Türkiyənin bir sıra nüfuzlu
media qurumlarının nümayəndələri aprelin 2-dən 5-ə qədər davam edın
Bakı səfəri başa çatıb.
Axar.az xəbər verir ki, qardaş ölkənin aparıcı media
təmsilçilərinin ölkəmizə işgüzar səfəri Milli Məclisin deputatı,
Azərbaycan Mətbuat Şurası Beynəlxalq Əlaqələr Komissiyasının sədri
Cavanşır Feyziyevin dəvəti ilə baş tutub.
Nümayəndə heyətinin tərkibində Bakıya gəlmiş Türkiyə Qəzetçilər
Federasiyasını təmsil edən Yılmaz Karaca, Mehmet Əli Bim, Hüriyyət,
CNN Türk, DHA-nı təmsil edən Aynur Özgür Tattersall, TRT-1
kanalının təmsilçisi Meral Altınışık, NTV-nin təmsilçisi Sibel
Atasoy, ATV-nin təsilçiləri Levent Eke və Taşkın Ural, FOX TV-nin
əməkdaşı Temel Tacal, Kanal A-nın təmsilçisi Nilgun Ege Karaçuha,
Rotahaber saytının sahibi Ünal Tanık, Sabah qəzetinin təmsilçisi
Osman Altınışık, Posta qəzetinin əməkdaşı Necmi Işıksal, Anadolu
Agentliyinin əməkdaşı Gürsel Eser və digər media qurumlarının
nümayəndələri səfər müddətində mühüm görüşlər keçiriblər.
Qonaqların səfəri Fəxri Xiyabanı ziyarət etməklə başladı. Ulu
öndər Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın
məzarları önünə əklillər qoyuldu. Daha sonra türkiyəli jurnalistlər
Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını
ziyarət ediblər. Qonaqlara Həsən bəy və onun ərsəyə gətirdiyi
"Əkinçi" qəzeti barədə geniş məlumat verilib. Türkiyəli
jurnalistlər Həsən bəy Zərdabi və onun yaradıcısı olduğu qəzet
barədə ölkələrində geniş məlumatın olmadığını qeyd ediblər.
Şəhidlər Xiyabanını ziyarət edən türkiyəli qonaqlar burada
uyuyan 20 Yanvar şəhidlərinin məzarları üzərinə də gül dəstələri
qoyublar. Daha sonra Türk Şəhidliyində olan jurnalistlər ötən əsrin
əvvəllərində Osmanlı Türkiyəsindən gəlib Bakını erməni daşnakları
və rus bolşeviklərindən azad edən və bu yolda şəhid olan
soydaşlarımızın xatirəsini yad ediblər.
Diqqət çəkən məqamlardan biri də odur ki, Fəxri Xiyabanı,
Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edən qonaqlar
arasında 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam
Ordusunun rəhbəri Nuru Paşanın qardaşı nəvəsi, o zaman Nuru Paşanı
Azərbaycana göndərən hərbi nazir Ənvər Paşanım nəvəsi Osman
Mayatepek də var idi.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də Ziyarət
mərasimində türkiyəli həmkarlarını müşaiyət etmişlər.
Səfərin ilk günü Türkiyənin media mənsublarını Azərbaycan
Prezidentinin ictimai-siyası məsələlər üzrə köməkçisi, Prezident
Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənov
qəbul edib. Görüşdə Azərbaycan tərəfindən Milli Məclisin deputatı,
Mətbuat Şurası Beynəlxalq Əlaqələr Komissiyasının sədri Cavanşir
Feyziyev və Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak
edib.
Cənab Əli Həsənov ölkəmizdə dövlət səviyyəsində aparılan media
siyasətindən danışıb. Prezidentin köməkçisi Türkiyə və Azərbaycan
arasında strateji müttəfiqlik xəttinin həlqələrindən birinin də
medıa əməkdaşlığına söykəndiyini qeyd edib. O, hər iki ölkə
medıasının türk dünyasının ortaq problemlərinin dünya birliyinə
çatdırılmasındakı rolundan danışıraq bu fəaliyyətin daha da
gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Qarabağ məsələsinin
həlli ilə əlaqədar danışıqların son durumu barədə məlumat verən Əli
Həsənov qeyd edib ki, bununla əlaqədar Türkiyənin mövqeyini yüksək
qiymətləndirir. Torpaqlarımızın azad edilməsi üçün ilk növbədə sülh
variantından, bu mümkün olmadığı halda isə bütün digər vasitələrdən
istifadə ediləcəyi ilə bağlı ölkəmizin prezidenti İlham Əliyevin
prinsipal mövqeyini diqqətə çartdıran Əli Həsənov qonaqların
sualarını cavablandırıb.
