İndiyədək məhkəmələrin səlahiyyətində olan bu məsələ
Şuraya həvalə edilib.
Azərbaycan prezidenti İlham Əliyev "Televiziya və radio yayımı
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" 24 fevral tarixli qanunun tətbiqi haqqında
sərəncam verib.
APA-nın məlumatına görə, "Televiziya və radio yayımı haqqında"
qanuna dəyişikliklər teleradio yayımçılarına xüsusi razılığın
(lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi
razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi ilə
bağlıdır.
İndiyə qədər qüvvədə olan qanuna əsasən, teleradio yayımçıları
lisenziyanın qayda və şərtlərini tələblərini pozduqda lisenziyanın
qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti
dayandırıla, xüsusi hallarda lisenziyanın qüvvəsinə məhkəmə
tərəfindən xitam verilə bilərdi. Bu xüsusi hallara lisenziya
yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan
məlumatlar əsasında alınması, yayım lisenziya alındıqdan sonra altı
ay ərzində həyata keçirilməməsi, lisenziyanın sahibinin
müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq
olunması, teleradio yayımı texniki cəhətdən mümkün olmaması, dövlət
quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin
təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti
qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq
çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunması və ya bu
çağırışları səsləndirməyə bilərəkdən şərait yaradılması daxil
olub.
"Televiziya və radio yayımı haqqında" qanuna edilən
dəyişikliklərə əsasən, teleradio yayımçılarına xüsusi lisenziyanın
qüvvəsinin müvəqqəti dayandırılması və lisenziyanın qüvvəsinə xitam
verilməsi sahəsində səlahiyyətlər məhkəmələrdən alınaraq Milli
Televiziya və Radio Şurasına (MTRŞ) verilib və bu səlahiyyətlərin
tətbiq ediləcəyi halların əhatə dairəsi genişləndirilib.
Başqa sözlə, bundan sonar teleradio yayımçıları xüsusi razılığın
(lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini
pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı
proqramın yayımı teleradio yayımı MTRŞ-in qərarı ilə bir ayadək
müddətə müvəqqəti dayandırılacaq.
MTRŞ-in qərarı ilə lisenziyanın qüvvəsinə lisenziyanın sahibi
həmin məqsədlə ərizə təqdim etdikdə, lisenziya yayımçının
bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında
alındıqda, lisenziya alındıqdan sonra altı ay müddətində həyata
keçirilmədikdə, lisenziyada müəyyən edilmiş yayım zonası bir il
müddətində tam təmin edilmədikdə, lisenziyanın sahibinin
müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq
olunduqda, teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda,
yayım ardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün əsassız
həyata keçirilmədikdə, xüsusi razılığın (lisenziyanın) sahibi olan
hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə xitam
veriləcək. Eyni zamanda yayımçı bir il müddətində azı üç dəfə
teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə MTRŞ
yayımçının lisenziyanın qüvvəsinə xitam veriləcək.
MTRŞ-in lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və ya
qüvvəsinə xitam verilməsi barədə qərarından şikayət həmin qərarın
qüvvəyə mindiyi gündən 30 gün müddətində məhkəməyə veriləcək.
Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və
ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti
qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq
çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya
bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda, xüsusi
razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində
müvafiq dövlət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə
xitam veriləcək.
Digər dəyişikliyə əsasən, teleradio yayımçısı istifadə haqqını
müəyyənləşdirilmiş müddətdə ödəməzsə, müvafiq icra hakimiyyəti
orqanı lisenziyanın qüvvəsinin istifadə haqqı ödənilənədək
dayandırılması barədə teleradio yayımı sahəsində müvafiq dövlət
orqanına, yəni MTRŞ-ə müraciət edəcək. İndiyə qədər belə halarda
müvafiq icra hakimiyyəti orqanı lisenziyanın qüvvəsinin istifadə
haqqı ödənilənədək dayandırılması barədə məhkəmə qarşısında iddia
qaldıra bilərdi.