"Çox şadam ki, bu gün III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu Bakıda öz işinə başlayır. Bu, yaxşı ənənədir, üçüncü
dəfədir ki, bu dialoqu keçiririk. Yüzdən artıq ölkənin təmsilçisi
buradadır. Bu, müzakirələrin əhəmiyyətini göstərir".
APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən III Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan
prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda
mühüm rol oynayır və çalışır ki, ölkələri, xalqları bir araya
gətirsin: "Azərbaycan Avropa və Asiya arasında yerləşir, bu da
Azərbaycanın mədəni müxtəlifliyində rol oynayıb. Etnik və müxtəlif
dinlərin təmsilçiləri həmişə Azərbaycanda tolerant şəkildə yaşayıb.
Tarixi irsimiz mədəni müxtəlifliyə yanaşmanı ortaya qoyur. Şamaxıda
ən qədim məscidlərdən biri, Şəkidə alban kilsəsi, Abşeronda
atəşpərəstlərin məbədi yerləşir. Bu gün Azərbaycanda müxtəlif etnik
qrupların nümayəndələri yaşayır və inkişafımıza töhfə verir. Biz
beynəlxalq tədbirləri ona görə keçiririk ki, multikulturalizm
ənənələrini təbliğ edək".
Prezident bu gün dünyada baş verən hadisələrin narahatlıq
doğurduğunu söyləyib: "Azərbaycanda Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması bu sahədə bir addım oldu. Multikulturalizmin
alternativi yoxdur. Bu baxımdan vətəndaş cəmiyyəti qurumlarının,
qeyri-hökumət təşkilatlarının rolu artır. Bəzi hallarda dini ədavət
bilərəkdən inkişaf etdirilir və yayılır. İctimai rəyə təsir
göstərən insanların öhdəliyi artır, biz multikulturalizm
ənənələrini inkişaf etdirməliyik. Multikulturalizmin müsbət
ənənələri var və Azərbaycan onlardan biridir. Bizim bu səylərimiz
olmasa, dünyada vəziyyət daha pis olacaq. Azərbaycan kimi ölkələrin
dünyada oynadığı rol müsbətdir. Bunun alternativi islamofobiya,
antisemitizm ola bilər və bunlar tarixdə insanlar üçün böyük
faciələrlə nəticələnib. Multikulturalizm Bakı prosesinin əsasını
təşkil edir. 100-dən çox ölkənin təmsilçisinin iştirakı göstərir
ki, biz mədəni müxtəlifliyi təmin edəcəyik".