Səfərin ilk günü Türkiyəli jurnalistlərin yüksək səviyyəli
görüşləri davam edib və daha sonra qonaqlar Milli Məclisin sədr
müavini Bahar Muradova tərəfindən qəbul edilib. Milli Məclisin
sədri Oqtay Əsədovun adından qonaqları salamlayan vitse-spiker qeyd
edib ki, azərbaycanlılarla türklər arasında görüş hər zaman böyük
ruh yüksəkliyi yaradır.
Bahar Muradova bildirib ki, Azərbaycan və Türkiyə arasındakı
münasibətlər sadəcə iki ölkə arasındakı münasibətlər deyil, iki
qardaş xalqın əsrlərin sınağından çıxmış, milli, dini ənənələrə,
tarixi birliyə söykənən və dünyanın heç bir bölgəsində rast
gəlinməyən unikal münasibətlərdir:
"Ona görə də biz belə səfərlərin dah mütəmadi və sistemli hal
almasını bu günkü qarışıq dünyada çox vacib hesab edirik. Bu cür
siyasi, dini, mədəni, birlik, qardaşlıq belə qarışıq məqamda
hədəfləri düzgün müəyyən etməyə, problemlərimizi və uğurlarımızı
vahid gücə çevirərək hədəflərimizə çatmaq isitiqamətində səyləri
artırmağa xidmət edir."
Vitse-spiker qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri
arasında çox ciddi dostluq əlaqələri var və ümumiyyətlə, Azərbaycan
və Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir. Onun
sözlərinə görə, bu gün dünyada çox ağır bir durum yaranıb: "Bütün
dünya ölkələri və xalqlarını müxtəlif təhlükələr təhdid etməkdədir.
Bu təhlükələri önləmək, qarşısını almaq üçün ölkələrin üzərinə çox
ciddi vəzifələr düşür. Hesab edirəm ki, regionun ən güclü və
tanınmış bir ölkəsi kimi Türkiyə, eləcə də Cənubi Qafqazın lider
dövləti kimi Azərbaycan bu hədəflərə doğru birgə irəliləməkdə
medianın gücünü düzgün müəyyənləşdirəcək".
Bahar Muradova türkiyəli KİV nümayəndələrinə Dağlıq Qarabağ
münaqişəsi barədə də məlumat verib: "Dağlıq Qarabağ və qondarma
erməni soyqırımı məsələləri ölkə içində olduğu kimi, beynəlxalq
arenada da Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət
proqramının müəyyənləşdirməsini tələb edir. Son illər bu
istiqamətdə ciddi fəaliyyət gedir. Dağlıq Qarabağ problemindən
əziyyət çəkən ölkə kimi Azərbaycan problem haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin
dəstəyinə ciddi bel bağlayır".
O, jurnalistlərin diqqətinə çatdırıb ki, I Avropa Oyunları ilə
əlaqədar beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma kampaniyası
aparmağa da cəhdlər edilir: "Bu gün idman bir sıra dairələrin
əlində ölkələri, millətləri birləşdirən, dostlaşdıran alət kimi
yox, siyasi maraqları təmin edən alət kimi istifadə olunur. Hesab
edirəm ki, idmanın siyasətə çevrilməsinin qarşısını almaq üçün də
media öz mövqeyini ortaya qoymalıdır".
Bahar Muradova Türkiyədə son günlər baş verən hadisələrə görə
hər bir Azərbaycan vətəndaşının üzüldüyünü və Türkiyə hökumətinin
səmərəli fəaliyyətinə problem yaradan belə hadisələrə görə
hiddətləndiyini vurğulayıb.
Türkiyə Qəzetcilər Federasiyasının rəhbəri Yılmaz Karaca isə
çıxışında qonaqpərvərliyə görə Bahar Muradovaya təşəkkürünü
bildirib və rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb: "Ötən
il Əskişəhərdə biz 350 qəzetçinin iştirakı ilə I Türk Dünyası
Qəzetçilər Şurası adlı konfrans keçirdik. Hər il türk dünyasının
fərqli şəhərlərində bu konfransı keçirmək niyyətindəyik. Bununla
bağlı işlər gedir. Növbəti belə konfrans Qazaxıstanda keçiriləcək.
Amma biz Azərbaycanda da belə konfransı keçirmək niyyətindəyik.
Fürsətdən istifadə edərək, bu təklifimizi də sizə təqdim
edirəm".
Görüşün sonunda Bahar Muradova türkiyəli KİV nümayəndələrinin
suallarını cavablandırıb.
Görüşdə Milli Məclisin komitə sədri, Azərbaycan -Türkiyə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami
Cəfərov, deputatlardan Cavanşir Feysizyev, Çingiz Əsədullayev,
Mətbuat Şurasının sədri Əflatun Amaşov və Parlament Jurnalistlər
Birliyinin sədri Elşad Eyvazlı iştirak edib.
Bundan sonra Birinci Avropa Oyunları ilə bağlı yeni inşa edilmiş
idman kompleksləri ilə tanışlıq olub. İlk belə görüş Azərbaycan
Gimnastika Federasiyasında baş tutub. Milli Gimnastika arenasında
türkiyəli jurnalistləri qarşılayan Federasiyanın baş katibi Fərid
Qayibov öncə qonaqlara Federasiyanın tarixi haqqında bilgi verib,
Azərbaycanda gimnastikanın yaranma və inkişaf tarixinin ötən əsrin
40-ci illərinə təsadüf etdiyini deyib. Bu idman növünün
Azərbaycanda inkişafının ölkənin Birinci xanımı, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın bu Federasiyaya rəhbər
seçildikdən sonrakı zamana təsadüf etdiyini qonaqların diqqətinə
çatdırıb: "2002-ci ilin 7 oktyabr tarixində bədii gimnastika,
akrobatika və tamblinq Mehriban xanım Əliyevanın prezidenti olduğu
federasiyada birləşdi.
Federasiya 2013-cü ildən qadın idman gimnastikasını, 2014-cü
ildən isə batut və aerobika gimnastikasını inkişaf etdirməyə
başladı.
Hazırda Azərbaycan Gimnastika Federasiyasının tərkibində altı
idman növü mövcuddur".
Türkiyəli jurnalistlər idmançılara belə hərtərəfli şəraitin
hətta öz ölkələrində yaradılmadığını etiraf ediblər. Daha sonra
qonaqlar Bakı Olimpia Stadionunda olublar. Daha bir neçə idman
qurğusunda olan Türkiyəli jurnalistlər Birinci Avropa oyunları ilə
bağlı Bakıda görülən işlərdən heyrətlərini gizlətməyiblər.
Səfərin 2-ci günü, aprelin 4-də Baş nazirin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri,
Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri
Əli Həsənov da Türkiyəli jurnalistlərlə görüşüb.
Ə.Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan münaqişəsi,
bu problemin səbəb və nəticələri, ölkədəki qaçqın və məcburi
köçkünlərin vəziyyəti haqqında qonaqlara ətraflı məlumat verib,
Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrindən
danışıb.
Baş nazirin müavini bildirib ki, tarixi köklərə malik
Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir:
"Azərbaycan-Türkiyə birliyi tarixi birlikdir və bu birlik əsrlər
boyu davam edəcək. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal
olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi
köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə
qəbul edib. Emənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq
təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də
pislənilib. Təəssüf ki, bu sənədlər hələ də kağız üzərində qalır.
Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan
işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam
etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən
artıqdır, davam edən danışıqlar prosesi indiyədək heç bir nəticə
verməyib. Beynəlxalq aləmdə baş verən bütün problemlərin,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll
edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir."
