Azərbaycanda "Yehova şahidləri" icmasının üzvləri
fəallaşmaqdadır. Xristianlığın protestant qoluna aid olan və
özlərini məsihçilər sayan bu sekta üzvləri gizli şəkildə
təşkilatlanırlar.
Axar.az-a icmaya yaxın çevrədən daxil olan xəbərlərə görə, uzun
illərdir Azərbaycanda "Yehova şahidləri"nin təşkilatlanması üçün
təbliğat aparılır. Bu təbliğatın nəticəsi o yerə çatıb ki, hətta
ölkənin mühafizəkar, şiə təriqətli cənub bölgəsinə də ayaq
açıb.
Məlumatlarda yer alan mühüm detal ondan ibarətdir ki, Lənkəranda
"Yehova şahidləri"nin sayı gizli şəkildə çoxalır. Onların
əksəriyyəti vaxtilə şiə inanclı olublar. Mənbə qeyd edir ki,
Lənkəranda icma üzvləri evlərə gedərək təbliğat aparır, kitablar
paylayırlar.
Qaynağımızın sözlərinə görə, sektanın Azərbaycan icmasının
üzvləri ayda bir və ya iki ayda bir Gürcüstana dəvət olunurlar.
Gürcüstanda "Yehova şahidləri"nin Cənubi Qafqaz üzrə mərkəzi
qərargahı yerləşir.
Redaksiyamıza gələn məlumatda deyilir ki, bir müddət əvvəl
Lənkərandan Tiflisə gedənlər olub və onlar növbəti dəfə sektanın
yığıncağında iştirak ediblər. Onların yol xərclərini də sektanın
"gizli əlləri" ödəyib. Mənbə bildirir ki, bu icma üzvlərinin böyük
qismi həm dini, həm dünyəvi cəhətdən mütaliəsiz, ali savadı olmayan
şəxslərdir.
"Onların bəzilərinə hər ay pul verilir. Ancaq elələri var ki,
hipnoz olunub və inandırılıb. Belələri səmimi şəkildə inandığı üçün
təmənnasız olaraq sektaya xidmət edirlər. Onların tez-tez
Gürcüstana yığıncaqlara dəvət olunması üzvlərə verilən tapşırılar
və hesabatlarla bağlıdır.
Bu şəxslər fasiləsiz olaraq iradəsi zəif adamlara nüfuz edirlər,
onların yaxın dostuna çevrilirlər və tələsmədən təbliğata
başlayırlar. Yehova şahidlərinə böyük bir zaman verilib ki,
başqalarını da inandırsınlar," -mənbə qeyd edir.
Onun sözlərinə görə, təkcə Lənkəranda deyil, Gəncə, Bakı,
Sumqayıt və başqa şəhərlərdə də "Yehova şahidləri" var. Bəzi
iddialara görə, Tiflisdə sekta rəhbərliyində təmsil olunanlar
arasında erməni əsilli Gürcüstan vətəndaşları da var. Onlar
ölümsüzlüyə inanırlar, ruhun varlığını inkar edirlər, evlənməyə
qarşı çıxırlar. Rəsmi rəqəmlərə görə, dünyada onların sayı 8
milyonu keçib. Azərbaycanda isə 1500 nəfərə yaxın olduqları
deyilir.
"Yehovanın şahidləri" 1931-ci ilə, müasir adı qəbul olunana qədər
"Müqəddəs Kitab tədqiqatçıları" adlanırdı. Onlar bu adı Müqəddəs
Kitabdan, Yeşaya peyğəmbərin kitabından götürüblər. "Yehovanın
şahidləri"nin tarixi XIX əsrin 70-ci illərində Amerika Birləşmiş
Ştatlarında Çarlz Teyz Rassel tərəfindən əsası qoyulan "Müqəddəs
Kitab tədqiqatçıları" (Bible Students) hərəkatından başlayır.