"İl ərzində sayca 3-cü olan
Paris görüşü və Fransa tərəfinin bu cəhdi iyulun sonu, avqustun
əvvəllərində iki ölkənin sərhədində və təmas xəttində vəziyyətin
kritik həddə gəlib çatmasından qaynaqlanan bir görüş
idi".
Bunu Axar.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,
politoloq, siyasi şərhçi Elman Nəsirov Paris görüşündən sonra
Ermənistanın konfidensiallıq məsələsinə aydınlıq gətirərkən
deyib..
Onun sözlərinə görə, bu görüş avqust ayının 10-da Vladimir
Putinin, sentyabrda isə ABŞ Dövlət katibi Con Kerrinin təşkil
etdiyi görüşlərdən kəmiyyət xarakteristikası baxımından
seçildi:
"Çünki prezidentlərin həmsədrlərlə, Ollandın hər iki ölkənin
başçısı ilə ayrılıqda, prezidentlərin özlərinin təkbətək və ən
sonda üçtərəfli görüş bunu deməyə əsas verir. Yəni Paris görüşü
kəmiyyət etibarilə daha intensiv bir görüş idi. Əsas ortaq məxrəc
tərəflərin Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin himayəsi altında
girovlarla bağlı informasiya mübadiləsi, danışıqların bundan sonra
da davam etdirilməsi oldu. 2015-ci il sentyabrında BMT Baş
Assambleyasının Nyu Yorkda prezidentlərin növbəti görüşü barədə
razılıq əldə olundu. Fransa prezidentinin status-kvonun ləğvi ilə
bağlı çağırışı var idi. Ancaq əsas bəyanat qəbul olunmadı.
Gözlənilən o idi ki, Fransa prezidenti tərəfindən münaqişənin həlli
ilə bağlı yeni bir yol xəritəsi tətbiq edilsin, bu, baş
vermədi".
Politoloq bildirib ki, maraqlı məqamlardan biri isə nə
Azərbaycan, nə Ermənistan tərəfinin, nə də həmsədrlər və Fransa
prezidentinin görüşlə bağlı heç bir bəyanatla çıxış etməməsi və
konfidensiallığın qorunub saxlanılmasıdır:
"Bu məqam isə iki nəticə çıxarmağa əsas verir. Birincisi,
müəyyən məsələlərdə ortaq məxrəcə gəlmək tendensiyası var və ola
bilsin ki, bunun açıqlanması kövrək razılaşmanı poza bilər.
İkincisi, danışıqların nəticələri ona görə açıqlanmayıb ki, ortada
heç bir şey yoxdur. Bu da öz növbəsində passiv davranışı
şərtləndirir. Adətən biz Ermənistan mətbuatında bu cür danışıqların
ardınca detalların açıqlanaraq konfidensiallığın pozulduğu və hərbi
ritorikaya söykənən məqamların şahidi olmuşuq. Ancaq bu dəfə
Ermənistan tərəfi sakit davranış tərzinə üstünlük verib".
Elman Nəsirovun fikrincə, bu görüşdə ən əsas razılaşma 2015-ci
ilin sentyabrında BMT Baş Assambleyasının Nyu Yorkda prezidentlərin
növbəti görüşü barədə razılığın əldə olunmasıdır. Buna qədər
prezidentlər səviyyəsində görüşlər keçiriləcək. Tərəf qismində
Rusiya çıxış edəcək. Moskvada və Rusiyanın başqa şəhərlərində
növbəti görüşlər gözlənilir. Azərbaycanın mövqeyi ondan ibarətdir
ki, irəliyə doğru atılan hər bir addım Böyük Sülh sazişində öz
əksini tapsın. Ermənistan isə sazişdən əvvəl münaqişənin həlli ilə
bağlı xalqların müqəddəratı prinsipini nəzərdə tutur. Bu isə ərazi
bütövlüyü prinsipinə kölgə salır. Buna görə də ciddi fikir
ayrılıqları mövcuddur".