Ana səhifə Gündəm |
Axar.az politoloq Vüqar Zifəroğlu ilə müsahibəni təqdim edir:
– Türkiyənin Suriyanın şimalında əməliyyatı ABŞ, Avropa ölkələri və hətta İran tərəfindən qınandı. Türkiyənin təhlükəsiz bölgə yaratmaq təşəbbüsünə belə qeyri-adekvat reaksiyanın səbəbi nədir?
– Türkiyənin hərbi əməliyyatlara start verməsi ilə bağlı bəyanatından sonra Avropa ölkələri – Fransa, Almaniya, Böyük Britaniya bununla razılaşmadıqlarını bildirdilər. Ardınca da üç ölkə – Misir, Yunanıstan və Kipr tərəfindən eyni motivli bəyanatlar səsləndirildi. ABŞ isə zatən əvvəldən hərbi əməliyyatların keçirilməsinin əleyhinə olduğunu bildirmişdi. Prinsipcə belə reaksiyaların verilməsi gözlənilən idi. Bilirsiniz ki, Suriyada baş verən proseslərdə böyük güclərin maraqları toqquşur. Burda söhbət heç təkcə Suriyadan getmir, Yaxın Şərq böyük dövlətlərin geosiyasi və geoiqtisadi maraqlarının toqquşduğu bir məkandır. Bu mənada hər bir supergücün öz maraqları var və onlar bu maraqlar çərçivəsindən çıxış etməyə çalışır. Bir-bir bu ölkələri təhlil etmək olar. Məsələn, Fransa və Almaniyanın Türkiyənin yeni dalğa başlatmasının əleyhinə çıxış etməsinin ən başlıca səbəbi ilk növbədə qardaş ölkənin mövqelərinin güclənməsində maraqlı olmamalarından irəli gəlir. Ümumiyyətlə, Avropa ölkələrinin Yaxın Şərqdə ən azından 150 illik aktiv bir geosiyasi platforması var. Onlar Osmanlı çökdükdən sonra o boşluqları özləri doldurmağa başladılar. İndi Türkiyənin təkrar bu bölgəyə, özü də çox ciddi bir şəkildə qayıdışı və öz gücünü ortaya qoyması vaxtilə Osmanlının əleyhinə olan bu Avropa ölkələrini narahat edir. Onlar indi yeni, daha güclü, daha modern Türkiyə ilə üz-üzə qalmaqda maraqlı deyillər. Həmçinin burda geosiyasi və geoiqtisadi motivlər ön plana çəkildiyi zaman müəyyən ideoloji, dini məsələlər arxa plana keçir. Yaxın Şərqi idarə etmək təcrübəsi olan bir müsəlman ölkəsinin güc qazanması və özü üçün münbit şərait formalaşdırması ənənəvi xristian ölkələrinin maraqlarında deyil.
- Bəs ABŞ necə?..
- ABŞ əsasən Soyuq savaş dönəmi – 60-cı illərin sonlarından başlayaraq Yaxın Şərqdə daha aktiv rol almağa başladı. Bildiyiniz kimi, o zaman Soyuq müharibə gedirdi və Türkiyə ABŞ-ın, o cümlədən, NATO blokunun aparıcı və önəmli bir ölkəsi idi. O zaman Türkiyə həm Sovet imperiyası, həm də Yaxın Şərq siyasətində kilid ölkə statusunda idi. Lakin dövr dəyişdi, bu gün dəngələr də dəyişib. Bu gün müstəqil xarici siyasət yürüdən Türkiyənin Yaxın Şərqdə möhkəmlənməsi ABŞ-ın maraqları ilə də ziddiyyət təşkil edir. Burada biz artıq Amerikanın müəyyən mənada ərəb ölkələri ilə münasibətlərinə toxunmalıyıq. Çünki ən azı Səudiyyə Ərəbistanında bir neçə il bundan əvvəl baş vermiş vəliəhd dəyişikliyi onu göstərdi ki, ABŞ Yaxın Şərqdə yeni – Türkiyəyə alternativ bir model ortaya qoymaqda maraqlıdır. Vəliəhd dəyişikliyindən sonra bir sıra proseslər baş verdi – Qətər böhranı ortaya çıxdı, Yəməndə husilərin hərəkatı daha aktiv fazaya keçdi, Qaşıqçı cinayəti oldu. Bütün bunlar əslində ərəb ölkələrinin içində də müəyyən problemlərin olduğunu ortaya qoydu. Bununla da Türkiyənin rolunun əslində çox ciddi və əvəzsiz olmasıyla bağlı bir fikir yarandı. Lakin istənilən halda ABŞ-Türkiyə münasibətlərində zaman-zaman həm yaxınlaşmalar, həm də qopmalar, ayrılmalar olub. İstənilən halda, indiki məqamda Türkiyənin güclənməsi şübhəsiz ki, ABŞ-ın maraqlarına uyğun gəlmir. Bu mənada ABŞ daha çox regionda müxtəlif terrorçu qrupları dəstəkləməklə öz planlarını həyata keçirməyə çalışır. Buna misal olaraq separatçı kürd qruplaşmalarını – PYD, PJAK, PKK-nı göstərə bilərik. Türkiyənin hərbi əməliyyatlar keçirməsi əslində ABŞ-ın özü üçün təbii müttəfiqlər olaraq seçdiyi bu qruplaşmaları hədəf alması deməkdir. Ötən gün həmçinin üç ölkə (Misir, Kipr və Yunanıstan) bir araya gəlib Türkiyə əleyhinə bəyanat verdi. Əslində, bu üç ölkənin birlikdə bəyanat verməsi çoxlarına təəccüblü gələ bilər, amma burda qeyri-adi bir şey yoxdur. Misirin Yunanıstan və Kipr Respublikası ilə bir sırada durması və onlarla birgə etiraz etməsi müəyyən səbəblərin olduğunu göstərir. Yunanıstanla Kiprin zatən Türkiyəyə münasibəti bəllidir. Ələlxüsus son bir neçə ildə zaman-zaman Türkiyə ilə Yunanıstan arasında krizlər yaşanır. Bu cəhətdən Türkiyənin mövqelərinin güclənməsi aralarında hələ də həll edilməmiş problemlər qalan Yunanıstan və Kipr Respublikasının marağında deyil. Bu mənada onların bu cür reaksiya verməsi təbii qəbul olunmalıdır. Misirin isə səbəbləri başqadır. Bunun səbəblərini biz Ərəb baharında axtarmalıyıq. Xatırlayırsınızsa, 2012-ci ildə Ərəb baharı dalğasında Misirdə də dəyişikliklər edildi. Bu etirazlar dalğasının qucağında hakimiyyətə yeni bir qüvvə gəldi. Türkiyənin AKP iqtidarı Misirdəki bu hakimiyyət dəyişikliyini əvvəlcə gizli şəkildə dəstəkləsə də, sonradan açıq şəkildə bu dəyişikliyin lehinə çıxış etdi, həta ixvançıları dəstəklədi. Türkiyə hətta öz mövqeyini rəsmi səviyyədə də bildirdi. Lakin Misirdə sonradan gedən proseslər tamamən bumeranq effekti verdi və nəticə etibarilə general Sisinin rəhbərliyi ilə hərbi çevriliş baş verdi. General Sisi ilk hədəf olaraq ixvançıları seçdi. Bu zaman Türkiyə hərbi çevrilişi pislədi, ixvançıları açıq şəkildə dəstəklədi. Nəzərə alsaq ki, bu gün də Misirdə hakimiyyətdə olan qüvvələr hərbi çevrilişi edən kəslərdir, Misirin də bu mənada Türkiyənin əleyhinə olması təbii qarşılanmalıdır.
– Türkiyəyə tutulan iradlardan biri də Suriyanın suverenliyini pozması iddiasıdır. Amma Türkiyə dəfələrlə Suriyanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hətta əməliyyat öncəsi də Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə təkrarlayıb. Belədirsə, niyə bu bəhanə əsas gətirilir?
