Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 3 fərman
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008,
№ 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656) ilə
təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib
edilməsi və aparılması Qaydaları"na aşağıdakı məzmunda 3.5-ci bənd
əlavə edilsin.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsi reyestrlərin elektron məlumatlarından
real vaxt rejimində istifadə edir".
***
Digər fərman "Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də
dəyişiklik edilməsi barədədir.
Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011,
№ 11, maddə 995; 2013, № 9, maddə 1048; Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 280 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsi sistemin elektron məlumatlarından real
vaxt rejimində istifadə edir".
***
Həmçinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" da fərman imzalanıb.
Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasının Əmək
Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 107)
aşağıdakı dəyişikliklər edilsin.
3.1.4-cü yarımbənddə "Vergilər Nazirliyi" sözlərindən sonra "və
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri əlavə
edilsin;
5-ci hissədə "Vergilər Nazirliyi" sözlərindən sonra "və
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi", "Nazirliyinin"
sözündən sonra "və Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin" sözləri əlavə edilsin;
6-cı hissədə "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,"
sözlərindən sonra "Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,"
sözləri əlavə edilsin;
Aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
Bu Fərmanın 4-7-ci hissələrində verilmiş tapşırıqların icrası
ilə bağlı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya
sisteminin fəaliyyətinin təşkilinə dair dövri qiymətləndirmə
aparsın və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə
hesabat versin;
Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin
fəaliyyətinin təşkilinə dair qiymətləndirmələrin nəticələri barədə
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
məlumat versin".
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi bir ay müddətində bu Fərmanın 1-ci hissəsi ilə edilmiş
dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının
5-ci hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci
maddəsinin 7-ci hissəsində verilmiş tapşırıqların icrasını təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını bir ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".