Axar.az-ın "Cəbhə xətti" layihəsinin müəllifi, tanınmış
yazar Pərviz Cəbrayılın qardaşı Nihad Cəbrayıl Bakı 1 saylı Kliniki
Tibbi Mərkəzindən evə buraxılıb.
Ambulator müayinəyə buraxılan həmkarımızla əlaqə saxladıq.
Səhhəti barədə məlumat verən N.Cəbrayıl iki həftəlik müalicə
nəticəsində nisbətən yaxşılaşdığını dedi: "İlk diaqnozda burun və
8-ci qabırğa sınığı aşkar edilmişdi. Burun sınığından əməliyyat
edildim. Lakin təkrar müayinədən sonra məlum oldu ki, daha 5
qabırğa sümüyündə çat var və beyin silkələnməsi baş verib. Hazırda
səhhətim normallaşmağa doğru gedir. Ev şəraitində müalicə alıram.
Əsas qabırğanın bitişməyidir. Bunu gözləyirəm".
Keçən 12 gün ərzində 11 kilo arıqlayan yazar qəzaya düşən digər
yaralı Qarabağ əlili Solmaz Əliyevanın 1 həftə sonra evə
buraxılacağını bildirdi: "Solmaz xanım 1 həftədən sonra evə
buraxılacaq. Xəstəxanadan çıxarkən onu yoluxa bildim. Onun da
səhhəti normallaşmağa doğru gedir. Qəzada vəfat edən Sevil
Abbasovanın ailə üzvlərinə başsağlığı vermək istəyirəm. Ağır
itkidir. Sevil xanım mərd, torpaqlarımız uğrunda qəhrəmancasına
döyüşmüş, millətini, torpağını sevən bir xanım idi. Allah ona
rəhmət etsin".
Müalicə aldığı dövrdə "Teleqraf" Holdinqin rəhbərliyi və
əməkdaşlarından böyük diqqət və qayğı gördüyünü deyən jurnalist,
onu xəstəxanada tək buraxmayan bütün dostlara və 1 saylı Kliniki
Tibbi Mərkəzinin həkim heyətinə də təşəkkür etməyi unutmadı: "İlk
növbədə Aynur Camalqızı başda olmaqla "Teleqraf" Holdinqin
rəhbərliyinə, Anar Niftəliyevə, Axar.az saytının əməkdaşlarına,
məni yaddan çıxarmayan hər kəsə dərin təşəkkürümü bildirirəm. Məni
tək qoymadılar və böyük mənəvi dəstək verdilər. Eyni zamanda 1
saylı Kliniki Tibbi Mərkəzinin həkim heyətinə - Fuad Nəbiyevə,
Tural Mirzəyevə və tibb bacısı Gülnarə Əliyevaya minnətdaram. Mənim
sağalmağımda onların böyük rolu var".
Xatırldaq ki, oktyabrın 17-də Axar.az-ın "Cəbhə xətti"
layihəsinin müəllifi N.Cəbrayıl Qarabağ savaşının iştirakçısı olan
növbəti qazilərlə müsahibədən qayıdarkən Zərifə Əliyeva adına Milli
Oftalmalogiya Mərkəzinin qarşısında ağır avtomobil qəzası
keçirib.
Hadisə nəticəsində Qarabağ müharibəsi iştirakçısı 1975-ci il
təvəllüdlü Sevil Abbasova dünyasını dəyişib.
Yaralılar isə jurnalist Nihad Cəbrayılla bərabər, 1968-ci il
təvəllüdlü Əliyeva Solmaz Valeh qızı ("Lifan"ın sərnişini) və
"Cip"in sürücüsü, 1981-ci il təvəllüdlü Kərimov Rəşad Ağateyyub
oğlu Bakı 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilmişdi.