"Türkiyə-Rusiya münasibətlərinin yeni bir səviyyəyə
çatdığını artıq beynəlxalq dairələr də etiraf edir. Buna
münasibətdə müxtəlif planlar quranlar olacaq. Çünki ötən əsrlər
boyu iki dövlət arasında 13 dəfə baş verən müharibənin törədiciləri
bəzən Qərb dairələri olub".
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc
deyib.
Onun sözlərinə görə, indiki məlum, həssas beynəlxalq şərait
fonunda bu dövlətlər arasında iqtisadi ittifaqın genişlənməsi,
xüsusilə də qaz resursu üzərində bağlanmış yeni sazişlər Türkiyənin
Rusiya qazını Avropaya çıxaracaq mühüm bir hövzəyə çevrilməsi
sıradan bir hadisə deyil:
"Bu, o deməkdir ki, regionda yeni bir iqtisadi ittifaq
şəkillənməkdədir. Azərbaycan da bu prosesdə fəal rol oynaya bilər.
Çünki Qərbin enerji ehtiyacının ödənilməsində, xüsusilə də "Cənub
qaz dəhlizi" mühüm mövqe tutacaq, baxmayaraq ki, ixrac olunacaq
qazın həcmi 10 milyard kub metrdən artıq deyil. Ancaq bura
qoşulacaq digər dövlətlərin fonunda potensial həddən artıq
böyükdür. Belə olan təqdirdə bu iqtisadi münasibətləri bir az daha
irəli apararaq siyasi xətdə daha geniş addımların atılmasını
axtarmalıyıq. Çünki öz-özlüyündə Qərb dairələri bölgədə müxtəlif
proseslərdə aktiv iştirak etsələr də, Rusiya və Türkiyə Cənubi
Qafqazda önəmli rol oynayır. Bu bizim marağımız dairəsindədir.
Türkiyənin birbaşa iştirakı ilə Rusiya və Ermənistanın da qatıldığı
dördtərəfli bir Qarabağ danışıqları başlanılsa, yaxşı olardı. Bu,
praktikada heç vaxt olmayıb. Fəal bir tərəf, tanınmış bir dövlət
olaraq Türkiyənin Qarabağ məsələsində mühüm yerini nəzərə alaraq
onu həm də Ermənistana çağırtdırmaq naminə Rusiya və Türkiyə
tərəfindən belə bir qərarın verilməsini çox istərdim. Təklif
etdiyim bu format qətiyyən hansısa bir beynəlxalq quruma və ATƏT-in
Minsk Qrupunu əvəz etməyə xidmət edəcək bir ideya deyil".
Millət vəkili bildirib ki, bütün hallarda müəyyən bir nəticəyə
gəlinsə belə, yenə də Türkiyəsiz keçinmək mümkün olmayacaq:
"Fəal şəkildə bu proses Rusiya-Türkiyə arasındakı razılaşmalara
bağlıdır. Qarabağ məsələsi öz-özlüyündə sadəcə bir ölkənin, indiki
halda Azərbaycanın ərazisinin bir hissəsi problemi deyil. Qarabağ
danışıqlarına və Türkiyə-Rusiya dialoqlarına Ermənistanın da
qoşulmasının tərəfdarıyam. Görünən budur ki, iki dövlət arasında
münasibətlər bundan sonra da inkişaf edəcək. Çünki bir sıra
məsələlər bəyannamə səviyyəsindədir. Yeni razılaşmalar gözlənilir.
Biz bu yöndə iqtisadi bağları siyasi müstəviyə daşımağı təklif
edirik. Buna görə də Qarabağ məsələsinin 4 ölkə arasında danışıqlar
predmeti olması hazırkı dövrün əsas tələblərindən biridir".