Səudiyyə Ərəbistanı Məhəmməd Peyğəmbərin məzarı olan
məscidi sökməzdən əvvəl cəsədin qalıqlarını qəbiristanlıqdakı adsız
məzarda dəfn etməyi planlaşdırır.
Aparıcı Səudiyyə üləmasının hökumətə təqdim etdiyi layihədə
Məhəmməd Peyğəmbərin sümüklərinin Mədinədəki əl-Nəbavi məsçidindən
çıxarılaraq yaxınlıqdakı əl-Baqi qəbiristanlığında adsız məzara
köçürülməsi təklif olunur.
Milyonlarla insanın ziyarət etdiyi bu məscid Kəbədən sonra
İslamın ən müqəddəs yeri sayılır.
Bu barədə xəbərlərin mediaya sızmasına səbəb isə başqa bir
Səudiyyə üləmasının bu təklifə qarşı çıxması olub.
İxtilaf doğuracaq təklif
Hökumət krala təqdim olunmuş 61 səhifəlik təklifə hələlik
münasibət bildirməyib.
Bir çox İslam alimləri həm sünnilər, həm də şiələr üçün müqəddəs
olan bu məqbərənin dağıdılmasının ixtilaf yaradacağını
söyləyiblər.
İslamın vəhhabi təriqətinə sadiq olan Səudiyyə ruhani liderləri
bütpərəstliyə bənzər sitayiş obyekti olan nə varsa, hamısının ləğv
edilməsinə çalışırlar.
Əl-Nəbavi – Peyğəmbərin evi və məzarı
Londonda mənzillənmiş İslami İrs Araşdırma Fondunun direktoru
doktor İrfan Ələvi "The İndependent" qəzetinə bildirib ki,
sökülməsi təklif edilən məsçid Peyğəmbərin və ailəsinin yaşadığı ev
olub və hazırda dünya müsəlmanları tərəfindən müqəddəs ocaq kimi
ziyarət edilir.
Əl-Nəbavi məscidi üzərindəki məqbərə tarix boyunca müxtəlif
hökmdarlar tərəfindən abadlaşdırılıb və genişləndirilib.
Məsçidin abadlığına, xüsusən də Osmanlı imperatorları böyük
töhfə veriblər.
Bu məsçidin divarlarında naxışlı hüsn-xətlə Məhəmməd Peyğəmbərin
və ailəsinin həyatından epizodları əks etdirən yazılar var.
Müqəddəs məscidlərin yerində lüks otellər
Doktor Ələvi bildirir ki, təkliflərdə bütün bunların, habelə
Peyğəmbərin qəbri üstündəki yaşıl gümbəzin də dağıdılması nəzərədə
tutulub.
Britaniya qəzetləri arasında Yaxın Şərq və İslam məsələlərinə
daha geniş diqqət verən "The İndependent" yazır ki, Məkkə şəhərinin
özündə də son illər dəbdəbəli otellərin və istirahət qurğularının
tikintisi üçün minillik tarixə malik müsəlman abidələri
dağıdılıb.
Qəzet Məkkənin tarixi binalarının 95 faizinin artıq söküldüyünü
xəbər verib.
Bura Fatimənin də evi olub
Doktor Ələvi bildirib ki, Mədinədəki əl-Nəbavi məscidinin
sökülməsi barədə təklifi ölkənin aparıcı üləması Əli bin Əbdüləziz
əl-Şabal verib.
Özü şiə olan İrfan Ələvi "The İndependent" qəzetinə deyib ki, bu
məscid şiələr üçün olduqca müqəddəs yer sayılır, çünki Məhəmməd
Peyğəmbərin kiçik qızı, imam Hüseynin anası Fatimə də burada
yaşayıb.
Məhəmməd Peyğəmbərin qalıqlarının köçürüləcəyi Cənnət əl-Baqi
qəbiristanlığında Peyğəmbərin atası da daxil olmaqla bir çox
qohumları dəfn edilib.
Yeri gəlmişkən, Peyğəmbərin atasının qəbri buradan 1970-ci
illərdə çıxarılıb. 1924-cü ildə məzarlıqdakı bütün nişanələr
dağıdılıb ki, bütpərəstlik adətlərinə rəvac verməsin.
Publika.az