Milli Məclisin Təhlükəsizlik
və müdafiə komitəsinin üzvü, BAXCP sədri Qüdrət Həsənquliyevin
"Yeni Müsavat" qəzetinə verdiyi müsahibəni təqdim
edirik.
- Qüdrət bəy, düşmən vertolyotunun vurulmasından sonra
rəsmi Bakının növbəti addımlarının nə ola biləcəyi müzakirə
mövzusudur. İndiki situasiyada hansı yol Azərbaycan üçün ən optimal
sayıla bilər?
- Azərbaycan problemin sülh yolu ilə həllini istəyir. Mən
inanmıram ki, ağlı başında olan insan dağıntı, fəlakət, insan
həyatının itirilməsinə gətirən müharibə istəsin. Amma bəzən xalqlar
elə bir duruma salınır ki, artıq onun müharibə etməkdən başqa yolu
qalmır. Bir ölkənin əhalisini öz ev-eşiyindən didərgin salıblar və
acınacaqlı şəraitdə yaşamağa məhkum ediblər. Belə olan halda isə
münaqişənin sülh yolu ilə həlli üçün işğalçıya heç bir təzyiq
edilmir. Kadrlardan da gördük ki, bizim hərbçimiz əvvəl vertolyotu
vurmağa tərəddüd edir və ikincini də vura bilərdi, amma vurmur.
Yəni bir növ Ermənistana xəbərdarlıqdır ki, torpaqları azad elə!
Lakin düşmən o qədər həyasızdır ki, nəinki torpağı azad etmək
barədə düşünür, hətta bizi hədələyir ki, əgər belə şey təkrar
olunsa, çox sərt cavab veriləcək və bizi qisasla hədələyirlər.
Beynəlxalq birlik bu hadisədən sonra yenə də Ermənistandan tələb
etmədi ki, işğalçılıq siyasətinə qon qoyulmalı, Azərbaycanın ərazi
bütövlüyü təmin olunmalıdır. Yəni Minsk Qrupunun həmsədrləri də
nümayiş etdirir ki, bu münaqişənin ədalətli həllində maraqlı
deyil.
- Bəs Ermənistanın hədələri bəyan etdikləri kimi,
Azərbaycana sarsıdıcı zərbə vurulmasına gətirib çıxara
bilərmi?
- Mən düşünmürəm ki, onların bu imkanları var. Sözsüz ki, Rusiya
onların hərbi-siyasi müttəfiqi kimi düşmən ölkəyə yardım edərsə -
Rusiyanın hərbi potensialı Azərbaycanın hərbi potensialından
dəfələrlə böyükdür - o halda Ermənistan Azərbaycana ciddi zərbə
vura bilər. Amma indiki mərhələdə, Rusiyanın özünə qarşı
sanksiyaların tətbiq olunduğu dövrdə, Ukraynada faktiki surətdə
müharibə gedir və Rusiya burda tərəfdir, özünün iştirakından imtina
etsə də. Məncə, Rusiya hazırda istəməz ki, yeni bir münaqişə ocağı
yaransın. Rusiyada da fərqindədirlər ki, Azərbaycan son illər
ərzində böyük hərbi potensial yarada bilib. Yəni bütün nöqsanlarına
baxmayaraq, Ermənistandan çox güclü ordu qura bilib. Ona görə də
düşünmürəm ki, Rusiya Ermənistanı növbəti dəfə müharibəyə başlamağa
təhrik eləsin. Əksinə, fikrimcə, Azərbaycan Rusiya ilə danışıqları
intensivləşdirməyə çalışmalıdır. Rusiyanı hansısa formada bu
münaqişənin həllinə razı salmağa çalışmalıyıq. Əgər Rusiya ilə belə
bir anlaşma olarsa, biz qan tökmədən, yenidən müharibə etmədən öz
ərazimiz üzərində suveren hüquqlarımızı bərpa edə bilərik.
