"Human Rights Watch"
beynəlxalq insan haqlarını müdafiə təşkilatının fəaliyyəti heç vaxt
birmənalı qarşılanmayıb.
Təkcə yürütdüyü siyasətdəki qeyri-ardıcıllığa görə yox, həm də
insanların deyil, ayrı-ayrı dövlətlərin və transmilli şirkətlərin
maraqlarını müdafiə etdiyinə görə. Məhz transmilli şirkət və
korporasiyaların, çünki "Human Rights Watch" bu günlərə gəlib
çıxmasında Açıq Cəmiyyət Fondunun rəhbəri, avantürist milyarder
Corc Soros əsas rol oynayıb.
"APA Analitics"in təhlilinə görə, "Human Rights Watch"
təşkilatının missiyasına, fəaliyyətinin xarakterinə, tənqid etdiyi
obyektlərin seçiminə avantürist, birja fırıldaqçısı, milyarder Corc
Sorosla alyans həlledici təsir göstərib. Soros "Human Rights
Watch"a tək gəlməyib. Qurumun müşavirləri, komitə üzvləri, törəmə
seksiyalarının rəhbərləri arasında Corc Sorosun həyat yoldaşı Susan
Soros, təsis etdiyi Quantum Fund investisiya fondunun sərmayədarı
olan multimilyonerlər John Gutfreund və John Studzinski, fondun
meneceri, milyarder Stenli Druckenmillerin həyat yoldaşı Fiona
Druckenmiller, Sorosa məxsus şirkət və fondların əməkdaşları,
tanınmış politoloqlar Barnett Rubin, William D. Zabel, diplomat
Warren Zimmermann da var.
"Human Rights Watch"un bəzi əməkdaşları təşkilatın rəhbərliyində
qalmaqla Soros strukturlarında da işləməyə başlayıblar. "HRW"nin
Avropa və Mərkəzi Asiya seksiyasının Müşavirlər Komitəsinin sədri,
Direktorlar Şurasının üzvü jurnalist Peter Osnos Sorosun nəşrində
rəhbər təyin olunub. Qadın hüquqları seksiyasının Müşavirlər
Komitəsinin üzvü, homoseksualların hüquqları üzrə mübarizənin
fəallarından Gara LaMarche Soros Fondunun Nyu-York şöbəsinin
vitse-prezidenti olub.
Corc Sorosun hüquq müdafiə hərəkatında və "Human Rights Watch"da
rolu və iştirakı barədə çox az məlumat var. Olan məlumatlar isə
təşkilatın aparıcı əməkdaşlarının Sorosun rəhbərlik etdiyi
strukturlara transferinə əsaslanır. Lakin məsələ təkcə Sorosun
"Human Rights Watch" və üzvlərini maliyyələşdirməsi ilə bitmir.
Ötən əsrin 80-ci illərinin ortalarında tarixi təsadüf adlandırıla
biləcək hadisə baş verir. Bu illər ərzində valyuta fırıldaqlarında
varlanan Corc Soros özü üçün fəlsəfi doktrina formalaşdırır və bu
doktrinanı "Açıq Cəmiyyət" adlandırır.
Məlumdur ki, Soros öz ilk milyardlarını beynəlxalq valyuta
bazarında fırıldaqlar yolu ilə qazanıb. Məsələn, o, 1992-ci ildə
təkcə bir gündə birjada 1 milyard qazanc əldə edib. Soros pullarını
özünün təsis etdiyi "Sıfır riskli fondlar"a yatırır, səhmdarlara
yüksək faizlər verən bu fondlara digər valyuta fırıldaqçıları
Stanley Druckenmiller, Bruce Kovner, Franklin Booth və Henry Kravis
də sərmayə qoyurlar. Bununla bir neçə milyard pul qazanan Soros
üzünü Sovet İttifaqı və Şərqi Avropaya çevirir. Ağır günlər yaşayan
Rusiya və Şərqi Avropanı milyarder öz siyasi-iqtisadi
eksperimentləri üçün münbit məkan sayır. Eksperimentlərin məqsədi
Sovet İttifaqı və Şərqi Avropada maliyyə kapitalının dövlətin
nəzarətindən kənar, azad şəkildə dövriyyəsinə nail olmaq, bu
ölkələrin valyuta bazarlarını ələ keçirmək idi. Soros hesab edirdi
ki, bu məqsədə həmin ölkələrdə Qərb tipli nümayəndəli
demokratiyanın, azad mətbuatın və bazar iqtisadiyyatının bərqərar
olması ilə nail olmaq olar. Bununla belə Soros anlayırdı ki,
dövlətin idarə etmədiyi bazar təsərrüfatı – dağıdıcı gücdür, bu güc
gec-tez ümumdünya maliyyə böhranına, beynəlxalq iqtisadi və siyasi
sistemin deqradasiyasına gətirib çıxara bilər. Soros bu qlobal
problemin yeganə həll yolunu dövlətin içində dövlət yaratmaqda,
paralel dövlət strukturlarının formalaşmasında görürdü.
