"Belə mötəbər yarışlarda qələbənin qazanılması onu
göstərir ki, bizim bundan sonra da qələbələrimiz olacaq.
Azərbaycanda idman sahəsinə göstərilən diqqət öz nəticələrini
verməkdədir".
APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev
yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında
qalib gəlmiş Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən
deyib.
Dövlət başçısı qeyd edib ki, bu, tarixi qələbədir: "Çünki
yunan-Roma güləşçilərimiz ilk dəfədir ki, dünya kubokunun sahibi
olurlar. Bu, bir daha Azərbaycanın güləş məktəbinin nə qədər güclü
olduğunu göstərir. Bizim güləşçilərimiz müxtəlif beynəlxalq
yarışlarda ən yüksək nəticələr göstərirlər, London Olimpiya
Oyunlarında 2 qızıl medalı da güləşçilərimiz qazanıblar və
ümumiyyətlə, dünya miqyasında Azərbaycan güləşi bu gün ən yüksək
zirvədədir. Biz dünyanın ən güclü komandalarına qalib gəlmişik.
Doğrudan da bu, hər bir Azərbaycan vətəndaşını sevindirən
hadisədir, böyük tarixi qələbədir. Bu qələbə onu göstərir ki, Güləş
Federasiyasında işlər çox yaxşı gedir, düzgün qurulubdur. Güləş
Federasiyası Olimpiya Oyunlarında, dünya çempionatlarında, digər
beynəlxalq yarışlarda qazanılan medallara və yüksək nəticələrə görə
Azərbaycanda liderdir. Bu, belədir və mən bunu yüksək
qiymətləndirirəm. Çünki güləş Azərbaycanda ən sevilən, ən populyar
idman növüdür və bizim milli idman növümüzdür".
Prezident İ.Əliyev deyib ki, bütövlükdə Azərbaycanda idman
sahəsinə göstərilən diqqət öz nəticələrini verməkdədir: "Azərbaycan
idman dövlətidir. Bütün mötəbər beynəlxalq idman qurumları,
Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, dünya idman
federasiyaları bunu qeyd edirlər ki, Azərbaycan idman sahəsində çox
böyük uğurlara imza atıb və bu, həqiqətən də belədir. Olimpiya
Oyunlarında, dünya miqyasında Azərbaycan 30-cu yerdədir,
yeniyetmələrin Olimpiya Oyunlarında 200 ölkə arasında Azərbaycan
10-cu yerdədir. Azərbaycanda dünya və Avropa çempionatları ən
yüksək səviyyədə keçirilir və bütün qonaqlar bunu qeyd edirlər.
Bizim idmançılarımız hər il medalların sayına görə liderlik
göstərirlər, həm Olimpiya, həm qeyri-Olimpiya idman növləri üzrə
medalların sayı ildən-ilə artır".
Dövlət başçısı Azərbaycanda idman infrastrukturunun
yaradıldığını vurğulayıb: "Əgər bu infrastruktur yaradılmasaydı,
çox güman ki, bu uğurlar da mümkün olmazdı. Bütün bölgələrdə müasir
Olimpiya mərkəzləri, Bakıda ən möhtəşəm Olimpiya idman qurğuları
tikilir və idman dövlət siyasətində çox mühüm yer tutur. Müxtəlif
proqramlar qəbul edilib və idmanın inkişafı dövlət siyasətidir. Bu
yaxınlarda Bakıda keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş
Assambleyasında da səslənən fikirlər, Azərbaycanda görülən işlər
mənim sözlərimi təsdiqləyir. Bu nəticələr təbiidir. Çünki görülən
işlər federasiyaların, klubların, Milli Olimpiya Komitəsinin,
Gənclər və İdman Nazirliyinin birgə fəaliyyəti nəticəsində mümkün
olub. Bizdə vəziyyət belədir ki, bir çox ölkələrdən fərqli olaraq,
bütün idman qurumları, idmanın inkişafına cavabdehlik daşıyan
qurumlar bir nöqtəyə vurur və idarəetmədə də çox düzgün yanaşma
mövcuddur".
Prezident İ.Əliyev bütün dövrlərdə Azərbaycanda güclü
idmançıların olduğunu xatırladıb: "Ancaq əgər sovet dövrünü yada
salsaq, görərik ki, bizim o qədər də böyük idman uğurlarımız
olmamışdı. Ancaq müstəqillik dövründə Azərbaycan dünya arenalarında
ən yüksək nəticələrə çata bilib. Müstəqillik dövründə bizim
Olimpiya çempionlarımız, dünya çempionlarımız, Avropa
çempionlarımız özlərini göstərirlər və onların sayı getdikcə artır.
Heç vaxt bu qədər Olimpiya çempionlarımız olmamışdı. Müstəqilliyin
üstünlüyü müxtəlif sahələrdə özünü göstərir. İlk növbədə,
Azərbaycan xalqı azad xalqdır, öz taleyini özü müəyyən edir. Bu gün
Azərbaycan reallıqları belədir - hər bir Azərbaycan vətəndaşı fəxr
edir ki, o, Azərbaycan vətəndaşıdır. O cümlədən bu müsbət dinamika,
müsbət inkişaf idmanda da özünü göstərir və bu da təbiidir. Çünki
hər bir sahədə uğurlarımız var, o cümlədən idmanda. İdmanda isə bu
nəticələr daha əyani şəkildə özünü göstərir. Çünki medalların sayı,
yarışlarda idmançılarımızın qələbələri artıq bu reallıqları təmin
edir".
Dövlət başçısı qeyd edib ki, Dünya kubokunun əldə edilməsi çox
böyük hadisədir: "Çünki bu, komandanın qələbəsidir. Bu, onu
göstərir ki, bizdə bir-iki idmançı yox, bizdə komanda, çoxsaylı
idmançılarımız dünya miqyasında ən güclü idmançılardır. Bilirəm ki,
siz bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına da ciddi
hazırlaşırsınız. Dünya kuboku yarışında göstərdiyiniz nəticələr
ümid edirəm ki, iyun ayında da təkrarlanacaq. Bütün Azərbaycan
xalqı qələbələr gözləyir. Bu, doğrudan da böyük tarixi
nailiyyətdir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları
səviyyəsində keçirəcəyik. İki il bundan əvvəl mən bu barədə öz
sözümü deyəndə bəziləri bəlkə də inanmırdı ki, Azərbaycan qısa
müddət ərzində, cəmi 2 il yarım ərzində bütün hazırlıq işlərini
yüksək səviyyədə görə biləcək. Ancaq bu gün demək olar ki, bizim
bütün idman qurğularımız ya artıq hazırdır, yaxud da yaxın
vaxtlarda hazır olacaq. Bütün təşkilati məsələlər öz həllini tapır
və iyun ayında Azərbaycanda böyük idman bayramı qeyd ediləcək.
Əlbəttə, Azərbaycan komandası bu Oyunlarda böyük tərkibdə təmsil
olunacaq. Əsas ümidlərimiz, əlbəttə, ondan ibarətdir ki,
güləşçilərimiz bizi bir daha sevindirəcəklər. Artıq Yay Olimpiya
Oyunlarına da o qədər çox vaxt qalmayıb. Gələn il Rio-de-Janeyroda
Olimpiya Oyunları keçiriləcək. Bilirəm ki, ciddi hazırlıq gedir.
Bir daha qeyd etmək istəyirəm, belə mötəbər yarışlarda qələbənin
qazanılması onu göstərir ki, bizim bundan sonra da qələbələrimiz
olacaq".