- Siz bundan əvvəl demişdiniz ki, Azərbaycan hətta
Gömrük İttifaqına da daxil ola bilər, bir şərtlə ki, Rusiya
torpaqlarımızı azad etsin. Necə bilirsiniz, özünün indiki halında
Rusiyanın belə bir istəyi varmı?
- Rusiyanın qorxduğu ondan ibarətdir ki, əgər birdən bunlar
Azərbaycanla yaxınlaşarlarsa, o halda Ermənistanı itirmiş olarlar
və bu zaman ABŞ Türkiyəyə təzyiq edəcək və Ermənistanla sərhədlərin
açılmasına nail olacaq. Beləliklə də Avropa Birliyi, ABŞ
Ermənistanı bir növ Rusiyadan ayıracaq. Onsuz da Ermənistanın
Rusiya ilə sərhədləri yoxdur və Moskvanın ora müdaxilə imkanları
çətin olacaq. Amma mən düşünürəm ki, bu, çox da ciddi arqument
deyil. Əlbəttə, ABŞ və Avropa Birliyi Türkiyəni məcbur edə bilər
ki, "sərhədləri aç!" Əgər belə bir sərt təzyiq olsa, Türkiyə
tərəddüd etmədən sərhədləri açacaq. Amma o halda Ermənistanın
cəsarət edib Rusiyadan uzaqlaşacağı, Avropa Birliyi və Amerikaya
meyllənəcəyi az inandırıcı görünür.
Çünki onların iqtisadiyyatının əsas sahələri faktiki surətdə
Rusiya tərəfindən özəlləşdirilib, alınıb. Üstəlik, Rusiyanın bu
ölkədə çox güclü hərbi bazası var, hansı ki, 49 illiyə qalmaq
hüququ qazanıb. Ermənistanın bu müqaviləni vaxtından əvvəl
birtərəfli qaydada ləğv edəcəyi inandırıcı görünmür. Rusiya
istəyərsə, biz bu problemi qısa müddətdə həll edə bilərik.
Ermənistan onsuz da Avrasiya İttifaqının üzvüdür. Azərbaycan da bu
qurumun üzvü ola bilər. Bu, Azərbaycan üçün çox uğurlu bir variant
olar, yetər ki, Rusiya öz tərəfindən Qarabağla bağlı addımlar
atsın. Amma sözün doğrusu, mənim şübhələrim var. Rusiyanın indiki
iqtidarının müdrikliyi çatarmı ki, bu addımı atsın?
""Yalnız girovlarımız qaytarılandan sonra düşmən
hərbçilərinin cəsədlərinin götürülməsinə imkan vermək
olar..."
- Amma maraqlısı budur ki, vertolyot olayına Moskvadan
kəskin reaksiya olmadı. Hətta ermənilər vertolyotun Rusiya
tərəfindən vurulduğu barədə absurd iddia da
səsləndirdilər...
- Mən düşünürəm ki, ümidlər var. Putinlə bizim prezidentin şəxsi
münasibətlərindəki yaxınlıq, o cümlədən Rusiya hökumətinə daxil
olan, üstəlik, Putinə təsir etmək imkanında olan bəzi nazirlərin
Azərbaycanla yaxın münasibətlərdə olması və Azərbaycanın artan
iqtisadi gücü və regiondakı rolu bunu gerçəkləşdirə bilər. Hazırda
Rusiya Azərbaycan üzərindən İranla dəmir yolunun çəkilməsində çox
maraqlıdır Asiyadan yüklərin Rusiyadan keçməklə Avropaya
daşınmasına nail olmaq üçün. Bunu da Azərbaycansız etmək mümkün
deyil. Bu baxımdan Azərbaycan Rusiya ilə danışıb anlaşa bilər və
biz Rusiyanın müəyyən maraqlarını nəzərə ala bilərik.