Soros faktiki olaraq dünya hökumətinin yaradılmasına tərəfdar
çıxır, onun fikrincə açıq cəmiyyətlər koalisiyası BMT-nin
missiyasını əlindən ala, Baş Assambleyanı beynəlxalq hüququ müdafiə
edən əsl qanunverici orqana çevirə bilər. Bu zaman universallığa
əsaslanan liberal hüquq müdafiə təşkilatı onun üçün göydəndüşmə
oldu. O təşkilat ki, insan haqları barədə qlobalist ideyaları
əlində bayraq edib, insan haqlarının dövlətdən, cəmiyyətdən,
ənənələrdən, dindən və mənəviyyatdan üstün olduğunu iddia edir.
Sorosun və digər kosmopolit maliyyə maqnatlarının sinfi maraqları
liberal-kosmopolit dəyərləri bölüşən, naşir və hüquqşünasların
təsis və rəhbərlik etdiyi "Human Rights Watch"la bu nöqtədə
üst-üstə düşdü. Bu "sintez"in məhsulu olaraq Amerikanın
liberal-kosmopolit isteblişmenti tərəfindən maliyyələşdirilən və
rəhbərlik edilən siyasi təşkilat meydana çıxdı. Bu isteblişment
həmin təşkilatın hüquq-müdafiə fəaliyyətindən öz siyasi və iqtisadi
maraqlarını təmin etmək üçün yararlanmağa başladı. Başqa sözlə
desək, "Human Rights Watch" təşkilatının fəaliyyəti
informasiya-humanitar istiqamətdən informasiya-təbliğat
istiqamətinə dəyişdi, Birləşmiş Ştatların liberal-kosmopolit
isteblişmentinin maliyyə, siyasi və akademik maraqlarına xidmət
etməyə başladı.
Bəzi hallarda "HRW" ABŞ administrasiyasının maraqlarına da
xidmət edir, əgər bu maraqlar Corc Sorosun maraqları ilə üst-üstə
düşürsə. Bu, ötən əsrin 90-cı illərinin ortalarında Yuqoslaviya
müharibəsi zamanı aydın hiss olundu. Balkan böhranında "Human
Rights Watch" rəhbərliyi və Corc Soros ABŞ-ın Yuqoslaviyaya hərbi
müdaxiləsini dəstəklədi, Yuqoslaviyada Klinton administrasiyasının
maraqlarını müdafiə etdilər. Yuqoslaviyaya hərbi müdaxiləni
dəstəkləyən Soros ABŞ-ın İraqa müdaxiləsinə qarşı çıxdı və bəyan
etdi ki, həyatının məqsədi Corc Buşu Ağ Evdən qovmaqdır. Sorosun bu
bəyanatından sonra "Human Rights Watch" İraq müharibəsində neytral
mövqe tutdu və Buş administrasiyası ilə əməkdaşlıq etmədi.
Formal hədəfini dünyada insan haqlarını müdafiə etmək şəklində
açıqlayan "Human Rights Watch"un milyonlarla insanın ən təbii
hüquqlarının pozulduğu İraq müharibəsinin başlamasında əsas rol
oynadığını xatırlamamaq olmaz. Təşkilat ABŞ-ın İraqa hərbi
müdaxiləsindən əvvəl aktiv publisistik fəaliyyətə başlayır.