Nümayəndə heyətinin adından çıxış edən Türkiyə Qəzetçilər
Federasiyasının Sədri Yılmaz Karaca belə görüşlərin sayının
artırılmasının əhəmiyyətini qeyd edib, bunun iki ölkənin bir-biri
haqqında daha çox informasiya əldə etməsinə və yaymasına imkan
yaratdığını bildirib. O, Ermənistanın Azərbaycana hərbi təcavüzü
haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmağı üçün birgə
fəaliyyətin əhəmiyyətli olduğunu vurğulayıb. Görüşdə Türkiyə
Qəzetçilər Federasiyasının fəaliyyət istiqamətləri və həyata
keçirdiyi layihələr haqqında da geniş məlumat verilib.
Səfər çərçivəsində Böyük İpək Yolu Gənclər İttifaqının
təşkilatçılığı, "İrəli" İctimai Birliyi və ADA Universitetinin
dəstəyi ilə ADA Universitetində "Azərbaycan-Türkiyə əlaqələrində
tarixi dostluq, birgə əməkdaşlıq, ikitərəfli inkişaf
perspektivlərində medianın aparıcı rolu" mövzusunda "dəyirmi masa"
keçirilib. Çıxışına ümummilli lider Heydər Əliyevin "Biz kökü bir
olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona
görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı
bizi bir-birimizə sıx bağlayıbdır" sözləri ilə başlayan Böyük İpək
Yolu Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov qeyd
edib ki, bu gün Prezident İlham Əliyev də qardaş Türkiyə ilə
ikitərəfli münasibətlərə mühüm diqqət yetirir.
Millət vəkili Fuad Muradov tarixin bütün dövrlərində Türkiyənin
Azərbaycanın yanında olduğunu vurğulayaraq bildirib ki,
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir"
deyən Mustafa Kamal Atatürkün, 1918-ci ildə Azərbaycanı
erməni-daşnak qüvvələrindən təmizləyən Ənvər Paşa və Nuru Paşanın
adları nəinki təkcə Azərbaycanın, eyni zamanda, bütün türk
xalqlarının yaddaşında həmişəlik qalacaq. O, bir müddət sonra 100
illik yubileyi qeyd olunacaq Çanaqala zəfərinə də toxunub və deyib
ki, Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd
olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və
xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə
və həmrəy olduqlarını, həmin tarixi savaşdan çıxan ibrət
dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını
göstərir.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qonaqları
salamlayaraq bu tədbirin məhz universitetdə keçirlməsinə görə
təşkilatçılara öz təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Türkiyə Qəzetçilər Federasiyasının sədri
Yılmaz Karaca, Mehmet Ali Dim çıxış edərək bildirib ki,
Türkiyə-Azərbaycan əlaqələrinin geniş tarixi var. İki ölkə daimi
olaraq müxtəlif sahələrdə əməkdaşlıq edir. Mədəniyyətlərarası
inteqrasiya ilə yanaşı dövlətlərarası bir çox müqavilələr
imzalanıb. Bütün bunlar göstərir ki, Azərbaycana Türkiyədən,
Türkiyəyə Azərbaycandan əziz ikinci bir ölkə yoxdur.
Millət vəkili Sahibə Qafarova çıxış edərək bildirib ki, bu gün
Türkiyə ilə Azərbaycan arasında əlaqələr möhkəm təməl əsasında
qurulur. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal
və əsas söz sahibi olan iştirakçılarıdır.
Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri
Vüsal Quliyev çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə hər
zaman bütün sahələrdə bir-birini dəstəkləyib və bu birlik bundan
sonra davam edəcək.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək qeyd edib
ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox
uğurla inkişaf edir. Bu inkişaf üçün isə media əsas rol oynamalı,
Azərbaycan və Türkiyə haqqında həqiqətlər dünyaya çatdırılmalıdır.
Eyni zamanda, hər iki ölkə ilə bağlı ikili standartlar əsaslı
yanaşmalara, qərəzli mövqelərə qarşı birgə mübarizə
aparılmalıdır.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı
zaman-zaman Türkiyə mediasında Azərbaycanla bağlı yanlış
məlumatların yer aldığını xatırladaraq türkiyəli jurnalistlərin bu
səfərindən sonar müsbət yöndə dəyişiklik olacağına ümid etdiyini
deyib.
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək
Türkiyə ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının
qarşılıqlı əlaqələrindən danışıb.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Dünya Türk
Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, Dünya Türk Yazarlar
Birliyinin sədri Əkbər Qoşalı da çıxış ediblər.
Bakıda səfərdə olan türkiyəli
jurnalistlər Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə də
görüşüblər. Görüş zamanı icma sədri Bayram Səfərov, eləcə də
icmanın idarə heyətinin üzvləri, millət vəkilləri Rövşən Rzayev,
Elman Məmmədov, Xocavəndin İcra hakimiyyəti başçısı Eyvaz Hüseynov
türkiyəli media nümayəndələrinin suallarını
cavablandırıb.
Bayram Səfərov Qarabağ probleminin Azərbaycanın ən ağrılı
məsələsi olduğundan, işğal prosesinin hələ də davam etdiyindən
danışıb: "Hazırda işğal altında olan Qarabağ ərazisində heç 50 minə
yaxın erməni yaşamır. Lakin Qarabağın Azərbaycanlı İcması
ermənilərdən say etibarı ilə çoxdur. Müharibədən sonra
köçkünlərimiz bütün respublika boyunca səpələnmişdilər, çadırlarda
yaşayırdılar. Artıq heç bir çadır şəhərçiyi mövcud deyil.
Azərbaycan rəhbərliyi onların ağır şəraitini yaxşılaşdırmağa
çalışır. Biz bu gün düşünürük ki, 1 milyon insanın haqlarını necə
və hansı şəkildə dünya ictimaiyyətinə çatdıraq. Bunun üçün bütün
Türkiyə mediası ilə birgə işləməli və vətəndaşlarımızın haqq səsini
dünya mediasına düzgün şəkildə çatdırmalıyıq. Mən ümid edirəm ki,
biz hamımız düşmən işğalından azad edilən Şuşada toplaşacaq və bunu
qeyd edəcəyik. Mənim bu gün hər şeyim var, lakin ata-anamın qəbrini
ziyarət etməkdən məhrumam. Bundan ağrılı, acılı bir şey ola bilməz.
Demək ki, heç nəyim yoxdur".
Görüşün aprelin 4-ə salındığını təsadüf hesab etməyən Parlament
Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, Türkiyə
ilə Ermənistan sərhədlərinin məhz 1992-ci ilin aprelin 4-də,
Kəlbəcərin işğalından 2 gün sonra bağlanıldığını diqqətə
çatdırıb.
Deputat Rövşən Rzayev deyib ki, hazırda işğalçı Ermənistan
Qarabağda qeyri-qanuni cinayətkar bir oyuncaq rejim formalaşdırıb:
"Biz müharibəni diplomatik çərçivədə həll etmək, torpaqlarımızı
azad etmək istəyirik. Lakin bu proses istənilən səviyyədə davam
etməsə, təbii ki, biz torpaqlarımızı antiterror əməliyyatları ilə
azad edə bilərik".
Görüşdə iştirak edən Ənvər paşanın nəvəsi Osman Mayatepek
Qarabağ arğrısının ümumtürk dünyasının ağrısı olduğunu
vurğulayıb:
"Qarabağ dərdi çox həssas bir ağrıdır. Vaxtilə ermənilər yalnız
Qarabağda deyil, bütün Azərbaycanda işğala başlamışdılar. Ötən
əsrin əvvəlində 8 cəbhədə döyüşən Osmanlı ordusu qardaş Azərbaycanı
qurtarmaq üçün Qafqaz İslam Ordusunu yaradaraq, buraya göndərdi.
Çox çətinliklər içərisində olsa belə, qardaş Azərbaycan
erməni-daşnak işğalından qurtarıldı. Bu gün də eyni yardımı, qardaş
əlimizi uzatmağa hazırıq".
Qonaqların yaddaqalan daha bir görüşləri Birinci Avropa
Oyunlarının Təşkilat Komitəsində baş tutdu. Burada Türkiyəli
jurnalitləri Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin
(BAOƏK) baş icraçı direktoru Saymon Kleq qarşılayıb. Jurnalistlər
verdikləri bütün suallara cavab alıblar.
Bundan sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan jurnalistlər
dünyanın heç bi ölkəsində belə möhtəşəm bir bina görmədiklərini
dilə gətiriblər.