"Hər bir Azərbaycan
vətəndaşı dövlətin təhlükəsizliyi ilə bağlı olan məsələlərdən
yazanda ehtiyatlı olmaq gərəkdiyini anlamalıdır".
Bu
sözləri Axar.az-a tanınmış media eksperti Qulu Məhərrəmli Prezident
İlham Əliyevin imzaladığı dövlət sirri təşkil edən məlumatların
KİV-də, sosial şəbəkələrdə yayılmasını qadağan edən sərəncamı şərh
edərkən söyləyib.
O, cəmiyyətdə maarifləndirmə işinin aparılmasının zəruriliyini
qeyd edib:
"KİV haqqında" qanun, "Teleradio Yayımı haqqında" qanun,
"İnformasiya əldə etmək haqqında" qanunda xüsusi olaraq müəyyən
qisim informasiyaların sirr kimi saxlanıldığı göstərilir. Məsələn,
"İnformasiya əldə etmək haqqında" qanunda dövlət sirri ilə bağlı
məsələlərin geniş siyahısı verilib və onlar dəqiq göstərilib. İstər
müəyyən başqa bir ərazilə, istərsə də Azərbaycanla bağlı hərbi
sirləri ilk növbədə bu sirri saxlamağa cavabdeh olan insan
məsuliyyət daşıyır ki, onlar kənara çıxmasın. Hazırda problem
sosial şəbəkələrdədir. Hər bir Azərbaycan vətəndaşı dövlətin
təhlükəsizliyi ilə bağlı olan məsələlərdən yazanda ehtiyatlı olmaq
gərəkdiyini anlamalıdır. Ona görə də cəmiyyət maariflənməlidir.
Bizim cəmiyyətdə isə maarifləndirmə işi aparılmır. Cəmiyyətimizdəki
insanlar bütün məlumata şou kimi baxır. Bu bizim son 15-20 ildə
yetişdiyimiz cəmiyyətdir və onlar da sosial şəbəkədə belə ifadə
olunurlar. Bu cür məhdudiyyətlər dünyanın hər yerində var. Məsələn,
Amerika İraqda müharibə aparanda mətbuata xüsusi senzura
qoyulmuşdu. Yalnız CNN telekanalı xüsusi təlimatlandırma ilə
məlumatlar yayırdı. Bütün qadağalar başqa ifadə formaları axtarır.
Yəni tamamilə başqa gözlənilməyən reaksiyalar doğura bilər. Buna
görə konkret olaraq təbliğat işi aparmalıyıq. Bəzən hər hansı
mənasız detal qarşı tərəfə müəyyən informasiya verə bilər. Ona görə
ayıq olmaq lazımdır. Yəni ölkənin müdafiəsini zəiflədəcək hər hansı
bir məlumatı yaymaqdan çəkinmək gərəkdir".
Demokratik
Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə qeyd edir ki, bu
sərəncamı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin
rəhbərlik etdiyi müşavirənin davamı kimi qiymətləndirmək
lazımdır:
"Müşavirədə aydın şəkildə bildirildi ki, bu sahədə baş verən
xaotik vəziyyət davam edə bilməz. Və mən hesab edirəm ki, vaxtında
keçirilən müşavirə idi. O vaxtdan media bu mövzuya daha həssas və
peşəkar yanaşmağa başlayıb. Prezidentin sərəncamı bir daha
vəziyyətin dövlət və millətimiz üçün nə qədər əhəmiyyət kəsb
etdiyini qətiyyətlə ortaya qoydu".
Y.Məmmədlinin fikrincə, bu vəziyyətdən media və cəmiyyətimiz
zərbə almayacaq:
"Əksinə, dövlət əhəmiyyətli bu məsələdə cəmiyyət yanlış
məlumatlar deyil, daha əsaslı, ciddi mənbələrə söykənən xəbərlər
əldə edəcəkdir".