– Bəli, Türkiyə dəfələrlə bölünmüş Suriyada maraqlı olmadığını, Suriyanın həm suverenliyini, həm də ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Amma hansısa bir şəkildə kontur-arqument gətirilməlidir. Şübhəsiz ki, bu kontur-arqument gətirildiyi zaman ilk növbədə ərazi bütövlüyü məsələsi arqumentləşdirilməyə çalışılır. Tamamilə haqlısınız, sualda da qeyd edirsiniz ki, əslində, burada Türkiyənin Suriyanın ərazi bütövlüyünə qəsd kimi bir motivi yoxdur. Burda məqsəd Türkiyənin öz milli maraqlarından çıxış edərək təhlükəsiz buferzonanı formalaşdırmaqdır. Çünki həm Suriyanın, həm də İraqın şimalında, hətta mərkəzi əyalətlərində Türkiyəyə qarşı artıq faktiki olaraq otuz ilə yaxındır ki, savaş halında olan qruplaşmalar kök salıb. Həmin qruplaşmalar dəfələrlə Türkiyəni təhdid edib. Bu təhdid müxtəlif terror hadisələri, basqınlar, hücumlar şəklində də olub. Türkiyə artıq bu təhlükəni tamamən aradan qaldırmaq istəyir. Lakin təəssüf ki, dövlətlərin öz maraqları Türkiyənin bu haqlı istəklərini həyata keçirməsinə çətinlik yaradır. Çünki həmin qüvvələrdən regionda maraqları olan supergüclər istifadə edir. Bu mənada istər “Fərat qalxanı”, istərsə də “Zeytun budağı” əməliyyatı zamanı da bu cür mənfi reaksiyalar verilir. Halbuki dediyiniz kimi, Türkiyə Suriyanın ərazi bütövlüyünü hədəfə almır və belə bir hədəfinin olmadığını dəfələrlə bəyan edib. Məqsəd terrorun kökünü qazmaq, Türkiyəyə olan təhdidləri aradan qaldırmaq, Türkiyənin milli maraqlarına zidd olan müəyyən proseslərin qarşısını almaqdır. Bu, dövlət olaraq Türkiyənin haqqı və hüququdur. Və bu gün anti-terror əməliyyatları keçirməklə əslində Türkiyə öz milli maraqlarından, dövlət maraqlarından çıxış edir.
– Trampın əməliyyata razılıq verib ordunu geri çəkməsi, daha sonra ziddiyyətli açıqlamalar verməsi, eyni zamanda, senator Qrehemin timsalında Türkiyəyə “dəhşətli sanksiyalar”ın tətbiqi məsələsinin bu əməliyyatlar kontekstində gündəmdə saxlanılması nə deməkdir?
– Ümumiyyətlə, ABŞ son 3-4 ildə maksimum dərəcədə Türkiyəni məhz iqtisadi sanksiyalar tətbiq etməklə öz maraqlarına cavab verən oyuna cəlb etmək istəyir. Hələlik bu bir nəticə verməyib. Doğrudur, Türkiyə iqtisadiyyatı bu sanksiyalardan, birja oynamalarından ziyan çəkdi, məşhur rahib olayı zamanı ilk dəfə dolların bahalaşması müşahidə olundu. Ondan sonra bu bir tendensiya halını aldı. Yəni Türkiyə iqtisadiyyatı kifayət qədər laxladı və laxlamaqdadır. Mən belə düşünürəm ki, növbəti sanksiyalar da Türkiyə iqtisadiyyatına mənfi təsir göstərəcək. Amma bununla belə Türkiyənin haqlı olaraq milli maraqları var. Bu mənada əslində indiyədək olduğu kimi, Türkiyənin müəyyən mənada öz maraqlarını müdafiə etməsi və bu maraqlardan bir addım belə olsa geri çəkilməməsi onun haqlı mövqeyidir. Amma təbii ki, bu əməliyyatların başlaması ABŞ ilə Türkiyə arasında iqtisadi nöqteyi-nəzərdən problemlərin yaşanmasına gətirib çıxara bilər. Başqa bir məsələ Trampın qoşunu geri çəkməsini açıqlaması ilə bağlıdır. Diqqət edin, çox maraqlı proseslər getdi. Türkiyə tərəfi yeni əməliyyatlara başlamasını elan etməklə paralel Trampın əsgərlərini geri çağırdığını elan etməsi eyni vaxta təsadüf etdi. Bunun fonunda da kürd qruplaşmaları əgər ABŞ dəstək verməzsə, Rusiyadan və ya digər ölkələrdən dəstək alacaqlarını bildirdilər. ABŞ-ın qoşunlarını geri çəkməsində məqsəd, məncə, məhz elə Türkiyəni terror qruplaşmaları ilə birbaşa savaşa sürükləmək niyyətindən irəli gəlir. Təbii ki, ABŞ həmin o bölücü kürd qruplaşmalarına hər zaman dəstək verib, indi də dəstək verir və maraqları buna yol verdiyi müddət ərzində də dəstək verməyə davam edəcək. Bura həm hərbi, həm maliyyə, həm də siyasi logistik dəstək aiddir. ABŞ dolayısıyla bu qruplaşmaları aktiv fazaya keçirməklə öz maraqlarını müdafiə edir. ABŞ-ın hazırki hədəfi budur. Həm də nəzərə almaq lazımdır ki, regionda çox ciddi İran faktoru var. Bizim bir çox saytlarımız İraqda baş verən hadisələri sırf İraq iqtidarından narazılıq və iqtisadi problemlərlə əlaqələndirir. Bu iğtişaş və narazılıqların başlıca səbəblərindən biri, hətta birincisi İran faktorudur. Xatırlayırsınızsa, aksiyaların ilk günündə irəli çıxan şüarlardan biri “Tehran, Bağdaddan əl çək!” şüarı idi. Bu kontekstdə artıq baş verən proseslər fonunda belə müşahidə etmək olar ki, sadəcə olaraq, Amerika bölgədə kifayət qədər güclənmiş İran faktoruna qarşı da Türkiyəni bir az qabağa buraxmağa çalışır. Əsasən də “Saudi Aramko”ya olan hücumdan sonra yeni bir mənzərə ortaya çıxdı. Müəyyənləşdi ki, bu gün faktiki olaraq ərəb ölkələri İran təhlükəsi və İran təhdidinə qarşı həm vahid mövqe sərgiləmirlər, həm də eyni zamanda ərəblərin öz daxilində İranı dəstəkləyən kifayət qədər qruplaşmalar var. Söhbət təkcə husilərdən getmir. Yeni faktlar ortaya çıxdı və məlum oldu ki, “Aramko”ya hücum Səudiyyə Ərəbistanının öz ərazisindən edilib. Bu anlamda İranın öz mövqelərindən geri çəkilməsi üçün alternativ bir qüvvənin ortaya çıxmasına ehtiyac yaranır. Və şübhəsiz ki, bu, regionu kifayət qədər tanıyan, regionu idarə etmək təcrübəsinə malik olan Türkiyədir. Bu mənada əslində həm də biz ABŞ-ın İran faktorunun güclənməsinə qarşı Türkiyəni müəyyən qədər qabağa buraxmaq niyyətində olduğunu görürük. Bir faktı xüsusilə vurğulamaq istəyirəm ki, İran da Türkiyənin Suriyada hərbi əməliyyatlar keçirməsinin əleyhinə çıxış etdi. Hətta bəzi İran rəsmilərinin çıxışlarında müəyyən hədə tonlarına rast gəldik. Ümumiyyətlə, Yaxın Şərqdə bu gün yaranmış bir üçbucaq – koalisiya mövcuddur. Bu Tehran-Ankara-Moskva koalisiyasıdır. Biz bunu dəfələrlə qeyd etmişik ki, bu koalisiya sırf xarici təsirlərin diqtəsi ilə formalaşmış zəruri bir ittifaqdır. Yəni bu ittifaq səmimi bir ittifaq deyil. İstər Rusiyanın, istər İranın, istər Türkiyənin Yaxın Şərq siyasətində bir-birindən fərqli olan kifayət qədər prinsipial məqamlar var. Amerika sadəcə olaraq artıq bu koalisiyanın müəyyən mənada laxlaması üçün bu cür maraqlı bir addım atmış olur.
Tarix
2019.10.10 / 09:00
|
Müəllif
Rəfiqə Əlisəfa
|