Ana səhifə Gündəm |
"Bir sıra postsovet ölkələrində baş verən inqilablar,
misal üçün, Ukrayna, Gürcüstan, Qırğızıstandakı proseslər
beynəlxalq QHT-lər tərəfindən reallaşdırılıb".
Bunu Fransadan olan tədqiqatçı Mark Antuan Pöruz dö Monklon
deyir.
Bu gün Azərbaycana qarşı qara piar kampaniyasına start verilib. Bu
prosesin aparıcı simaları məhz beynəlxalq QHT-lər və bu sahədə
çalışan şəxslərdir. Və onların bir məqsədi var: ölkələri
qarışdırmaq, sözün əsl mənasında siyasi alətə çevrilən
"demokratiya" adı altında "rəngli inqilablar" təşkil etmək.
Maraqlıdır ki, "rəngli inqilablara" cəhdin qarşısı alındığı
ölkələrə beynəlxalq təzyiq məhz QHT şəbəkələri tərəfindən kampaniya
olaraq aparılır. Azərbaycan buna ən bariz nümunələrdəndir. Bu gün
Qərbin müəyyən dairələrinin Azərbaycanı hədəf seçməsinin məqsədi
bəllidir: boyun əyməyən, yalnız xalqının maraqlarından çıxış edərək
aparılan müstəqil siyasəti əzmək.
Dünyanın ağasına çevrilmək istəyən qüvvələr bunu özləri üçün
təhlükə hesab edir.
"İstilaçı Qərb daha müvəqqəti işğalçılıqla qane olmur. O, indi
bütün dünyanı istila etmək, "udmaq" istəyindədir. Qərb insanı özünü
dünyanın kəndxudası hesab edir", - deyə professor Akbar Faryer
dünya nizamını belə izah edir.
Özünü "kəndxuda" hesab edən Qərb insanlarından biri də Devid
Kramerdir və bu şəxs hazırda Azərbaycana qarşı aparılan
kampaniyanın əsas simaları arasında yer alır.
Bu günlərdə Devid Kramer də daxil olmaqla ABŞ-ın Azərbaycandakı
keçmiş səfiri Riçard Kozlariç, "5-ci kolon"un parlaq
nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar
Şahtaxtinski və bir qrup şəxs ABŞ Dövlət katibi Con Kerriyə
müraciət ünvanlayıb.
Onlar "Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı
gəlmişdir" tezisini müdafiə edirlər.
Hər şey aydındır, "Bak-2015" I Avropa Oyunları üzərindən
Azərbaycana zərbə vurmaq. Təbii ki, Avropanın əksər ölkəsinin
qatılacağı bu oyunlar zamanı bütün dünyanın gözü Azərbaycanda
olacaq. Belə bir məqam Devid Kramer kimilər üçün qaçırılmaq
fürsətdir. "İnsan hüquqları naminə idman" adlanan bu kampaniyanın
məqsədi də məhz Azərbaycan haqda mənfi rəy formalaşdırmağa
hesablanıb. Lakin doğrudanmı hər şey "insan hüquqları naminədir"?
Axı cəmi üç il öncə "Eurovision-2012" müsabiqəsi Bakıda
keçirilərkən bu qüvvələr "Demokratiya naminə oxu" deyə eyni
mətbəxdən çıxan şüarlar irəli sürürdü.
Publika.az Devid Kramerin kimliyi və onun
beynəlxalq istilalarda aldığı rolu araşdırıb.
Əvvəlcə, onun vaxtilə rəhbərlik etdiyi və bu gün də təsir
imkanlarının olduğu "Freedom House" təşkilatı haqda. Bu ad
Azərbaycan insanına bəllidir. Hansı ki, dünyanın bir çox ölkəsində,
o cümlədən işğalçı Ermənistanda insanlar küçələrdə güllələnərkən bu
təşkilat Azərbaycanda "axtarış" aparır. "Azadlıq evi" mənasını
verən təşkilat 1941-ci ildə yaradılıb. Hazırda Vaşinqtonda
mənzillənir. Təşkilatın fəaliyyət spektirinə əsasən müsəlman
ölkələri daxildir. Burda onun əsas hamisi olan D. Kramerin
anti-İslam mövqeyi də xüsusi rol oynayır.
Misal üçün, Misir tarixində ilk dəfə seçim yolu ilə prezident olan
Məhəmməd Mursinin cəmi bir illik hakimiyyətindən sonra
devrilməsində bu təşkilatın törətdiyi təxribatların xüsusi rolu
oldu. 1960-cı ildə Adnan Menderesin devrilməsində istifadə olunan
eyni ssenari Mursi hökumətinə də tətbiq edildi. Belə ki, təşkilat
xristian və müsəlmanlar arasında iğtişaşlar törətdi. Bu
təxribatları törədən Amerikaya bağlı şəxslər həbs olundu və Mursini
Misir ordusuna hər il verdiyi milyardlarla pulu kəsməklə şantaj
etdi. Ordu ələ alındı. QHT-lərlə start verilən çevriliş planı hərbi
xuntanın qələbəsi ilə başa çatdı.
