Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin
yeni məqalə yazıb.
Axar.az AzərTAc-a istinadən məqaləni təqdim edir:
Biz hamımız son 25 ildə dünyanın geosiyasi xəritəsinin necə
dəyişməsinin şahidiyik. Şərqi Avropa ölkələrində "məxməri
inqilablar" "sosializm düşərgəsi"nin dağılmasının və dünya
arenasında qüvvələrin yenidən yerləşməsinin başlanğıc nöqtəsi oldu.
Dünyanın yalnız bir mərkəzdən idarə edilməsinin təməli qoyuldu.
SSRİ dağılandan sonra ikiqütblü dünya faktiki olaraq bir qütblü
dünya ilə əvəz edildi və belə dünyada mövcud olmağın bütün
xüsusiyyətlərini biz artıq öz gündəlik həyatımızda hiss etməyə
başlayırıq. İstər-istəməz bir faktı xatırlayıram. XX əsrin 80-ci
illərinin axırlarında Sov.İKP MK yanında İctimai Elmlər
Akademiyasında müxtəlif, o cümlədən xarici ölkələrdən olan
politoloqlarla söhbətlərdə dəfələrlə eşitmişdim ki, SSRİ-nin
dağılması praktiki olaraq həll edilib və bunun ardınca Yaxın Şərqin
"yenidən formatlanması" dövrü başlanacaq. İllər keçdi. "Ərəb
baharı" hadisələrini müşahidə edərkən bu qənaətə gəldim ki,
kütlələrin şüuruna "üsyan etmək hüququ vətəndaşların hakimiyyətin
qəsb edilməsinə müqavimət göstərməsi kimi təbii hüququdur"
tezisinin yeridilməsi ilə yanaşı, burada, əlbəttə, mükəmməl
hazırlanmış texnologiyalar işləyir. Həmin texnologiyaların
müəllifləri və bu cür aksiyaların hazırlanma mexanizmləri yaxşı
məlumdur. Bu halda, nə qədər qəribə də olsa, demokratik səsvermə və
seçki prosedurları nəticəsində hakimiyyətə gəlmiş hökumətlərə qarşı
müqavimət göstərilir.
Hələ SSRİ-nin mövcud olduğu dövrdə Baltikyanı ölkələrə gələn
məşhur Cin Şarp vaxtilə Cənub-Şərqi Asiya materialı üzərində
işlənib hazırlanan metodların müəllifi və onların sınaqdan
çıxarılmasının təşəbbüsçüsüdür. Bu gün onu Vladimir Leninin və
Mahatma Qandinin bir növ simbiozu adlandırır və faktiki olaraq
"ərəb baharı"nın ideya atası hesab edirlər. Doğrudan da, "müsəlman
qardaşlar" və onlara yaxın təşkilatlar Şarpın "Diktaturadan
demokratiyaya doğru" və "Qeyri-zorakı hərəkətlərin 198 metodu" kimi
əsərlərini ərəb dilinə tərcümə edib kütləvi tirajla nəşr etməkdən
əlavə onları öz saytlarında da yerləşdiriblər. Lakin Lenini
ruhlandıran ayrıca götürülmüş bir ölkədə kommunizm qurmaq ideyası
idisə, Qandi isə passiv müqavimət yolu ilə öz vətəninin
müstəqilliyinə nail olmaq istəyirdisə, Şarp ilə bağlı halda biz
yüksək ideyalar və ideologiyalar görmürük. Əsas məqsəd dağıtmaqdır.
Məhz dövlət maşınının sındırılması xarici qüvvələrin "idarə edilən
xaos" deyilən vəziyyət yaratmasına imkan verir. Siyasi ekspertlər
hesab edirlər ki, Şarp Qərbin müxtəlif ölkələrinin, xüsusi
xidmətlərinin, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin
göstərişlərini yerinə yetirir. Aşkar görünür ki, onlar həqiqətdən
çox uzaqlaşmayıblar. Bununla belə etiraf etmək lazımdır ki, o,
həqiqətən dövlət hakimiyyəti ilə mübarizə arsenalına yeni metodlar
və yanaşmalar daxil edib. Nümunə kimi məsələn, bunu xatırlatmaq
kifayətdir ki, Qahirədəki Beynəlxalq Qeyri-Zorakılıq Münaqişələr
Mərkəzi müxtəlif ölkələrdən olan müxalifətçiləri onun ideyaları ilə
tanış etmək üçün onları müvafiq treninqlərə cəlb edirdi. Bu gün
politoloqların çoxu qeyd edir ki, "rəngli inqilablar" istənilən
regionda təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilir və müstəsna
olaraq ABŞ-ı qane etməyən hökumətləri onun nəzarəti altında olan
rejimlərlə əvəz etmək məqsədi güdür. Bütün bunlar müxtəlif
ölkələrdə, o cümlədən keçmiş SSRİ məkanındakı respublikalarda
demokratikləşmə və üzdəniraq "demokratiya proqramları" həyata
keçirmək arzusu adı altında baş verir. ABŞ-ın Rusiyadakı sabiq
səfiri Maykl Makfl riyakarlıqla deyir ki, bu gün ABŞ Prezidenti
Barak Obamanın nümayəndələri "rəngli inqilablar"a sponsorluq
etmirlər. Bununla belə, o da etiraf edir ki, ABŞ əvvəllər bu işlə
məşğul olurdu. O, Yuqoslaviyadakı "buldozer inqilabı" və sonradan
Serbiyada baş verən hadisələrdən bəhs edərək açıq etiraf edir ki,
"vəziyyətin sabitliyini pozmaq üçün müxalifətə birbaşa pul
verilirdi və bu, öz işini gördü". Lakin Şarpın texnologiyaları
hakimiyyətin iflic olmasını təmin etmək lazım gələndə işə düşürsə,
guya Amerikanın siyasi mədəniyyət modelini populyarlaşdıran ictimai
təsisatlar şəbəkəsi yaratmaq praktikası bir qədər fərqlidir.
Aparılan təhlil göstərir ki, əslində xaricdəki müvafiq strukturlar
"Amerika demokratiyası"nın irəlilədilməsi üzrə potensial baxımdan
fəal agentə çevrilə biləcək hər kəsin qeyri-hökumət təşkilatları
çərçivəsində dəstəklənməsi, öyrədilməsi və təşkil edilməsi ilə
məşğul olurlar. Onlar yaxşı bilirlər ki, yalnız müvafiq sayda
QHT-lər olduqda, onlar müntəzəm maliyyələşdirildikdə və
təlimatlandırıldıqda bu QHT-lərə kafi sayda şəxs cəlb etmək olar.
Yalnız bundan sonra müvafiq instansiyalara raport vermək mümkün
olacaq ki, bu və ya digər ölkədə "rəngli inqilab" üçün artıq baza
yaradılıb. Bundan sonra artıq sınaqdan çıxarılmış sxemlər işə
düşəcək. Bu halda ədalət uğrunda mübarizənin qeyri-zorakı
metodlarının nə vaxt öz yerini zorakılığa güzəşt edəcəyi və
qarşısıalınmaz faciəli nəticələrə gətirib çıxaracağı həddi müəyyən
etmək çətindir.
Kütlələrin şüuruna əvvəlcədən "xalqın üsyan etmək hüququ" kimi
müəyyən fikirlər yeridilir. Belə bir tezis də yayılır ki, inqilab
guya rasional və kortəbii şəkildə baş verən hadisədir, yaranmış
ziddiyyətlər düyünündən çıxış yoludur. Lakin "rəngli inqilablar"
dövrünü yaşamış ölkələrin təcrübəsi göstərir ki, bu inqilablar
həyata keçiriləndən sonra problemlərin və ziddiyyətlərin həcmi
qat-qat artır. Biz xalqın hüququ barədə danışanda bu problemin
hüquqi aspektlərini təfsilatı ilə öyrənmiş mütəfəkkirlərə müraciət
etmək yerinə düşərdi. Bu aspektlər hüquq məsələlərində şəksiz nüfuz
sahibi olan İmmanuil Kantın əsərlərində yetərincə aydın şərh
edilib.
Hüquq prinsipləri və qiyam
İ.Kant 1793-cü ildə yazılmış "Zərb-məsəl haqqında" əsərində
üsyanı "cəmiyyət çərçivəsində ən mənfur və ən ciddi cəzalandırılan
cinayət" hesab edir, çünki o, cəmiyyətin əsaslarını dağıdır. O, öz
fikrini davam etdirərək yazır: "Xalq öz hüququna bu yolla nail
olmaqla ən böyük ədalətsizlik edir, çünki hüquq ən azı təsir
göstərmir"1. Bu halda filosof belə hesab edir ki, qiyamların
ədalətli olması barədə bütün mülahizələr ona əsaslanır ki, bu halda
təsəvvürəgəlməz nemətlər haqqında bütün vədlərə baxmayaraq, "hüquq
prinsipi" özü nəzərə alınmır. Məhz bu hüququn pozulması ona gətirib
çıxarır ki, hər bir qiyam anarxiya vəziyyəti ilə başa çatır.
Beləliklə, yüksək ideallar naminə edilən hərəkətlər xalqın bir
hissəsi tərəfindən onun digər hissəsinə münasibətdə törədilən ən
böyük ədalətsizliyə gətirib çıxarır. Mütəfəkkirin mülahizələrində
iki prinsip qarşı-qarşıya qoyulur: hüquq prinsipi və xoşbəxtlik
prinsipi. Paradoks ondan ibarədir ki, məhz bu prinsiplərin
saxtalaşdırılması xalqın dövlət hakimiyyətini devirmək hüququ
barədə məsələlərdə çaşqınlığa gətirib çıxarır, bu da öz növbəsində
xalqın hüququnu kobud şəkildə pozur.
Xalqın istənilən hakimiyyətə, o cümlədən istibdadçı
hakimiyyətə müqavimət göstərmək hüququ prinsipini Kantın nəyə görə
inkar etməsini təhlil etməyə çalışaq. Kantın arqumentlərini
nəzərdən keçirək:
- təbəələr xoşbəxtliyə təbii can atmaq naminə hökmdarı devirmək
istəyirlər, lakin "müqavimət hüququnun əsaslandırılması zamanı
xoşbəxtliyə istinad etmək prinsipcə yararsızdır, çünki o, təqdim
edilən və tələb olunan maddi məqsədlərə aiddir", onlar isə
subyektivdir və deməli, ümumilik çatışmır. Təbəənin vəzifəsi
istənilən hakimiyyətə qanuni hakimiyyət kimi tabe olmaqdır;
- dövlət qanunvericiliyində müqavimət göstərmək hüququnun
nəzərdə tutulması "dövlətin nüfuzunun ikiləşməsinə" və dövlət
hakimiyyətinin vəhdətinin pozulmasına gətirib çıxarardı, çünki o,
narazı təbəələrin hakimlərə çevrilməsinə imkan verərdi;
- müqavimət hüququ konstitusiyada ziddiyyət yaradır, çünki
müqavimət hüququ mövcud olduqda "qanunverici hakimiyyət başqa bir
hakimiyyətə onun qanunvericiliyini, eləcə də onun özünü dağıtmaq
hüququ verir. Bu dağıtma dağıdıcı normanın özünün əsasında baş
verir, bu isə ziddiyyətlidir";
- qarşıdurmada istər-istəməz belə bir sual yaranır: hökmdar ilə
xalqın mübahisəsində hakim kim olacaq? Hər bir ali hakimə qarşı
yeni müqavimət hüququ irəli sürülə bilər, buna görə də biz
sonsuzluğa gedib çıxa bilərik;
- xalqın dövlət haqqında mühakimə yürütmək səlahiyyəti yoxdur,
çünki o, şəxsi fikirlərlə məhduddur, dövlət təsis edildikdə isə
"xalq özünün məcburedici mühakimə səlahiyyətini ona verir";
- xalqın dövlətə münasibətdə məcburi hakimiyyət hüququ yoxdur,
çünki xalq dövlət deyil, amma dövlətin tabeliyindədir;
- müqavimət hüququ yalnız məcburi hakimiyyətə məxsus olmalıdır,
o, bütün məcburiyyət hüquqlarını həyata keçirməyə borcludur.
Kanta görə müqavimət yalnız qanuni konstitusiyanı məhv edən
müqavimət kimi, bütün mülki-hüquqi münasibətlərin və deməli,
istənilən hüququn çevrilişi kimi başa düşülür.Beləliklə, müqavimət
hüququ, ilk növbədə, dövlətin konstitusiyası ilə uzlaşmır. Dövlət
hakimiyyətinin mümkün qeyri-mükəmməlliklərinə baxmayaraq, onun
dəyişdirilməsi üçün müəyyən mexanizmlər mövcuddur. Bu mexanizmlərin
hər hansı şəkildə pozulması, ilk növbədə, hüquqi kollapsa gətirib
çıxarır. Kanta bu qədər müfəssəl müraciətdən aydın olur ki,
hakimiyyətin dəyişdirilməsinin yeni mexanizmləri əhalinin bir
hissəsinin hüquqi savadsızlığından istifadə edərək, onun şüuruna
hüquq ideyasına tamamilə yabançı fikirlər yeridir. Kantın irsinə
müraciətdən aydın olur ki, "xalqın üsyan etmək hüququ" söz
birləşməsinin özü yüksək dərəcədə absurddur.
İkili standartlar siyasəti və "beşinci
kolon"
Bu il sentyabrın axırlarından başlayaraq, artıq iki aydır ki,
dünya bu dəfə Honkonqda növbəti "rəngli inqilab" cəhdinin
şahididir. Bu hadisələr bizə bir daha göstərdi ki, dünyada müəyyən
qüvvələr onları qane etməyən hakimiyyətin dəyişdirilməsi üçün
"rəngli inqilablar"dan istifadə etmək praktikasından hələ imtina
etməyiblər. Hərçənd, bu inqilabların bütün mənfi nəticələri və
onların doğurduğu hərc-mərclik göz qabağındadır. Belə kəskin
etirazların təşkil olunmasında əsas rol oynayan üzdəniraq "beşinci
kolon"dur. Bəs "beşinci kolon" nədir və onun ilhamvericisi
kimlərdir? Müxtəlif ölkələrdə "beşinci kolon" fərqli ola bilər.
Təcrübə göstərir ki, müvafiq ekspertlər konkret ölkədəki vəziyyəti
hərtərəfli öyrənir və çoxsaylı amillərdən asılı olaraq əhalinin bu
və ya digər qruplarından "beşinci kolon" formalaşdırmaq üçün həmin
qrupları seçirlər. Məlumdur ki, bu anlayış ilk dəfə keçən əsrin
30-cu illərinin ortalarında Madridə hücum edən frankistlər
tərəfindən işlədilib. Həmin dövrdə general Frankonun ordusu Madrid
üzərinə dörd kolonla hücum edirdi, beşinci kolon dedikdə isə, onun
arxa cəbhədə işləyən agentlərinin və təxribatçılarının pozucu
fəaliyyəti başa düşülürdü. Sonrakı illərdə bu terminin mənası xeyli
dəyişib.
Bu gün "beşinci kolon" anlayışının interpretasiyaları çoxdur –
ölkə daxilində agentura şəbəkəsindən başlamış, digər dövlətlərin
mənafelərini təmin edən, yığcam şəkildə yaşayan etnik və dini
qruplara qədər. Tarixçilər bu söz birləşməsindən düşmən ölkələrin
pozucu agenturasını göstərmək üçün istifadə edirlər. Çox vaxt bu
termin kollaborasionizmə, yəni, düşmənin mənafeyi üçün, öz
dövlətinin ziyanına düşmənlə şüurlu, könüllü və bilərəkdən
əməkdaşlığa bərabər tutulur. Beləliklə, "beşinci kolon" birbaşa və
ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz
ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan
vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları,
təşkilatlar və hərəkatlardır. Ən təəccüblüsü budur ki, bəzən hər
hansı mühüm proseslərdə özünün iştirak etməsi faktına aludə olan
"sütül" gənclər onlardan öz məqsədlərinə nail olmaq üçün alət kimi
istifadə edilməsini yaxşı təsəvvür etmirlər.
Bu sahədə spesifik meyil ondan ibarətdir ki, beynəlxalq
münasibətlərdə qarşılıqlı asılılığın qloballaşması və güclənməsi,
ayrı-ayrı qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq arenaya
çıxması və insan hüquqları kateqoriyasının transmilliləşməsi
nəticəsində "beşinci kolon" müasir şəraitə uyğunlaşaraq yeni forma
kəsb edib. Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları,
ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi
QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının
müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının
təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının
nəhəng şəbəkəsini yaradıblar. Yeni tipli "beşinci kolon" rolunda
çıxış edənlər də məhz onlardır. İnkişaf etməkdə olan ölkələrdə,
xüsusən postsovet məkanındakı ölkələrdə göstərilən strukturlar
həmin dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan işləyirlər. Bu
təşkilatların əksəriyyəti Qərb dövlətlərinin hökumətlərindən
birbaşa və ya xüsusi xidmətlərin formalaşdırdığı müxtəlif fondlar
vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır.
XXI əsrdə Qərbin başqa regionlardakı dövlətlərə münasibəti
yalnız forma etibarilə dəyişib. İnkişaf etmiş Qərb dövlətləri, o
cümlədən ABŞ bu gün də əvvəlki kimi açıq-aydın ikili standartlar
siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi
istifadə etməklə dünyanın əksər ölkələrinin daxili işlərinə
qarışır. Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli "beşinci
kolon"lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin
daxili və xarici siyasətini müəyyən etməyə çalışırlar. Bu
praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi
deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya
digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə
beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının
reallaşması məhz bundan ibarətdir.
Demokratiyanın yayılması ABŞ-ın milli mənafeləri
kontekstində
Tədqiqatçıların çoxu bu fikirlə razıdır ki, beynəlxalq
münasibətlər sistemi üçün ən təhlükəli amil demokratiya ideyası
pərdəsi altında siyasi xarakterli müxtəlif ideyaların təbliğ
edilməsidir. Faktiki olaraq birqütblü dünyaya transformasiya etmiş
müasir postbipolyar dünyada ABŞ-ın siyasətini məhz bu sözlərlə
təsvir etmək olar. Bu, o cümlədən Barak Obamanın baxışlarında aydın
təzahür edir. O, "sülh" şüarları altında ABŞ-ın milli maraqlarını
fəal təbliğ edir. Obama, məsələn, "Klintonun qlobal təşəbbüsü" adlı
illik forumdakı çıxışında bildirib ki, xarici ölkələrdə vətəndaş
cəmiyyətinin dəstəklənməsi milli təhlükəsizlik məsələsidir və
Vaşinqton həmişə, bütün dünyada müxtəlif QHT-ləri
dəstəkləyəcək.
İlk baxışda demokratiyanın yayılması kimi humanist niyyətlərin
arxasında ABŞ-ın tamamilə real siyasi məqsədləri dayanır. Barak
Obamanın bu bəyanatı əyani şəkildə göstərir ki, ABŞ-ın QHT-lərə,
vətəndaş cəmiyyəti təşkilatlarına, insan hüquq və azadlıqlarına
diqqəti yalnız və yalnız Amerikanın geosiyasi maraqlarından irəli
gəlir. Onların arasında sözəbaxan və ABŞ-ın göstərişlərini yerinə
yetirən qrupların hakimiyyətə gəlməsinin dəstəklənməsini, Amerika
kapitalının yeni bazarlara nüfuz etməsini və başqa ölkələrin təbii
sərvətlərinin istismarının yeni formalarının tətbiq olunmasını,
onları özündən daha çox asılı etmək məqsədilə müxtəlif millətlərin
milli və mədəni xüsusiyyətlərinin nivelirlənməsini, "istehlakçı
demokratiya və mədəniyyət" formalaşmasını və s. qeyd etmək olar.
Bəziləri bunu müstəmləkəçiliyin müasir forması adlandırır, bəziləri
dünya iqtisadiyyatının yeni bazarlar axtarmağa məhkum olması barədə
danışır və s. Lakin məsələnin mahiyyəti bununla dəyişmir. Digər
tərəfdən, Barak Obama bəyan edir ki, demokratiyaya doğru irəliləyən
və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər
bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik. Bu
bəyanatlar da həqiqətdən son dərəcə uzaqdır və yuxarıda göstərilən
siyasətin davamıdır. Məsələn, Vaşinqton demokratiyanın yayılması
inamını deyil, özünün geosiyasi maraqlarını əsas götürərək
İran-İraq müharibəsi dövründə Səddam Hüseynin qeyri-demokratik
rejimini silahla təchiz etməklə onu dəstəkləyirdi. Əlbəttə,
"düşmənimin düşməni mənim dostumdur" prinsipinə istinad etmək olar,
lakin indiki halda bu tezis regionda sülh yaradılmasına kömək etmək
istəyindən daha çox, ABŞ-ın siyasi və iqtisadi maraqlarını əks
etdirir.
Amerika Administrasiyası onilliklər boyu siyasi realizmin, hələ
bu məktəbin banisi Hans Morgentau tərəfindən ifadə edilmiş başlıca
prinsiplərini pozur. Biz bütün bu prinsipləri hərtərəfli müzakirə
etmək fikrində deyilik. Onlardan yalnız birini göstərək: "Universal
mənəvi dəyərlər bu və ya digər dövlətlərin siyasətini
qiymətləndirmə vasitəsi ola bilməz. Dövlətlər salamat qalma
prinsipini mənəvi dəyərlərdən üstün tutmalıdırlar... Müxtəlif
dövlətlərdə mənəvi normalar müxtəlifdir". Morgentaunun bu
tezislərindən çıxan nəticə belədir: dövlətlərin siyasəti barədə
xeyir və şər baxımından mühakimə yürütmək olmaz. Başqa sözlə desək,
ABŞ üçün şər hesab edilə biləcək məsələ başqa dövlətlər üçün heç də
belə deyildir. Siyasətdə mənəvi normalar ilə manipulyasiya etməkdən
çəkindirən "milli maraq" kateqoriyası bu problemi çox səmərəli
şəkildə həll edir. Beynəlxalq arenada dövlətlərin milli mənafeləri
qarşısında hətta hüquqi öhdəliklər də geri çəkilməlidir və bu,
Morgentauya görə "beynəlxalq siyasətin dəmir qanunu"dur. Digər
tərəfdən, Morgentaunun mənəvi normaların heç də universal olmaması
barədə fikri onu göstərir ki, beynəlxalq münasibətlər sistemi milli
maraqlardan və siyasi məqsədəuyğunluqdan çıxış edərək
interpretasiya olunmalıdır. Əks halda, mənəvi normalar dövlətlərin
dünya arenasında davranışını qiymətləndirmək üçün sadəcə səmərəsiz
olacaq. Buna baxmayaraq, bugünkü Obama Administrasiyası bu və ya
digər dövlətlərin fəaliyyətinə yalnız öz siyasi istəkləri
baxımından çıxış edərək qiymət verməyə çalışır. Ağ Ev hətta bununla
da hesablaşmaq istəmir ki, dünyada hər bir ölkənin öz maraqları,
inkişaf məqsədləri və siyasi mədəniyyət xüsusiyyətləri vardır.
Dünyada bütün ölkələrin ABŞ tərəfindən göstərilən qaydalar üzrə
yaşayacağını gözləmək olmaz. Bu, apriori qeyri-mümkündür, çünki
dünya özü eyni deyil, müxtəlifdir. Hətta eyni ailədə doğulmuş və
eyni tərbiyə almış uşaqlar da müxtəlifdir, nəinki Yer kürəsinin
müxtəlif nöqtələrində yerləşən, tarixən formalaşmış sosial,
iqtisadi, mənəvi və siyasi struktura, özlərinin milli mənafelərinə
malik olan ölkələr. Müxtəlif dövlətlər arasında siyasi
münasibətlərin məzmunu müxtəlif olduğu kimi, dünya da rəngarəngdir.
Ağ Evin xarici siyasət strateqlərinin bunu başa düşməsinin
vaxtıdır. Hərçənd, onların bunu dərk etmədiklərini güman etmək
çətindir. Lakin iş burasındadır ki, müxtəlif, o cümlədən ABŞ-ın
"milli maraqları" haqqında şüarlarla pərdələnən siyasi məqsədləri
bütün gerçəklikləri üstələyir. Beynəlxalq münasibətlərin
regionallaşması ideyasını Kopenhagen Beynəlxalq Təhlükəsizlik
Məktəbi də təsdiq edir. Bu məktəbin nümayəndəsi, London
İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru Barri Buzan
yazır ki, bipolyar (ikiqütblü) beynəlxalq münasibətlər sisteminin
dağılması və Qərb ilə Şərqin ideoloji qarşıdurmasının başa çatması
şəraitində müxtəlif regionlarda müstəqil beynəlxalq siyasi prosesin
həcmi artır.
Ona görə də bu müəllifin fikrincə, postbipolyar dünyada
beynəlxalq münasibətlərin qlobal səviyyəsi prinsiplərinin regiona
proyeksiyası imkanları azalır. Regional dövlətlər öz xarici
siyasətinin manevr dərəcəsini daha çox gücləndirmək imkanı
qazanırlar. Bütün bunlara əsasən güman etmək olardı ki, qlobal
qüvvələr müxtəlif regionlarda inkişafın dəyişən məntiqinə
uyğunlaşmalıdırlar. Lakin reallıqda belə deyil. ABŞ-ın və onun
Qərbdəki müttəfiqlərinin xarici siyasət strategiyası öz
hegemonluğunu nümayiş etdirərək hələ də bu və ya digər regional
şəraitə uyğunlaşmaq istəmir. Belə hərəkətlər reallığa uyğun gəlmir,
dünyanın müxtəlifliyi ilə ziddiyyət təşkil edir. Məsələn, ABŞ-ın
yürütdüyü xarici siyasətin effektivliyinin məhdudlaşdırıcısı məhz
budur.
Lakin Qərbin ən səmimi politoloqlarından biri olan Zbiqnev
Bjezinski bu fikirlə razılaşmır. O, hesab edir ki, lider mövqeyi
tutan ABŞ dünyada qaydanı bərpa edən "böyük qardaş" rolunda çıxış
edir. Onun fikrincə, "ABŞ əsas sülhməramlı rolunda çıxış edib və
bundan sonra da çıxış edəcəkdir". Lakin təəssüf ki, faktlar hələlik
tamam başqa mətləbdən xəbər verir. ABŞ-ın xarici siyasətində
ədalətsizlik və subyektivizm üstünlük təşkil edir. Müasir dünyanın
inkişaf təcrübəsi göstərir ki, birqütblülük, bir güc mərkəzinin
üstünlüyünün artması xalqlar və dövlətlər arasında etimadın
azalmasına gətirib çıxarır. Bu qeyri-sabit konstruksiya beynəlxalq
münasibətlərin harmonikləşməsinə təsir göstərməyə, dünyada nizam
yaradılması, regional və qlobal təhlükəsizliyin təmin edilməsi üçün
əsas kimi xidmət etməyə qabil olmamasını sübut edib. Dünyanı öz
maraqlarına uyğun olaraq yenidən qurmaq əsla ağlabatan deyildir.
Axı, asanlıqla görmək olar ki, demokratik dəyərlər pərdəsi altında
gizlədilmiş mənafelərin aqressiv şəkildə irəlilədilməsi Barak
Obamanın hesab etdiyi kimi, liberal Amerika ideyalarının lokomotivi
deyil, əksinə, bu ideyaların yayılması yolunda əngəl olur. Bunu
hətta beynəlxalq münasibətlər sahəsində görkəmli Amerika alimləri,
məsələn, Stiven Uolt da vurğulayır.
O yazır: "Liberalizmin əsas xüsusiyyətləri olduqca cəlbedicidir
və mən taleyimdən çox razıyam ki, demək olar, bütün həyatımı
(əsasən) liberal Amerikada yaşamışam. Lakin bu cür baza əhəmiyyətli
liberal prinsiplərin mənəvi cəhətdən cəlbediciliyi heç də o demək
deyildir ki, bu, xarici siyasətin həyata keçirilməsi üzrə sağlam və
məntiqli rəhbər vasitədir. Əslində, son iki onilliyin tarixi onu
göstərir ki, əgər böyük dövlət öz xarici siyasətini əsas etibarilə
liberal ideallara uyğun olaraq həyata keçirsə, bu, labüd surətdə
həmin siyasəti baha başa gələn uğursuzluqlara gətirib çıxaracaqdır.
Təəssüf ki, son 20 ilin təcrübəsi liberalizmin xarici siyasətin
həyata keçirilməsində pis məsləhətçi olduğunu göstərir ..." Onun
fikrincə, liberalizm xarici siyasət məsələlərində dəqiq strategiya
verə bilməz. Əgər bu və ya digər dövlət beynəlxalq arenada
beynəlxalq siyasətin həyata keçirilməsinin Qərb anlayışlarını və
dəyərlərini rəhbər tutmursa, Vaşinqton buna ciddi qəzəb və nifrət
bildirməklə reaksiya verir. Bu isə reallıqda yaranmış mürəkkəb
vəziyyəti daha da gərginləşdirir.Belə stereotip onunla şərtlənir
ki, liberalizm konsepsiyası amerikalı siyasətçilərin əksəriyyətinə
liberal Qərb dəyərlərinin alternativsizliyi ideyasını aşılayır.
Buna görə də amerikalı siyasətçilər hətta təsəvvür edə bilmirlər
ki, onların dünyasından fərqli, öz dəyərləri və əxlaqı olan dünya
da var. Bu cür davranış ABŞ-ın xarici siyasətinin manevr
imkanlarını xeyli məhdudlaşdırır və çox güman ki, bu siyasətin
həyata keçirilməsinə kömək etməkdən daha çox münaqişələrdə
"özününkülər və yadlar" qütbləşməsini gücləndirir. ABŞ-ın xarici
siyasətinin patriarxlarından biri olan professor Henri Kissincer də
"Dünya nizamı: millətlərin xarakteri və tarixin gedişi barədə
düşüncələr" adlı yeni kitabında bugünkü dünya nizamının böhranından
bəhs edərək yazır: "Birqütblü zaman kəsiyi bu gün özünün şərəfsiz
sonluğuna yaxınlaşır. Kiçik Corc Buş dövründə 11 sentyabr (2001-ci
il) terror aktlarından sonra Amerika öz üzərinə gücü çatmayan bir
vəzifə götürüb, onun birinci prezidentlik müddətində isə xarici
siyasətin militaristləşdirilməsi baş verib, bunun nəticəsində ən
yaxşı halda Əfqanıstanda işlər düyünə düşüb, İraqda mürəkkəb
vəziyyət yaranıb. Nəticə budur: Qərb alyansında parçalanma, Amerika
cəmiyyətində məyusluq və teokratik İranın güclənməsi. Barak Obama
dövründə Birləşmiş Ştatlar öz fəaliyyət xəttinin təshihində ola
bilsin ki, çox uzağa gedib. Əvvəlcə İraqdakı, sonra isə
Əfqanıstandakı Amerika əsgərlərinin evə qaytarılması vurğulanır.
Lakin indiki dövrdə Birləşmiş Ştatlar Yaxın Şərqdə yenidən hərbi
əməliyyatlara başlamağa hazırdır, habelə Putini dayandırmaq üçün
səy göstərir. Ərəblərin oyanmasından sonra yürüdülən siyasəti də
ardıcıl siyasət adlandırmaq çətindir...". Henri Kissincerin gəldiyi
qənaət qlobal geosiyasətin əsas prinsiplərini yeniləşdirməyin
zəruri olmasından ibarətdir. Onun "beynəlxalq münasibətlərin mövcud
sistemi böhran keçirir" tezisi müasir reallığı əks etdirir.
H.Kissincerin fikrincə, bu gün hətta sərt güc tətbiq edilməsi
bahasına da olsa, Amerika dəyərlərinin bütün dünyada yayılmasının
tərəfdarları ABŞ-ın xarici siyasətində möhkəm mövqe tutur.
Dünya nizamının təmin edilməsi mexanizmlərinin əksəriyyəti
yetərincə çoxdan formalaşıb. Beynəlxalq münasibətlərdə müasir
böhranın səbəbi onunla bağlıdır ki, bu münasibətləri ağlabatan
şəkildə yenidən qurmaq, müasir reallıqlara uyğunlaşdırmaq əvəzinə
onları sındırırlar. Heç də təsadüfi deyil ki, "Müasir dünyanın
əsasını təşkil edən qayda konsepsiyasının böhran vəziyyətində
olmasını" vurğulayan Henri Kissincer bunu iri dövlətlərin qüvvələr
tarazlığı yaratmağa deyil, özlərinin maraqlarını maksimum təmin
etməyə çalışmaları ilə izah edir. Yeri gəlmişkən, o, dünya
nizamının böhranının başqa bir səbəbi barədə də yazır: bütün
bunların arxasında Amerika Birləşmiş Ştatlarının dünyada liderliyi
təmin etmək üçün yeni üsullar axtarması dayanır.