Xatırladaq ki, bu müharibənin çox da açıqlanmayan səbəblərindən
biri Səddam Hüseyn rejiminin İsrailə qarşı törətdiyi təhdid
təhlükəsini aradan qaldırmaq idi. Bu səbəbdən hərbi əməliyyatlar
başlamazdan bir neçə ay əvvəl "Human Rights Watch" İraqda insan
haqlarının kütləvi şəkildə pozulduğuna dair silsilə hesabatlar dərc
etməyə başlayır və hesabatlara hətta 15 il əvvəl baş vermiş
hadisələr belə daxil edilir. Təşkilat öz hesabatlarında Səddam
Hüseynin 1987-ci ildə kürd üsyançılara qarşı kimyəvi silahdan
istifadə etməsi faktını daim qabardır. Bu materialların məqsədi heç
də İraqda məzlum ərəblərin, türkmənlərin, kürdlərin tapdanan
haqlarını müdafiə etmək deyil, ABŞ-ın İraqa təcavüzünə qarşı
beynəlxalq ictimaiyyətin reaksiyasını yumşaltmağa əsas yaratmaq
idi. Buş administrasiyası ilə həmrəylikdə günahlandırılmamaq üçün
"Human Rights Watch" ilkin missiyasını bitirdikdən sonra pərdə
arxasına çəkildi və İraqda müharibəyə dair mövqeyini
açıqlamadı.
Analoji proses Obama administrasiya dönəmində də qabarıq şəkildə
müşahidə olunur. "Human Rights Watch"ın hesabatları ilə Dövlət
Departamentinin açıqlamalarının xronoloji təhlili göstərir ki, bu
hesabat və bəyanatlar konkret olaraq Obama administrasiyası
tərəfindən hazırlanır, yaxud "HRW" öz fəaliyyətini Dövlət
Departamenti ilə ciddi koordinasiya edir. Departament rəsmilərinin
konkret ölkədə "insan haqlarının pozulmasına" dair açıqlamaları
adətən "Human Rights Watch"ın hesabatı açıqlandıqdan bir gün
sonraya təsadüf edir. Dolayı yolla Departament mövqeyini
açıqlamazdan əvvəl HRW vasitəsilə ictimai rəy yaradır, daha sonra
təşkilatın "ötürməsini" qola çevirməyə çalışır. Əgər Buş və Klinton
administrasiyaları dönəmində Ağ Evlə "HRW" arasında müəyyən
məsələlərdə fikir ayrılıqları müşahidə olunurdusa, Obama
administrasiyası dönəmində "Human Rights Watch" faktiki olaraq Ağ
Evin informasiya təbliğat bölməsi kimi fəaliyyət göstərməyə
başlayıb. Bu, hər vəchlə Yeni Dünya Düzəni konsepsiyasını həyata
keçirməyə çalışan Vaşinqtonun maraqlarının indiki məqamda "Soros və
komandası" ilə üst-üstə düşdüyünü göstərir və "Human Rights Watch"
bu prosesdə həm Obama aministrasiya, həm də Soros tərəfindən siyasi
alət kimi istifadə olunur.
Bunlar Azərbaycana dair silsilə bəyanatlar verən, hesabatlar
dərc edən "Human Rights Watch" təşkilatının ikili standart siyasəti
yürütməsinə dair yalnız bir neçə faktdır. Sorosun və maliyyə
maqnatlarının maraqlarını müdafiə edən, onlar tərəfindən
maliyyələşdirilən, tənqid etdiyi obyektləri seçmə üsulla
müəyyənləşdirən "Human Rights Watch"un Azərbaycanı hədəfə
götürməsinin bir neçə səbəbi var. Səbəblərdən Corc Sorosun "açıq
cəmiyyət" qurmaq xəyalının puça çıxdığı, ABŞ-ın təsir dairəsindən
uzaqlaşmağa müvəffəq olan, balanslaşdırılmış siyasət yürüdən
ölkələri Vaşinqtonun iradəsinə tabe etdirməkdir.
Azərbaycanın həyata keçirdiyi qlobal enerji və nəqliyyat
layihələri yüksək iqtisadi gəlirlilik səbəbilə həm daha böyük
bazarlara can atan region dövlətlərinin, həm enerji nəqli
marşrutlarının diversifikasiyasında maraqlı olan Avropa ölkələrinin
maraqlarına cavab verir. Nəzəri baxımdan bu, paralel olaraq
Birləşmiş Ştatların da maraqlarına cavab verməlidir. Lakin
Vaşinqton nə Çindən Britaniyaya qədər yük daşınmasını təmin edəcək
Bakı-Tiflis-Qars dəmiryolu layihəsini, nə Mərkəzi Asiyanın enerji
resurslarını Avropaya çatdıracaq Transxəzər boru kəməri layihəsini
dəstəkləməyib. Əksinə, həm ABŞ-da, həm də digər ölkələrdə bu
layihələrin icrasına qarşı aktiv lobbiçilik fəaliyyəti aparılıb.
