prezident İlham Əliyev, bütövlükdə, Azərbaycanın tarixi
abidələrinin, tarixi irsimizin qorunması ilə bağlı müntəzəm olaraq
işlərin aparıldığını qeyd edib: "Bu işlər öz nəticəsini
verməkdədir. Milli dəyərlər - bizim mədəniyyətimiz, incəsənətimiz
müstəqilliyimizin əsasıdır. Humanitar sahəyə Azərbaycanda çox böyük
diqqət göstərilir. Təsadüfi deyil ki, Beynəlxalq Humanitar
forumların Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilib.
Dünyanın ən məşhur adamları, Nobel mükafatı laureatları, alimlər,
ictimai xadimlər bu forumlarda mütəmadi qaydada iştirak edirlər.
Azərbaycanda dinlərarası dialoq forumları keçirilir. Bakıda ən
məşhur sərgilər keçirilir. Bu gün Heydər Əliyev Mərkəzi dünya
miqyasında bir sərgilər mərkəzinə çevrilib. Musiqi festivalları,
müsabiqələr, beynəlxalq muğam müsabiqələri - bütün bunlar
Azərbaycanın mədəni həyatını zənginləşdirir və Azərbaycan xalqı
tərəfindən yüksək qiymətləndirilir".
"Bu gün biz Azərbaycanı həm inkişafda olan, eyni zamanda, böyük
dəyərlərə malik olan və bu dəyərləri qoruya bilən ölkə kimi təqdim
edirik. Azərbaycana gələn xarici qonaqlar əlbəttə ki, Bakının
gözəlliyini qeyd edirlər. Ölkəmizin inkişafını görürlər, eyni
zamanda, bizim dəyərlərimizlə tanış olurlar. Memarlıq dəyərlərimiz,
musiqi sənətimiz, rəssamlıq məktəbimiz və əlbəttə ki, xalçaçılıq
sənəti bizim qürur mənbəyimizdir", deyə dövlət başçısı qeyd
edib.
Dövlət başçısı qeyd edib ki, praktiki həyatda belə gözəl əsərlər
yaratmaqla ölkə zənginləşir: "Bütün dünyaya nümayiş etdiririk ki,
Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün
üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik
bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var
gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Biz məhz
müstəqillik dövründə belə gözəl əsərləri yarada bilmişik. Qısa
müddətdə - cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük
və şərəfli yol keçib. Əgər biz müstəqilliyi 1991-ci ildə yox,
1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan
dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla
gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə
üzrə konkret proqramlar var. Siyasi, iqtisadi islahatlar aparılır.
Regional inkişaf proqramları icra edilir. Əlbəttə ki, mədəni
həyatımızla, tarixi irsimizlə, mədəniyyətimizlə bağlı bütün işlər
ardıcıl şəkildə aparılır. Bugünkü tədbir bunun bariz nümunəsidir",
deyə prezident İlham Əliyev qeyd edib.