Lap yaxın vaxtlarda – noyabr ayının ortalarında Avstraliyanın
Brisben şəhərində "böyük iyirmiliyin" (G20) sammitində Barak Obama
Henri Kissincerin gəldiyi bu nəticələri bir növ təsdiq edərək,
ABŞ-ı hər hansı təhdidə davam gətirməyə qabil olan "yeganə dünya
dövləti" adlandırıb. Bu, dünya birliyinə yeni xəbərdarlıq siqnalı
idi ki, o, "çoxqütblü dünya arzusunda olmasın". Həqiqətən də, Ağ
Evin "regionda sülhü və həmrəyliyi təmin edirik", "demokratiyanı
yayırıq", "regiona sabitlik gətirmək istəyirik" kimi bəyanatlarının
arxasında bu gün tamam başqa məqsədlər dayanır. Bunu yəqin etmək
üçün müasir dünyada dövlətlərarası münaqişələrin və müharibələrin
yaranması səbəblərinə obyektiv nəzər salmaq kifayətdir. Amma hər
halda, hətta Henri Kissincer kimi görkəmli alim, beynəlxalq
münasibətlər üzrə mütəxəssis və ABŞ-ın xarici siyasətində böyük iş
təcrübəsi olan bir adam sistemin böhranından danışırsa, Barak Obama
Administrasiyası ABŞ-ın bu cür xarici siyasətinin qüsurlu olması
barədə düşünməlidir. Şübhə yoxdur ki, beynəlxalq münasibətlərdəki
müasir böhran ABŞ-ın siyasəti ilə bağlıdır. Bu böhranın kökü
amerikalı alim C.Nay tərəfindən neoliberalizm baxımından işlənib
hazırlanmış "yumşaq güc" (soft power) nəzəriyyəsinin düzgün
implementasiya edilməməsi ilə bağlıdır. "Yumşaq güc" dedikdə, ilk
növbədə, qeyri-hərbi vasitələr, iqtisadi, informasiya, mədəni və
digər təsir tədbirləri nəzərdə tutulur. Bu nəzəriyyənin inkişafında
əsas oyunçular qeyri-dövlət subyektləridir. C.Naya görə, "yumşaq
güc" "sənin ölkənin istədiyini başqa ölkələrin istəməsinə nail
olmaq, çəkindirmək və məcbur etmək əvəzinə onları cəlb etmək və
onlarla əməkdaşlıq etmək bacarığıdır".
Bəli, dünya birliyi qlobal səviyyədə Amerikanın siyasətinə
alternativ təqdim edə bilməyib. Sonuncu alternativ kommunizm idi,
lakin bu eksperiment özünü doğrultmadı. Sosialist düşərgəsi
parçalanandan sonra ABŞ bütün dünyada vesternləşmə siyasətində
nəzərəçarpacaq uğurlar qazandı. Lakin çox vaxt Amerikanın dünyaya
gətirdiyi "aydınlıq və demokratiya" ideyaları heç də humanist
üsullarla inkişaf etdirilmir. Nümunələr istənilən qədərdir. Amerika
demokratik tranzit nəzəriyyəsində bu postulata hətta "gücə
əsaslanan demokratik tranzit nəzəriyyəsi" deyilən ayrıca bir
istiqamət də həsr edilib. Lakin təcrübə göstərir ki, Yaxın Şərqdə
bu cür eksperimentlər tərəqqiyə, sülhə və demokratiyaya deyil, daha
çox terrorizmin, ümumi hərc-mərcliyin və gərginliyin görünməmiş
dərəcədə artmasına gətirib çıxarır. Bu strategiya kiçik C.Buşun
prezidentliyi dövründə çox populyar idi. Yeri gəlmişkən, ABŞ-ın
sabiq dövlət katibi Madlen Olbrayt da bunu etiraf edir. O, 2014-cü
il noyabrın 21-də Demokratiyaya Dəstək Milli Fondunda çıxışında
qeyd edib ki, demokratiyanı irəlilətmək səyləri onun
militaristləşmiş aspekti ilə assosiasiya edilməyə başlayıb.
"Amerikanın səsi" radiosu 2014-cü il noyabrın 21-də Olbraytın bu
sözlərini sitat gətirib: "Demokratiya əvvəlki administrasiyanın
fəaliyyəti nəticəsində, o cümlədən İraqda baş verənlərə görə pis
reputasiya qazanıb".
Dünya ictimaiyyəti Barak Obamanın ABŞ rəhbərliyinə gəlməsi ilə
bu təcavüzkar xarici siyasətin dəyişəcəyinə ümid edirdi. Bəs bu gün
biz nə görürük? Suriyada və İraqda özlərini "İraq-Şam İslam
Dövləti" (İŞİD) adlandıran terrorçu qruplaşmaya qarşı əməliyyat
genişlənir. Halbuki bu qruplaşmanı ABŞ özü Suriya müxalifətini
silahlandırmaqla, bunun nəticələrini proqnozlaşdırmadan yaradıb. Bu
gün Amerika generalları hətta hava hücumları ilə kifayətlənmir,
İŞİD-in məhv edilməsi üçün təkcə hava hücumlarının səmərəli
olmamasına əsaslanaraq, Ağ Evdən quru qoşunlarının buraya
yeridilməsini tələb edirlər. Məğrib ölkələri ABŞ tərəfindən öz
keçmiş "demokratik" müttəfiqlərinə qarşı çox fəal dəstəklənən "Ərəb
baharı"nın dağıtdığı ictimai nizamı hələ də tam bərpa edə
bilmirlər. Bu regionda bütün xalq tərəfindən seçilmiş liderlər
hərbi çevrilişlər yolu ilə devrilir, Qərb demokratiyaları isə
yalnız "dərin narahatlıq keçirmələri" barədə bəyanatlar dərc
edirlər. Demokratiyaya doğru durmadan irəliləyən hər kəsin
arxasında ABŞ-ın dayanması barədə Obamanın ideyalarının
gerçəkləşməsi bəs harada qaldı? Məgər bu, C.Nayın "yumşaq güc"
barədə danışarkən istinad etdiyi cəlbetmə və kooperasiyadırmı?
Bombardmanlar, rəngli inqilablar hazırlanması və buna oxşar pozucu
ssenarilər vasitəsilə başqa ölkələri də ABŞ-ın istədiklərini
istəməyə sövq etməyin mümkün olması ehtimalı azdır. Bütün bu
faktlar onu göstərir ki, Amerika xarici siyasətinin qondarma
liberal məzmunu, əslində Hans Morgentaunun dediyi kimi, dəyişməz
olan xudbin "milli maraqlar"ın həyata keçirilməsi üçün yalnız
pərdədir. Əgər ABŞ öz milli maraqlarına dönmədən əməl edirsə, onda
başqa ölkələr nəyə görə öz maraqlarını inkar etməli və ya
anlaşılmaz, dağıntılara gətirib çıxara biləcək güzəştlərə
getməlidirlər. ABŞ-da E.Sunouden barəsində qaldırılmış işi nəyə
görə cinayət işi (amma siyasi motivləri olmayan iş) hesab edirlər?
Halbuki o da guya əsl liberal kimi hərəkət edib – azadlığı
təhlükəsizlikdən üstün tutub, bir sıra milli və beynəlxalq
qanunların, normaların ABŞ tərəfindən pozulmasını dünyaya
açıqlayıb. Eyni zamanda, ABŞ-dakı və Avropadakı beynəlxalq
"qeyri-hökumət" təşkilatları nə üçün Leyla Yunus və Arif Yunus,
həmçinin "beşinci kolon"un digər nümayəndələri barəsində cinayət
işləri üzrə araşdırmaları siyasi motivli araşdırma hesab edirlər?
Nəyə görə ABŞ hamıdan transparentlik tələb edir və korrupsiya ilə
mübarizəyə çağırır? Halbuki onun dünyanın müxtəlif guşələrində
yaratdığı QHT-lərin fəaliyyəti yetərincə korrupsiyalaşıb və ictimai
nəzarət üçün açıq deyildir.
Qeyri-hökumət təşkilatları (QHT) yeni nəsil "beşinci
kolon"lar rolunda
Dövlətlərin tarixindən bildiyimiz kimi, xarici dövlətlərin
xeyrinə işləyən müxtəlif agentlər, terrorçular və separatçılar
əsasən şüurlu şəkildə dövlətçiliyin zəiflədilməsinə çalışır,
konstitusiyaya zidd hərəkətlər törədirlər. Bu işdə onlara inam
verən o idi ki, onların fəaliyyəti xaricdən güclü dəstəklə təmin
olunur və yaxşı haqq ödənilirdi. Xarici dövlətlər üçün ən böyük
risk onların "beşinci kolon" yaratmaq planlarının üstünün açılması
idi. Onlar ehtiyat edirdilər ki, bu planın iştirakçıları özlərinin
xaricdəki himayədarlarını ələ verə, bununla da dövlətlərarası
ikitərəfli rəsmi münasibətlərə ziyan vura bilərlər. Sovet
İttifaqının dağılması dalğasında ABŞ-da məhz bu cür riskləri
minimuma endirmək üçün postsovet dövlətlərində "beşinci kolon"larla
iş konsepsiyası hazırlanmışdı. Əgər əvvəllər "beşinci kolon"
üzvlərinin ələ alınması məsələləri ilə əsasən xüsusi xidmətlər
məşğul olurdusa, keçən yüzilliyin 90-cı illərinin əvvəlində
"beşinci kolon"ların dəstəklənməsi və formalaşması üzrə
səlahiyyətlərin və maliyyə vəsaitlərinin xeyli qismi ABŞ Dövlət
Departamentinə həvalə edildi. O da öz növbəsində bu işi ona yaxın
olan QHT-lər və fondlar vasitəsilə həyata keçirirdi. Bu, artıq
Mərkəzi Kəşfiyyat İdarəsinin ictimaiyyətdən gizlədilən qara büdcəsi
deyildi. İndi bu mənbə demokratiyanın dəstəklənməsi, insan
hüquqlarının müdafiəsi, KİV azadlığının təmin edilməsi və digər
yetərincə ümumi bölmələri ilə dünya üçün açıq idi. Bu bölmələrə çox
böyük məbləğlər sərf edilirdi, lakin əsas xidmət heç də bu deyildi.
ABŞ birbaşa ələalma metodlarından bir növ imtina edərək "beşinci
kolon"ların agentləri və rezidentləri arasında bilavasitə əlaqələri
xeyli təkmilləşdirdi.
İnkişaf etməkdə olan ölkələrdə ABŞ tərəfindən yaradılmış
QHT-lərin nümayəndələrinin çoxu əksər hallarda heç ağıllarına da
gətirmir ki, onlar "beşinci kolon"lar rolunda çıxış edir və onların
informasiyasından elə öz ölkələrində sabitliyi pozmaq üçün istifadə
edilir. Onlar bilmirlər ki, "demokratiya dəyərlərinin yayılması"
anlayışı ilə pərdələnmiş böyük Amerika siyasətinin agentləridirlər.
Nəticədə bu cür şəbəkələrin üstü açıldıqda belə, onların
nümayəndələri çox söz deyə bilmirlər, çünki hansı konkret planların
həyata keçirilməsi üçün işlədiklərindən özlərinin də dəqiq məlumatı
olmur. Yeni nəsil "beşinci kolon"ların əsas fərqli xüsusiyyəti,
həmçinin ABŞ və onun müttəfiqlərinin bu agentlərlə işinin bugünkü
özəlliyi məhz budur. Dövlət Departamentinə yaxın QHT-lərin
qeyri-transparent fəaliyyəti, həmin QHT-lərdə korrupsiya faktları
və bu təşkilatların büdcələrində dövlət vəsaitlərinin üstünlük
təşkil etməsi daha bir mühüm reallıqdır. Məsələn, Azərbaycanda
"beşinci kolon" yaradılması üzrə müxtəlif QHT-lərin fəaliyyətinin
maliyyələşdirilməsi sxemi təxminən belədir. Dövlət Departamenti
demokratiyanın yayılması üzrə əsas təşkilat olan USAİD (ABŞ
Beynəlxalq İnkişaf Agentliyi) üçün pul ayırır. USAİD də öz
növbəsində rəngli inqilabların NED (Milli Demokratiya Fondu), İRİ
(Beynəlxalq Respublika İnstitutu) və NDİ (Milli Demokratiya
İnstitutu) kimi təşkilatçılarını maliyyələşdirir. Bundan əlavə,
USAİD yerli QHT-ləri və xarici təşkilatların Azərbaycandakı digər
nümayəndəliklərini birbaşa maliyyələşdirir. Bununla yanaşı, Milli
Demokratiya Fondu (NED) yerli QHT-ləri və xarici təşkilatların
ölkəmizdəki nümayəndəliklərini bilavasitə özü maliyyələşdirir.
QHT sektorunun Amerika fondları vasitəsilə
maliyyələşdirilməsi sxemi:
ABŞ hökuməti
USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi)
NED ("Milli Demokratiya Fondu")
NDİ (Milli Demokratik İRİ (Beynəlxalq Respublika İnstitut)
İnstitutu
Yerli QHT-lər və xarici təşkilatların nümayəndəlikləri
Maliyyə axınlarının hərəkəti yuxarıdakı sxemdə əyani şəkildə
görünür. Bu sxem başlıca məqsədi "beşinci kolon"ları formalaşdırmaq
və dəstəkləmək olan bütün qeyri-hökumət fondlarının və
təşkilatlarının əslində necə işlədiklərini yalnız qismən anlamağa
imkan verir. ABŞ-ın vergi ödəyicilərinin pulları əslində bu və ya
digər ölkədə hakimiyyətin dəyişdirilməsinə və ya həmin ölkənin
hökumətini Amerika Administrasiyasının tələblərini yerinə yetirməyə
məcbur etmək üçün xərclənir. Ağ Ev qeyri-hökumət təşkilatlarının
şəxsində bu xəyali vətəndaş sektorunu demokratiyanı yayanlar kimi
təqdim etməyə çalışır.
Nyu Yorkdan olan geosiyasi analitik Erik Drayserin fikrincə, ABŞ
və onun müttəfiqləri Azərbaycanda vəziyyətin sabitliyini pozmaq
məqsədilə "insan hüquqları", "vətəndaş cəmiyyətinin azadlığı" və
"demokratiya" haqqında standart demoqoqluğa keçiblər. Məsələn,
üzdəniraq "siyasi məhbuslar"dan biri Anar Məmmədli seçkilərin
monitorinqi və demokratiya üzrə tədris mərkəzinin rəhbəridir.
Müəllif yazır: "Təşkilat 2002-ci ildə yaradıldığı andan ABŞ-ın
"yumşaq güc"ünün əlavəsi olub. O, ABŞ hökuməti tərəfindən
maliyyələşdirilən demokratiyaya dəstək milli fondunun bir qolu olan
Milli Demokratiya İnstitutunun (NDİ) maliyyə dəstəyi ilə QHT-nin və
vətəndaş cəmiyyəti təşkilatlarının köməyi ilə bütün dünyada "yumşaq
güc" yaymaq məqsədilə yaradılıb". Erik Drayser hesab edir ki, Anar
Məmmədli və onun "siyasi məhbus" həmkarları əslində ABŞ-ın və onun
müttəfiqlərinin agentləridir, onların siyasi və ictimai həyatı
bütünlüklə Qərb təşkilatlarına borcludur. ABŞ nə üçün vəzifəsi
seçkiləri şübhə altına almaq olan agentlər yerləşdirir və bununla
da onun qəzəbinə tuş gəlmiş hökumətləri mütiliyə məcbur edir? Cavab
üçün uzağa getmək lazım deyil. 2003-cü ildə Gürcüstanda "Qızılgül
inqilabı"nı, 2004-cü ildə Ukraynada "Narıncı inqilab"ı xatırlamaq
kifayətdir. E.Drayser mülahizələrini davam etdirərək yazır ki,
Vaşinqton və Brüssel tərəfindən təqdim olunmuş qondarma "siyasi
məhbus"ların siyahısına nəzər salsaq aşkar görünər ki, bu adamlar
Azərbaycanı Amerikanın tələblərinə uyğun çalışmağa məcbur etmək
məqsədilə xaricdəki sponsorların adından fəaliyyət göstərirlər.
Burada təzə heçnə yoxdur, çünki ABŞ bütün dünyada vətəndaş
cəmiyyəti təşkilatlarından və QHT-lərdən öz məqsədlərinə çatmaq,
hakimiyyəti dəyişmək və ya onları ABŞ-ın göstərişlərini yerinə
yetirməyə məcbur etmək üçün təzyiq aləti kimi istifadə edir.
Qısası, "sözə baxmayan"lara təsir tədbirləri yaxşı məlumdur və
dəfələrlə sınaqdan çıxarılıb: güc aksiyaları, iqtisadi və təbliğat
xarakterli təzyiq, daxili işlərə qarışmaq. Başqa sözlə desək,
vətəndaş cəmiyyəti haqqında hər hansı mülahizələr ABŞ-ın "yumşaq
güc" sxeminin reallaşdırılması üçün kodlaşdırılmış dildir. Ona görə
dövlətlər tərəfindən bu cür təşkilatlara qarşı hər hansı hərəkətlər
Amerikanın maraqlarının zəiflədilməsi cəhdləri hesab edilir.
Vaşinqton strateqlərinin fikrincə, Azərbaycan NDİ-nin fəaliyyətini,
"World vision" təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının
(ABACELLİ), habelə Beynəlxalq Araşdırmalar və Mübadilə Şurasının
(İREX) aktivlərini dondurmaqla hüquqazidd hərəkət edib. Onlar hesab
edirlər ki, bütün bu qurumlar bilavasitə ABŞ, Avropa dövlətləri və
təşkilatları tərəfindən maliyyələşdirildiyinə görə, Azərbaycan
dövləti onların fəaliyyətini tənzimləyən tədbirlər görməməli idi.
Bununla yanaşı, aşkardır ki, qeyri-hökumət təşkilatlarının
fəaliyyəti ilə bağlı yeni normativ-hüquqi aktların qəbul edilməsi
də bu sahədə qanunçuluğun təmin olunmasına və QHT-lərin müvafiq
dövlət strukturları ilə qarşılıqlı fəaliyyətinin asanlaşdırılmasına
yönəlib. Şəffaflığın artırılması Azərbaycanda həyata keçirilən
bütün islahatların məzmununun əsasını təşkil edir. Biz bu müddəanı
əsas tuturuq ki, şəffaflığın təmin edilməsi tədbirləri həm dövlət
sektorunun, həm də vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini
əhatə etməlidir və bu, ədalətlidir.
Noyabrın 20-dən etibarən QHT-lərin fəaliyyəti barədə
qanunvericilik aktı – "Qrantlar haqqında" Qanun qüvvəyə minib.
Həmin Qanuna əsasən qrantları yalnız ölkəmizdə donorlar qismində
çıxış etmək hüququna malik olan, filialları və ya nümayəndəlikləri
qeydiyyatdan keçmiş xarici təşkilatlar ayıra bilər. Bu, QHT-lər
üçün qrantlar ayrılmasının və ən başlıcası, onlardan hansı
məqsədlər üçün istifadə olunmasının şəffaflığını təmin edəcəkdir.
Bu, ondan irəli gəlir ki, vətəndaş cəmiyyətinin iştirakçılarının,
xüsusən beynəlxalq QHT-lərin Azərbaycanda fəaliyyəti yetərincə
şəffaf deyildir. Burada korrupsiya və pulların yuyulması faktları
mövcuddur, özü də təkcə Azərbaycanda yox, Qərb ölkələrində də.
Nümunə kimi Amerikanın məşhur United Way qeyri-hökumət təşkilatı
ilə bağlı əhvalatı xatırlatmaq olar. Bu QHT-nin sədri Uilyam
Aramoni bir milyon dollardan artıq vəsaiti mənimsədiyinə görə 7 il
azadlıqdan məhrum edilib. Helsinki Beynəlxalq İnsan Hüquqları
Federasiyasının maliyyə meneceri 1,2 milyon avro məbləğində vəsaiti
mənimsədiyinə görə Avstriya məhkəməsi tərəfindən 3 il həbs cəzasına
məhkum edilib.
Azərbaycanda "Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi" İctimai
Birliyi bir neçə il ərzində 9 qrant sazişi üzrə təqribən 358 min
manat alıb. Qanuna görə, bu cür sazişlər qeydiyyata alınmaq üçün
Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin bu mərkəz 9 qrant
sazişindən yalnız ikisini qeydiyyatdan keçirib. Daha bir nümunə
kimi "Sülh və Demokratiya İnstitutu"nu göstərmək olar. Bu
institutun rəhbəri Leyla Yunus "Azərbaycan qadınları Qafqazda sülh
və demokratiya uğrunda" QHT-nin təsisçisi olmadığı halda məhz bu
təşkilatın hesablarından müxtəlif valyutalarda iri məbləğlər
çıxararaq onlardan şəxsi məqsədləri üçün istifadə edib. Yalnız
təəssüflənmək olar ki, xarici QHT-lərin Azərbaycandakı filialları
və nümayəndəlikləri çox vaxt milli qanunvericiliyin tələblərini və
beynəlxalq hüquq normalarını pozurlar. Məsələn, son illərdə ABŞ-ın
Milli Demokratiya Fondu (National Endowment for Democracy – NED)
tərəfindən Azərbaycan QHT-lərinə 83 saziş üzrə təqribən 2,8 milyon
manat, Amerika Milli Demokratiya İnstitutu (NDİ) tərəfindən 12
saziş üzrə təqribən yarım milyon manat, Beynəlxalq Araşdırmalar və
Mübadilə Şurası (İREX) tərəfindən 35 saziş üzrə təqribən 900 min
manat, Avropa Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən 300 min
manat, Açıq Cəmiyyətə Dəstək Fondu (Lixtenşteyn) tərəfindən 625
qrant sazişi üzrə 7,6 milyon manat vəsait ayrılıb. Bu qrant
sazişlərinin xeyli hissəsi qeydiyyata alınmayıb. Bəzi donorlar
QHT-lərə pulu nağd, yəni, rəsmi sənədləşdirmə olmadan verirlər. Bu,
ciddi hüquq pozuntusudur. Bütün bunlar heyrət doğurur, ən azı ona
görə ki, nəticədə QHT-lər aldıqları vəsaitlərdən müvafiq vergiləri
ödəmirlər. Bəzi QHT-lər aldıqları qrantları vətəndaş cəmiyyəti
strukturlarının inkişafına deyil, ölkədə konstitusion quruluşu
zorakılıqla dəyişmək cəhdlərinə yönəldirlər. Xarici donorlar
müəyyən təşkilatları maliyyələşdirməklə onları Azərbaycan
qanunlarını və ölkədə sabitliyi kobud şəkildə pozmağa məcbur
edirlər. Bununla da həmin donorlar faktiki surətdə vətəndaş
cəmiyyəti təsisatlarının inkişafı ilə məşğul olmaq əvəzinə,
"beşinci kolon"dan olan müəyyən şəxslərə pul verərək onlardan
Azərbaycan dövlətinə qarşı istifadə edirlər. Məsələn, Avropa
Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinə qara
yaxmaq, Azərbaycanın nüfuzunu azaltmaq olan Meydan TV layihəsinə
təqribən 300 min dollar məbləğində qrant ayırıb. Bu cür fəaliyyət
siyasi riyakarlığın sübutu olmaqla bərabər, həm də vətəndaş
cəmiyyəti ideyasının özünün əhəmiyyətinə ziyan vurur.
Vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyində prinsip
etibarilə heç bir pis cəhət yoxdur. Ölkədə vətəndaş cəmiyyəti
quruculuğu yolunda Azərbaycan hökuməti də çox tədbirlər görür.
Məsələn, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin
Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurası yaradılıb. Bu Şura 2008-ci ildə insan
hüquqları və demokratiya sahəsində 20 layihəyə 166 min AZN
məbləğində maliyyə ayırmışdısa, artıq 2013-cü ildə belə layihələrin
sayı 46-ya, onların büdcəsinin ümumi həcmi isə 543 min AZN-ə çatıb.
Məgər, bu, Azərbaycan dövləti tərəfindən vətəndaş sektorunun və
demokratiyanın əsaslarının inkişafına diqqət və dəstəyin
göstəricisi deyilmi? Elə isə bizim vətəndaş cəmiyyətini inkişaf
etdirmək və dəstəkləmək cəhdlərimiz Qərb tərəfindən nə üçün tənqid
edilir?
Paradoksal vəziyyət yaranır: Nə üçün Qərb ölkələrinə başqa
dövlətlərdəki QHT-ləri maliyyələşdirmək olar və bu, "demokratiyanın
inkişafına kömək" kimi təqdim edilir, amma dövlətlər özləri bunu
edə bilməzlər. Məsələn, bizi ittiham edirlər ki, Azərbaycan öz
QHT-lərini maliyyələşdirməklə və öz qanunları ilə vətəndaş
sektorunun fəaliyyətini guya məhdudlaşdırır. Məgər, hər hansı
demokratik dövlətin qanunvericiliyinin tələb etdiyi hesabat
verilməsi, maliyyə aşkarlığı və pul köçürmələrinin transparentliyi
təzyiq kimi qiymətləndirilə bilərmi? Bəlkə Azərbaycan xarici
QHT-lər üçün xüsusi qanunvericilik yaratmalıdır? Bəlkə onlar üçün
ümumiyyətlə qanunlar yazılmayıb? Lakin faktlar bunu deməyə əsas
verir ki, xarici donorlar tərəfindən yaradılmış təşkilatlar
demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı naminə işləmir,
onlar hökumətə təzyiq üçün əsas mexanizmlərdir və qrant verənlərin
siyasi məqsədlərinin, iqtisadi maraqlarının reallaşdırılmasına
xidmət edirlər. Xaricdən maliyyələşdirilən yerli QHT-lərin böyük
əksəriyyəti demokratik ibarələrdən istifadə etməklə "beşinci
kolon"lar rolunu yerinə yetirir, onların məqsədi ölkədə
qeyri-sabitlik və ya kənardan idarə edilən hərc-mərclik
yaratmaqdır.
Yeri gəlmişkən, istintaqla müəyyən edilib ki, saxlanılmış və
həbs edilmiş üzdəniraq "insan hüquqları və azadlıqları uğrunda
mübarizlər"in fəaliyyəti Qərbdə yaradılmış beynəlxalq strukturlar
tərəfindən qeyri-qanuni şəkildə maliyyələşdirilirdi. Bu adamlar
siyasi fəaliyyətinə görə deyil, cinayət xarakterli konkret əməllərə
görə həbs ediliblər. Xaricdəki müəssisə və idarələr gizlətmirlər
ki, üzdəniraq "siyasi məhbuslar" onların yaratdıqları "beşinci
kolon"un nümayəndələridir. Buna görə də həmin şəxslərin həbs
edilməsinə onların kəskin reaksiya verməsini anlamaq çətin deyil.
Ağ Evdə belə bir fikri gizlətməyə heç çalışmırlar ki, Amerikanın
xaricdəki QHT-ləri üçün qanun yazılmayıb. Məsələn, Barak Obamanın
bu yaxınlarda imzaladığı "Vətəndaş cəmiyyəti haqqında" memorandumda
açıq-aşkar deyilir ki, ABŞ xaricdəki vətəndaş cəmiyyəti
təsisatlarının inkişafını dəstəkləmək üçün hətta xarici dövlətlərin
qanunvericiliyinə qarşı çıxmağa hazır olmalıdır. Sənəddə deyilir:
"Əgər yerli qanunlar vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyət
imkanlarını məhdudlaşdırırsa və ya yerli qanunlar vətəndaş
cəmiyyətinin iştirakçılarının və onların missiyalarının
təhlükəsizliyi nəzərə alınmaqla əsas ifadə azadlığı, dinc
yığıncaqlar və assosiasiyalar azadlığını məhdudlaşdırırsa, ABŞ
hökuməti hətta bu halda da vətəndaş cəmiyyəti təşkilatları ilə
işləyir. Xarici siyasət məsələlərinə cəlb edilmiş idarələr müvafiq
vəsaitlərin köməyi ilə xarici dövlətlərin hökumətlərinin vətəndaş
cəmiyyətinə Amerikanın köməyinin xarakterinə, ABŞ hökumətinin
proqramlarının həyata keçirilməsi üçün fiziki və ya hüquqi
şəxslərin, yaxud bu proqramların istifadəçilərinin seçiminə təsir
göstərmək cəhdlərinə qarşı çıxış edəcəklər..."
Beləliklə, ABŞ başqa dövlətlərin daxili işlərinə qarışmasını
gizlətməyə heç cəhd də göstərmir. Ağ Ev birmənalı bəyan edir ki,
bütün dünyada işləyən bu cür təşkilatlara, yəni, "beşinci
kolon"lara Amerika dövləti, həmin ölkələrin qanunvericiliyinin
pozulmasına baxmayaraq, açıq dəstək verəcək və bunu ABŞ-ın milli
maraqlarının irəliləməsi xatirinə edəcəkdir. Memorandumda
göstərilən sahədə fəaliyyəti gücləndirmək üçün hətta bu siyasətə
cəlb edilmiş dövlət idarələrinin sayı artırılıb. ABŞ-ın özündə isə
xarici agentlərin qeydiyyatı haqqında 1938-ci ildə qəbul edilmiş
Akt (FARA) hələ də qüvvədədir. Həmin Akta əsasən xarici şirkət və
təşkilatların hökmən qeydiyyata alınması tələb edilir. Bəs, ABŞ-ın
başqa ölkələrdən tələb etdiyi bərabər şərait hanı? Barak Obama bu
il may ayında Vest-Pointdə çıxışında vurğulayıb ki, ABŞ özü dünyaya
nümunə göstərir və bütün başqa ölkələrin riayət etdiyi qaydaların
təsirindən özünü kənarlaşdıra bilməz. Onda belə bir sual yaranır:
Bəs nə üçün Amerika qanunları xarici şirkətlərin və təşkilatların
qeydiyyata alınmasını və hesabat vermələrini tələb edir və bu, ABŞ
tərəfindən qanuni hesab edilir, amma başqa ölkələrin (o cümlədən
Azərbaycanın) bu cür siyasəti QHT-lərin azadlığının
məhdudlaşdırılması kimi qiymətləndirilir? Nəyə görə Amerika
QHT-ləri olduqları ölkələrdə qeydiyyatdan keçmək və hesabat vermək
istəmir, qanunvericiliyin müvafiq tələblərini vətəndaş cəmiyyətinə
və qeyri-hökumət təşkilatlarına təzyiq kimi qiymətləndirirlər,
halbuki ABŞ-ın özünün qanunları Birləşmiş Ştatlarda işləyən xarici
təşkilatlar üçün bunu tələb edir? Məgər Barak Obama "Mən düşünmürəm
ki, Amerikada seçkiqabağı kampaniyalar güclü maraq qrupları və
bundan daha betəri, xarici təşkilatlar tərəfindən
maliyyələşdirilməlidir" sözlərini məhz "beşinci kolon"un ABŞ
siyasətinə təsirindən ehtiyat edərək deməyibmi?
Doğrudan da, qədim yunanlar demişkən, Yupiterə icazə verilən,
Öküzə icazə verilməyib. Yenə ikili standartlar və güclünün hüququ.
ABŞ-ın bəyan edilmiş siyasətindəki bütün bu uyğunsuzluqlar, onun
qərəzliliyi və dövlətlərin ikitərəfli münasibətlərinin ziyanına
olaraq xarici ölkələrdəki "beşinci kolon"ların açıq dəstəklənməsi
Azərbaycana da, yəqin ki, dünya dövlətlərinin əksəriyyətinə də
aşkar görünür. Deməli, bu dövlətlər müvafiq nəticələr çıxarmaqda və
öz qanunvericiliklərinə düzəlişlər etməkdə haqlıdırlar. QHT-lərin
fəaliyyəti və onlarla bağlı problemlər Amerikanın başqa ölkələrə
demokratiya və vətəndaş cəmiyyəti modelini zorla qəbul etdirməsi
məsələsinin bir tərəfidir. Məsələnin digər tərəfi lobbizm və
Amerikanın xaricdəki nümayəndələrinin işi üçün onun beyin
mərkəzlərində analitik adlandırılan materiallar hazırlanmasıdır.
ABŞ-ın bəzi ştatlarının qanunvericilik orqanları tərəfindən
sənədlər (məsələn, qondarma "dağlıq qarabağ respublikası"nın
müstəqilliyinin tanınması barədə) qəbul edilməsində və Konqres
komitələrində lobbiçilik çoxdan məlumdur.
Lakin ekspert arayışlarının hazırlanmasında ayrı-ayrı analitik
mərkəzlərin və beyin mərkəzlərinin qərəzli mövqeyi Amerikanın öz
KİV-ləri tərəfindən ifşa edilib. Onların arasında Brukinqs
İnstitutu, Atlantika Şurası, Strateji və Beynəlxalq Araşdırmalar
Mərkəzi kimi nüfuzlu təsisatlar və beyin mərkəzləri var. Norveç,
Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr bu institutların iri
donorlarıdır. Məsələn, Qətər dövləti 4 ildə Brukinqs İnstitutuna
təxminən 15 milyon dollar sərmayə qoyub. Bu və digər ölkələrin
sifarişinə əsasən hazırlanan ekspert arayışlarının əksəriyyəti
müəyyən şəxslərə (konqresmenlərə, nazirlərə, hətta prezidentə)
təqdim olunur və onların əsasında siyasi qərarlar qəbul edilir.
Nəticədə ABŞ-da xarici siyasət məsələlərinə dair qərarlar qərəzli
və qeyri-obyektiv informasiya əsasında qəbul olunur. Buna görə də
Ağ Evin bir sıra regionlarda xarici siyasəti subyektiv xarakter
daşıyır və əsasən ABŞ-ın özünün hesab etdiyi kimi, "obyektiv qlobal
lider" tərəfindən problemlərin ədalətli həllinə deyil, ilkin
korporativ sifarişin icrasına yönəlmiş olur. Konkret fakta müraciət
edək. "Baltimore Jewish Times" qəzetinin sabiq baş redaktoru,
tanınmış publisist Maayan Jaffe "Times of İsrael" qəzetində dərc
olunmuş "Erməni lobbisinin ABŞ Konqresinin üzvlərinə təsiri
haqqında" sərlövhəli məqaləsində qeyd edir ki, ermənilər Konqresdə
yaradılmış lobbi qrupuna 88 konqresmen və senator cəlb ediblər. O
yazır ki, Amerikadakı erməni lobbisi bir qrupdan yox, bir neçə
təşkilatdan ibarət şəbəkədir. O yazır: "Bu qruplar arasında Amerika
erməni siyasi fəaliyyət komitəsi, Amerika erməni milli komitəsi və
Amerika erməni assambleyası var. Onlar dövlət strukturları
tərəfindən tanınır və dəstəklənir". Müəllif vurğulayır ki,
Ermənistanın Konqresdəki dostları bu ölkənin ABŞ-ın düşmənləri ilə
sıx əlaqələrini gizlətməyə çalışırlar. Belə hesab etmək olmaz ki,
Dövlət Departamentində bütün bunları bilmirlər. Məsələnin mahiyyəti
bunda deyil, Ağ Evin rəhbərliyinin sadiq qaldığı "ikili
standartlar" konsepsiyasındadır. Məsələn, ABŞ Ermənistanın 20 ildən
artıq müddətdə Azərbaycanın (Amerikanın rəsmi dairələrində hesab
edildiyi kimi onun strateji tərəfdaşının) ərazisinin 20 faizini
işğal altında saxladığını bildiyi halda, guya "yumşaq güc"
prinsipinə əsaslanaraq təcavüzkarın nazı ilə oynayır.
Yaxud başqa misal. ABŞ bu fakta necə göz yuma bilər ki,
Ermənistan Azərbaycanın ərazisini işğal edərək burada, özü də
qarşıdurma vəziyyətində olan iki qoşunun təmas xəttinin lap yanında
40 mindən çox hərbi qulluqçunun və minlərlə vahid döyüş
texnikasının iştirakı ilə hərbi təlimlər keçirir. Üstəlik,
ermənilərin Mi-24 döyüş helikopteri Ermənistan və Azərbaycan
qoşunlarını ayıran kiçik sahəyə soxularaq təhdidedici uçuşlar
keçirir, bizim qoşunların mövqelərinə hücum etməyə cəhd göstərir.
Bu, bizim hərbçiləri cavab hərəkətlərinə sövq etmək üçün şüurlu
şəkildə törədilən provokasiya idi. Buna görə də tamamilə təbiidir
ki, silahlı qarşıdurmanın bütün qaydalarına əsasən həmin helikopter
vurulmalı idi və o, vurulub. Bəs nəyə görə ABŞ Ermənistanı bu
təhlükəli provokasiyaya görə qınamır, halbuki Ukraynada baş verən
hadisələrlə əlaqədar Rusiyanın ünvanına az qala hər gün
xəbərdaredici bəyanatlar səslənir. Ermənistanın ünvanına isə heç nə
deyilmir. Məgər bu, ABŞ-ın xarici siyasətində ikili standartların
göstəricisi deyilmi? Vaşinqton artıq başa düşməlidir ki, "yumşaq
güc" o vaxt səmərəli olur ki, o, ABŞ-ın başqa ölkələrin (məsələn,
Azərbaycanın) milli maraqları ilə üst-üstə düşən milli maraqlarının
həyata keçirilməsinə əsaslansın. Azərbaycanın milli maraqları ilə
hesablaşmadan öz siyasi məqsədlərini həyata keçirmək cəhdləri heç
vaxt uğur qazanmayacaq. Məsələn, ABŞ Ukraynanın ərazi bütövlüyünə
tərəfdar çıxır və bütün mümkün üsullarla onu qorumağa çalışır. Bəs,
nəyə görə ABŞ Azərbaycana münasibətdə müvafiq yanaşma tətbiq etmir,
onun ərazi bütövlüyünü açıq müdafiə etmir, təcavüzkarı pisləmir?
Əgər demokratiyanın inkişaf etdirilməsi ABŞ üçün milli
təhlükəsizlik məsələsidirsə, onda Azərbaycan üçün də işğal altında
olan ərazilər üzərində nəzarətin bərpa edilməsi milli təhlükəsizlik
məsələsidir. Başqa sözlə desək, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli məsələsi də demokratik dəyərlərin
inkişaf etdirilməsi strategiyasının tərkib hissəsi olmalıdır.
Qafqazdakı münaqişələr həll edilmədən bütövlükdə bu regionda
səmərəli transmilli əməkdaşlığa nail olmaq mümkün deyil. Səmimi
etiraf etmək lazımdır, ABŞ Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi üzrə Minsk qrupunun həmsədri kimi, bu problemin
həllində lazımi maraq göstərmir. Axı, onun həlli, Vaşinqtonun bəyan
etdiyi kimi, geniş mənada ABŞ-ın da marağındadır.
Amma bununla belə ABŞ 1992-ci ildən bəri Ermənistana iki milyard
dollardan artıq, Dağlıq Qarabağ separatçılarına isə 1998-ci ildən
bəri 83 milyon dollardan çox maliyyə yardımı göstərib. Göründüyü
kimi, Amerika əsla gizlətmir ki, o, Ermənistanın yürütdüyü, bu
uzanan münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət xəttini
dəstəkləyir. Qeyd etməliyəm ki, ABŞ rəsmiləri bu sətirlərin
müəllifinə dəfələrlə etiraf ediblər ki, "Amerikada erməni
lobbisinin Konqresdə və Senatda mövqeləri güclüdür, bundan əlavə,
çoxsaylı erməni diasporu bizim elektoratdır, ona görə biz bu amillə
hesablaşmağa məcburuq. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində
hər hansı təzyiq metodları tətbiq edə bilmərik".
Bax belə: nə az, nə də çox – erməni diasporunun "məclisi idarə
etdiyi" regionlarda ədaləti bərpa etməyə qabil olan "yeganə dünya
dövlətinin" xarici siyasət strateqlərinin mövqeyi belədir. Hərçənd,
burada təəccüblü heç nə yoxdur. Axı, ABŞ-ın indiki dövlət katibi
Con Kerrinin özü senator ikən Azərbaycana qarşı yönəlmiş 907-ci
düzəlişin müəlliflərindən biri olub. Heç kəs üçün sirr deyil ki, o,
ABŞ-ın Erməni Milli Konqresi ilə sıx bağlıdır. Lakin ədalət naminə
deməliyik ki, əvvəlki dövlət katiblərindən fərqli olaraq o, Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə daha çox diqqət
yetirir. Lakin nəticə yoxdur. Problemin mahiyyəti ondan ibarətdir
ki, ABŞ ikili standartlar siyasəti apardıqca, bəzi ölkələrdə işğalı
pislədiyi halda, başqa ölkələrdə buna nəinki göz yumduqca, hətta
faktiki olaraq bu vəziyyəti təşviq etdikcə, başqa ölkələrin
hökumətləri ilə razılaşdırmadan, onların milli mənafelərinə və
qanunvericiliklərinə məhəl qoymadan hərəkət etdikcə onun səmərəli
xarici siyasət həyata keçirməsinə heç bir güc - istər "yumşaq güc",
istərsə də "sərt güc" kömək etməyəcək. ABŞ-da bunu nə qədər tez
başa düşsələr və regionda öz xarici siyasətini bu reallığa nə qədər
tez uyğunlaşdırsalar, bir o qədər səmərəli nəticə əldə edərlər.
"Beşinci kolon": dağıdıcı fəaliyyətin eskalasiyası
cəhdləri "...
Xaricdən ianələr alan, vicdanını xaricilərə satan
ünsürlərə Azərbaycan siyasətində yer yoxdur". İlham
Əliyev
Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən
radikal müxalifət fəallarının və QHT-lərin dəstəklənməsi, bu
təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi, onların köməyi ilə
ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq
şəraiti yaratmaq cəhdləri ilə bağlıdır. Deməliyik ki, bu, Qərbin
"beşinci kolon" ilə iş ssenarisinə üzvi şəkildə daxildir. Bu cür
qeyri-qanuni siyasi və maliyyə dəstəyi, müvafiq göstərişlər
nəticəsində başlıca nümayəndələri qismində ayrı-ayrı radikallarla
yanaşı, Xalq Cəbhəsi və Müsavat partiyalarının çıxış etdiyi
"beşinci kolon" öz pozucu hərəkətlərini gücləndirməyə çalışır.
Getdikcə daha da radikallaşan Xalq Cəbhəsi Partiyası artıq çoxdan
bəri təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq
ehtirası ilə yaşayan insanların yuvasına çevrilib. Gerçəkliyi
şüurlu surətdə dərk edə bilməyən insanlar da burada kök salıblar.
Bunlar öz təfəkkürlərinə görə irrasional adamlardır. Bu partiyaya
məxsus olan "Azadlıq" qəzeti yalan və iftira ruporu rolunu yerinə
yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların şərəf və
ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur. Bu
partiyanın imici belədir. Bu gün həmin partiya təşkilati böhran və
tam deqradasiya həddindədir. Onun fəaliyyəti o dərəcədə abırsız
xarakter alıb ki, hətta "Yeni Müsavat" qəzetinin redaktoru da Əli
Kərimlinin və onun partiyasının fəaliyyətini kəskin pisləyərək
bəyan edir: "Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə
tutulub. Əli Kərimlinin və partiyasının – siyasi savadı, geridə
qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar
təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol
verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab
edirəm". Bax, belə səmimi etiraf. Xalq Cəbhəsi Partiyasının
daxilində vəziyyəti tam parçalanma, vurnuxma, hərc-mərclik kimi
səciyyələndirmək olar. Partiyanın üzvlərinin çoxu Əli Kərimlinin və
onun qrupunun qəbuledilməz radikalizmindən və barışmaz mövqeyindən,
radikal dini qruplaşmalarla əməkdaşlıqdan narazı olduqlarını
bildirirlər. Partiyadaxili repressiyalar, partiyadaxili
demokratiyanın olmaması, Əli Kərimlinin avtoritarizmi,
partiyalararası münaqişələr buna gətirib çıxarıb ki, KİV-lərdə
verilən məlumata görə, AXC-nin Sumqayıt bölməsinin 52 üzvü bu
günlərdə onun sıralarından çıxıb. Müsavat Partiyası da oxşar
vəziyyətdədir. Bu partiya da tam parçalanma mərhələsindədir. Ölkədə
cərəyan edən ciddi quruculuq dəyişiklikləri kimi, zaman özü də
"beşinci kolon"un vəziyyətinə təsir göstərir. Yüksək rütbəli
müəyyən şəxslərin Xalq Cəbhəsi və Müsavat partiyaları sıralarından
kütləvi şəkildə, qalmaqalla çıxmaları batan gəmidən qaçmağı
xatırladır. Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir
ki, çoxdan müxalifətdə olan bu adamlar sadəcə çox yorulublar və
buna görə özləri kənarlaşmaq istəyirlər. Lakin o, sözünü axıracan
demir – onlar özlərini kimdən və nədən kənarlaşdırırlar? Axı,
adamlar o partiyaların sıralarını tərk edir ki, həmin partiyalar
pozucu fəaliyyəti genişləndirməyə çalışırlar. Məsələ burasındadır
ki, "beşinci kolon" zəruri sosial bazadan məhrum olub və buna görə
onlara yuxarıdan verilən göstərişləri həyata keçirə bilmir. Bu
partiyaların sıralarında qalmağın mənasızlığı bununla izah edilir.
Bu il noyabrın 9-da Bakıda qondarma "Milli Şura"nın, əslində isə
Xalq Cəbhəsi Partiyasının azsaylı tərəfdarlarının şəhər hakimiyyəti
ilə razılaşdırılmış mitinqi oldu. Mitinqin əsas təşkilatçıları Əli
Kərimli və Cəmil Həsənli idi. Mitinqin keçirilməsi faktının özündən
göründüyü kimi, radikal müxalifətin səsini heç kəs boğmur. Onlar öz
mitinqlərini maneəsiz keçirirlər (bu, müxalifətin xaricdəki
donorlarına xatırlamadır. Onların fikrincə, agentlərinin mitinq
keçirmələrinə imkan verilmir). Siyasi ekspertlər hesab edirlər ki,
bu mitinq əvvəlkilərdən heç nə ilə fərqlənməyib, tam iflas olub və
biabırçılıqla başa çatıb: "O, radikal müxalifətin peşəkarlıq
baxımından tamamilə yararsız olmasını göstərdi. Yenə az sayda adam,
eyni şüarlar, bir-birinə oxşar çıxışlar, çeynənmiş, zəhlətökən
sözlər. Mitinq "Milli Şura" üçün növbəti biabırçılıq oldu".
Ekspertlərin fikrincə, bu, radikalların sosial bazasının
olmamasının və aqressivliyinin artmasının nəticəsidir. Eldar
Namazovun da missiyası bundan yaxşı olmayıb. O, "beşinci kolon"un
ən "parlaq" nümayəndələrindən biridir. Bunu yalnız kor adam görməz.
O, bu yaxınlarda David Şahnazaryan ilə birgə verdiyi bəyanatda bunu
yerinə yetirilmiş borc hissi ilə təsdiq etdi. Bu bəyanat
vətənpərvərliyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin mahiyyətinə tamamilə ziddir. Bu bəyanat heç də sülhə,
problemin mərhələli həllinə çağırış deyil, obyektivliyin,
prinsipial mövqeyin olmamasıdır. Axı, Ermənistan bizim
torpaqlarımızı işğal edib. Deməli, bu vəziyyətdən çıxış etmək
lazımdır. Bir də ki, Namazov Dağlıq Qarabağ münaqişəsi problemləri
ilə "məşğul olarkən" kimi təmsil edir? Məlum olduğu kimi, heç kəsi.
Görünür, həyat bu reneqatı gücü çatan işlə məşğul olmağa hələ də
öyrətməyib. Aydındır ki, marginal Eldar Namazov "beşinci kolon"
maraqlarına o dərəcədə bağlanıb ki, təcavüzkarı ondan zərər çəkmiş
ölkəyə bərabər tutur. O, başa düşə bilmir ki, bizə özgəninki lazım
deyil, biz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə
çalışırıq. Bizim üçün bu, problemin alfa və omeqasıdır. Təəssüf ki,
Eldar Namazov və həmçinin "beşinci kolon"un önündə gedən radikal
müxalifət üçün Dağlıq Qarabağ problemi (son dərəcə vacib problem)
onların fəaliyyətində prioritet deyil, onun liderlərinin bu
məsələyə dair demaqoqcasına bəyanatlarının arxasında isə şəxsi
ambisiyaları və üzdə qalmaq arzusu gizlənir. Onları ən çox narahat
edən özlərinin xaricdəki bosslarına daha yaxşı yarınmaq, onların
xoş münasibətini qazanmaqdır.
Bu məsələdə ən çox irəli gedən "Azadlıq" radiosunun jurnalisti
Xədicə İsmayıldır. O, öz "dostları" olan həmkarları ilə birlikdə
"cidd-cəhdlə" çalışaraq antiazərbaycan verilişləri təşkil edir,
cəfəng bəyanatlarla çıxış edir, ictimaiyyətin tanınmış
nümayəndələrinə açıq-aşkar düşmən münasibət nümayiş etdirir,
təhqiramiz məzmunlu yalanlar yayır. Aydındır ki, cəmiyyətə bu cür
meydan oxumaq öz Vətənini sevənlərin deyil, X.İsmayılın xaricdəki
himayədarlarının xoşuna gəlir. Üstəlik, onun tutduğu mövqenin
jurnalist peşəsinə, ümumiyyətlə, heç bir aidiyyəti yoxdur.
İctimaiyyətdə belə bir qəti inam yaranıb ki, "Azadlıq" radiosunun
əməkdaşları çox iyrənc bir yol tutublar. Sübuta ehtiyac yoxdur ki,
saxtalaşmış informasiya təqdim edilməsi xarici xüsusi xidmətlər
üçün işləməyə bərabərdir. Bu, xəyanətdir. Jurnalistlərin və normal
düşüncəli adi insanların fikri belədir: "Əgər demokratiyanın rəmzi
Xədicə İsmayıldırsa, gələcəkdə cəmiyyəti nələrin gözlədiyini
təsəvvür etmək dəhşətdir". Ölkəmizin sürətli sosial-iqtisadi
inkişafı "beşinci kolon"u pozucu fəaliyyət üçün geniş meydandan
məhrum edib. Onun nümayəndələrinin son sığınacağı cəmiyyəti və
hətta Prezidentin ətrafını parçalamaq cəhdləridir. Rəhbər işçilər
haqqında mütəşəkkil qaydada açıq-aydın yalan məlumatlar yaymaqla
hakimiyyəti zəiflətmək üçün gülünc cəhdlər, hakimiyyətdə olan
şəxslər arasında guya müharibə qızışması barədə fantaziyalarla
onları bir-birinə qarşı qoymaq istəyi onların bəsitliyini və siyasi
savadsızlığını bir daha nümayiş etdirir. Onlar İlham Əliyevin
ətrafının əvvəlki kimi monolit olmasını, bu ətrafı parçalamaq
mümkün olmamasını, Prezidentin ölkə əhalisi arasında və ölkənin
hüdudlarından kənarda nüfuzunun və populyarlığının yüksək olmasını
başa düşməyərək, dövlətimizin başçısına qarşı birbaşa şəxsi
təhqirlərə və çirkin hücumlara keçməyə başlayıblar. Əlbəttə,
yaxşısı budur, onlar başa düşsünlər ki, onların aqressiyası
özlərinə biabırçılıqdan başqa heç nə gətirməyəcək və nəticədə onlar
siyasət səhnəsini tərk etməyə məcbur olacaqlar. Qərbin rəsmi
dairələri öz hərəkətlərini xeyirxah niyyətlərlə izah etmək üçün nə
qədər çalışsalar da, fakt faktlığında qalır: müstəqil partiyalardan
fərqli olaraq onların maliyyələşdirdiyi və dəstəklədiyi vətəndaş
cəmiyyətinin bütün strukturları və radikal partiyalar "beşinci
kolon"ların müasir nümunələridir. Əlbəttə, onların pozucu
fəaliyyəti kənar qüvvələr tərəfindən dəstəklənir və tənzimlənir.
Qərəzlilik, ikili standartların tətbiq edilməsi Avropa İttifaqının
rəhbərlərini də səciyyələndirir. Lap yaxın vaxtlarda, noyabrın
26-da Saxarov adına mükafatın təqdim edilməsi mərasimində Avropa
Parlamentinin sədri Martin Şults Azərbaycandakı üzdəniraq "siyasi
məhbuslar" barədə də bəyanat verib, Leyla Yunusu xatırlayıb.
Əlbəttə, Martin Şults kimi şəxsin dilindən bu cür tənqid səslənməsi
nonsens kimi qəbul edilməlidir.
Bu misal onu göstərir ki, keçmiş tarixi dövrlə müqayisədə bu gün
dünya arenasında siyasi hadisələrin gedişini müəyyən edən
siyasətçilər sırasında tam böhran müşahidə edirik. Təəssüf ki,
dünya siyasətinin taleyüklü məsələləri ilə məşğul olan şəxslər
regional və qlobal siyasi proseslərin incəliklərini anlamaq kimi
zəruri qabiliyyətdən məhrumdurlar və beynəlxalq xarakterli
məsələləri həll etmək üçün son dərəcə səriştəsizdirlər. Bir də ki,
nə deyəsən, Qərb mətbuatının özündə Martin Şults barədə heç də
xoşagələn xarakteristika verilmir: o, sağlam məntiqdən məhrum olan
çıxışları və qeyri-adekvat mühakimələri ilə "məşhurdur",
islamofobiya ideyaları ilə "ad çıxarıb", onun çıxışları və
bəyanatları çox vaxt siyasi qalmaqallarla müşayiət olunur. Onun
İtaliya barədə və Böyük Britaniyanın Avropa İttifaqında rolu haqda
sözləri ciddi beynəlxalq qalmaqala səbəb olur. Britaniyada çıxan
"Economist" qəzetinin 11 may 2013-cü il tarixli nömrəsində Martin
Şultsun Brüsseldə yüksək vəzifə tutmaq istəyi karikatura formasında
təqdim edilir.
Azərbaycanda vəziyyətə qiymət vermək istəyən Avropa
Parlamentinin sədri belə şəxsdir. Mən qəti əminəm ki, Martin Şults
öz istəyi ilə hərəkət etmir: bu gün o, sadəcə olaraq "böyük qardaş"
vəzifəsini yerinə yetirir, əks halda o, indi əyləşdiyi kürsünü görə
bilməzdi. Axı, məlumdur ki, o, Azərbaycan haqqında, onun Avropa
üçün əhəmiyyəti barədə müsbət sözlər söylədiyi hallar da olub.
Qərbdə müəyyən dairələr nahaq yerə Azərbaycan haqqında yalan rəy
yaratmağa çalışırlar. Hərçənd bu dairə çox məhduddur. Əksinə, biz
məmnunuq ki, bilikləri və nüfuzu korporativ maraqlara xidmət
etməyən siyasətçilərin sayı daha çoxdur. Kim bunu istəyirsə görür
ki, Azərbaycan demokratik cəmiyyətə xas keyfiyyətlərə malik olan
müasir dövlət kimi davamlı inkişaf edir. Hələ dünən hər bir
əhəmiyyətsiz məsələyə görə insanları meydana çağıranların çoxunun
şüuru dəyişir. Onlar başa düşürlər ki, bu yolun axırı yoxdur.
Transformasiya etməyən yalnız özlərini müxalifətin – konstruktiv
müxalifətin yox, "beşinci kolon"un lideri adlandıran əvvəlki
radikallardır. Buna görə də onlar getdikcə daha aqressiv olur: özü
də təkcə iqtidara qarşı yox, həm də dünənki partiya yoldaşlarına
qarşı. Müxalifət nəşrlərini vərəqləsək, bunu asanlıqla yəqin edə
bilərik. Liderlik uğrunda mübarizədə qarşılıqlı nifrət, radikallar
arasında söyüş və iyrənc təhqirlər həddinə çatan qarşıdurma adi
hala çevrilib. Bu gün kənardan maliyyələşdirilən müxalifəti təmsil
edənlər və insanları mitinqlərə çıxmağa çağıranlar 1990-cı illərin
əvvəlində dövlət çevrilişi edərək hakimiyyəti güclə ələ keçirmişdi.
Onlar bu hakimiyyəti heç bir il də əldə saxlaya bilmədilər, ölkəni
dərin böhran vəziyyətinə çatdırdılar. Səbəblər məlumdur: dövlət
idarəçiliyi haqqında elementar anlayışların olmaması, hakimiyyəti
ələ keçirməyin təşkilatçılarının ambisiyaları ilə onların intellekt
səviyyəsinin uyğunsuzluğu, hakimiyyətdə olarkən yeritdikləri
zərərli daxili və xarici siyasət və ən başlıcası, bu insanların
siyasi və əxlaqi yararsızlığını başa düşərək onları dəstəkləməyən
xalqın mövqeyi. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud
Mirəli oğlu "Reytinq" qəzetinin müxbirinə müsahibəsində
(09.11.2014) etiraf edir: "Biz öz üzərimizə götürdüyümüz işlərin
öhdəsindən gələ bilmədik. Hakimiyyəti əldə saxlaya bilmədik...
Üstəlik, baş verən proseslərdən nəticə çıxarmayıb, indiki vəziyyətə
düşdük". Beləliklə, öz üzərinə "beşinci kolon" rolunu götürmüş
radikal müxalifətin əsas səciyyəvi cəhətləri ideya–siyasi boşluq,
sosial bazanın məhdudluğu və pərakəndəlik, korporativ maraqların
dövlət maraqlarından üstün tutulması, qisasçılıq cəhdləri,
konstruktiv dialoqdan və siyasi mübarizənin sivil metodlarından
çəkinməkdir. Radikal müxalifət düşərgəsində yaranmış bu vəziyyət
ilk növbədə tarixi şəraitlə bağlıdır. İş burasındadır ki, onun
sıraları lap əvvəldən əsasən həyatda bəxti gətirməyən, bizim
regionda cərəyan edən proseslərin həqiqi mahiyyətini anlamaqdan
uzaq olan qeyri-sosial, riyakar elementlər hesabına artmışdır.
Paradoksdur ki, bu partiyalar ciddi dəyişikliyə məruz qalmayaraq,
bu gün də öz dağıdıcı siyasətini davam etdirir. Bu siyasi qrupların
fəaliyyətinin təhlili göstərir ki, onların dövlət quruculuğu,
ölkənin daxili və xarici siyasəti, geosiyasi reallıqlar və
çağırışlar barədə lazımi təsəvvürləri yoxdur. Radikal müxalifət
cəmiyyətə faydalı ideyalar və real proqramlar təklif etmək,
vətəndaşların etimadını qazanmaq iqtidarında olmadığından, ölkə
hüdudlarından kənarda özünə dayaq axtarmağı üstün tutur. O, öz
hakimiyyət ambisiyalarını təmin etmək xatirinə beynəlxalq
instansiyalara çirkin insinüasiyalar, böhtanlar göndərir, xaricdəki
antiazərbaycan dairələri ilə əməkdaşlıq edir və dövlətimizin
müstəqil siyasətinə xaricin təzyiq aləti kimi çıxış edir. İndiki
radikal müxalifətin aqressivliyinin və millətə zidd mahiyyətinin
səbəbi onun qisasçılıq cəhdləri, özünün acizliyini etiraf etmək
istəməməsidir.
Siyasi naşılıq və vətənpərvərliyin, konstruktivizm
qabiliyyətinin olmaması, hakimiyyət hərisliyi, hadisələrə
dövlətçilik təfəkkürü mövqeyindən qiymət verməyi bacarmamaq və
xaricdəki antiazərbaycan qüvvələrindən asılılıq nəticəsində radikal
müxalifət hökumətə qarşı mübarizəni dövlətin maraqlarına qarşı
mübarizəyə çevirib. Bugünkü radikal müxalifətin daha bir səciyyəvi
antimilli cəhəti cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni
həyatında müsbət nə varsa, hamısının tamamilə inkar edilməsində
ifadə olunan sosial-siyasi nihilizmdir. O, "nə qədər pis olsa, bir
o qədər yaxşıdır" prinsipini rəhbər tutaraq, iqtidarın siyasətini
hər vasitə ilə hörmətdən salmağa çalışaraq özünün bütün cüzi
resurslarını müstəqillik illəri ərzində ölkəmizdə qazanılmış
uğurlara və müsbət dəyişikliklərə qara yaxmağa yönəldir. Radikal
müxalifətin daimi siyasi uğursuzluqları və ambisiyalarının
perspektivsizliyini başa düşməsi nəticəsində öz planlarına ümidi
itmiş, o, bədbinliyə və marginallaşmaya məruz qalmış, hakimiyyət
uğrunda mübarizəsi isə pozucu fəaliyyət səviyyəsinə enmişdir.
Strategiya – postsənaye cəmiyyətinin
qurulması
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev güclü
iqtisadiyyat yaradılması xəttini əsas götürərək müasir müstəqil
Azərbaycanın möhkəm təməlini qoyub. O, çox yaxşı bilirdi ki,
üzdəniraq "beşinci kolon" kənar qüvvələr tərəfindən formalaşır və
dəstəklənir, bu qüvvələrə güclü Azərbaycan dövləti lazım deyil və
onlar həmişə güclü müstəqil Azərbaycan yaradılması prosesinə qarşı
çıxacaq, ölkəmizin imicini ləkələməyə çalışacaqlar. Ümummilli lider
Heydər Əliyev bu cəhdlərin qarşısını almaq üçün çoxvektorlu xarici
siyasət yürütməyə başladı. O, "Əsrin müqaviləsi"ni imzalamaqla
əslində müstəqil Azərbaycanı iqtisadi yolla boğmağa çalışanlara
tarixi hökm imzaladı.
Heydər Əliyev ABŞ-ın banilərinin və ya demokratik Avropa
siyasətçilərinin prinsiplərini tətbiq etməklə bilirdi ki,
Azərbaycan Respublikası üçün beynəlxalq birliyə ən yaxşı
inteqrasiya yolu sabitlikdən, iqtisadiyyatdan və demokratiyadan
keçir. Bu cür dərindən dərk edilmiş və uzaqgörən siyasət qısa
müddətdə böyük uğurlar qazanmağa imkan verdi. Ölkəmizin
iqtisadiyyatına xarici sərmayələr gəldi, beynəlxalq şirkətlərin
ölkəmizdə nümayəndəlikləri açıldı, Azərbaycanın səsi beynəlxalq
tribunalardan eşidildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında həqiqət, nəhayət, dünya ictimaiyyətinə çatmağa
başladı."Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə dair
bu yaxınlarda imzalanmış yekun investisiya sazişi də çox böyük uğur
oldu. "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi günündə
"Cənub" qaz dəhlizinin təməlinin təntənəli şəkildə qoyulması
hadisəsi artıq "XXI əsrin müqaviləsi" adlanır. Bu, Azərbaycanın
beynəlxalq arenada mövqelərini daha da gücləndirəcək, ölkəmizin
enerji tərəfdaşı kimi etibarlılığını və onun geosiyasi mövqeyinin
əhəmiyyətini bir daha sübut edəcəkdir. Prezident İlham Əliyev
"Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyinə həsr edilmiş
təntənəli mərasimindəki çıxışında xüsusi vurğulayıb ki, bu layihə
azı 100 il ərzində təkcə Azərbaycana deyil, tərəfdaş dövlətlərə də
dividend gətirəcəkdir. Heç kəs şübhə etmir ki, Azərbaycan sadəcə
neftin və qazın səmərəli təchizatçısına deyil, Avropanın enerji
təhlükəsizliyinin qarantlarından birinə çevrilir. Bu, əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş böyük
strategiyanın – Azərbaycanı müasir özünəyetərli dövlətə çevirmək
strategiyasının yalnız bir hissəsidir. Prezident İlham Əliyev
Heydər Əliyevin siyasi irsini yeni ideyalarla zənginləşdirərək son
on ildə Azərbaycanı dünya birliyinin uğurlu ölkələri sırasına
çıxarıb. Bu gün Azərbaycan Cənubi Qafqazda liderdir və regionda heç
bir iri beynəlxalq layihə bizim milli maraqlarımız nəzərə alınmadan
uğurla həyata keçirilə bilməz. Bakı-Tbilisi-Qars,
Astara-Rəşt-Qəzvin dəmir yolu layihələri və onların tezliklə,
uğurla başa çatdırılması nəticəsində Bakı Qərb ilə Şərq, Şimal ilə
Cənub arasında münasibətlərin əsas mərkəzinə çevriləcək. Bu gün
Azərbaycan postsənaye (informasiya) cəmiyyəti quruculuğu
yolundadır. Postsənaye cəmiyyətinə keçid ideyası son on ildə
Azərbaycanın inkişaf məntiqinə uyğundur. Bizim üçün postsənaye
cəmiyyəti elə bir cəmiyyətdir ki, onun iqtisadiyyatında innovasiya
sektoru, ona xas olan yüksək məhsuldarlıqlı sənaye, sosial-iqtisadi
fəaliyyətin bütün formalarında zəruri biliklər bazası, ümumi daxili
məhsulda yüksək keyfiyyətli innovasiya xidmətlərinin payının yüksək
olması, bütün fəaliyyət növlərində rəqabət qabiliyyəti üstünlük
təşkil edir.
Əlbəttə, Azərbaycan üçün postsənaye cəmiyyəti gələcəyin iqtisadi
sistemidir. Lakin artıq bu gün həmin gələcəyin ciddi təməli
yaradılır: milli innovasiya sistemi formalaşır, istehsalın
texnolojiləşməsi tədricən artır. İnnovasiya sisteminin əsas məqsədi
əhalinin həyat səviyyəsinin və həyatın keyfiyyətinin artırılması
üçün dinamik iqtisadi inkişafın obyektiv ilkin şərtlərini
yaratmaqdır. Hökumət "insan kapitalı"nın təkrar istehsalı
probleminə böyük diqqət yetirir, bu kapital investisiya resursu və
istehsalın əsas amili hesab edilir. Yəni, insan kapitalı quruculuq
prosesinin getdikcə daha əhəmiyyətli resursuna çevrilir. Hökumət
başa düşür ki, ölkənin sosial-iqtisadi inkişafının səmərəliliyini
yalnız innovasiyalı iqtisadiyyatın təşəkkülü və inkişafı əsasında
artırmaq mümkündür. Bu məqsədə nail olmaq üçün respublikada güclü
innovasiya fəaliyyəti vüsət alıb. Bu, istehsalatda yüksək iqtisadi
səmərəyə nail olmağa imkan verəcək. Bu baxımdan ölkədə bir neçə il
bundan əvvəl yaradılmış texnoloji parklar həmin sistemin mühüm
elementidir. Tezliklə texnoloji biznes inkubatorları, habelə sənaye
müəssisələri klasterləri, yəni, birgə məqsədlərə nail olmaq və ya
ümumi problemləri həll etmək üçün birləşən sənaye müəssisələrinin
məcmusu yaradılacaq. Prezidentin Fərmanı ilə (noyabr 2012-ci il)
Pirallahı qəsəbəsində informasiya texnologiyaları sahəsində
biznes-inkubator üçün 50 hektar sahə ayrılıb, burada ofis
mərkəzinin, elmi tədqiqat institutlarının, inkubasiya mərkəzinin,
istehsalat obyektlərinin yaradılması üzrə intensiv iş aparılır.
Bütün bunlar bizim iqtisadiyyatda yeni istiqamətlərdir. Bu
proseslər texniki, texnoloji və sosial yeniləşmənin, yəni, yeni,
kreativ sinfin formalaşmasının təsiri altında baş verəcək. Bu,
təbiidir, çünki postsənaye cəmiyyəti quruculuğu bu yeni sosial
elementin formalaşması ilə müşayiət olunur. İstehsalın postsənaye
mərhələsinin həlledici amili, onun mahiyyəti cəmiyyətin
sosial-iqtisadi inkişafının ən vacib və mühüm resursları olan
informasiya və biliklərin müstəqil formalaşması olacaq. Elmdə bu
mərhələyə informasiya cəmiyyəti və informasiya iqtisadiyyatı kimi
tərif verilir. Qeyd etmək lazımdır ki, informasiya cəmiyyətinə
keçid strategiyasını 2003-cü ildə təsdiq etmiş Azərbaycan bu sahədə
dünyada ilk dövlətlərdən biri və Cənubi Qafqazda yeganə
dövlətdir.
Azərbaycan kreativ iqtisadiyyatın yaradılması ilə paralel olaraq
başqa dövlətlərin daxili işlərinə qarışmamağa əsaslanan "yumşaq
güc" konsepsiyasını da formalaşdırmağa başlayıb. Bizim "yumşaq güc"
konsepsiyamız Azərbaycan xalqının tarixinin, mədəniyyətinin,
tolerantlığının, onun potensialının hərtərəfli nümayiş etdirilməsi
yolu ilə milli maraqların təbliği ideyasına əsaslanır, bununla da
beynəlxalq arenada dövlətimizə etimad artırır. Başqa amillərlə
yanaşı, ölkənin imicini inkişaf etdirən turizm, mədəniyyət və idman
kimi spesifik sahələrin maddi bazasının sürətli inkişafı bu
konsepsiyanın tərkib hissələridir. Azərbaycanda Beynəlxalq
Humanitar Forumun, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun,
Davos İqtisadi Forumunun, "Eurovision-2012" mahnı müsabiqəsinin,
2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə "Formula-1"
avtoyürüşlərinin və 2020-ci ildə futbol üzrə Avropa çempionatı
matçlarının keçirilməsi – bütün bunlar Azərbaycanın sosial-iqtisadi
həyatının müxtəlif sahələrində qazandığı böyük nailiyyətlərin
beynəlxalq strukturlar tərəfindən etiraf edilməsi və
qiymətləndirilməsi deməkdir. Azərbaycanın qarşıya qoyduğu hədəflərə
nail olması yolunda tərəqqisi nüfuzlu nəşrlərin və təsisatların
dünya reytinqləri ilə də təsdiqlənir. Məsələn, Davos İqtisadi
Forumunun ("The Vorld Economic Forum") bu yaxınlarda dərc edilmiş
reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyəti
göstəricisi üzrə 38-ci yeri tutub. Dünya Bankının araşdırmalarının
nəticələrinə görə, "Doing Business 2014" beynəlxalq reytinqində
Azərbaycanın mövqeləri xeyli yaxşılaşıb.
Dünya standartları baxımından Azərbaycan iqtisadiyyatı ÜDM-in
həcminə görə də yüksəlib. Ümumi daxili məhsulun 50 faizdən çoxu
qeyri-neft sektorunda istehsal edilir. İşsizlik göstəricisi 5 faiz
səviyyəsindədir. Ölkənin xarici borcu ÜDM-in təxminən 8 faizinə
bərabərdir. Azərbaycan internetdən pulsuz istifadənin təmin
edildiyi azsaylı ölkələrdən biridir. BMT-nin insan potensialının
inkişafı göstəricisinə görə Azərbaycan 2013-cü ildə region
ölkələrinin çoxunu qabaqlayaraq dünyada 76-cı yeri tutub və insan
potensialının inkişaf göstəricisi yüksək olan dövlətlər
sırasındadır. 2014-cü ildə ölkəmiz əldə edilən gəlirin illik
artımına görə lider ölkələr sırasına daxildir. Bu barədə
Euromonitor İnternational şirkətinin araşdırmasında qeyd edilir.
2014-cü ildə əldə edilən real gəlirin artımının 11,5 faiz
səviyyəsində olacağı proqnozlaşdırılır. Həmin araşdırmada deyilir:
"Qeyri-neft sektoru ölkədə gəlirlərin artmasını təmin etməklə
Azərbaycanda məşğulluğun artmasının əsas mənbəyinə və generatoruna
çevrilib". Bu göstərici üzrə lider ölkələr sırasına Azərbaycandan
başqa Səudiyyə Ərəbistanı, Çin və Qazaxıstan da daxildir. Artıq 20
ildir ki, Azərbaycan balanslaşdırılmış xarici siyasəti uğurla davam
və inkişaf etdirir. Bu strategiya postsovet məkanında 2008-ci ilin
avqustunda Gürcüstanda müharibə və 2014-cü ildə Ukrayna böhranı
kimi hadisələrdə uğurla sınaqdan çıxarılıb. Azərbaycan bəzi
dövlətlərdən fərqli olaraq ayrı-ayrı fövqəldövlətlərin maraqlarının
icraçısı olmadığını dünyaya ardıcıl surətdə nümayiş etdirməklə
hadisələrin qiymətləndirilməsində və beynəlxalq problemlərin
həllində müstəqil yanaşma tərəfdarıdır, həmişə beynəlxalq hüququn
normalarından və ölkənin maraqlarından çıxış edir. Məsələn,
Gürcüstan üçün ağır dövrdə Azərbaycan onu qazla təchiz etməklə
dəstəkləyib, İranın nüvə proqramı məsələlərinin dinc yolla həlli
üçün ardıcıl olaraq çıxış edir. Ukrayna böhranında biz BMT-nin Baş
Məclisində səs verməklə Ukraynanın ərazi bütövlüyünü dəstəklədik,
eyni zamanda, bu ölkənin daxili işlərinə qarışmağı, ölkədə
hərc-mərcliyə səbəb olmuş siyasəti pislədik. Bizim fikrimizcə, bu
cür hərəkətlər, yalnız odun üstünə yağ tökür, nəticədə heç bir
təqsiri olmayan dinc insanlar zərər çəkir. Bizim dövlətimiz hər
hansı ölkəyə qarşı hər hansı sanksiyalar tətbiq edilməsinin
perspektivsiz olmasına əmindir. Ədalətlilik, beynəlxalq hüquqa,
dövlətlərin ərazi bütövlüyünə riayət edilməsi, onların daxili
işlərinə qarışmamaq və dialoq ən mürəkkəb dövlətlərarası
problemlərin həllinin açarıdır. Tam ədalətli söhbət gedirsə, onda
Maydan tribunasından iğtişaşlara və hakimiyyəti ələ keçirməyə
çağıranlara, yaxud 20 ildən artıq müddətdə Azərbaycan ərazisinin 20
faizini ilhaq etmiş, zəbt olunmuş torpaqların azad edilməsi barədə
BMT-nin 4 qətnaməsini yerinə yetirməyən Ermənistana qarşı
sanksiyalar tətbiq etmək lazımdır. 2011-ci ildə Azərbaycanın BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bizə uğurlu
xarici siyasət strategiyamızınqlobal səviyyədə həyata keçirilməsini
davam etdirməyə imkan verdi. Dünya nizamı və onun yaxşılaşdırılması
imkanları barədə danışarkən 2014-cü ilin oktyabr ayında Bakıda
keçirilən Beynəlxalq Humanitar Forumda Prezident İlham Əliyevin
çıxışından aşağıdakı sözləri qeyd etmək yerinə düşər: "Hesab edirəm
ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada
müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər
ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə
də hörmətlə yanaşmalıdır - həm beynəlxalq müstəvidə, həm
dinlərarası dialoq, humanitar sahədə…". Prezidentin bu sözləri
Neovestfal beynəlxalq münasibətlər sisteminin möhkəmləndirilməsi
zərurətinə diqqəti artırmağa çağırışdır. Həmin sistemdə dövlətlərin
qərarlar qəbul etməkdə real suverenliyi qlobal sabitlik üçün bazis
olmalıdır. Biz çoxqütblü dünya anlayışını adi ritorika kimi deyil,
strateji zərurət kimi qavrayırıq. Bir "qüvvə mərkəzi"nin
hegemonluğu özünü doğrultmadı. O, qlobal xarakterli problemlər
yaradır, dünya nizamını və beynəlxalq münasibətlərdə tarazlığı
pozur, dövlətlər arasında etimada əsaslanan münasibətlər
yaranmasına mane olur. Qlobal təhlükəsizliyin təmin edilməsi,
terrorizmin və separatizmin, dini fanatizmin aradan qaldırılması
dövlətlərarası münasibətlərdə dövlətlərin daxili işlərinə
qarışmamaq, habelə hüquq bərabərliyi və qarşılıqlı hörmət
prinsiplərinə riayət edilmədən mümkün deyil.
Bizim üçün dövlət suverenliyinin dəstəklənməsi məsələsi ölkədə
sabitliyin saxlanması üçün əsasdır. Lakin özünütəcrid siyasəti bizə
yaddır. Azərbaycan heç vaxt özünü dünyadan "Çin səddi" ilə ayırmağa
çalışmayıb. Biz ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu,
bizim üçün prioritetdir. Sivilizasiyalı dövlət olan Azərbaycan
bütün dövlətlərlə, Avropa Şurası ilə, digər beynəlxalq
təşkilatlarla ikitərəfli münasibətləri inkişaf etdirmək
arzusundadır. Biz ən yaxşı dünya təşkilatı praktikasını əks
etdirən, öz üzvlərini dəstəkləyən Avropa İttifaqına daha yaxın
olmağa çalışırıq. Biz istəyirik ki, bu siyasi qurumla
münasibətlərimiz praqmatik yanaşmaya əsaslansın, qarşılıqlı
maraqları əks etdirsin. Biz dünya xalqlarının maraqlarımıza cavab
verən, mentalitetimizə uyğun olan və inkişafımızın sürətlənməsini
təmin edən təcrübəsini əxz etməyə çalışırıq və bu niyyətlər konkret
əməli addımlarla dəstəklənir. Prezident İlham Əliyev Azərbaycanın
xarici siyasətinə hücum xarakteri verib. Lakin bu kursla yanaşı,
biz həm də müdafiə qabiliyyətimizi möhkəmlədirik. Ərazisinin
beşdəbir hissəsi Ermənistan tərəfindən işğal edilmiş ölkə realizmin
"Sülh istəyirsənsə, müharibəyə hazırlaş" prinsipinə riayət etmədən
mövcud ola bilməz. Bu gün bizim təkcə hərbi büdcəmiz Ermənistanın
bütün büdcəsindən xeyli artıqdır, Azərbaycanın modernləşdirilmiş
hərbi sənaye kompleksinin (HSK) məhsullarına isə artıq xarici
bazarda tələbat var. Əlbəttə, biz münaqişənin dinc yolla həll
edilməsinin tərəfdarıyıq. Lakin əgər beynəlxalq birlik
fəaliyyətsizlik göstərsə və problemin həllini sonsuz uzatsa, bizim
başqa variantımız - bu məsələnin Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi çərçivəsində həlli variantı da var. Güclənən
iqtisadiyyat, uğurlu xarici siyasət strategiyası və möhkəmlənən
hərbi potensial Azərbaycanın uğur qazandığı yeganə sahələr deyil.
Vətəndaş cəmiyyətinin inkişafı da bizim hökumətin prioritetləri
siyahısındadır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edilməsindən keçən iyirmi beş ilə yaxın müddətdə demokratiyanın
inkişafı, insan hüquqları, dövlət orqanlarının açıqlığı və onların
vətəndaş cəmiyyətinə hesabat verməsi, dövlət orqanları tərəfindən
ölkə vətəndaşlarına təqdim olunan xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması sahələrində mühüm islahatlar aparılıb. Azərbaycan
əsla inkar etmir ki, vətəndaş cəmiyyətinin inkişafı və demokratiya
təsisatlarının möhkəmlənməsi sahəsində hələ çox işlər görülməlidir.
Biz başa düşürük ki, demokratik inkişaf siyasi mədəniyyətin, sosial
psixologiyanın və vətəndaşların davranışının mürəkkəb və uzun
təkamül, transformasiya prosesidir. Bu problemlər yuxarıdan,
xüsusən kənardan zorla qəbul etdirilmə yolu ilə dərhal həll oluna
bilməz. Bu cür eksperimentlər bizə yaxşı məlumdur və onların necə
hərc-mərcliyə və qanunsuzluğa gətirib çıxarmasını əyani şəkildə
görürük.
2013-cü il prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi
ölkə əhalisinin əksəriyyəti tərəfindən onun Azərbaycanı inkişaf
etdirmək kursunun dəstəklənməsini göstərən bariz nümunədir.
Ölkəmizin hər bir vətəndaşı Azərbaycanın sosial-iqtisadi və siyasi
inkişafının artan tempini öz nümunəsində hiss edir. Azərbaycan
hökuməti tərəfindən həyata keçirilən uzunmüddətli islahatlar bütün
bunların səmərəli bazasıdır. Həmin islahatlar arasında qeyri-neft
sektorunun, insan kapitalının, informasiya texnologiyalarının,
vətəndaş cəmiyyətinin inkişafını, dövlətin öz vətəndaşlarına
hesabat verməsini və aşkarlığı qeyd etmək olar. Aşkarlığın və
vətəndaşlara göstərilən xidmətlərin səmərəliliyinin artırılması
sahəsində son uğurlu islahatlardan biri Prezidentin ideyası
əsasında yaradılmış "ASAN xidmət"dir. Avropa Şurasının baş katibi
Turbyörn Yaqland ölkəmizdə səfərdə olarkən ASAN sosial
infrastrukturunu nadir, innovasiyalı və korrupsiyadan uzaq sistem
adlandıraraq Qərbi Avropa ölkələrini Azərbaycandan nümunə götürməyə
çağırıb. Bu gün məhz "ASAN xidmət" korrupsiyaya qarşı mübarizə və
dövlət orqanlarının transparentliyinin təmin edilməsi sahəsində
uğurlu islahat nümunəsidir. BMT İnkişaf Proqramının rəhbəri Helen
Klark bu yaxınlarda Azərbaycanda səfərdə olarkən məhz bu təcrübəni
qeyd edib, başqa ölkələri Azərbaycandan nümunə götürməyi tövsiyə
edib.
Transparency İnternational təşkilatı tərəfindən aparılmış
sorğunun nəticələrinə görə vətəndaşların 68 faizi korrupsiyaya
qarşı mübarizə sahəsində aparılan islahatlardan razıdır. Təbii ki,
bu işdə ölkənin regionlarında yaradılmış ASAN mərkəzləri mühüm rol
oynayır. Həmin mərkəzlər sayəsində bu gün ölkəmizin vətəndaşları
"bir pəncərə" prinsipi üzrə işləyən 10 dövlət orqanının
xidmətlərindən istifadə edə bilirlər. Vətəndaşlar bu mərkəzi tərk
etmədən operativ, açıq, keyfiyyətlə və bürokratik əngəllərsiz öz
məsələlərini həll edirlər. Əgər Qərb və onun yaratdığı beynəlxalq
vətəndaş cəmiyyəti təsisatları Azərbaycanda demokratiyanın
inkişafı, insan hüquqları və transparentlik barədə belə narahatlıq
keçirirlərsə, onda bu sahədə bizim uğurlarımızı niyə qeyd etmirlər?
Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının bəzi aspektlərində
hətta Avropanın da bacarmadığı sahələrdə uğur qazanıb. Məsələn,
multikulturalizm və tolerantlıq sahəsində. Azərbaycan özünün hər
bir vətəndaşının konstitusion hüquq və azadlıqlarına təminat
verməklə müxtəlif konfessiyalara və millətlərə məxsus insanların
onun ərazisində dinc yanaşı yaşamasını təmin edib. Bununla bərabər,
əhalinin əksəriyyətinin İslam dininə etiqad etməsinə baxmayaraq,
Azərbaycan dünyəvi dövlət kimi qalıb.
Bu il oktyabrın 2-3-də keçirilmiş Bakı Beynəlxalq Humanitar
Forumunda Prezident İlham Əliyev deyib: "Azərbaycanda bütün xalqlar
dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt
Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb
və bu, bizim böyük sərvətimizdir... Multikulturalizm Azərbaycanda
həyat tərzidir...". Prezidentin bu sözləri ölkəmizdə müxtəlif etnik
və dini qrupların dinc yanaşı yaşamasının və kooperasiyasının bütün
mahiyyətini və reallığını əks etdirir. Bu, Avropa ölkələrində eyni
qəbildən problemlərin həlli üçün uğurlu nümunə ola bilər.Bunlar,
necə deyərlər, "aysberqin yalnız görünən hissəsidir", yəni,
ölkəmizin qazandığı nailiyyətlərdən yalnız bir neçəsidir.
Fundamental demokratik prinsiplərə möhkəm sədaqətini qoruyub
saxlayan müstəqil respublikamız müxtəlif sahələrdə öz potensialını
günbəgün artırır. Azərbaycan müasir müstəqil dövlət kimi hələ gənc
olmasına baxmayaraq, böyük siyasətin iştirakçısına çevrilib. Heydər
Əliyevin təbirincə desək, bu siyasəti cılız hisslərə və maraqlara
tabe etmək olmaz. Hərçənd, "beşinci kolon"un nümayəndələri xaricdən
aldıqları göstərişləri rəhbər tutaraq bunu etməyə uğursuz cəhdlər
göstərirlər. Sevindirici haldır ki, dünyada dostlarımızın sayı daim
artır. Lakin britaniyalı yazıçı Kolin Qrinlendin dediyi kimi,
"Uğurlu olmaq paxıllıq üçün münbit mühitdir". Buna görə də təəssüf
ki, elə opponentlər və bədxahlar var ki, güclü Azərbaycan onlar
üçün sanki boğazda qalan sümükdür. Ölkəmizin mürəkkəb geosiyasi
məkanda yerləşməsinə baxmayaraq, müstəqil siyasət yeritməsi də heç
də hamının xoşuna gəlmir. Bizim uğurlarımıza sevinənlərlə yanaşı,
Azərbaycanın əleyhdarları da var. Belələri arasında erməni lobbisi
və onun təsiri altında olan riyakar və korrupsiyaya qurşanmış, o
cümlədənamerikalı siyasətçilər xüsusi yer tutur. Belələri erməni
lobbisinin pulu hesabına yaşadıqlarına görə həqiqəti israrla
görməzliyə vurur və daim Azərbaycanı hörmətdən salmağa çalışırlar.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1998-ci ildə "The
New-York Tayms" qəzetinin jurnalistinin ABŞ-da korrupsiyaya onun
münasibəti barədə sualının cavabında çox nəzakətlə demişdi: "Mən
konqresmenlərdən soruşdum ki, onların Ermənistanla əlaqələri nə
üçün bu dərəcədə sıxdır? Dedilər ki, erməni diasporu onlara çoxlu
pul verir. Mən də sizdən soruşuram – məgər bu, korrupsiya
deyilmi?".
