Ana səhifə Gündəm |
ABŞ Aralıq dənizində rəsmi Ankaranı dəstəkləyir, çünki Vaşinqtonun regionda öz maraqları var və bu maraqlar Türkiyə ilə uzlaşır.
Bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu Türkiyənin Liviyanın Aralıq dənizi hövzəsində neft və qaz yataqlarının tədqiqatları ilə bağlı bu ölkə ilə danışıqlara başlamasını şərh edərkən deyib. O bildirib ki, Türkiyə regionun aparıcı enerji ölkəsinə çevrilmək istəyir:
“Türkiyənin Aralıq dənizi siyasətinə diqqətlə baxdıqda görmək olar ki, iki əsas hədəf var: Birincisi, region ölkələri ilə hərbi-siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək; İkincisi, xaricdən neft-qaz asılılığına son verib, idxalçıdan ixracçıya çevrilmək.
Əslində, hər iki siyasi kurs yerində və düzgün qərardır. Məsələ ondadır ki, Türkiyə regionun neft və qaz ehtiyatları baxımından ən kasıb ölkəsi sayılır. Buna görə də rəsmi Ankara uzun illərdir Qara dəniz və Aralıq dənizində karbohidrogen yataqlarının axtarışını aparır. Türkiyənin bu siyasəti öz bəhrəsini verməkdədir. Son axtarışlar nəticəsində aşkarlanan yataqlar rəsmi Ankaranın cəhdlərinin heç də boşuna olmadığını göstərir.
Türkiyənin Liviyanın Aralıq dənizi hövzəsində neft və qaz yataqlarının tədqiqatları ilə bağlı bu ölkə ilə danışıqlara başlaması bu mənada vacibdir. Çünki Liviya onsuz da neft və qaz ehtiyatları baxımından Şimali Afrikanın ən zəngin ölkəsidir. Lakin Liviya sadəcə quru səthində bu təbii ehtiyatları çıxarır. Digər tərəfdən, davam edən vətəndaş müharibəsi demək olar ki, ölkə infrastrukturuna, eyni zamanda neft, kimya sənayesinə ciddi zərər vurub. Bu mənada Türkiyə Liviya hökuməti ilə razılığa gələrək iki ölkənin maraqlarına uyğun razılaşma əldə etməyə çalışır. Düşünürəm, Liviya Türkiyənin bu təklifini müsbət qarşılayacaq, çünki hazırda rəsmi Tripolinin Ankaranın hər cür dəstəyinə hava, su kimi ehtiyacı var".
Ekspertin sözlərinə görə, Türkiyənin Aralıq dənizi hövzəsində neft və qaz yataqlarının tədqiqatları ilə bağlı razılıq əldə etməsi rəsmi Ankaranın Afina ilə ortaq məxrəcə gəlməsindən asılı olacaq:
“Yunanıstan Aralıq dənizində Türkiyənin başına bəla olmağa çalışır. Rəsmi Afina hər zaman olduğu kimi özünü Avropanın ərköyün uşağı kimi aparmaqda davam edir. Lakin bu da bir reallıqdır ki, rəsmi Afinanın Ankara ilə hədələyici, sərt ritorika ilə danışması heç bir nəticə verməyəcək. Çünki məsələyə artıq ABŞ da daxil olub.
ABŞ-ın təşəbbüsü ilə Türkiyə və Yunanıstan arasında danışıqların başlaması ilə bağlı xəbərlər dolaşmaqdadır. Ümumiyyətlə, son proseslər bir daha onu deməyə imakan verir ki, regionda ciddi bir hazırlıq prosesi gedir.
Liviya ilə Türkiyə arasında əldə edilən bu razılaşmanın gələcəyi Ankara və Afina arasında razılığın əldə edilməsindən asılı olacaq. Görünən odur ki, Yunanıstan hazırda tez-tez işlətdiyi aqressiv hədələyici tonu dəyişmək məcburiyyətindədir. Şübhəsiz, burada ABŞ-ın rəsmi Afinaya təzyiqləri də kifayət qədər böyük rol oynayır”.
Tarix
2020.09.12 / 08:00
|
Müəllif
Turan Rzayev
|