"Akif Sayadovun beynəlxalq
terrorizm və başqa şeylərlə əlaqəsinə inanmırıq".
Bu sözləri Axar.az-a Rusiyanın Komi Respublikasında həbs olunmuş
azərbaycanlı deputat Akif Sayadovun baş direktoru olduğu
"Uxtaneftqazgeologiya"nın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda şirkətin Akif Sayadovun təqsirsiz olduğuna inam ifadə
edilib:
"Biz hələ də Akif Sayadovun niyə həbs olunduğunu bilmirik.
Deyilənə görə o, beynəlxalq terrorizmə dəstək verirmiş. Amma bizim
kompaniyada buna heç kim inanmır. Çünki Akif Sayadov çətin ki, elə
adam olar. Biz ümid edirik ki, istintaq doğru qərar çıxaracaq və
Akif Sayadov yaxın zamanlarda azadlığa buraxılacaq. Hələlik
şirkətimizin onunla heç bir görüşü olmayıb. Biz lazım gəlsə, onun
müdafiəsini təşkil edəcəyik. Üstəlik, Akif Sayadov hələ də
"Uxtaneftqazgeologiya"nın baş direktorudur. Onu əvəzləmək
niyyətimiz isə yoxdur. Onun vəzifəsini müvəqqəti olaraq müavini
Roman İqor Yevgenieviç yerinə yetirəcək. Akif Sayadovun Putin
əleyhinə çıxışına gəlincə isə, bizdə belə bir məlumat yoxdur. O,
heç vaxt belə addım atmayıb. Yenə də təkrarlayırıq ki, Akif
Sayadovun beynəlxalq terrorizm və başqa şeylərlə əlaqəsinə
inanmırıq".
Qeyd edək ki, Akif Sayadov dünən həbs olunub. Onun həbs
olunmasına əsas səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq
terrorizmə dəstək verməsi göstərilib. Həmçinin Sayadovun işinin bir
müddət Moskvada həbs olunmuş 6 vəhhabi azərbaycanlının işi ilə
birgə araşdırıldığı deyilib.
Dünən saytımıza daxil olan məlumatda isə Akif Sayadovun Rəsul
Quliyevin yaxın qohumu olduğu söylənilib. Onun terrorizmlə
bağlılığına görə yox, məhz Putin əleyhinə çıxış etdiyi üçün həbs
edildiyi vurğulanıb. A.Sayadovun sırf biznes maraqları baxımından
Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer
alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət
çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi,
ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda
A.Sayadovun həbsinə yol açıb.
Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov "Uxtaneftqazgeologiya"
ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan
olub. 1990-cı ildə "Uxtaneftqazgeologiya" ASC-nin
istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə
dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət
Şurasının deputatı seçilib.