"Qara qızıl"ın insan kapitalına çevrilməsini, qeyri-neft
sektorunun inkişafını nəzərdə tutan uzaqgörən milli neft-qaz
strategiyası, siyasi və iqtisadi islahatlar, vətəndaş cəmiyyətinin
tərəqqisi və Azərbaycan xalqının milli maraqlarının müdafiəsi –
bütün bunlar bizim dövlətimizə dünyanın 100-dən çox ölkəsi ilə
qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər yaratmağa, 155
ölkənin dəstəyini qazanmağa imkan verib. Hər bir qlobal məsələyə
dair Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanaraq bəyan
etdiyi prinsipial və birmənalı mövqeyi bu işdə az rol oynamayıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi bu cür düşünülmüş və
müdrik xarici siyasət sayəsində Azərbaycan qısa müddətdə dünyada
böyük etimad və hörmət qazanıb. Bu, şüurlu şəkildə demokratiya və
tərəqqi yolu seçmiş bütün Azərbaycan xalqının xidmətidir.
Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, demokratiya yolunu
biz kiminsə təzyiqi altında deyil, özümüz seçmişik. Bizim
prioritetlər demokratik, sivil, hüquqi dövlət qurulması,
özünəyetərli iqtisadiyyat yaradılması, əhalinin həyat şəraitinin
daha da yaxşılaşdırılması, ənənəvi dəyərlər və Vətənə məhəbbət
əsasında milli həmrəylikdir. Bütün bunlar postsənaye (informasiya)
cəmiyyəti quruculuğu məcrasında həyata keçirilir. Bu yol böyük
dövlət və siyasət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi,
Prezident İlham Əliyevin reallaşdırdığı strateji seçimdir. Bir daha
vurğulamaq istərdik ki, bugünkü Azərbaycan sürətlə inkişaf edən,
Qafqazda regional gündəliyi formalaşdıran dövlətdir. Bizimlə
beynəlxalq hüquq normalarına uyğun münasibətlər qurmağa meyil edən
ölkələr və beynəlxalq münasibətlər sisteminin digər iştirakçıları
Azərbaycanda həmişə hörmət və dəstək görəcəklər. Bizim dövlət
beynəlxalq münasibətlərdə nəsihətçi tonunu, xüsusən "müəllimlər" öz
dövlətlərindəki ciddi problemlərə göz yumanda, qəbul etmir. Biz
bəyanatları və sözləri ilə əməlləri üst-üstə düşən ölkələrə həmişə
hörmət göstərmişik. Dildə bir söz deyən, əməllərində isə
Azərbaycana tamam başqa münasibət nümayiş etdirən dövlətlər bizim
etimadımızı qazana bilməzlər.
Dövləti idarə etmək məharəti
Məşhur amerikalı filosof Frensis Fukuyamanın fikrincə, "güclü
dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir.
Çünki dövlətlərin zəifliyi və dağılması dünyanın çoxsaylı ən ciddi
problemlərinin mənbəyidir". Onunla razılaşmalıyıq. Dövlətin
funksiyasını heç vaxt zəiflətmək olmaz, hərçənd müasir liberalizmin
tərəfdarları cəmiyyətə bunu təlqin etməyə çalışırlar ki, vətəndaş
cəmiyyəti təşkilatları dövlətin vəzifələrinin çoxunu öz üzərinə
götürə bilərlər. Zənnimcə, onlar ciddi yanılırlar. Liberalizmin
adeptləri və idealistlər nə deyirlər desinlər, onlar öz baxışlarını
əsaslandırmaq üçün nə qədər çalışsalar da, bizim güclü dövlətə və
müxtəlif növ anarxistlərin "qırmızı xətti" keçmələrinə imkan
verməyən güclü hakimiyyətə ehtiyacımız var. Cəmiyyətdə sabitliyin
təmin edilməsində dövlətin rolu o qədər böyükdür ki, onu heç bir
ictimai təşkilat əvəz edə bilməz. Yaxın keçmişdə Franklin Ruzvelt,
Uinston Çörçill, general Şarl de Qoll, İosif Stalin, sonrakı
illərdə isə Konrad Adenauer, Fransua Mitteran, Mao Tszedun kimi
görkəmli dövlət xadimləri bunu öz fəaliyyətləri ilə sübut ediblər.
Bunu tarixin gedişi də sübut edib. Təbii ki, hər bir siyasətçi, ilk
növbədə, öz dövlətinin maraqlarını qoruyur. Lakin bununla bərabər,
müharibədən sonrakı dövrdə dünya nizamının, qlobal və regional
təhlükəsizliyin prinsipləri məhz bu cür parlaq siyasətçilər
tərəfindən, onların səyləri ilə müəyyən edilib. Bu gün dünya siyasi
səhnəsində belə güclü şəxsiyyətlər və dövlət xadimləri yoxdur.
Onların yerlərini bu cür lider keyfiyyətlərinə, fitri xarizmaya və
yüksək nüfuza malik olmayan adamlar tutub. Məhz bu səbəbdən, onlar
dəyişmiş dünyada ümumbəşəri həmrəyliyi təmin etmək iqtidarında
deyildir. Bu gün bir sıra ölkələrdə siyasətçilər öz hərəkətlərində
ikili mövqe tuturlar: onlar bir tərəfdən diqqətlərini daxili
problemlər üzərində cəmləşdiriblər, çünki dünya siyasət səhnəsinə
çıxmaq üçün əvvəlcə müxtəlif vədlərlə seçicilərin dəstəyini
qazanmalı olurlar. Digər tərəfdən - əsrlər boyu dövlət xadimlərinin
düşüncəsinə hakim kəsilən regional və qlobal təhlükəsizlik
məsələləri bu gün yenidən onların diqqət mərkəzində olmalı və hətta
əvvəlkindən daha artıq əhəmiyyət kəsb etməlidir. Çünki müharibə çox
baha başa gəlir.
Lakin Qərbin aparıcı dövlətlərinin müasir liderləri zəruri şəxsi
keyfiyyətlərə malik olmadığına və dövləti idarə etmək məharətinə
yiyələnmədiyinə görə öz sələflərindən xeyli geri qalırlar. Xarici
siyasət və ölkənin təhlükəsizliyinin təmin edilməsi çox geniş
əhatəli məsələlərin həlli ilə bağlıdır. Uzaqgörən dövlət xadimi
risklərin və imkanların bütöv spektrini nəzərə almalı və
qiymətləndirməlidir. İndiki şəraitdə xarici siyasət və
təhlükəsizliyin təmin edilməsi, ilk növbədə, qüvvələr balansı və
etibarlı müdafiə sistemi yaratmaq milli mənafeləri qorumaq
deməkdir. Bu mürəkkəb məsələnin həlli üçün milli lider dövlətin
idarə edilməsi sənətinin bütün nüanslarına yiyələnməlidir.
Azərbaycan xalqının iki dəfə bəxti gətirib – bu, 1993-cü və 2003-cü
illərin prezident seçkiləri ilə bağlıdır. Ağılı dövlət xadimi
həmişə yadda saxlayır ki, dövləti vəzifə, ilk növbədə, xalqın
etimadı deməkdir. Buna görə dövlət xadiminin ali vəzifəsi öz
xalqına, dövlətin firavanlığına xidmət etməkdir.
Bu baxımdan, tale Azərbaycan xalqı üçün gözəl gələcək
hazırlayıb. Bu gələcəyi bütün varlığı ilə öz xalqına xidmət edən
Prezident İlham Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. 2003-cü
ilin payızında ölkənin ən birinci vəzifəsində Heydər Əliyevi əvəz
edən İlham Əliyev hərtərəfli düşünülmüş fəaliyyət strategiyasını
daha da zənginləşdirib. Onun fəaliyyəti inqilabi fəaliyyət oldu,
çünki bir onillik ərzində böyük ümidlərin həyata keçməsinə gətirib
çıxardı. Əslində məhz bu, əhalinin iqtidara münasibətini, ictimai
qüvvələrlə dialoqun taleyini müəyyənləşdirir. Prezident İlham
Əliyevin öz qurucu fəaliyyətində əsaslandığı innovasiyalı inkişaf
konsepsiyası ölkənin modernləşməsi, postsənaye cəmiyyəti quruculuğu
proqramında müstəsna rol oynayır. Dövlətimizin başçısı
sosial-iqtisadi xarakterli mühüm təşəbbüsləri bir-birinin ardınca
həyata keçirməklə öz müasirlərində fəaliyyət əzmini coşdurmağa,
layiqli gələcəyin möhkəm əsaslarını qurmaq üçün həmfikirlərini
arxasınca aparmağa nail oldu. O, xalqa verdiyi sözünün üstündə
durdu. Quruculuq sərhədlərini ilbəil genişləndirən nəhəng
islahatlar proqramının xalqa faydası göz qabağındadır. Bu proqram
Azərbaycanın beynəlxalq birlikdə mövqelərini möhkəmlətməyə imkan
verir. Azərbaycanın regionda lider imicinin möhkəmlənməsi bir daha
təsdiq edir ki, Prezident sosial-iqtisadi inkişafda sarsıntılarsız
və itkilərsiz böyük sıçrayış etməyə imkan vermiş universal uğur
formulu tapıb. Azərbaycanda "cazibə mərkəzi" var. Onun mahiyyəti
Prezident İlham Əliyevin irəli sürdüyü "milli ideya"dır. Milli
həmrəylik bu ideya ətrafında cərəyan edir. O, ölkənin inkişafı üçün
əsas mənəvi özəyə çevrilib. Bu ideya postsənaye, informasiya
cəmiyyətinin yolunu işıqlandırır, böyük vəzifələrin həllinə
hədəflənmiş insanları ruhlandırır və birləşdirir. Prezident
Azərbaycan xalqının dəstəyinə arxalanaraq, milli mənafeləri müdafiə
edərək firavan dövlət qurmağa yönəlmiş siyasət yürüdür. Ölkəmizin
hər bir vətənpərvər vətəndaşı əmindir ki, qarşıya qoyulmuş
vəzifələrin həlli yalnız güclü prezident hakimiyyəti və cəmiyyətdə
sabitlik olduğu halda mümkündür. Güclü hakimiyyətin vəzifəsi zamanı
şəraitə və özünə tabe etməkdən, onlardan ölkə üçün maksimum səmərə
əldə etməkdən ibarətdir. Bu istək həmişə və hər yerdə özünü
doğruldur, ölkə vətəndaşlarının inamını möhkəmləndirir.
Qeyri-ordinar qərarların müəllifi olan, orijinal fikirləri
məharətlə böyük işlərə çevirən İlham Əliyev yeni siyasi dəbin
yaradıcısı obrazını təcəssüm etdirir.
O, zamanın və məkanın şəraiti və vəziyyətini ustalıqla idarə
edərək öz komandası ilə birlikdə ölkənin resurs bazasını
genişləndirməkdə, yeni niyyətlər və uğurlarla dünyanı
təəccübləndirməkdə davam edir. Prezident İlham Əliyevin son on
ildəki fəaliyyəti sübut edir ki, tarixdə şəxsiyyətin rolu böyük və
danılmazdır. İlham Əliyevin islahatlar proqramının əsl mahiyyəti
hazırkı şəraitdə milli sənayenin, sosial infrastrukturun, indiki
nəsillərin maddi rifahını və zəngin mənəvi həyat tərzini təmin edə
bilən bütün sahələrin yenilənməsinin cəsarətli və geniş əhatəli
layihələrinə tələbatın nə dərəcədə böyük olmasını nümayiş
etdirdi.Xatırladaq ki, İlham Əliyev dövlət başçısı olan zaman
Azərbaycanda görkəmli siyasi xadim və milli lider Heydər Əliyevin
səyləri ilə iqtisadi və siyasi sabitlik təmin edilmişdi. Ölkə artıq
o vaxt özünü dünya birliyinə özünəyetərli və müstəqil subyekt kimi
təqdim edə bilmişdi. Lakin varis özünün yüksək intellekti və
təşkilatçılıq istedadı sayəsində böyük sələfinin kölgəsindən
çıxmağa və ölkənin nailiyyətlərini artırmağa, səmərəli iqtisadiyyat
yaratmağa nail oldu. Hazırda bu iqtisadiyyat inkişaf indekslərinə
görə dünyada ən dinamik iqtisadiyyatlardan biridir. Bu, yeni
beynəlxalq koordinatlar sistemində gənc müstəqil dövlətin
əhəmiyyətinin və yerinin müəyyən edilməsində mühüm amil rolu
oynadı. Təsadüfi deyil ki, son illərdə Azərbaycan dünyanın aparıcı
ölkələri ilə strateji tərəfdaşlıq qurmağa və inkişaf etdirməyə,
qlobal inteqrasiya proqramına töhfəsini davamlı şəkildə artırmağa
qabil olan subyektə çevrilib. İndi Azərbaycan təkcə Avropanın
enerji təhlükəsizliyinin deyil, həm də böyük Avrasiya məkanında
ümumi təhlükəsizliyin qarantıdır.
Bu, daxili sabitlik, iqtisadi inkişaf, davamlı ictimai-siyasi
nizam, cəmiyyətin həyatının demokratikləşməsi sayəsində mümkün
olub. Bu, qüvvələri və imkanları genişmiqyaslı modernləşmə
proqramlarının həyata keçirilməsi üzərində cəmləşdirməyə imkan
verir. İlham Əliyevin söylədiyi fikirlərin və həyata keçirdiyi
işlərin mahiyyətinə diqqətlə varsaq asanlıqla başa düşmək olar ki,
bu fikirlər və əməli işlər dərindən dərk edilmiş milli ideyadır.
Dövlətimizin başçısı məhz bu ideyadan çıxış edərək ölkəni
postsənaye cəmiyyəti relsləri üzərinə - yüksək səviyyəli orbitə
çıxarmaq kimi möhtəşəm bir planı həyata keçirir. Belə cəsarətli
fəaliyyət xəttini həyata keçirməyi yalnız enerjili, uzaqgörən və
istedadlı lider özünə rəva görə bilər.
Ulu əcdadlarımız deyiblər: "Dövlətin müdrikliklə idarə edilməsi
təhlükəni azaltmaq və onu xalqdan uzaqlaşdırmaq deməkdir". Dövlətin
idarə edilməsi sənətinin mahiyyəti də bundadur. İndiki mürəkkəb
şəraitdə İlham Əliyev həm dövlət maşınını enişli-yoxuşlu yollardan
keçirərək nəzərdə tutulan məqsədə yönəltməyə, həm də gələcək üçün
etibarlı möhkəm təməl yaratmağa nail olub. Daim fəaliyyətdə olan,
beynəlxalq əhəmiyyətli problemlərin həllində ədalətlilik
prinsiplərini müdafiə edən Prezident təkcə öz həmvətənləri arasında
deyil, həm də beynəlxalq dairələrdə yüksək hörmət və nüfuz qazanıb.
O, özünün qeyri-adi qabiliyyətləri, beynəlxalq təhlükəsizlik
problemlərinin, regional və qlobal məsələlərin həllinə, onun
təşəbbüsü ilə başlanmış beynəlxalq layihələrə töhfəsi sayəsində
dünyada sayılıb seçilən siyasi xadim kimi qəbul edilir. Bu,
inkarolunmaz faktdır. Bu cür diqqətə və ehtirama, bir qayda olaraq,
xarizmatik, istedadlı, qeyri-ordinar təfəkkürə və siyasi
intuisiyaya malik olan siyasətçilər layiq görülürlər.
Bu gün Prezident İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun
iqtisadi landşaftını dəyişir, öz liderini inamla dəstəkləyən xalqın
mənəvi dirçəlişi üçün güclü stimula çevrilir. Məhz bu səbəbdən,
Prezident bütün həmvətənlərinin güclü dəstəyini hiss etdiyindən,
Dövlət Bayrağı Meydanındakı nitqini bu sözlərlə bitirib: "Əminəm
ki, biz qarşıya qoyulmuş bütün məqsədlərimizə çatacağıq". Bütün
bunlar Azərbaycan xalqını böyük işlərə ruhlandırır.