"Azadlıq evi"nin azadlıq meyarları Azərbaycanla bağlı da hər zaman
özünü göstərir. Təşkilatın hesabatlarında Azərbaycan daim qara
rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və
guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən
"faktlar" kimi təqdim olunur. Ermənistana gəlincə, təşkilat sanki
pozulan hüquqların, boğulan demokratiyanın "obyektiv" səbəbləri
olduğunu deyərək, yumşaq formada bu ölkənin "qismən azad" ölkə kimi
qələmə verir. Və burda da erməni lobbisinin "başı" görünür.
Ən maraqlısı isə bu tipli təşkilatların istinad etdiyi mənbələr
Azərbaycan müxalifəti daxilində və vətəndaş cəmiyyətində yerləşən
"5-ci kolon"dur.
Azərbaycandakı "5-ci kolon" "Azadlıq evi"nin keçmiş rəhbəri Devid
Krameri "köhnə tanış" kimi yaxşı tanıyır. Bu kolonun idarə
olunmasında Kramerin əməyi böyükdür.
D. Kramer: Vaxtilə Dövlət Departamentində məsul vəzifədə çalışıb.
Bu vəzifədən sonra "Freedom House" təşkilatının rəhbəri olub.
Hazırda təşkilatın sədri olmasa da, onun kölgəsi "Azadlıq evi"nin
üzərində aydın sezilir. D. Kramerin faktiki fəaliyyəti
Vaşinqtondakı "McCain" institutunun insan haqları və azadlıqları
üzrə direktoru adı altında pərdələnib. Əslində bu şəxsin Mərkəzi
Kəşfiyyat İdarəsinin əməkdaşı olduğuna dair dəqiq məlumatlar var və
CİA-nın kuratoru kimi çalışır. Yəhudi əsilli Kramer Rusiyaya düşmən
mövqeyi ilə seçilir. Vaxtilə Nyu-York kafelərində Yevgeniya
Çirikova və bu günlərdə qətlə yetirilən Boris Nemtsov kimi rus
müxalifətçilərlə görüşərək, Kremlə qarşı qiyamın ssenarilərini
müzakirə edib. Hətta Rusiya müxalifətinin maliyyələşdirilməsində
onun vasitəçiliyi mühüm rol oynayıb. O, "Bəzilərinin Birləşmiş
Ştatlardan zəhləsi gedir və bundansa Rusiya ilə yatağa girməyə
razıdır" deyə bildirir. Bununla, öz təbirincə, Azərbaycanı da
tənqid etmiş olur.
Devid Kramer Azərbaycanı sevmir, daha doğrusu, bu ölkəyə nifrət
edir. Səbəbi tam bəlli deyil. Lakin bunun insan haqları, yaxud
demokratiyaya heç bir aidiyyətinin olmadığı dəqiqdir. Bu gizli
şeflərinin təlimatından da irəli gələ bilər, yaxud erməni lobbisinə
sıx tellərlə bağlı olan dövlət katibi Con Kerri ilə yaxınlığından
da. Lakin onun haqqında münasibət birmənalı deyil. Məlumatlara
görə, bu şəxs öz paranoyalığı ilə diqqət çəkir. Opponentlərinə
qarşı küçə söyüşləri istifadə edir və özü haqda daim yüksək
fikirdədir. D. Kramerin bu gün dostluq etdiyi və Azərbaycan qarşı
kampaniyada birgə yer aldığı Riçard Kozlariçlə dostluğu da müəyyən
şübhələrə yol açır. Belə ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.
Kozlariç öz içki düşkünlüyü ilə ad çıxarmışdı və hətta rəsmi
görüşlərdə səfirlik əməkdaşları məcbur qalaraq rəhbərlərini bir-bir
əvəz edirdi.
D. Kramerin Azərbaycana qarşı qərəzli mövqeyi və nifrətinin həddi
də məlum deyil. O, bu yaxınlarda Azərbaycana qarşı "Maqnitski
siyahısı"nın tətbiq edilməsi təklifi ilə çıxış etmişdi. İndi isə I
Avropa Oyunlarına qarşı piar kampaniyasında əsas ruporlardan
biridir.
Araşdırmalardan da göründüyü kimi, məqsəd Azərbaycanı zəiflətmək və
Qərb dairələrinin maraqlarına xidmət edən ölkəyə çevirməkdir. Con
Kerrinin ofisindən start verilən bu prosesdə paranoya və içki
düşkünü olanlardan da istifadə edir.
Tarix
2015.04.30 / 20:20
|
Müəllif
Axar.az
|