Xatırlayırsınızsa, Azərbaycan MDB-yə daxil olanda içi mən qarışıq,
bir çoxlarımız bunu dövlət suverenliyinin ciddi şəkildə
məhdudlaşdırılması, bəzilərimiz hətta itirilməsi kimi təqdim
edirdik. Hətta 1994-99-cu illərdə Azərbaycan Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü oldu, sonra müqavilə
müddətini uzatmadı. Biz 5 il ərzində təşkilat üzvü olsaq da, bu,
münaqişənin həllinə müsbət təsir göstərmədi. Ona görə də indi
bəziləri köhnə təcrübədən çıxış edib deyirlər ki, biz Avrasiya
İttifaqına üzv olandan sonra problemin həllində yardımçı olmasını
istəyəcəyik. Yox, əgər Rusiya ciddi addımlar atmayacaqsa...
Bu, qarşılıqlı müqavilələrlə tənzimlənməlidir. Yəni Rusiya bəyan
etməlidir ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib
hissəsidir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
Belə olduğu halda Azərbaycan Avrasiya İttifaqının üzvü ola bilər.
Bu, Rusiya üçün də, Azərbaycan üçün də faydalı olar. Amma Rusiya
bundan artığını istəyəcəksə, tamamilə Azərbaycanın öz suveren
hüquqlarından imtinasını istəyəcəksə, buna getmək olmaz. Məsələn,
mən mümkün sayıram ki, Qəbələ RLS kimi hətta Rusiyanın burda hərbi
bazası da olsun, əgər bu, Moskva üçün önəmli psixoloji məsələdirsə.
Yox, sabah Rusiya deyəcəksə ki, sərhədinizi mən qoruyacağam, artıq
burda dövlətin suverenliyindən söhbət gedə bilməz.
- Sizcə, Rusiya nə istəyə bilər?
- Biz dəqiq deyə bilmərik. Bilmirik ki, bağlı qapılar arxasında
nələr müzakirə olunur, Azərbaycanın cavabları nədən ibarətdir. Ona
görə mən mütəmadi şəkildə mətbuatda çıxış edirəm ki, Azərbaycan
iqtidarı xalqı, siyasətçiləri, ekspertləri məlumatlandırmalıdır,
deməlidir ki, Rusiyanın bizdən istədiyi nədir. Yaxud biz hara qədər
güzəştə gedə bilərik.
- Xüsusilə də düşmən vertolyotunun vurulmasından sonra
əsəblərin gərildiyi, təxribat gözləntilərinin olduğu bu
situasiyanın müzakirəsi üçün təhlükəsizlik və müdafiə komitəsinin
iştirakı ilə hökumət səviyyəsində qapalı da olsa, Qarabağ
müzakirələrinin aparılmasını zəruri sayırsınızmı?
- Əlbəttə zəruri sayıram. Bizim Müdafiə Nazirliyinin son
bəyanatı oldu ki, "əgər Ermənistan bizim neft kəmərlərinə hücum
edərsə, biz öldürücü zərbə vura bilərik". Bizim üçün neft kəmərləri
strateji cəhətdən nə qədər həyati əhəmiyyət kəsb edirsə,
Ermənistanda da Atom Elektrik Stansiyası o qədər əhəmiyyətlidir.
Ermənilər düşünməlidir ki, onların da ərazisində strateji obyektlər
var və onların dağıdılması Ermənistan üçün hansı nəticələr verə
bilər. Faktiki surətdə Ermənistanı həmin AES təmin edir, ermənilər
də bu barədə düşünməlidir. Bizim rəsmilər açıq demir, amma fərqi
nədir, mən söyləyirəm.
- Yəni düşmənin zərbəsinin qarşısında Azərbaycan
Ermənistan AES-i vura bilər?
- Əlbəttə. Necə ki, düşmən neft kəmərləri ilə bağlı hədələyir.
