Milli
Təhlükəsizlik Nazirliyinin "İŞİD əməliyyatı"nın pərdəarxası
məqamları məlum olub.
Axar.az-a özəl qaynaqlardan verilən xəbərdə iddia olunur ki,
silahlı ekstremist qruplaşmalarda iştirak etmiş 26 azərbaycanlının
həbsinə hazırlıq aylar əvvəl planlaşdırlıb.
MTN-nin əməliyyat qrupu Suriyada başlanan savaşın ardınca
döyüşlərə qatılan azərbaycanlı xəvariclərin günbəgün artmasını
müşahidə edərək hərəkətə keçib. Mənbənin qeydlərinə görə,
İçərişəhərdəki "Aşurbəy" məscidində toplaşan vəhhabilərin
saxlanması ilə əməliyyatın təməli qoyulub. Paralel olaraq
Müşfiqabad qəsəbəsində yerləşən məsciddə də lokal əməliyyat
keçirilməsinin ardınca MTN böyük bir şəbəkənin izinə düşüb.
Belə ki, hər iki məsciddə saxlanan vəhhabilərin ifadəsi və
məlumatları əsasında əməliyyat tədbirləri genişləndirilib. Ardınca
Zaqatala-Balakən, Quba-Qusar, həmçinin Axar.az-ın ilk olaraq
təfərrüatını aydınlaşdırdığı İsmayıllıdan iki vəhhabi ailənin
Suriyaya getməsi hüquq-mühafizə orqanlarını hərəkətləndirib.
Qaynağımız qeyd edir ki, xüsusilə adıçəkilən ibadət evlərində
keçirilən əməliyyat 26 İŞİD tərəfdarının ifşa olunması ilə
nəticələnib. Onların həbsi isə daha irimiqyaslı əməliyyatların
olacağına əsas verir. Mənbə bildirir ki, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının az əvvəl müsahibəsində
Azərbaycanda İŞİD tərəfdarları olduğunu təsdiqləməsi də əməliyyat
üçün ciddi istinad nöqtəsi yaradıb.
Xüsusi-xidmət orqanları vəhhabiərin toplaşdığı məkanları ciddi
şəkildə nəzarətə götürüblər. Özəlliklə də Qaraçuxur qəsəbəsində
yerləşən vəhhabi məscidi kontrol altındadır.
Qeyd edək ki, siyasi ekspertlər də MTN-nin keçirdiyi
əməliyyatları təqdir edir. Hətta keçmiş xəfiyyə İlham İsmayıl
bildirmişdi ki, radikal dini təriqətlər artıq Azərbaycanı təhdid
etməyə başlayıblar. İ.İsmayıl MTN-nin bu cür əməliyyatları davam
etdirməsini vacib saymışdı.
Xatırladaq ki, rəsmi məlumata görə, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya
qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı
maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz
etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik
yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və
başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər
Azərbaycan Respublikasının vətəndaşı - Yusifov Firdovsi Soltan
oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu,
Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə
İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev
Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif
oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu,
Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov
Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq
oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu,
Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev
Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif
İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət
oğlu şübhəli şəxs qismində saxlanılıblar.