Birləşmiş Ştatların özəlliklə TAPİ
(Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsinə
razılıq vermək üçün Türkmənistana təzyiqlər etməsi faktdır.
Aşqabadın neft-qaz layihələrində ABŞ-la əməkdaşlıq etdiyi dövrdə
Türkmənistanda insan haqları mövzusuna epizodik də olsa toxunmayan
Human Rights Watch təşkilatının TAPİ layihəsi ortaya çıxdıqdan
sonra "Türkmənistanda insan haqları kobud şəkildə pozulur" deyə
hay-küy salması maraq doğuran məqamdır. Demək ki, "Human Rights
Watch"un iş prinsipi belədir – Sorosun, bəzən isə
"Soros+administrasiya" formatının maraqlarına uyğun gəlməyən
layihələrə qarşı "insan haqları" kartından istifadə etmək. Bu
yanaşma, ikili standartlar, üstəgəl "Human Rights Watch"un seçmə
üsulla tənqid metodu bu təşkilatın gerçək üzünü artıq ortaya qoyub.
Bu səbəbdən artıq bütün dünya, o cümlədən Azərbaycan ictimaiyyəti
HRW və onun kimi təşkilatların missiyasından kifayət qədər
məlumatlıdır və buna görə də Qərbin və onun nəzarətində olan
qurumların bəyanatlarını, hesabatlarını, ayrı-ayrı media
orqanlarında verilən qərəzli materialları ciddi qəbul etmir.
"Human Rights Watch"un Azərbaycana qarşı siyasətində bir
"təsadüf" hiss olunur, təşkilat antiAzərbaycan fəaliyyətini
ölkəmizdə beynəlxalq miqyaslı tədbirlər keçirilən zaman xüsusi
aktivləşdirir. Bu proses "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində
müşahidə olunub, Avropa Oyunları ərəfəsində yenidən özünü qabarıq
şəkildə büruzə verir. Bu tədbirlər Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunu daha da artırır və deməli paralel olaraq həyata keçirilən
layihələrə beynəlxalq tərəfdaş cəlb etmək imkanlarını
genişləndirir. Çin, ərəb kapitalının bu layihələrə cəlb olunması
Soros və digər birja milyarderlərinin maraqlarına cavab vermir, bu
səbəbdən əllərində olan əsas siyasi alət - "Human Rights Watch"
vasitəsilə Azərbaycanın etibarını gözdən salma kampaniyası
aparırlar.
Buna görə də HRW 2012-ci ildə "Avroviziya" mahnı müsabiqəsi
ərəfəsində olduğu kimi, indi də l Avropa Oyunları ərəfəsində Qərb
ölkələrini Azərbaycana təzyiq göstərməyə, Avropa Oyunlarını boykot
etməyə çağırır. Kampaniya üçün bu dövrün seçilməsi təsadüfi deyil,
çünki beynəlxalq idman tədbirləri, musiqi yarışmaları həmişə
dünyanın diqqətində olur və "Human Rights Watch" bunu fürsət
bilərək bu kampaniyanı davam etdirir. Əgər Azərbaycan qlobal enerji
və nəqliyyat layihələrinə imza atmasaydı, Avropa Oyunları kimi qitə
miqyaslı yarışa ev sahibliyi etməsəydi, yaxud Azərbaycanın siyasəti
Corc Sorosun maraqları ilə üst-üstə düşsəydi, əminliklə demək olar
ki, "Human Rights Watch"un hesabatlarında ölkəmizə dair bir cümlə
belə yer almazdı.
Əslində ABŞ-ın maliyyə maqnatlarının və hakimiyyətinin əlində
alət olan təşkilatların Azərbaycana qarşı kampaniya aparması
ölkənin düz yolda olduğunu, forpost olmadığını, öz maraqlarından
çıxış etdiyini təsdiqləyir. Hesabatlar isə yalnız sifarişçilər üçün
dəyərli ola bilər, çünki artıq bütün dünya, o cümlədən Azərbaycan
ictimaiyyəti HRW və onun kimi təşkilatların missiyasından kifayət
qədər məlumatlıdır və buna görə də Qərbin və onun nəzarətində olan
qurumların bəyanatlarını, hesabatlarını, ayrı-ayrı media
orqanlarında verilən qərəzli materialları ciddi qəbul etmir.