Yuxarı

Səfərov məhkəməsinin detalları: Şirinov 13 il öncə nə deyib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 26 may 2020-ci il tarixli Qərarından sonra R.Səfərovun erməni zabiti Q.Markaryanı öldürməsi ilə bağlı məlum hadisə yenidən gündəmə gəlib. Həmin məsələ ilə bağlı ictimaiyyət arasında olduqca fərqli fikirlər səsləndirilir, sosial şəbəkələrdə müzakirələr aparılır. Təəssüf ki, məsələyə dair fikir bildirənlərin böyük əksəriyyəti həmin qətl hadisəsinin həqiqi halları barədə məlumatsız olan şəxslərdir.

İşin həqiqi hallarını və məhkəmə çəkişmələrinin gedişatını müfəssəl və səhih bilənlər isə olduqca azdır. Onlardan biri də Ramil Səfərovun apellyasiya mərhələsində vəkili olmuş İkram Şirinovdur.

AİHM-nin 26 may 2020-ci il tarixli Qərarına, həmçinin, 2004-cü ildə baş vermiş hadisə ilə bağlı cəmiyyətdə gedən diskussiyalara və səsləndirilən müxtəlif fikirlərə münasibət bildirməsi üçün İ.Şirinova müraciət etdik.

Müraciətimizə cavab olaraq İ.Şirinov hazırki statusunu (o, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimidir), eləcə də AİHM-nin Qərarının tam mətni ilə tanış olmadığını əsas gətirərək, həmin məsələləri şərh etməsinin düzgün olmayacağını bildirdi.

Bununla belə, İ.Şirinov qeyd olunan məsələlərə əhəmiyyətli dərəcədə aydınlıq gətirə biləcək, 2007-ci ildə dərc olunmuş müsahibəsinə müraciət etməyi məsləhət gördü.

Xüsusi olaraq qeyd edək ki, “Exo” qəzetinin 06 mart 2007-ci il tarixli buraxılışında dərc olunan həmin müsahibə, üzərindən 13 il keçməsinə baxmayaraq, hazırda müzakirə olunan məsələlərin böyük əksəriyyətinə konkret faktlara aydınlıq gətirir.

Axar.az sözügedən müsahibəni təqdim edir:

– Fevralın 18-də (2007-ci il – red.) Azər Tağıyevlə Budapeştə getdik. Fevralın 19-da səhər Azərbaycanın Macarıstandakı konsulu Fəridə Ağazadə və səfirin müşaviri Hüseyn Nəcəfli ilə birlikdə istintaq təcridxanasına R.Səfərovla görüşə yollandıq. Məhz o zaman bir yol qəzası baş verdi (Qeyd edək ki, İ.Şirinovla A.Tağıyevin Budapeştdə qəzaya düşməsi böyük hay-küy yaratmışdı, çünki bunun təxribat olması da istisna edilmirdi – red.). Xoşbəxtlikdən, avtomobildə olanlardan heç kim ciddi xəsarət almadı. Ancaq qəza baş verdiyinə görə Ramilin yanına yalnız günün sonunda gedə bildik. Qarşıdakı prosesə hazırlıqla bağlı məsələlər müzakirə edildi.

Ertəsi gün, fevralın 20-də Macarıstan hüquqşünasları - Georq Madyar və Klara Fişerlə görüş keçirdik, prosesin taktikasını ətraflı müzakirə etdik və Ramilin iclasda türk dilində danışması ilə bağlı razılığa gəldik. Bundan əlavə, səfər zamanı apellyasiya müraciətimizin əlavəsinin son variantı barədə də razılıq əldə etdik.

– Onların mahiyyəti nədir?

– Onlarda cinayət işinin materiallarına və əlavə olaraq təqdim etdiyimiz sənədlərə istinadla, istintaq zamanı R.Səfərovun hüquqlarının pozulduğu göstərilib. Müdafiə hüququ da daxil olmaqla, ona ifadə verməkdən imtina etmək, tərcüməçi tələb etmək hüququna malik olduğu izah edilməyib.

Əlavədə istintaq və rus tərcüməçinin iştirakı ilə keçirilən ilk ekspert rəyi zamanı istifadə edilən terminologiyanın mürəkkəbliyi də vurğulanıb.

Macar dilindən rus dilinə tərcüməçinin kobud vurğu ilə danışdığını nəzərə alsaq, bu, Azərbaycan zabitinin dil qavrayışı baxımından vəziyyətini daha da pisləşdirib. Üstəlik xüsusi qeyd edirəm ki, bu günə qədər Ramilin sözlərinin nə qədər etibarlı şəkildə tərcümə edildiyi ciddi şübhə altında qalır.

– Xarici KİV-lər Ramilin özünün ana dilinin rus dili olduğunu söylədiyini iddia edirdi…

– Bu, böyük bir səhvdir. İlkin şəxsi məlumatlarda hətta R.Səfərovun Rusiya Federasiyası Müdafiə Nazirliyinin zabiti olduğu göstərilmişdi. Sonrakı hadisələr göstərdi ki, bu, sadə bir texniki səhv deyildi. Fikrimizcə, bu, Ramilin guya rus dilində danışdığını əsaslandırmaq üçün atılan bir addım idi. Anketində rus dilinin Ramilin ana dili olduğu və ya rusca bildiyi haqda heç bir qeydin olmadığını vurğulayıram. Nəzərə alsaq ki, R.Səfərov Cəbrayıl rayonunda anadan olub və 1991-ci ildən 2001-ci ilə qədər Türkiyədə oxuyub, rus dilini bilməyinin mümkün olmayacağı bəlli olur... Həmçinin, əlavə etdiyimiz materiallarda bəzi şahidlərin ifadələrinin açıq şəkildə təhrif olunduğunu da göstərdik.

Sənədlərdə həm istintaq orqanları, həm də birinci instansiya məhkəməsi tərəfindən onun hərəkətinin motivasiyasının əsaslandırmasının səhv aparıldığını vurğuladıq. Məhkəmə Ramilin qurbanı başqa bir millət, yəni erməni olduğu üçün öldürdüyünü iddia edir. Baxmayaraq ki, səbəb tamam başqa idi. Doğrudan da belədirsə, onda niyə Ramil təxminən 10 il təhsil aldığı Türkiyədəki (orada təxminən bir milyona yaxın erməni yaşayır) ermənilərdən birini öldürmədi? Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi səbəb inandırıcı deyil və elementar məntiqə ziddir. Məhkəməyə kifayət qədər sübut təqdim olunsa da, zabitimizin zərərçəkmiş şəxsin təhqir və alçaldıcı hərəkətləri nəticəsində affekt halında bu addımı atması ikinci və üçüncü ekspertizalarda təsdiqləndi.

Ancaq naməlum səbəblərə görə məhkəmə affekt vəziyyətini istisna edən dördüncü ekspertiza keçirmək qərarına gəldi. Eyni zamanda, məhkəmənin hökmünə güvəndiyi dördüncü ekspertiza da Ramilin “məhdudlaşmış şüur vəziyyəti”ndə olduğunu etiraf etdi. Bununla belə, məhkəmə Q. Markaryanın qətlini milliyyətinə görə qəsdən, xüsusi amansızlıqla törədildiyini müəyyən etdi. Məhkəməyə sübut etdik ki, hadisəni əvvəlcədən planlaşdırmaq barədə danışmaq olmaz, çünki bu vəziyyətdə o, hər şeyi başqa cür edə bilərdi. Məsələn, qurbanın birlikdə yaşadığı macar əsgərinin olmayacağı günü gözləmək (macarlar həftə sonu evə gedirdi) və yalnız bundan sonra cinayəti törətmək...

Milliyyətcə erməni olan bir şahid ifadəsində deyib: “Bir dəlinin qışqırığına bənzəyən qışqırıq eşitdim”.

Digər şahidlər də həmin anda onun etdiyi hərəkətlərin təhlükəsini dərk etmədiyini təsdiqləyib.

Onun hərəkətlərinin “xüsusi qəddarlıqla” qiymətləndirilməsinə gəlincə, məhkəmədə bunun nə demək olduğunu əsaslandırdıq. Burada çox incə bir məqam var: ölümdən əvvəl qurban öz əzabını hiss edir, amma bu vəziyyətdə belə bir şey baş verməyib. Məhkəmə tibbi ekspertizasının rəyində açıq şəkildə bildirilir ki, ölüm ilk zərbədən dərhal sonra baş verib. Buna görə “xüsusi amansızlıqla öldürülmə” açıq şəkildə istisna olunur.

Yuxarıda göstərilən faktlara əsaslanaraq, məhkəmədən istintaq apararaq yeni şahidlərin dindirilməsini istədik, halbuki onların istintaq orqanlarına verdiyi ifadələr məhkum üçün mühüm rol oynayır. Lakin bu şahidlərin dindirilməsi zamanı onların tərcümə hüququ pozuldu. Məhkəmənin dindirməsini israr etdiyimiz əsas şahid lazımi səviyyədə rus dilində danışa bilmirdi.

Bundan əlavə, ifadələr göstərir ki, dindirilmə zamanı şahidimiz çox həyəcanlı olub və qorxub, çünki ermənilər səs-küy qaldıraraq, cinayətin guya əvvəlcədən planlaşdırıldığını iddia edir və ikinci zabitimizi də məsuliyyətə cəlb etmək istəyirdilər.

Dindirmə protokolundan aydın olur ki, hətta müstəntiq də şahidin psixoloji vəziyyətinin təfərrüatlı danışmağa imkan vermədiyinə görə dindirməni dayandırıb. Şübhə etmirdik ki, Apellyasiya Məhkəməsi belə vacib şahidi dindirməlidir, çünki onun ifadələri birinci instansiya məhkəməsində yanlış qərar çıxarılması üçün təhrif edilib. Amma...

– Məhkəmə necə oldu?

– Fevralın 22-də Budapeşt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Piroşka Karpatinin sədrliyi ilə R.Səfərovun şikayətinə baxdı. Ancaq başlamazdan əvvəl üç hakimdən ikisi dəyişdirildi. Səfərdən əvvəl artıq hakimlərdən birinin dəyişdirildiyini öyrəndik. Və ora gedəndə məlum oldu ki, ikinci hakim də başqasıyla əvəzlənib. İşi başqa hakimlərin araşdırdığı, sonda isə prosesin başqa hakimlərə həvalə olunması bizi narahat etdi. Amma sonradan öyrəndik ki, orada bu kimi hallar tez-tez baş verir.

İclas haqqında: başlayan kimi P.Karpati bütün vəsatətlərimizin eyni vaxtda rədd edildiyini elan etdi, sonra apellyasiya şikayətini əsaslandırmaq üçün dərhal müdafiəni dəstəkləməyi təklif etdi. Çıxışında Q.Madyar məhkəmədə yol verilmiş qanun pozuntularını, araşdırılmış sübutların qiymətləndirilməsində qərəz, əsas şahidlərin dindirilməsinin əsassız rədd edilməsini vurğuladı. Madyar məhkəmədən yeni ekspertizanın keçirilməsini istədi. Prokuror isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamağın lazım olduğunu açıqladı.

Sonra zərərçəkmiş tərəfin vəkili çıxış etdi. Çıxışı zamanı Hrant Dinkin sui-qəsdinin R.Səfərovun (!) hərəkətləri ilə əlaqəli olması barədə danışdı. “Ramilin hərəkətləri bu cür motivləri yaradır, buna görə hökm dəyişdirilməməlidir...” - dedi.

Sonda R.Səfərov çıxış etdi. Məhkəmə iclasında qərarın konkret faktlar deyil, subyektiv fərziyyələr əsasında verildiyini bildirdi. O qeyd etdi ki, istintaq zamanı onun müdafiə hüququ, xüsusən də ana dilində tərcüməçi hüququ təmin edilməyib. O, guya rus dilinə tərcüməçi tələb etdiyi iddiasını təkzib etdi. Ramil Q.Markaryanı öldürmək niyyətində olmadığını və başqa bir erməni zabitini də öldürməyi planlaşdırmadığını bildirdi.

Ramilin çıxışı zamanı salonda bir səssizlik hökm sürdü. Hakimlərin və prokurorun üzlərindən çıxışın nə qədər inandırıcı olduğunu gördüm. Məhkəmə iclasa ara verdikdə həmkarlarımla mümkün həll yollarını müzakirə edərkən məhkəmənin hökmü ləğv edəcəyini və işin yeni instansiya məhkəməsinə göndəriləcəyini gözləyirdik.

Xüsusən məhkəmə prosesinin insan hüquqlarının prioritet olduğu Avropanın mərkəzində keçirildiyini nəzərə alaraq, bu qədər pozuntuların baş verdiyi məhkəmədə çıxarılan hökmün qüvvədə saxlamağın mümkün olmayacağını düşünürdük. Ancaq məhkəmə bizi təəccübləndirdi və hökmün dəyişdirilmədiyi elan edildi.

Məhkəmə rəsmi olaraq qərarını tam şəkildə yazılı olaraq əsaslandıracaq, bunu martın sonunda (2007-ci il – red.) gözləyirik.

Qısaca, Apellyasiya Məhkəməsi hökmdən dərhal sonra öz mövqeyini belə əsaslandırdı ki, birinci instansiya məhkəməsi qərar üçün lazım olan bütün materialları baxışdan keçirib, 4 ekspertiza arasında doğru nəticə çıxarıb və buna görə də əlavə ekspertizaya ehtiyac yoxdur.

- Sizcə, bu prosesdə bizim tərəfimizdən nəsə çatışmazlıqlar olub?

- Hüquqi baxımdan mümkün olan hər şey edildi. Ancaq bu işə sırf cinayət kimi baxılması tamamilə doğru ola bilməz. Mənə elə gəlir ki, bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müstəvisində nəzərdən keçirmək daha doğru olar. Qarşı tərəfin bu məsələyə tam olaraq məhz bu kontekstdə yanaşdığına əminəm. Və məhkəmə prosesinə diqqət həddən artıq çox idi. Məsələn, məhkəmədə çox sayda erməni, onların media nümayəndələri və s. var idi. Bizim tərəfdən isə təəssüf ki, diasporun yalnız bir neçə üzvü, səfirlik işçiləri, Ə.Tağıyev və mən idim.

– Cəmiyyətimizdə R.Səfərovun bu davranışı ilə bağlı iki əks fikir mövcuddur...

– Onun bu addımından əvvəl baş verən halları nəzərə alaraq, ikisini də doğru hesab etmirəm.

– Ramil Səfərov işinə başladıqdan sonra hər hansı bir çətinliklə üzləşmisiniz?

– Bu proses bizə məlum olmayan qanunların tətbiq olunduğu, öz məhkəmə spesifikliyi və sisteminə malik başqa bir dövlətin ərazisində baş verdi. Buna baxmayaraq, bu çətinlikləri dəf edə bildik. Xüsusi olaraq vurğulamalıyam ki, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Baş Prokurorluğu, Macarıstandakı səfirliyimiz bu işdə bizə birbaşa kömək etdi, buna görə onlara çox minnətdaram.

– Və nəhayət: azərbaycanlı zabit öz hüquqlarını müdafiə etməyə davam edəcəkmi?

– Macarıstan qanunlarına görə bu qərardan Macarıstan Ali Məhkəməsinə şikayət verilə bilər. Əvvəlki iki məhkəmədə edilən səhvləri Ali Məhkəmənin diqqətinə çatdıracağıq. Və bununla bağlı qərar yaxın gələcəkdə veriləcəkdir. Kassasiya şikayəti ilə yanaşı Macarıstan qanunlarında hələ də digər hüquqi rıçaqlar var. Ölkədaxili müdafiə vasitələrinin tükənəcəyi təqdirdə işə Avropa İnsan Haqları Məhkəməsində baxılacağını istisna etmirəm. Hər halda, Ramil Səfərovun işində nöqtə hələ də qoyulmayıb.

Tarix
2020.05.30 / 10:52
Müəllif
Rəfiqə, Anar
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla