Azərbaycan Baş Prokurorluğu jurnalist Xədicə
İsmayılovanın həbs edilməsi ilə bağlı rəsmi məlumat
yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata
görə, "Azadlıq Radiosu" və "Meydan-TV" teleradio şirkətində müxbir
vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 20 oktyabr
2014-cü il tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün
zərərli olan "Sink oksid" dərmanı qəbul edərək özünü öldürməyə cəhd
etməsi faktına görə Səbail rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə
cinayət işi başlanıb.
T.Mustafayev Baş Prokurorluğa müraciət edərək qeyd edilən
KİV-lərdə işlədiyi müddətdə "Azadlıq Radiosu"nun Bakı ofisində
jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş
İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və
təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin
alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar
barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
İstintaqla müəyyən edilib ki, T.Mustafayev 2013-cü ilin fevral
ayında "Azadlıq Radiosu"na bölgə müxbiri vəzifəsinə işə qəbul
olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış
olmaqla aralarında yaxın münasibətlər yaranıb və mütəmadi olaraq
onun mənzilində yaşayıb. X.İsmayılova öz şəxsi əlaqələrindən
istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində,
məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında
bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salıb.
Qısqanclıq zəminində münasibətləri pozulduğundan X.İsmayılova
redaksiyadakı şəxsi nüfuzundan istifadə edərək 2013-cü ilin noyabr
ayında onun işdən azad edilməsinə nail olub. Bir müddət sonra
münasibətləri yenidən normallaşaraq X.İsmayılova onu "Meydan-TV"
teleradio şirkətinə yüksək ödənişli əmək haqqı ilə müxbir
vəzifəsinə işə düzəltdirib. Lakin, T.Mustafayevin başqa qadınla
ailə həyatı qurmaq istəyini bildikdə X.İsmayılovanın bilavasitə
təhriki ilə o, 2014-cü ilin mart ayında teleradio şirkətindən işdən
çıxarılıb.
İstintaqla həmçinin müəyyən edilmişdir ki, T.Mustafayev
X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından
vəziyyətdən çıxış yolu kimi 1 may 2014-cü il tarixdə Bakı şəhərində
kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma
yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə
görə niyyəti baş tutmayıb.
Araşdırmalar zamanı X.İsmayılovanın T.Mustafayevlə
münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı
qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək,
sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi
olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa
yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı
vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin
pisləşməsində, eyni zamanda yaxın münasibətlərinin bərpa
olunmayacağı təqdirdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə
hədələməsində, eləcə də T.Mustafayev ondan əl çəkməyəcəyi halda
özünü öldürəcəyini bildirsə də, X.İsmayılovanın buna əhəmiyyət
verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində
əsaslı şübhələr olduğundan cinayət işi üzrə təqsirləndirilən şəxs
qismində cəlb edilib. Toplanmış sübutlar əsasında X.İsmayılovaya
Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan ittiham elan
edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı əsasında həbs
qətimkan tədbiri seçilib.
Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində iş üzrə
istintaq tədbirləri davam etdirilir.