Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu
istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin
kəşfiyyat-təxribat qrupunun üzvü olduğu ehtimal edilən, peşəkar
hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycanın hərbi
qulluqçuları tərəfindən yaxalanıb.
Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda
Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci
maddələri ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat
xidmətindən AzərTAc-a verilən məlumata görə, istintaqla müəyyən
edilib ki, Ermənistanda xüsusi təlim keçən A.Baqdasaryan Azərbaycan
Respublikasının Ermənistan Respublikası tərəfindən işğal altında
saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan
silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə
müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün
1-ci tağım komandiri vəzifəsində fəaliyyət göstərib.
O, birliyin rəhbəri – hərbi hissə komandirindən (adı istintaqa
bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və
düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə
qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə
mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina
basdırılması barədə göstəriş alıb. A.Baqdasaryan bu məqsədlə qrupun
digər üzvləri (onların ad-familiyası istintaqa bəllidir) ilə
birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların
təmas xəttini gizli olaraq keçib özləri ilə götürdükləri piyada
əleyhinə "Fuqas" tipli 7 minadan üçünü Azərbaycan Silahlı
Qüvvələrinin müdafiə mövqelərində hərbi qulluqçularımızın daha çox
gedib-gəldikləri səngər yollarında yerləşdirdikdən sonra geri
qayıtmaq istəyərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi
qulluqçularının sayıqlığı nəticəsində tutulub, minalar isə
zərərsizləşdirilib.
İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə,
habelə A.Baqdasaryanın üzərindən götürülmüş bıçağa və digər
əşyalara, eləcə də torpağa basdırılmış minalardan birinə, həmçinin
digər iki minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış
keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və
psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin
olunub, şahidlər dindirilib.
A.Baqdasaryana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci
(Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik – təşkilat tərəfindən qəsdən adam
öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən
öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya
düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə) və
29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan
Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini
zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və
rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin
dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar,
yanğınlar və sair hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham
elan olunub və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs
qətimkan tədbiri seçilib.
Hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai
araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq qanuni
tədbir görüləcək.