Daxili İşlər Nazirliyi "Yol-patrul xidməti haqqında"
Təlimatda dəyişiklik edib.
APA-nın məlumatına görə, Təlimata əsasən, barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta
hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli
şəxs inzibati xəta haqqında protokol tərtib edir.
Dəyişikliyə əsasən, bundan sonra belə hallarda inzibati xəta
haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana
(vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi
gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin
mərkəzi informasiya sistemində yerləşdiriləcək və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar
barədə məlumat veriləcək. Başqa sözlə, müvafiq icra hakimiyyəti
orqanının informasiya sistemi inzibati xəta haqqında elektron
protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların
əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün
internet informasiya resursunda yaradılmış "elektron kabinet"ə
yerləşdirəcək və barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərəcək.
İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta
haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə
kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə
rəsmi qaydada veriləcək. İcraatında inzibati xəta haqqında iş olan
hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına)
gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin,
ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin
çəkdikləri xərclər Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada ödənilir.