Mayın 11-də Azərbaycan Dövlət İnformasiya Agentliyi
(AZƏRTAC) ilə "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat
Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında saziş
imzalanıb.
Trend xəbər verir ki, sazişi AZƏRTAC-ın Baş direktoru Aslan
Aslanov və "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat
Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq
imzaladılar.
Azərbaycanda ən böyük və yeganə rəsmi informasiya agentliyi olan
AZƏRTAC "Bakı-2015"i işıqlandırmaq üçün ümumilikdə 50-dən çox
əməkdaşını, o cümlədən müxbir, fotomüxbir və operator cəlb edib.
Agentliyin Oyunlarla bağlı xəbərləri və fotoları oxuculara 7 dildə
təqdim olunur. Müqaviləyə əsasən, AZƏRTAC "Bakı-2015" ilə bağlı
videoxəbərləri Azərbaycan dilində təqdim edəcək. Oyunlarla bağlı
bütün bu xəbərlər AZƏRTAC-ın saytında yaradılan "Bakı-2015"
bölməsində yerləşdirilir.
AZƏRTAC yarışlarda iştirak edən yerli və xarici idmançılar
haqqında xəbərlər, reportajlar hazırlamaqla birinci Avropa
Oyunlarını həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğ
edir.
Sazişin imzalanması ilə bağlı fikirlərini bölüşən "Bakı-2015"
birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş
direktoru Saymon Kleq dedi: "Biz AZƏRTAC-ın "Bakı-2015"in rəsmi
informasiya tərəfdaşı olmasından çox məmnunuq. İnanırıq ki,
AZƏRTAC-ın bu Oyunları işıqlandırması Azərbaycanda daha çox insanın
idmanla məşğul olmağa həvəsləndirilməsi işinə mühüm töhfə verəcək.
AZƏRTAC "Bakı-2015"in rəsmi media tərəfdaşı olmaqla bir milyarddan
çox tamaşaçının izləyəcəyi birinci Avropa Oyunlarının brendinin
beynəlxalq miqyasda təbliğində böyük rol oynayacaq".
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov sazişin əhəmiyyətindən
danışaraq dedi: "Dünya informasiya məkanında layiqli yer tutan,
mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan
agentliyimizin həyatında bu gün əlamətdar bir hadisə baş verir. Biz
AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını –
birinci Avropa Oyunlarını təbliğ etməsi üçün "Bakı-2015"in rəsmi
media tərəfdaşı olmasından böyük məmnunluq duyuruq. AZƏRTACtəmsil
olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də
əməkdaşlıq etdiyi 130-dan artıq ölkənin xəbər agentlikləri
vasitəsilə birinci Avropa Oyunlarının təbliğində fəal iştirak edir,
hazırlıq prosesini geniş işıqlandırır. Birinci Avropa Oyunlarının
informasiya təminatına 50-dən çox əməkdaşını cəlb edən, eləcə də
bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul
missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman
bayramının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinə
öz töhfəsini verməyə çalışacaq".
Baş direktor bildirdi ki, Avropanın 50 ölkəsindən 6 mindən çox
atletin 253 dəst medal uğrunda mübarizə aparacağı bu çoxşaxəli
idman bayramının yüksək səviyyədə keçiriləcəyindən əminəm. Son
illərdə ölkəmizin bir çox mötəbər beynəlxalq forumlara,
konfranslara, idman yarışlarına yüksək səviyyədə ev sahibliyi
etməsi, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
sədri olduğu Təşkilat Komitəsinin uğurla və sürətlə apardığı
hazırlıq işləri, həmçinin Prezident İlham Əliyevin bu prosesi daim
diqqət mərkəzində saxlaması, "Bakı-2015" Əməliyyat Komitəsinin
peşəkar komandasının fəaliyyəti bunu deməyə əsas verir.
Sazişə əsasən, AZƏRTAC "Bakı-2015" birinci Avropa Oyunlarının
loqosunu və "Bakı-2015" birinci Avropa Oyunlarının rəsmi
informasiya agentliyi" nişanını öz xəbərlərində, foto və
videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə
edib.