Mən də Ermənistan AES-ini xatırladıram. Əlbəttə, söhbət nüvə
reaktorunu bombalamaqda, radiasiyanın yayılmasına bais olmaqdan
getmir. Nüvə reaktorlarından kənardakı sistemləri, enerji təmin
edən qurğuları sıradan çıxarmaqla Ermənistanı bütünlüklə zülmətə
qərq etmək olar. Azərbaycanın bu imkanları var. Bizim çoxlu sayda
hərbi vertolyotlarımız və təyyarələrimiz var. Müasir qırıcıların
Ermənistana uçması, düşmən obyektlərini vurmaq üçün 10-15 dəqiqə
tələb olunur. Ermənistanın Hava Hücumundan Müdafiə sistemi Rusiya
tərəfindən qurulsa da, bütün təyyarələri, raketləri tutmaq
imkanında olması mümkün deyil.
- Ermənistanın işğal olunmuş ərazilərdə genişmiqyaslı
hərbi təlimləri oldu. Necə bilirsiniz, növbəti dəfə düşmən ölkə bu
təxribatını təkrar edərsə, Azərbaycanın mövqeyi necə olmalıdır? O
halda konkret hədəflərin bombalanması qərarını vermək
olarmı?
- Yuxarıdan dediyim kimi, düşmənin ikinci vertolyotunun
vurulmaması, sadəcə, Ermənistana bir siqnal idi. Azərbaycan tərəfi
bəyan etdi ki, növbəti təxribatlar olacaqsa, daha sərt cavab
veriləcək. Bundan sonra Ermənistan işğal olunmuş ərazilərimizdə
təlim keçsə, ya da onların vertolyot və qırıcıları Azərbaycan
üzərindən uçsa və Azərbaycan buna reaksiya verməsə, bu, bizim
orduya, dövlətə xalqın inamını xeyli sarsıdar, həm bundan sonra
Ermənistan və dünya birliyi bizi ciddi qəbul etməz. Ermənistan nə
qədər sərt bəyanat versə də, artıq düşmən ölkə reallığı hiss
etdi.
- Bəs Sərkisyanın Azərbaycana qanunsuz səfərlərinə
qadağa qoyulmasının vaxtı çatıbmı?
- Mən çox təəssüf edirəm ki, o vaxt Azərbaycana çox böyük
təzyiqlər oldu və Azərbaycan işğal olunmuş ərazilərin hüququ
statusu ilə bağlı qanunu qəbul etmədi. Hansı ki, eyni qanun
Gürcüstanda qəbul olunub. Bu qanun təcili qəbul olunmalıdır və
işğal altındakı torpaqlar üzərindəki hava məkanı uçuşlara qadağan
olunmalıdır. Qadağan olunmuş zonaya daxil olan bütün obyektlər
vurulmalıdır. Əgər bu, sərnişin təyyarəsidirsə, sözsüz ki, o zaman
bunun vurulması yox, yerə endirilməsi istiqamətində addımlar
atılmalıdır. Əgər Sərkisyan bir də hərbi vertolyotla, özü də hərbi
geyimdə Azərbaycana uçarsa, onun uçduğu vertolyot dərhal məhv
edilməlidir. Mülkü aviasiya ilə uçduğu halda bizim qırıcılar onun
yerə məcburi enişini təmin etməlidir. Sonuncu gəlişinə gəldikdə,
Ermənistanda açıq panika əhval-ruhiyyəsi yaranmışdı. O, həmin
psixoloji durumu dəyişmək üçün Qarabağa gəldi.
- Rəsmi Bakı vertolyotda məhv edilən ermənilərin
cəsədlərinin Xankəndində saxlanılan Kəlbəcər girovları ilə
dəyişdirilməsi tələbini qoymalıdırmı?
- Birmənalı şəkildə. O cəsədləri elə-belə vermək olmaz. Yalnız
və yalnız girovlarımız qaytarılandan sonra düşmən hərbçilərinin də
cəsədlərinin götürülməsinə imkan vermək olar. Mən başqa variantı
sadəcə təsəvvür etmirəm və düşünmürəm ki, ayrı qərar vermək
olar.